Növbədənkənar seçkilər yaxınlaşır – VHP artıq hazırlaşır
Xeyli müddətdir ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr gedir. Konstitusiya görə, parlament seçkisi noyabr ayında keçirilməlidir. Payızda ölkədə COP29 kimi böyükmiqyaslı tədbirin keçiriləcəyini nəzərə alsaq, erkən parlament seçkiləri qaçılmaz görünür. Buna görə də partiyaların hazırlaşması vacibdir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli bildirib.
Onun sözlərinə görə, VHP Mərkəzi İcra Aparatı yerli təşkilatlarla məsləhətləşmələr apararaq, 120 seçki dairəsi üzrə səlahiyyətli nümayəndələri artıq müəyyənləşdirib:
“İlkin olaraq 50 seçki dairəsi üzrə namizəd olacaq şəxslərin siyahısı da hazırlanıb. Hazırda bölgə təşkilatları ilə digər dairələr üzrə namizədlərin müəyyən edilməsi üçün iş aparılır. Ən azı 80 seçki dairəsi üzrə partiyanın namizəd irəli sürməsi nəzərdə tutulur. Əsasən xanım, xüsusən gənclərin namizədlikləri üzərində çalışırıq”.
Onun sözlərinə görə, texniki işlər yekunlaşdırılıb və erkən parlament seçkiləri elan ediləcəyi halda müvafiq hesabat VHP Siyasi Şurasına təqdim ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət