Dərc edildi: Baxış sayı: 528
Növrəs İman - Gərək
Kişi üçün əzəl gündən
Başda çox kamal gərək;
Sərf etməyə doğru yola
Əsəldən zülal gərək.
Həqiqətdən əxz eyləyə,
Mə'rifətdən anlaya;
Məhşər günü olmayacaq
Ona dövlət-mal gərək.
Kimi alar hökmranlıq,
Ədalətdən danışar.
Mərdin əli açıq olar,
Səxavətdən danışar.
Kimi mə'lul-müşgül gəzər,
Şikayətdən danışar.
Bu işlərə qərar qoyan
Həyyi-layəzal gərək.
Mala, mülkə bel bağlayıb,
Kiminin var həvəsi.
Həcv eləyib yoxsullara,
Tutma ac ilə bəhsi.
Cəhənnəmdən betər olur
Bu dünyanın tə'nəsi.
Qurulanda haqq divanı,
Verə bir macal gərək.
Novrəs İman, cəfa çəkmə,
Bu dünyada bivəfa.
Vaxt yetişsə, mələk əl-mot
Bircə gəlməz insafa.
Açıq söylə kəlmələrin,
Sat mətahın sərrafa;
Qədirbilən qiymət qoyub
Ala dalbadal gərək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət