Slimfit
  1. ƏDƏBİYYAT

Nizami Gəncəvi - Sirlər xəzinəsi/Səkkizinci söhbət

Nizami Gəncəvi - Sirlər xəzinəsi/Səkkizinci söhbət
Sakura

Nizami Gəncəvi - Sirlər xəzinəsi/Səkkizinci söhbət

XİLQƏTİN GÖZƏLLİYİ VƏ KAMALIN QÜDRƏTİ

Qüdrətin nəzərində heç nəydi hələ xilqət,
Səxavət dəryasına təşnəydi hələ xilqət.
Bu dünyanın əlində sərvət də, var da yoxdu.
Bu dünyanın yolunda toz da, qubar da yoxdu.
Nə vüsal vədi vardı, nə vədə gələn vardı.
Nə də sirli pərdəni sehriylə dələn vardı.
Gecə-gündüz amansız qanlı yağı deyildi,
Həyat eşqi ürəklə can qaynağı deyildi.
Yeridirdi ətalət öz hökmünü hələ də,
Verməmişdi ədalət öz hökmünü hələ də.
Kərəm feyzi özünü görk elədi birinci,
Dəryasından bir qətrə bəxş etdi ki, - bir inci.
Bu qətrəylə bərəkət bağışladı fələyə,
Cilvə, gərdiş, hərəkət bağışladı fələyə.
Damladan axar suyu - möcüzəni yaradan,
Cövhərini yoğurub, oldu səni yaradan.
Yaratdı - yetirəsən göz əslinə cahanda,
Zərrətək qovuşasan öz əslinə cahanda.
Hər qayğıdan necə də azaddı dünya sənsiz,
Varlığın yoxdu deyə kasaddı dünya sənsiz.
Bu fələk girməmişdi qərəzlə qəsdə hələ,
Torpağın qulaqları deyildi səsdə hələ,
Varlığına ümidi yoxdu hələ varlığın.
Yoxluqdan təmənnası çoxdu hələ varlığın.
Gecə-gündüz sənsizkən özünü sonsuz saydı.
Nəbatat törəməsiz, təbiətsə subaydı.
Bir tikan görməmişdi bağça-bağı dünyanın,
Göyə sovrulmamışdı toz-torpağı dünyanın.
Taleyinə pörtməkdən uzaqdı hələ Cövza,
Damarını çərtməkdən uzaqdı hələ Cövza.
Üzüqara deyildi yer üzündə Ay hələ,
Təşt döyüb etməmişdin sən onu rüsvay hələ.
Zöhrə yerdə bədnamlıq adı alan deyildi,
Harut hələ Babilə qanad salan deyildi.
Yoxdu izin, sorağın bu göydə, yerdə sənin,
İntizarın dünyanı salmışdı dərdə sənin.
Hökmranlıq fərmanı gələn gündən adına,
Göylər tac düzəltdirib Aydan, Gündən adına.
Baxışından qamaşıb gözü də ulduzların,
Calalına heyrandı özü də ulduzların.
Dolanandı, gəzəndi ayı, ili zamanın,
Təqviminlə bəzəndi ayı, ili zamanın.
Yer üzünün bərq vurub, par-par yandı aynası,
Ahınla, nəfəsinlə qubarlandı aynası.
Məşəliylə apardın qaranlığa səhəri,
Tanıtdın aydınlığa, toranlığa səhəri.
Töküb yerin külünü gözünə çoxdan fələk,
Qul olubdur əmrinə, sözünə çoxdan fələk.
Ülviyyətin bəhrəsi sanan çoxdu ruhunu,
Dildə deyib, ürəkdə danan çoxdu ruhunu.
Başından dəyərlidir ülviyyət tacın, əfsus!
Başsız yoxdur taracın, xəracın, bacın, əfsus!
Təkəbbür meydanında döşünə döymə əbəs,
Dünyanı zərrə sanıb, özünü öymə əbəs.
Bir ovuc torpaq üçün bir can almaqdı qəsdin.
Suvaqlı daxman üçün cahan almaqdı qəsdin.
Yer üzünü inlədir sitəmin, zülmün sənin,
Xəzinətək torpağın altındadır məskənin.
Civətək qaynasa da daim yağı beyninin.
Sincab rəngli fındıqla var donmağı beyninin.
Fındıq kimi darısqal, dar məzarı dərk elə.
Sincab rəngli fındığa uyma, onu tərk elə.
Gecə-gündüz nə sincab, nə qunduzdur əzəldən,
Dələ, pələng, əjdaha, bir quduzdur əzəldən.
Ovunla pişik kimi kələklə oynama sən.
Dünyanın dələsiylə - fələklə oynama sən.
Selik töküb əsriyir şir bulağın başında,
Maraltək qalar başın bir bulağın başında,
Ədasıyla, nazıyla su göstərir bu fələk,
Göstərdiyi ilğımdır, qıymaz sənə su fələk
Demə ki, susuzluğa tabı hanı bağrının.
Təşnəliyi söndürər duzlu qanı bağrının.
Fələk suya qıyınca, parçalayar şir kimi,
Yanaraq təşnəliyi söndür təbaşir kimi.
Quyuya düşməmişdən nicat vardı Yusifə,
Çünki Misrin tanrısı havadardı Yusifə.
Rəngi-ruyu sapsarı yaranmısan ilk gündən,
Zindana düşdüyünü sən qanmısan ilk gündən.
Sən sarılıq çəkməsən saralmaz ki, bənizin,
Üzünü turşutsan da qaralmaz ki, bənizin.
Yüz ilin yağı, piyi bir kəsi sağaldarmı?
Bu mərəzi on ilin sirkəsi sağaldarmı?
Göyün yeddi süfrəsi ac öldürdü atanı,
Tanı yeddi çörəklə çörəyə qan qatanı.
Öz səadət mülkündə od qalamaq istəsən,
Öz ülviyyət tacını tapdalamaq istəsən,
Səyirt zülmün atını, daha meydan sənindir,
Bütün varlıq köləndir, hər cür fərman sənindir.
Beşcə gün yaşasan da ələ cam al dünyada,
Yaxşı yeyib, yaxşı yat, ancaq kam al dünyada.
Nəş ələrə dalmağın sanma səfa deməkdir,
Özbaşına olmağın, bil ki, cəfa deməkdir
Bel büküldü, qaç görüm, - ayağında kündə sən,
Yanarsan, qovrularsan öz yağında gündə sən.
Mətbəx talaşasısan, bunu çətin danarsan,
Cəhənnəmin odunda ələf kimi yanarsan.
Qarnını doldurmağın hamballıq olar sənə,
Yüngüllüyün ağırlıq, sanballıq olar sənə.
Əgər çox yaşasaydı çox yeyənlər cahanda,
Çox yemişlər yaşardı, ölüm olmazdı onda.
Demə gəldi-gedərdi, nədir qiyməti ömrün,
Azlığına görədir qədir-qiyməti ömrün.
Az yeyib, çox dincəlmək məziyyətdir insana,
Çox yemək narahatlıq, əziyyətdir insana.
Yeməklə bir sevdası, alveri varmı ağlın?
Tamaha aldanmağa, gör, bir yeri varmı ağlın?
Tamahın duza getsə, belə duzdan uzaqlaş.
Zirəkləri aldadan dələduzdan uzaqlaş.
Tamahı cilovlayan kamalıdır bəşərin,
Öz nəfsini öldürmək amalıdır bəşərin.
Hərisliyə uymağın qorxuludur, qorxulu!
Ondan nəşə duymağın qorxuludur, qorxulu!
Xeyirlə şər izləyir hər bəşəri əzəldən.
Xeyir xeyri tapandır, şər də şəri əzəldən.

OĞRU VƏ TÜLKÜ HEKAYƏTİ

Yəməndə meyvəsatan kişi vardı deyirlər,
Meyvəsini bir tülkü qoruyardı deyirlər.
Ayıq-sayıq nəzərlə süzüb dörd yanı tülkü.
Qoruyardı, güdərdi hər gün dükanı tülkü.
Bir oğru hər kələyə əl atmağa başladı,
Hiyləsiylə tülkünü aldatmağa başladı.
Fürsət gəzdi, vurnuxdu, gözü dörddü oğrunun,
Yalandan gözlərini yuxu örtdü oğrunun.
Yatmış sanıb hiyləgər həris gözlü qurdu o,
Başını quyruğuna qısıb, mürgü vurdu o.
Tülkünü yatmış görüb, gözünü açdı oğru.
Kisədəki pulları götürüb qaçdı, oğru...
Kim ki qəflət yolunda xoş yuxuya dalandır,
Başı əldən gedəndir, papağı boş qalandır
Ayıl, uyma qəflətdə yatmağa sən, Nizami!
Çalış qəflət daşını atmağa sən, Nizami!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR