Slimfit
  1. ƏDƏBİYYAT

Nizami Gəncəvi - Sirlər xəzinəsi/On doqquzuncu söhbət

Nizami Gəncəvi - Sirlər xəzinəsi/On doqquzuncu söhbət
Sakura

Nizami Gəncəvi - Sirlər xəzinəsi/On doqquzuncu söhbət

AXİRƏTİ QARŞILAMAQ

Bəzənibdir məclisi başdan-başa könülün,
Ay camalı nur saçır al qumaşa könülün.
Taxtındadır şah kimi, ətir yağır üstünə,
Şəkər səpib, ulduzdan çətir yağır üstünə.
Canlar alan amansız düşmənindir bu dövran,
Unutma ki, nə mənim, nə sənindir bu dövran.
Nifrətini görəndə gör girləyib kimləri,
Döndərərək əsirə - zəncirləyib kimləri.
Cah-cəlala uyarmı məslək əri dünyanın?
Car çəkibdir cah-cəlal düşmənləri dünyanın:
Zalımların qəsrindən ayağını kəs daha,
Hikmət dolu göylərin çadırında gəz daha.
Məhşər odu püskürər biyabanda yanan kəs,
Utanar əməlindən, əməlini danan kəs.
Dönər qanıq köpəkdən bağrı qana tülkünün,
Qorxusundan dərisi kürkdür cana tülkünün.
Kükürd saçan məhşərdir, göz qaraldar bu səhra,
Tez keçməyən yolçunu tez saraldar bu səhra.
Təşnə yolçu rast gəlib burda haçan çeşməyə?
Tüpürməyi unutma kükürd saçan çeşməyə.
Bu fələyin borcunu qaytar daha özünə,
Nə almısan torpaqdan, sanma baha özünə.
Oğul kimi tərk elə vida günü aləmi,
Comərdliyin mat qoysun qoy özünü, aləmi.
"Mənəm-mənəm" deyəndir, bil ki, fələk bu yolda.
Quldur kimi hamıya qurar kələk bu yolda.
Əqrəb qədər qorxulu deyil hər an əjdaha?
Əqrəb səni öldürər udanacan əjdaha.
Kiçik düşmən - ən böyük, ən vəhşətli bəladır.
Onu saya salmamaq ən dəhşətli bəladır.
Düşmən kiçik olsa da, can atandır qisasa.
Arifsənsə, unutma, əl qatandır qisasa.
Güclə yerin köksünü sökə bilər qarışqa,
Körpə şirin gözünü tökə bilər qarışqa.
Gizlə cumar incinə, oğru səni görəndə,
"Bismillahı" unutma əcinnəni görəndə.
Könül mülkü yolunda gəzər, bil ki, quldurlar,
Son mənzilin yolunu kəsər, bil ki, quldurlar.
Qorxuram ki, başlaya onlar gecə qarətə,
Görəsən ki, varlığın gedir necə qarətə.
Köləliyin karvanı salsın yolu mənzilə,
Hərisliyin gəmisi çatsın dolu mənzilə.
Görməsinlər qoy səni, yuxu kimi uzaqlaş,
Qovmasınlar qoy səni, bir su kimi uzaqlaş.
Dəyməz qədəm qoymağa bu hücrəyə cahanda,
Alacaqlar canını girov deyə cahanda.
Qəlbin qana dönəcək çəkməsən əl hücrədən,
Qovulmamış aralan, aralan, gəl, hücrədən.
Yerdən ayrıl, biləsən gərdiş nədir fələkdə,
Gecə-gündüz dolanır, gərdişdədir fələk də,
Div əlinə keçməmiş yaxa, sinə cahanda,
Sığın könül mülkünə, məsləkinə cahanda.
Vəcdə gəlib şövq ilə yovuş ülvi aləmə,
Vidalaşıb həyatla qovuş ülvi aləmə.
Məslək eşqi nəsimə dönsün könül mülkündə
Qoyma həyat çırağı sönsün könül mülkündə.
Olmalısan bu mülkün ətir saçan reyhanı,
Könül mülkü soldurub, söylə, haçan reyhanı?
Hər qapıya can atıb səba kimi cumma sən,
Alçaqlardan sədaqət, dostluq, vəfa umma sən.
Hamı - qara kölgədir, sən - işıq ol aləmə,
Günəş kimi ucalıb yaraşıq ol aləmə.
Yerdə meydan verərmi səməndinə bu fələk?!
Olsan göyün sirrindən sən baş açan cahanda,
Deyər nələr törətmiş bu vaxtacan cahan da.
Təngləşdirər kahanda sağ canını dövranı,
Başa vurar ömrünü, dövranını dövranı.
Son nəfəsdə dodağın son kəlməni unudar,
Kimsə salmaz yadına, hamı səni unudar.
Zalım əcəl kəsməmiş nəfəsini dünyada,
Göstər eşqə qovuşmaq həvəsini dünyada.
Əcəl meyi həyatda hansı kəsə nuş olar?
Yalnız eşqin badəsi bir nəfəsə nuş olar.
Qurub dərzi köşkütək qübbəsini bu fələk,
İki şaha geydirməz cübbəsini bu fələk.
Nə eyləsən, amansız, kafir aləm yazacaq,
Günahını, eybini iti qələm yazacaq.
Acsan üzə şərəflə hər bir zaman qapını,
Açacaqlar üzünə, bil ki, haman qapını.
Məsxərəylə kimsəni görsə gözün oyuncaq,
Olacaqsan dünyada axır özün oyuncaq.
Yaxşını da, pisi də üzləyiblər hər zaman,
Yaxşı bil ki, pisləri pisləyiblər hər zaman.
Yaxşıların nişanı, əmanəti olubdur,
Pislərinsə zamini, zəmanəti olubdur,
Keçməlisən ya yaxşı, ya da ki pis, unutma,
Əməlinlə mələksən, ya da iblis, unutma.
Tikanlı, gül tikanla anınıbdır həmişə,
Ənbərsatan ənbərlə tanınıbdır həmişə.
Saxta olma, keçəsən yer üzündən xəcalət,
Həm tanrıdan xəcalət, həm özündən xəcalət.
Bağrı gözə döndərən dövrə yağdır nifrəti,
Qan çanağı fələyə, cövrə yağdır nifrəti.
Bu boyalı nazənin daş-qalağa layiqdir,
Vəfasına qələm çək, bil, talağa layiqdir.
Səkil Xətlan atını minib ucal fələyə,
Al qurğuşun qalanı, qələbə çal fələyə.
Qazansan da ən uca rütbəsini göylərin,
Oxutsan da şahlığa xütbəsini göylərim,
Səndə qalan deyildir elə zəfər bayrağı,
Yalnız mənə nəsibdir belə zəfər bayrağı.
Bir İnsanam, məqamım mələkdən də ucadır,
Can atdığım o dərgah fələkdən, də ucadır.
Qamətimlə ölçülməz bir qiymətim var mənim,
Aləmimə bu aləm, yer də, göy də dar mənim,
Çay deyiləm, ümmanam, gör ki, nəyəm cahanda,
Zərrə deyil, tükənməz xəzinəyəm cahanda.
Fələk təki xəzinə üstündədir ayağım,
Əlçatmazam, bil ki, nə üstündədir ayağım.

HARUN ƏR-RƏŞİD İLƏ DƏLLƏYİN HEKAYƏTİ

Tapdı Harun dövründə növrağını xilafət,
Uca tutdu Abbasın bayrağını xilafət,
Yatağına qoyaraq gecə yarı xəlifə,
Rahatlandı hamamda gecəyarı xəlifə.
Dəllək onun başını kəliməyə başladı,
Kəlidiyi, tük qədər ləliməyə başladı.
Qurtarantək işini fürsət tapdı yenə də,
Söz atını minərək yersiz çapdı yenə də;
"Bir misilsiz ustayam, gəl, şad eylə məni sən,
Lap bu gündən özünə damad eylə məni sən,
Olsun hamı xəbərdar, kəsdir nigah qızına,
Bu bəndəni evləndir, qovuşum şah qızına."
Bu sözlərdən azacıq əsəbləndi xəlifə,
Yenə dözdü, sanma ki, qəzəbləndi xəlifə,
Dedi: "İsti bişirib, dözmür fağır dəhşətə,
Ya da zəhmim, vahiməm salıb ağır dəhşətə,
Çaşıb, yoxsa deyərmi alım sənin qızını?
Dəlləyə bax, istəyir xəlifənin qızını."
Başqa gün də sınadı Harun yenə dəlləyi,
Gördü lovğa, qudurğan, harın yenə dəlləyi,
Çox sınadı beləcə dönə-dönə yenə də,
Dediyindən dönmürdü dəllək yenə, yenə də,
Bir gədanın birisi gördü ki, nə danışdı,
Öz başına gələni vəzirinə danışdı;
"Haçandır ki, bir dəllək kələk açır başıma,
Bu oyunu bəlkə də fələk açır başıma.
Olmalıdır söyləyir ona qızım adaxlı,
Bir abırsız dəlləyə sona qızım adaxlı?
Başım üstə qəzatək baş qatmaqdır peşəsi,
Gövhərimə, özümə daş atmaqdır peşəsi.
Əldə ülgüc, ağzında iti xəncər gəzər o.
Qılınc versən, başımı "uf" demədən kəsər o.
Vəzir dedi: "Dili ki, belə atır dəlləyin, -
Ayağının altında xəznə yatır dəlləyin.
Haçan gəlsə yanına, o, hüzura bir daha,
Həmişəki yerində qoyma dura bir daha.
Əgər çıxsa əmrindən, asdırmağı unutma,
Harda durub, oranı qazdırmağı unutma."
Dəllək gəldi özünü yenə öyən kimicə.
Dəyişdirdi yerini vəzir deyən kimicə.
Qopan zaman yerindən ayaqları dəlləyin,
Birdən-birə saraldı yanaqları dəlləyin.
Gördü yoxdur dinməyə halı fağır ustanın,
Baxışından, dilindən ədəb yağır ustanın.
Ayağının, altında xəznə vardı bir zaman.
Surətini güzgüdə şah sanardı bir zaman.
Qədəmini xəznədən tez götürən gördülər.
Dükanını açaraq köks ötürən gördülər.
Ayağının altını tez qazıb nə tapdılar?
Haman yerdən tükənməz bir xəzinə tapdılar.
Qədəmini kim qoyub xəzinənin üstünə.
Söz incisi səpibdir, daim sənin üstünə.
Hər tilsimi sındırar xəznəsilə Nizami,
Nurlu qəlbi, aynatək sinəsilə Nizami.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR