Slimfit
  1. ƏDƏBİYYAT

Nizami Gəncəvi - Sirlər xəzinəsi/On səkkizinci söhbət

Nizami Gəncəvi - Sirlər xəzinəsi/On səkkizinci söhbət
Sakura

Nizami Gəncəvi - Sirlər xəzinəsi/On səkkizinci söhbət

İKİÜZLÜLƏRİ MƏZƏMMƏT

Saxta qızıl kəsməyə qurşanıbdır çoxları,
Qəlp pulunu qəlbinə nur sanıbdır çoxları.
Üzü qızıl, içi mis saxta pul san onları,
Hər sözünə qulp qoyar, tanı hər an onları.
Üzlərinə baxanda aydan arı hər biri,
Əməliylə aləmin riyakarı hər biri.
Üzdə şamdır, daxildə düyünlü ud hamısı,
Üzdə sadə, daxildə xəbis vücud hamısı.
Harayçını əzaba, əziyyətə salarlar,
Tələbkarı çıxılmaz vəziyyətə salarlar
İstəkləri dildədir, heç bilinməz kinləri.
Qəlblərindən qisasdan heç silinməz kinləri.
Təlaşları eyləyib qəm əsiri onları,
Nəfəsləri varsa da, sanma diri onları.
Sözlərinə inanıb ixtilat qatmaq nədir?
Əgər kefli deyilsən, palçığa batmaq nədir?
Dağ kimidir hər biri, açsan əgər sirrini,
Səs verərək səsinə car eyləyər sirrini.
Sədaqətdən dəm vurub sirdaşına dönərlər,
Səndən bir şey qapınca hey başına dönərlər.
Təmənnadır yaradan elə əhdi-peymanı.
Allah kəssin qərəzli belə əhdi-peymanı.
Təmənnalı olarsa dostun, aman, dostluğu,
Düşmənçilik deməkdir dostun haman dostluğu.
İkibaşlı dostluğu dostluq sanma heç zaman.
Qərəzli dost - düşməndir, arxalanma heç zaman.
Dost da dostun eybini hünər sanan olarmı?
Dost daddığın zəhəri şəkər sanan olarmı?
Sadiq dostun sağaldar şəfasıyla yaranı,
Dönük dostun sızladar cəfasıyla yaranı.
Bir-birinə isnişib həyan olar pişiklər,
Balasını istəkdən yeyən olar pişiklər.
Dost odur ki, dostunun gizli saxlar sirrini,
Zəmanətək faş eylər bu alçaqlar sirrini.
Səndən üstün olmağa hey can atar dostların,
Hünərinə hünəri çətin çatar dostların.
Qoşa çapar səninlə səməndini hər biri,
Əsirgəməz başından kəməndini hər biri.
Saxta dostun dünyanın alçağıdır, dost deyil,
Ürəyinə yatmayan bir yağıdır dost deyil.
Bədən duymaz havadar kimdir sənə dünyada,
Ürək duyar vəfadar kimdir sənə dünyada.
Min ürəyin qəmindən qoymusan qan qəlbinə.
Bir gülsən ki, sancılıb min bir tikan qəlbinə.
Firudinə bərabər sultan hanı cahanda?
Min ətiri duymağa imkan hanı cahanda?
Sir saxlamaz qəlbində ər sirrinin sirdaşı,
Öz qəlbindir dünyada hər sirrinin sirdaşı,
Ürəyinin sirrini faş eyləsə dil sənin,
Yad qəlbində bir sirrin qala bilməz, bil, sənin.
Könül elə sirdaşla gərək bölə sirrini,
Günəş kimi yaymaya hər gün çölə sirrini.
Qəlbin nazik olmasa, hey sirrini açarmı?
Şüşə zərif olmasa, mey sirrini açarmı?
Həyat nəyə gərəkdir bir həmdəmin olmasa?
İnsan çətin yaşayar dosta əmin olmasa.
Varlığına əminsən sən ki hələ həyatda,
Çalış, könül sirdaşı gətir ələ həyatda.
Bilməmiş ki, dostunun nəcabəti, əsli var,
Könül sirrin - incidir, etmə ona etibar.

CƏMŞİDLƏ CAVAN YAVƏRİNİN HEKAYƏTİ

Sarayında Cəmşidin vardı yaxın yavəri,
Ay - Günəşin yavəri, o da şahın yavəri.
Comərdliyi hamını heyran qoydu sarayda,
Şah gözündə aləmin gözü oydu sarayda.
Etibarı, inamı şahın vardı tək ona,
Bütün könül sirrini şah açardı tək ona.
Hökmdarın gözündən cavan bir gün yox oldu,
Onun yoxa çıxması yaydan süzən ox oldu.
Al yanağı qüssədən sarı güldü o gəncin,
Şümşad boyu kamantək tez büküldü o gəncin.
Şahın sirri az qaldı oxtək dələ qəlbini,
Kimsə ala bilmədi onun ələ qəlbini.
O cavanla bir qarı üzbəüz gəldi bir gün,
Gördü lalə yanağı solub gəncin büsbütün.
Dedi: " Xəzan vurubdur, ah, bağında şümşadı,
Göz yaşları suvarır şah bağında şümşadı?!
Dərdin nədir, özünü saraltmısan belə sən?
Şad qəlbinin qanını, qaraltmısan belə sən?
Qocalmısan gənclikdə, hüsnün solub nədəndir?
Yanağının laləsi xeyri olub nədəndir?
Sən yavərə bağlıdır şah qəlbi tək cahanda,
Qaş-qabağın açılsın şah qəlbitək cahanda.
Hüzurunda pörtərək hamı tökər tər şahın,
Ordusunda sirdaşı mühafizdir hər şahın."
Cavab verdi:"Döndərmə suya mənim qəlbimi,
Mümkünmü ki, biganə duya mənim qəlbimi?
Ürəyimə qüssəni dolduran da dözümdür,
Gül çöhrəmi saraldıb solduran da dözümdür.
Şahım mənə açıbdır hər bir zaman sirrini,
Saxlayıram qəlbimdə mən də haman sirrini,
Elə ərin sirrini necə açım, mən necə?
Böyüklərin sirrini necə açım, mən necə?
Dinləmişəm can-başla mən həmişə sözünü,
Lal olmuşam salmayım dilə-dişə sözünü.
Söz almağın çətindir mənim bu lal dilimdən,
Sirrin quşu qorxuram uça dərhal dilimdən.
Od salsa da təlaşdan əgər cana ürəyim,
Xoşdur sirdaş sirrindən dönsə qana ürəyim.
Açıb sirri, bildirsəm sirdaşımı cahanda,
Kəssin baxtın qılıncı qoy başımı cahanda."
Qarı dedi: "Gətirmə şah adını dilinə,
Həmdəmini, sirrini, muradını dilinə.
Nəfəsinsə sirdaşın, sən yenə də inanma;
Öz kölgənsə həmdəmin, kölgənə də inanma.
Qızıl qanda yuyunca qan dəryası çöhrəni,
Qızıl təki saraltsın könül yası çöhrəni.
Bir gecədə neçə yol başın deyir dilinə:
İstəsən ki, sağ qalım, gəlsin xeyir dilinə.
Baş gərəksə, xəncərə dönmək sənə yaraşmaz,
Günəş kimi sirr açıb, sönmək sənə yaraşmaz.
İnsan susar ağzında saxlar uzun dilini,
Quduzluğu uzadar hər quduzun dilini.
Damaq dili altına alsa daha yaxşıdır,
İti xəncər qınında qalsa daha yaxşıdır.
Kim saxlasa dilini, görməz canı xatanı,
Dil gətirər başlara hər bəlanı, xatanı...
Fələk qanlı tasıyla yaxar gündə başını,
Qan tasına atmasın dil üstündə başını.
Bal suyuna susama, görsən sərin bulaq var,
Hər divarın dalında bir eşidən qulaq var.
Xoş ətridir üzdürən bənövşənin başını,
Kəsdirməsin xəncərlə dilin sənin başını.
Kar ol, güdüb pusmağın dövranıdır bu dövran,
Sərt danışma, susmağın dövranıdır bu dövran.
Bəs deyilmi yazdığın lələk-qələm əlində,
Sus, yazını yazandır fələk qələm əlində.
Göstərməsin güzgütək hər varlığı varlığın,
Təmizləsin su kimi murdarlığı varlığın.
Qeyrət əri sirrini gecə saxlar özündə,
Açıb deməz gündüzə - necə saxlar özündə?!
Göy qübbəsi yandırar ulduzunu gecənin,
Sübhə açmaz sirrini il uzunu gecənin.
İbrət götür, faş etmə aləm təki sirrini,
Gündüz açıb danışma hər gecəki sirrini.
Xəzinətək gecənin inci dolub köksünə,
Saysız könül incisi qaş-daş olub köksünə.
Nur çeşməsi çağlayıb, hansı ərin qəlbində,
Gördüyünü gizlədib göydən dərin qəlbində.
Kim ki, göyə yüksələr, ərşdən qəlbi dayanar,
Könülləri fəth edər, sanma qəlbi dayanar.
Gözün - qəlbə dikilsin, dilin - ağla bağlansın,
Yoxsa, gözün tökülsün, dilin dağla dağlansın.
Gizli eşqi döndərər ecazkara aşiqi,
Qovuşdurar, xarabat sanma yara aşiqi.
Məslək ilə toxunar eşq arğacı dünyada,
Pambıq kimi diddirdi eşq həllacı dünyada.
Eşq oduna dözmədi, yandı bağrı qönçənin,
Ağzını açan gündən qandı bağrı qönçənin.
Eşqin gizli sirrindən hansı ərdir xəbərdar?
Könüllərin eşqindən könüllərdir xəbərdar?
Eşqin şirin neməti qəlbdə kimi yandırar?
Lakin alsan dilinə, atəş kimi yandırar.
Susan aşiq sükutla yar vəslinə qovuşar,
Təlaş nədir, təmkinlə öz əslinə qovuşar.
Nurlu könül sanma ki, inləməyə yaranmış,
Özü susub, özgəni dinləməyə yaranmış.
Bu dünyada dilini bilsə hərə könülün.
Öz dilidir tərcüman könüllərə könülün.
Nizamitək ürəyin şadsa əgər dünyada,
Dünya sənin deyilmi, söylə, məgər dünyada?!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR