Slimfit
  1. MEDİA

“Nizami” layihəsinin yekun görüşündə doktorantura təhsili üzrə nəticələr yüksək qiymətləndirilib

“Nizami” layihəsinin yekun görüşündə doktorantura təhsili üzrə nəticələr yüksək qiymətləndirilib
Sakura

“Nizami” layihəsinin yekun görüşündə doktorantura təhsili üzrə nəticələr yüksək qiymətləndirilib

Aprelin 12-də Bakıda Avropa Komissiyasının maliyyə dəstəyi ilə 2015-ci ildən həyata keçirilən “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil məkanının tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi – “Nizami” layihəsinin yekunlarına həsr olunan tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikası Təhsil Nazirliyi aparat rəhbərinin müavini Yaqub Piriyev çıxış edərək layihənin böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, Təhsil Nazirliyinin, AMEA-nın və doqquz ali təhsil müəssisəsinin, eləcə də Avropanın beş aparıcı universitetinin iştirak etdiyi “Nizami” milli layihəsinin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasıdır.

O, Avropa və Azərbaycan universitetləri arasında təcrübə mübadiləsi ilə üç il yarım davam etmiş (2015-2019) layihə çərçivəsində Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil sahəsinin tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində tərəfdaş qurumların birgə iş apardığını və ölkəmizin Avropa təhsil sisteminə inteqrasiyasının təşkil olunduğunu söyləyib.

Y.Piriyev Azərbaycanda doktorantura təhsili sistemində aparılan məqsədyönlü islahatlardan danışaraq, bu sahədə müasir dövrün çağırışlarından irəli gələn vəzifələri diqqətə çatdırıb, görülmüş işlərin yüksəkixtisaslı gənc kadrların hazırlanmasına yönəldiyini bildirib.

"Nizami" layihəsinin uğurla başa çatdığını deyən Y.Piriyev layihəni Fransa ilə Azərbaycan arasında humanitar sahədə əməkdaşlığın inkişafına mühüm töhfə kimi dəyərləndirib.

Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  akademiyanın “Nizami” layihəsinin hədəflərinə və qarşıya qoyulan məsələlərin həllinə xüsusi diqqət yetirdiyini bildirib.

Rəyasət Heyətinin qərarı ilə AMEA-da “Nizami” layihəsinə dəstək üçün İşçi qrupunun təşkil olunduğunu söyləyən R.Əliquliyev son 3 il ərzində Rəyasət Heyətinin məsul şöbələrinin rəhbərlərinin bu layihədə müntəzəm olaraq iştirak etdiyini deyib.

Ölkəmizdə elm və təhsilin XXI əsrin çağırışlarına uyğun inkişaf etdirilməsinin vacibliyini qeyd edən alim Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyini, boloniya sistemi əsasında bakalavr və magistr səviyyələri üzrə əhəmiyyətli nəticələrin əldə olunduğunu bildirib. O, bu gün Azərbaycanın ali təhsil müəssisələrinin yetişdirdiyi kadrların daxili əmək bazarı ilə yanaşı, dünya bazarında da böyük nüfuz əldə etdiyini vurğulayıb.  

“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biri ölkəmizdə biliklər cəmiyyəti və iqtisadiyyatı, eləcə də yüksək texnologiyalar cəmiyyətinin  formalaşdırılmasıdır”, – deyən AMEA-nın akademik-katibi Azərbaycan təhsil sisteminin Avropa dəyərlərinə transformasiyası, onun dünyanın inkişaf tempinə uyğunlaşdırılmasının vacib məsələlərdən olduğunu bildirib, “Nizami” layihəsinin qeyd olunan məqsədlərə xidmət etdiyini vurğulayıb.

Tədbirin rast gəlinən problemlərin müzakirəsi baxımından böyük əhəmiyyətə malik olduğunu söyləyən akademik R.Əliquliyev bu istiqamətdə mütəmadi olaraq dəyirmi masaların təşkili və əlaqədar qurumların birgə fəaliyyətinin önəmini qeyd edib. O, həmçinin layihə çərçivəsində rəhbərlik etdiyi institutun dəstəyi ilə doktorantura təhsilinin idarəolunması, elektron hökumətin tərkib hissəsi kimi yaradılmış portalın əhəmiyyətindən danışıb. Bu sistemin doktorantura təhsili ilə bağlı statistik-analitik analizlərin aparılması, bu istiqamətdə müvafiq qərarların qəbul edilməsi, eləcə də Azərbaycanda formalaşan onlayn mühitə inteqrasiya kimi vəzifələrin icrasını nəzərdə tutduğunu deyib.

Daha sonra Azərbaycanda Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov layihə çərçivəsində görülmüş işlər barədə məlumat verib. Ofis rəhbəri “Erasmus+” proqramının Azərbaycan üçün prioritet sahələrin kurikulum quruculuğu, Avropa standartları çərçivəsində təhsil sahəsində birgə təcrübə mübadiləsinin aparılması, ali təhsil müəssisələrinin idarəedilməsi və fəaliyyətinin təkmilləşdirilməsi olduğunu vurğulayıb.

Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşlıq və mədəniyyət üzrə müşaviri Johan Şitterer ölkəsi ilə Azərbaycan arasında siyasi, elmi, iqtisadi və digər sahələrdə əlaqələrin daim genişləndiyini söyləyib. Azərbaycan ilə Fransa arasında elm və təhsil sahəsində əməkdaşlığın tarixi köklərə əsaslandığını deyən müşavir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın uğurlu nümunəsi kimi regionda bu qəbildən ilk olan birgə Azərbaycan-Fransız Universitetinin təsis olunması və fəaliyyətini xüsusi qeyd edib.

J.Şitterer ötən il AMEA ilə Fransanın Montpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişi və əməkdaşlıq və dissertasiya maliyyələşdirilməsi haqqında sazişi də xatırladıb. Bildirib ki, sənədə əsasən, tərəflər birgə doktorant və tədqiqatçıların mübadiləsini həyata keçirir, ortaq elmi araşdırmalar aparırlar.

Tədbirdə “Nizami” layihəsinin koordinatoru, Montpelye Universitetinin professoru Veronique Montero “Doktorantura təhsili üzrə Fransa təcrübəsi”, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov “Nizami layihəsi: əldə olunmuş nəticələr və yeni perspektivlər” və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d. Esmira Əlirzayeva "Milli idarəetmə portalı" mövzusunda məruzələrini təqdim ediblər. Məruzələrdə layihənin ümumi məqsədinin Avropa universitetləri ilə mübadilə təşkil edərək Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması, PhD-nin mükəmməlliyinin artırılması, Azərbaycanı yüksək keyfiyyətli doktorantura təhsili ilə təmin etmək (tədqiqat, innovasiya və təhsil əlaqələri vasitəsilə) və ali təhsil müəssisələri arasında əməkdaşlığı möhkəmləndirmək olduğu bildirilib.

Sonda tərəfdaş ali təhsil müəssisələrində "Nizami" layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, geniş müzakirələr aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR