Slimfit
  1. MARAQLI

"Nobel" alan yazıçı: "Mənə ruhlandırıcı məktub gəldi ki, yazınız çox zəifdir"

"Nobel" alan yazıçı: "Mənə ruhlandırıcı məktub gəldi ki, yazınız çox zəifdir"
Sakura

Məşhur yazıçı Kazuo İşiquro “Günün qalıqları” kitabına görə Ədəbiyyat sahəsində Nobel mükafatına layiq…

İsveç Akademiyası İşiquronun yaradıcılığının böyük emosional gücə malik olduğunu bildirib. Qeyd olunub ki, onun əsərlərində bəşəriyyətə dair yanıldıcı hisslərimizin kökündə gizlənən uçurum üzə çıxır.

Akademiyanın əməkdaşları bildiriblər ki, İşiquronun ən çox əlaqələndirdiyi mövzular, hafizə, zaman və özünüaldatmaq kimi hisslər artıq gerçək dünyamızda mövcuddur. Akademiyanın daimi katibi Sara Danius yazıçının dəsti-xəttinin Ceyn Osterlə, Frans Kafkanın yaradıcılığına bənzədərək, onu “dahi söz rəssamı” adlandırıb.

Publika.az milyonların sevimlisi olan qələm ustasının Paris Review saytına verdiyi ən maraqlı müsahibələrindən birini təqdim edir:

“Günün qalıqları” (The Remains of the Day) əsərinin müəllifi məni Londondakı evinin bağçasında qarşılayır. Əsərlərinin bədii dili qədər nəzakətli və alicənab insandır. Mənə çay dəmləyib, süfrəyə çağırır. Eyni sakit səslə söhbətinə davam edir. İngilis dilində o qədər səlis və mükəmməl danışır ki, insan onu dinlədikcə dinləmək istəyir.

Gənc “mən”ini xatırlayaraq, kollecdə yazdığı esselərindən, cızma-qaralarını maraqla oxuyan müəllimlərindən və gitarada ifa etdiyi musiqilərdən bəhs edir. Bir az fikrə dalıb, əslən afrikalı müəllimin düşüncələrini olduğu kimə dilə gətirməyə çalışır. “Müəllimim yazdıqlarımı bəyənməsə də, heç vaxt məni sərt tənqid etmirdi. Cənab İşiquro, sizin yazı tərzinizdə qüsurlar çoxdur. Əgər imtahan nəticəniz də bu səviyyədə olacaqsa, təəssüflə bildirməliyəm ki, sizə çox aşağı qiymət yazacağam”.

Yaponiyadan Böyük Britaniyaya köçəndə cəmi 5 yaşı var idi. Odur ki, özü də etiraf edir ki, yaponcası bərbaddır. Kazuo 27 yaşında “Uzaq təpələr”(A Pale View of Hills) adlı ilk romanını nəşr etdirir. İkinci kitabı “Üzən dünyanın rəssamı” (An Artist of the Floating World) 1986-cı ildə işıq üzü görür. Əsər Böyük Britaniyanın ən nüfuzlu mükafatlarından olan “Whitbread"ə layiq görülüb. 1989-cu ildə qələmə aldığı “Günün qalıqları” romanı ona dünya şöhrəti gətirir. Kitabın milyonlarla nüsxəsi çap etdirilərək, dünya bazarına çıxardılır. Əsərə Rut Pravel Cabvala ekran həyatı verərək, Entoni Hopkinsin iştirakilə eyniadlı film çəkir.

İşiquro bu əsərinə görə onlarla mükafatlara, həmçinin "Britaniya İmperiyasının Məmuru" mükafatına layiq görülüb.

"Nobel" laureatı həmçinin “Biz yetim ikən” (When We Were Orphans) və “Məni əsla buraxma” (Never Let Me Go) kimi dünyaşöhrətli romanlara nəfəs verib.

Bundan əlavə Kazuo verilişlərə ssenari yazır, bir sıra caz ifaçılarının musiqiləri üçün şeirlər qələmə alır.

Hazırda sevimli xanımı və Naomi adlı qızı ilə birgə Londonda yaşayır.

- 27 yaşınızdan əsərləriniz kitab şəklində nəşr olunur. Bəs illərdir toz altında yatan əlyazmalarınız varmı?

- Universiteti bitirəndən sonra qərbi Londonda evsiz insanlarla işləməyə başlamışdım. Yarım saatlıq radio tamaşası yazıb, BBC-yə yolladım. Onlar yazımı səsləndirmədilər, əvəzində isə mənə ruhlandırıcı məktub yazdılar: “Yazınız çox zəifdir, lakin yuviniliyadır. (yuviniliya termini ədəbiyyat, musiqi və digər yaradıcı peşələrdə istifadə olunur. Müəllifin uşaq və yeniyetmə yaşlarında yazdığı ilk əsəri mənasını daşıyır). Əsərin adı “Kartoflar və aşiqlər” idi. Burada balıq və kartof qızartması satılan kafedə çalışan iki satıcının sevgi hekayəsindən bəhs olunur. Hər ikisi çəpgözdürlər, qısa zaman içərisində bir-birinə aşıq olurlar. Lakin çəpgöz olduqlarını boyunlarından atırlar. Onlar bu haqda heç danışmırlar da. Hekayənin sonunda aşiqlər evlənməkdən imtina edirlər. Sonda rəvayəti danışan şəxs əcaib yuxu görür. Dəniz kənarında gəzişən ailəylə rastlaşır. Hər iki valideyn, balaca qızları, hətta itləri də çəpgözdür və o deyir “Aydındır, biz evlənməyəcəyik”.

- Sizə bu əsəri yazdıran qüvvə vardımı?

- Həmin vaxt peşəkar karyeram haqda ciddi düşünmək zamanı idi. Musiqiçi olaraq, bir neçə şirkətə əməkdaşlıq təklif etmişdim. Lakin hamısı rədd etmişdilər. Sonra təsadüfən bu radio elanına rast gəldim. Özümü sınamaq istədim. Mən bu müsabiqənin gənc yazarlar üçün böyük şans olduğunu düşünürdüm. Araşdırandan sonra bəlli oldu ki, müraciətlərin sayı çox azdır. Onlar tənqiddən sonra müsabiqənin növbəti mərhələsinə keçdiyimi bildirəndə heyrətləndim. Çünki 1 il dövlət hesabına universitetdə ədəbiyyat dərsi ala biləcəkdim. Mənə iki əsər yazmalı olduğumu bildirdilər. Ağlıma ilk gələn o oldu ki, adlı-sanlı ədəbiyyat nümayəndələri yazılarımı oxuyub məni məsxərəyə qoyacaqlar. Ona görə də münsiflərdən "özümə yazmağı öyrətmək" üçün 1 ay möhlət istədim. Bir tanışım narkotik istifadəçilərinin reabilitasiya mərkəzinin yanıda balaca bir otaq kirayələyə biləcəyimi söylədi və mən razılaşdım. 1979-cu ildə artıq hazır iki hekayəm vardı bu da mənim özümə güvənimi artırdı.

- Və elə həmin il Yaponiya haqda əsəri qələmə aldınız?

- Bəli. O otaqda tək yaşadığım dövrdə sanki tərkidünya olmuşdum. Bəzən şüurumuzu, təfəkkürümüzü tam oyatmaq üçün ətrafımızdan, cəmiyyətdən bir az da olsa, uzaqlaşmalıyıq. Elə bu vaxt Naqasakidə baş vermiş faciə haqda hekayə yazdım. Bu hekayə zərərçəkmiş bir qadının dilindən səslənirdi. Tələbə yoldaşlarım yazımı dinləyib, çox təsirləndilər və hadisə yerinə getməyi tövsiyə etdilər ki, əsərin davamı olsun. Beləcə yazmağa davam etdim. Bir gün "Faber" şirkətindən mənə məktub gəldi. Şirkətin rəhbərliyi əsərlərimi çap etmək fikrində olduqlarını qeyd etdilər.

- Beləliklə, “Uzaq təpələr” əsəri ərsəyə gəldi?

- Bəli. "Faber"in təsisçisi Robert Mc Kram mənə tapşırdı ki, roman yazım. Mən evsiz insanlarla çalışdığımçün ağlımda nadinc azyaşlı uşağı ilə çarəsiz qalan bir qadın obrazı canlandırmışdım və bu qadının taleyini qələmə almaq istəyirdim. O öncə özünü övladına həsr edir, sonra bir kişiyə aşiq olub, uşağından imtina edir. Tələbə yoldaşlarım Naqasaki haqda hekayəmi bəyəndiklər üçün, bu iki mövzunu birləşdirib, “Uzaq təpələr” əsərini yazdım.

- Yaponiyadan Britaniyaya köçəndə cəmi 5 yaşınız vardı. Valideynləriniz öz milli ruhlarını qoruyub saxlaya bilmişdilərmi?

- Anam əsl yapon xanımıdır. Onun davranışları, danışıq tərzi, dünyaya baxışı tam yapon mədəniyyətindən qaynaqlanır. Bəzən köhnə yapon filmlərinə baxıram, qadınlar özlərini eynən anam kimi aparırlar. Yaponiyada qadınların dili, ifadə tərzi kişilərdən kəskin şəkildə fərqlənirdi. Anam 80-ci illərdə Yaponiyaya getmişdi. Qayıdanda müasir qadınlar haqda hiddətlə danışırdı. Axı niyə yapon qadını “kişi dili”ndə ünsiyyət qurur? deyə, şikayətlənirdi.

Anam Naqasakidə doğulub, böyümüşdü. Şəhərə bomba düşəndə yeniyetmə qız olub. Bacı və qardaşları, eləcə də valideynləri bu dəhşətin qurbanı olmuşdular. Bütün ailə ağır xəsarət almışdı. Anam o hadisəni xatırlayanda çox qəhərlənir. Bombalardan qorunmaq üçün gizləndikləri zirzəminin qaranlığı qədər hələ heç nədən qorxmayıb bu həyatda. Lakin o, dönə-dönə vurğulayır ki, indi ətrafımızda tüğyan edən terror, müharibələr daha vahiməlidir.

Atamsa əslən yapon olsa da, Şanxayda böyüyüb. Onun Çin mədəniyyətinə xas bir xüsusiyyəti var. Pis hadisə baş versə belə çöhrəsindəki təbbəssümü itirmir.

- Bəs ailəniz niyə İngiltərəyə köçdü?

- Öncə qısamüddətli səfər etdik Britaniyaya. Atam okeanşünas idi. Britaniya Milli Okeanşünaslıq İnstitut onu işə dəvət edir. Atamın peşəkar fəlaiyyətilə heç vaxt dərindən maraqlanmamışam. O, öz işini gizli saxlayırdı. Çünki “soyuq müharibə” dövründə çalışırdı. Çox vaxt aylarla evdə olmurdu. Biz onun həyat tərzinə alışmışdıq.

- Bu dəyişəkənlik sizə necə təsir etdi?

- Mən elə yaşda idim ki, hadisələrin gedişatını tam dərk etmirdim. Tək onu xatırlayıram ki, 3 gün ərzində fasilələrlə təyyarədə uçduq. Oturacaqlarda yatırdıq. Yəqin ki, yaşım çox olsaydı, daha çətin olardı mənə. İngiltərədə özümü heç vaxt bədbəxt, qərib saymamışam. Dil öyrənərkən də xüsusi müəllimlərlə məşğul olmamışam. Yəqin ki, mən ingilis dilində yazıb-yaratmaq üçün doğulmuşam.

Tərcümə: Leyla Sarabi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR