Slimfit
  1. ƏDƏBİYYAT

Nizami Gəncəvi - Sirlər xəzinəsi/On üçüncü söhbət

Nizami Gəncəvi - Sirlər xəzinəsi/On üçüncü söhbət
Sakura

Nizami Gəncəvi - Sirlər xəzinəsi/On üçüncü söhbət

DÜNYANIN MƏŞƏQQƏTİ

Özü qoca, qəlbi dar dünyaya bax gəl, indi,
Boyasına aldanıb sanma təzə gəlindi.
Qocalıqda cavantək görünən bu insanın
Çələng deyil əlində, od-atəşdir, inanın!
Çeşməsinə aldanma, ilğım çağlar qoynunda,
Səcdəsinə əyilmə, xaçdı yanan boynunda.
Qəlbə tikan sancmamış gülmü taxar yaxana?
Gül qucunca, gül kimi qanın axar yaxana.
Yığdın dünya malını, bəli, dolu gedəsən,
Əlidolu gəlmişdin, əlidolu gedəsən?!
Varla köçən sanma ki, şər-xatadan qurtarıb,
Pul-parasız köçənlər hər xatadan qurtarıb.
Qazansan da, udsan da, çıxacaq var əlindən,
Nə veriblər, axırda alacaqlar əlindən.
Qiyamətə qoyarmı qalsın qisas bu dünya?
İstəyir ki, hamıdan alsın qisas bu dünya?
Baramanı qurduna toxutdurar həmişə,
Qarışqayla o qurda qan uddurar həmişə.
Cəfər kimi şam olsun sarı gülün qəlbinə,
Çıraq kimi nur saçsın barı gülün qəlbinə.
Yanma doqquz qapılı fələktək mis, qızılla,
Altı başlı büt kimi təmiz, xalis qızılla.
Kərəminlə tapdayıb əz qızılı kül kimi,
Zər eşqindən açılıb gülmə qızılgül kimi.
Bir qızıl ki, olmasın yaxşı adın üstündə,
Mərgmüşlə kükürddür yanan odun üstündə.
Zər aşiqin kim görüb ər kimidir həyatda?
Tavusun da quyruğu zər kimidir həyatda.
Od içindən dəmirlə zər götürən şah olar?
Dəmirçidir, şah deyil, nəsibi də ah olar.
Çox güvənən gördülər qızıl taca Qarunu,
Öz günahı batırdı torpağaca Qarunu,
Tac sevdası - baş yükün, iztirabın, qəhərin,
Qızıl taxtın - atındır, qızıl tacın - yəhərin.
"Canım çıxsın, çıxmasın əldən qızıl" deyirsən,
"Yığım, yığım ölüncə eldən qızıl deyirsən.
Hərisliklə canını yaxar odu cahanın,
Səxavətlə canından çıxar odu cahanın.
Qızıl üstə qəlbini qanatmasan yaxşıdır,
Əzəl gündən qızıla can atmasan yaxşıdır.
Qızıl yığmaq yağ kimi yayar cana sarılıq,
Yesən onu meyvətək keçməz qana sarılıq.
Məşriq səpib əzəldən kainata qızılı,
Məğrib etsin dünyaya neçin əta qızılı?
Məşriq doğub səxavət günəşini dünyanın,
Məğrib boğub səxavət günəşini dünyanın.
Məşriq səhər borc verir çoxdur deyə altunu,
Məğrib axşam borc alır yoxdur deyə altunu.
Can mülkünün şahı da altun qucan olubdur,
Sonra qızıl quş kimi əldən uçan olubdur.
Dəməşq daşı məhəkdir qızılına Rum kimi,
Altun eşqi canını əritməsin mum kimi.
Alışsa da, yansa da, uyma qızıl pula sən,
Torpaq sovur üstünə, dönmə aciz qula sən.
Hansı başdan oğrutək papaq qapan olmayıb,
Kim bu sarı iblislə yoldan sapan olmayıb?

HACI VƏ SUFİ HEKAYƏTİ

Kəbə eşqi qəlbində aşıb-daşan hacının,
Zəvvar kimi hamıyla halallaşan hacının
Tanıyanlar, bilənlər xəbərdardı halından:
Bircə kisə qızılı vardı dünya malından.
Düşündü ki: bir sufi gözütoxdur əzəldən,
Onun dünya varında gözü yoxdur əzəldən.
İnanıram bir ona, dəyanəti var onun,
Əmanətə kim deyər xəyanəti var onun.
Durub getdi evinə, açdı dərdi sufiyə,
Qızıl dolu kisəni saxlanc verdi sufiyə.
Dedi: "Saxla, çıxmasa bu can, gəlib çıxaram,
Qaytararsan yenə də haçan gəlib çıxaram"
Hacı yola düzəldi, nəsibi qan-tər oldu,
Zər aşiqi bu şeyxə girov qalan zər oldu:
Yarəb, mən nə uzağa, nə yaxına sığındım,
Yoxsulluqda həmişə dərgahına sığındım.
Kərəminlə ucaltdın gör ki, məni hara sən,
Bir yoxsulu yetirdin istədiyi vara sən.
Tez xərcləyim, yeyim ki, yüzü alar əlimdən,
Tanrı özü versə də özü alar əlimdən.
Açan kimi kisəni, aman, necə şelləndi,
Kef-damağı cağ oldu, neçə gecə şelləndi.
Haman müftə qızılla tezcə harın oldu şeyx.
Gödənini doldurub xaşalqarın oldu şeyx.
"Əritdiyi" qızıllar qursağını yağladı,
İpək telli sənəmlər qurşağını bağladı.
Axır cini hürkütdü əbasının yırtığı,
Dönüb oldu elində sırtıqların sırtığı.
"Şikarını" hülüdüb ac-yalavac qaldı o,
Çırağına tökməyə yağa möhtac qaldı o.
Gəlib çıxdı axır ki, ziyarətdən bu hacı,
Xəbərsizdi qızıldan, o qarətdən bu hacı
"Əmanəti özümə qaytar" deyib - dindi o.
Şeyx dedi ki: batıbdır, yoxsa çıxıb indi o?
İnad etmə, dilimə haçan yalan gəlibdir,
Haçan viran bir kəndə xərac alan gəlibdir?
Mənimtək arif hara, sən atdığın şər hara?
Hava gəlib başına? Müflis hara, zər hara?
Türkü soymaq mümkünmü? Türk soyubdur hamını.
Hindu paltar güdəndir? Lüt qoyubdur hamını.
Can evimdə qızılın dirəyimi sındırıb.
Dirək nədir, belimi, kürəyimi sındırıb.
Dözdü belə qarətə yazıq hacı gülüşlə,
Göz yaşını sel kimi tökdü acı gülüşlə.
Comərdliyin varsa da, bil ki niyə peşmanam.
Müsəlmanam, etdiyim kafirliyə peşmanam.
Dünya xata doğmağa yaranıbdır əzəldən,
Xatakarı boğmağa yaranıbdır əzəldən.
Comərdliyi hökm etdi: yandırmasın zər səni,
Qoy yumşaltsın o şeyxin üzündəki tər səni.
Tanrı özü vermişdi, özü aldı qızılı,
Səxavəti, mərdliyi gözdən saldı qızılı.
Öz-özünü danladı: niyə zalım olum mən?
O, yoxsulun biridir, nəyi var ki, alım mən?
Bir çöpü də yox onun, nəyə çatır gümanı?
Girovunu verməyə imanadır gümanı
Əmanətdən qalıb ki, o, qıya qaytarmağa
Nəmənəsi qalıbdır hacıya qaytarmağa.
Dedi: - Qəddin sınmasın günah yükündən sənin,
Haram pullar halalın olsun bu gündən sənin.
Fələk kimi dolanıb özün qazan neməti,
Əldən qapıb ətəyə yığma asan neməti.
Hərisliklə vurmayan ürək varmı dünyada?
Etibarlı bir insan görək, varmı dünyada?
Din-imanın qızıldır, onu şeytana qıyma,
Xaqanın qolbağını itsaxlayana qıyma.
Başdan-başa günahdır inləməyi yoxsulun,
Aldığını verməyə yox heç nəyi yoxsulun.
Dünyanın hər eybinə qəh-qəh çəkib gül gündə,
Məslək eşqi yaşatsın səni könül mülkündə.
Sığın könül mülkünə, öz yerini bilən ol,
Hünərinlə dünyanın hər eybinə gülən ol.
Bu dünyanın darğası ancaq varı taladır,
Yoxsullara toxunmaz varlıları taladır.
Nə veribdir kasıba göz qoydursun bu fələk?
İstər-varlı karvanı tez soydursun bu fələk.
Düşündürməz əzəldən öz əhvalı arını,
Şirin candan eyləyər şirin balı arını.
Şirin deyil, acıdır deyə əti aslanın,
Bir vəhşi də ətini yeməz qəti aslanın,
Ucalsa da, alçalıb günəş göydə sönəndir,
Bədirlənib axırda Ay hilala dönəndir.
Yalquzaqtək gəzməyi yerə xoşdur küləyin,
Arxayındır boş gedir, əli boşdur küləyin.
Öz pulları göstərər ayna sudan balığı.
Bircə anda ovlayar balıqudan balığı.
Arzu, istək tərəzin qızıl çəkən olmasın,
Müqəddəssən, qəlbində çalış ləkən olmasın.
İstəyinin yolunda saf çeşmətək çağla sən,
Nizamitək könlünü ülviyyətə bağla sən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR