Slimfit
  1. AZƏRBAYCAN

Nizami Cəfərov: "Rus dilinin yenidən nüfuz qazanmasını böyük təhlükə hesab etmirəm"

Nizami Cəfərov: "Rus dilinin yenidən nüfuz qazanmasını böyük təhlükə hesab etmirəm"
Sakura

Nizami Cəfərov: "Rus dilinin yenidən nüfuz qazanmasını böyük təhlükə hesab etmirəm"

Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun APA-ya müsahibəsi

- Nizami müəllim, çox yayılmış belə bir ifadə var ki, dil canlı varlıqdır. Bu baxımdan yanaşsaq, Azərbaycan dili son illərdə nə dərəcədə inkişaf edib? Yad təsirlərdən qoruna bilirmi? Qəbul olunan qanun-qaydalar onun inkişafını təmin edə bilirmi?

- Şübhəsiz dil canlı varlıqdır. Amma mən bioloji nəzəriyyənin tərəfdarları kimi onu tam canlı da hesab edə bilmərəm. Bununla yanaşı, həqiqətən Azərbaycan dilinin tarixində canlanma istiqamətində dövrlər yaşanıb. Bu barədə bəzən fərqli-fərqli rəqəmlər deyilsə də düşünürəm ki, X-XII əsrlərdən, hətta erkən orta əsrlər dövründən Azərbaycan dili ana türkcədən ayrılıb və bu ayrılma prosesi uzun zaman davam edib, təxminən XVII-XVIII əsrlərdə başa çatıb. Yəni Azərbaycan dili orta əsrlərin sonlarından, yeni dövrün əvvəllərindən öz müstəqil həyatına başlayıb.

- Hazırkı dövrdə mənzərə necədir? Azərbaycan dili başqa dillərin təsirinə düşür, yoxsa müqavimət göstərə bilir?

- Biz müasir Azərbaycan dili deyəndə ötən əsrin 20-30-cu illərindən üzü bəri olan dövrü nəzərdə tuturuq. Təəssüf ki, Azərbaycanın cənubu formalaşma prosesindən uzaq düşdüyünə görə bunun bizim dilimizin inkişafına çox mənfi təsiri oldu. 10 milyon azərbaycanlı Azərbaycan Respublikasında, 30 milyon azərbaycanlı isə Cənubi Azərbaycanda yaşayır. 10 milyon azərbaycanlının dil enerjisi hara, 50 milyon azərbaycanlının dil enerjisi hara. Düzdür, müəyyən qədər inteqrasiya prosesi gedir, ancaq qaneedici deyil. Bu məhdudiyyətlərlə yanaşı, biz Azərbaycan dilini nəinki qoruyub saxlamışıq, hətta çox sürətlə inkişaf etdirmişik. Müqayisə üçün deyim ki, Qazaxıstan, Qırğızıstan, Özbəkistan kimi türk dövlətlərində dil bizdəki qədər inkişaf eləməyib. Hər halda türk dövlətləri ilə müqayisədə Azərbaycan dili çox sürətlə inkişaf edib.

- Türkiyə ilə müqayisə etdikdə hansı qənaətə gəlmək olar?

- Türkiyə ilə müqayisədə, dilin quruluşu baxımından Azərbaycan dilinin inkişafı Türkiyədən yüksəkdir.

- Son illər türk dilinin Azərbaycan dilinə təsiri danılmazdır. Bu proses o qədər aktivdir ki, bəzən türk sözləri dilimizdəki sözləri belə unutdurur. Yeni nəsil Türk sözlərindən gen-bol istifadə edir. Bu o demək deyilmi ki, türk dili Azərbaycan dilindən güclüdür?

- Bu çox mürəkkəb prosesdir, həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi daha çox ekzotikdir. Bəli, biz uzun müddət ayrı olmuşuq, üstəlik türk dünyasında Türkiyə beynəlxalq nüfuzu olan ən böyük ölkədir, uzun əsrlər yaşamış bir imperiyanın davamıdır. Bunlar hamısı Türkiyənin siyasi, ictimai, iqtisadi, mədəni nüfuzunu bütün digər türk ölkələrinə təlqin edir. Bu, belə də olmalıdır, çünki bütün türk dünyasının Türkiyəyə bir ehtiramı var. Təsadüfi deyil ki, istər müstəqilliyini qazanan, istərsə də yarım müstəqil olan türk dövlətləri ilə Türkiyə arasında münasibətləri diplomatiya deyil, emosiyalar həll edir. Bu nöqteyi-nəzərdən Türkiyəyə bağlıyıq, amma Türkiyə türkcəsini elmi nöqteyi-nəzərdən müqayisə eləsək, mən Azərbaycan dilinə üstünlük verərdim, baxmayaraq ki, Türkiyə türkcəsinə məhəbbətim var. Ancaq Türkiyə türkcəsini qazax, tatar, türkmən, özbək dilləri ilə müqayisə eləsək, onlardan çox üstündür. Bəs belə olan təqdirdə bizim uşaqlarımız Türkiyə türkcəsinə niyə maraq göstərir? Bu, Türkiyənin dilinin güclü siyasi mövqeyindən, çox zəngin informasiya şəbəkəsinin olmasından irəli gəlir. Bizdə olan televiziyalarla Türkiyə kanallarını müqayisə etmək olmaz.

- Nizami müəllim, türk dövlətləri arasında ortaq türk dilinin yaradılması məsələsi hələ də həll edilməyib, müzakirələr davam edir. Sizcə türk dilləri arasında hansı dil ortaq türkcə seçilə və ya baza rolunu oynaya bilər?

- Heç şübhəsiz hər bir türk dili ortaq türkcə olmağa layiqdir, sadəcə, dediyim səbəblərə görə Türkiyə türkcəsinin ortaq türkcə olması daha münasibdir. Ona görə yox ki, Türkiyə türkcəsi Azərbaycan dilindən zəngindir, yox. Məsələn, Türkiyə türkcəsində tabeli mürəkkəb cümlə sistemi inkişaf etməyib. Azərbaycan dili o cəhətdən çevikdir, Hind-Avropa dillərinin təsirinə məruz qaldığına görə biz çox mürəkkəb cümlə quruluşları işlədə bilirik. Türkiyə türkcəsində isə bunu eləmək olmur. Eyni zamanda bir cəhəti də qeyd etmək lazımdır ki, Türkiyənin texnoloji nüfuzu güclüdür, bu da təsirsiz ötüşmür.

- Hazırda bizim türklərdən alıb işlətdiyimiz sözlərin gələcəkdə lüğətə daxil olmaq ehtimalı varmı? Misal üçün, çox adam “sahə” yerinə “alan”, “tövsiyə” yerinə “önərmək” sözlərini işlədir.

- Mən inanmıram, “pardon”, “okul” və bu qəbildən olan başqa sözlər bizim lüğətdə qalsın. Amma hazırda Türkiyə türkcəsində işlənən elə sözlər var ki, bizim dildə də var, amma passiv formadadır. Məsələn, “dönəm, “yüzillik” kimi sözlər bizdə passiv formada var idi, hazırda aktivləşib. Türkiyə türkcəsindən bizə keçən “mesaj” sözü yerindədi, işlənir, işlənəcək. Elə sözlər var ki, onu dilin ruhu qəbul edir, elə sözlər də var qəbul etmir. 1930-cu illərdə Atatürk dil inqilabı ilə xeyli yaxşı işlər görməklə yanaşı, dili öz kökündən də xeyli uzaqlaşdırdı. Artıq türk dilində həzm olunmuş ərəb-fars sözləri var idi ki, onları çıxardı. Artıq bu günlər belə müzakirələr gedir ki, biz o dövrdə nahaq yerə ərəb-fars sözlərini çıxardıq, onlar başqa türk dillərində də var idi və Atatürkün o addımı nöqsan kimi göstərilir. Mən bu fikirdəyəm ki, uşaqlarımızın Türkiyə türkcəsində danışmağından narahat olmaq lazımdı deyil. Bu, türk dilinin gücünə görə deyil, bayaq toxunduğum kimi, Türkiyə informasiya, texnologiya sahəsində inkişaf etdiyinə görə istər-istəməz dil qatına da təsirini ötürür. Bugünkü dövrdə televiziyanın təsiri çox önəmlidir. Türkiyə televiziyasındakı o çeviklik uşaqlara da təsir edir. Bu da dilin sənayesindən irəli gəlir. Bizim televiziyalardakı məişət danışıqları, verilişlərdəki, filmlərdəki danışıqlar estetik deyil. Amma Türkiyə televiziyalarında, xüsusilə xanımların geyimlərindən başlamış, intonasiyalarına qədər bir peşəkarlıq var. Bizim müğənnilər isə...

- Söz ehtiyatları azdı.

- Azdı nədir, söz ehtiyatları heç yoxdur. Onların danışığına uşaq maraq göstərə bilmir, baxmayaraq ki, çoxunu tanıyır. Bütün bunlar təsir edir.

- Son vaxtlar Azərbaycan cəmiyyətində rus dilinin nüfuzu da artıb. Azərbaycan dilinin təəssübkeşi kimi bu Sizi narahat edirmi?

- Burda belə bir cəhəti qeyd etmək lazımdır. Biz ötən əsrin 70-80-ci illərinə qədər rus dili ilə sıx əlaqədə idik. Hər bir xalqın dünyaya çıxışında bir beynəlxalq dil olmalıdır. Bizdə bu işi rus dili görürdü. Sonradan rus dilindən kəskin imtina elədik və beynəlxalq arenaya ingilis dili ilə çıxmağa çalışdıq, ancaq effektiv olmadı. Ona görə də rus dilinə qayıdış bizim beynəlxalq dilə çıxış axtarışlarımızın səbəbidir. Bizim ingilis dili mühitinə daxil ola bilməməyimizin müəyyən səbəbləri var. Burda onların bizi qəbul eləmək məsələsi də rol oynayır. Yəni bu gün biz təzadlı vəziyyətdəyik. Belə bir vəziyyətdə isə rus dilinin bizim orta məktəblərə gəlməsi normaldır. Ailələr uşaqlarını rus bölməsinə ona görə qoyur ki, gələcəkdə uşağın yaşaması, işləməsi üçün böyük məkan var. İlk növbədə dil seçilmir, yaşama marağı seçilir. İngilis dili bizə çox uzaqdır, yaxın coğrafiyada isə Rusiya var. Rusiya bizim üçün heç vaxt itirə bilməyəcəyimiz məkandır. Çünki Rusiya da, rus dili də bizim üçün təkcə ruslar demək deyil. Rus dili bu gün bizim üçün qazaxla da, türkmənlə də, tatarla da danışıq vasitəsidir. Hələlik Türkiyə türkcəsi o ünsiyyət funksiyasını yerinə yetirə bilmir.

- Belə fikir də var ki, rus dilində təhsil alan uşaqlar sonradan öz dillərini tam qavraya bilmirlər.

- Dilçilik baxımından belədir ki, uşağın öz ana dilində dil açması şərtdir. İkinci şərt uşağın ibtidai təhsili ana dilində almasıdır. Bizdə də hazırda rusdilli məişət mühiti xeyli zəifləyib, anadilli məişət mühiti güclüdür. Bir vaxtlar ailələr vardı, azərbaycanca kəlmə bilmirdi. Bakıya rayonlardan çoxlu sayda qaçqın-köçkün gəldi, xeyli axın oldu, balans dəyişdi, hazırkı mühitdə rus dilini ailənin içinə tam buraxmaq imkanı yoxdur. Dilçilik baxımından ana dili o vaxt sıradan çıxır ki, xaric dil sənin ailənə daxil olsun. Xarici dil sənin ailənə daxil oldusa, problem yaradır. Amma neyləyəsən ki, xarici dil sənin təhsil mühitinə daxil olmalıdır, onsuz keçinmək olmaz, təki ailə mühitinə daxil olmasın. Rus dilinin hazırda yenidən nüfuz qazanmasını böyük təhlükə hesab etmirəm. Ona görə ki, hələlik Azərbaycan dilinin beynəlxalq dil olmaq imkanı yoxdur. Bura hansısa dil gəlməlidir. Bu beynəlxalq dilin də gələcəkdə rus dili  olacağına inanmıram, bu sadəcə keçid dövrüdür. Rus dili də öz  mövqeyini dünyada tədricən itirir.

- Bu il aprelin 16-da yeni orfoqrafiya normaları təsdiqləndi. Ancaq yeni qaydalar cəmiyyətdə birmənalı qarşılanmadı. Yeni qaydalarda qəbul etmədiyiniz məsələlər varmı?

- Mən neçə illərdir, bu işin içindəyəm. Ona görə də dəqiq inamım budur ki, bizim orfoqrafiya qaydalarımız kifayət qədər mükəmməldir. Sadəcə, onların maddələrlə təsbiti mükəmməl deyil. O qaydaları tarix özü qaydaya salıb. Özü də nəzərə almaq lazımdır ki, biz üç əlifbadan keçmişik. Üç əlifbadan keçmək qaydaları istər-istəməz mükəmməlləşdirir. Hazırkı qaydalar mükəmməldir və mübahisəli məsələləri olduqca şərtidir.

- Yeni qaydalara əsasən “W” ilə başlayan sözlər “v” ilə yazılmalıdır. O zaman biz gərək Uilyam Şekspir yerinə Vilyam Şekspir və ya Vilyam Folkner deyək. Olmaz ki, bunları orijinalda səsləndiyi kimi saxlayaq?

- Bu bizim dilimizin qaydalarında olan ziddiyyət deyil, xarici sözlərin necə verilməsi ilə bağlı məsələdir. Bizim dilimiz üçün ziddiyyət olmayan prinsiplərimiz dilimizə tarixən keçmiş ərəb-fars sözlərinin ahəng qanununa uyğun yazılmasıdır. Xüsusi hallar var, düzdür, amma bunlar da şərti şəkildə yazılmalıdır. “W” ilə başlayan sözlərin “v” və ya “u” ilə yazılması o qədər əhəmiyyətli deyil. Sadəcə olaraq, bizim dilçilərin günahıdır, çünki qaydaları qəbul edəndə bunu əsaslandırmağa ehtiyac yox idi. Biz xarici aləmlə həmişə rus dili ilə ünsiyyət qurmuşuq. Rus dilində o adlar necə yazılırdısa, biz də o cür yazırdıq. Misal üçün, bu ad almanca Hertsendir, amma ruslar Qertsen yazıb deyə, biz də Qertsen yazırıq.

- Başqa nümunələr də var: əvvəllər ruslara istinadən “Mexiko”, “Texas” deyirdik, halbuki onlar orijinalda “Meksika”, “Teksas” kimi  səslənir. Məsələ burasındadır ki, yeni nəsil də artıq ingiliscədən götürür. Olmazmı biz artıq mənbə dili kimi rus dilindən imtina edək?

- Ziddiyyətin yaranması normaldır, çünki nəsil dəyişdikcə münasibətlər də dəyişir. İkisindən birini seçməliyik, ya rus dilində əvvəllər necə idisə o cür saxlamalıyıq, yəni bayaq dediyim kimi Qertsen saxlamalıyıq, ya da özümüzdə qüvvə tapmalı, gələcək nəsillərin maraqlarını əsas götürərək onu Hertsen eləməliyik. İkinci variant daha doğrudur.

- Belə çıxır ki, yeni normativ qaydalar da mükəmməl olmadı...

- Siz dediyiniz ziddiyyətlər xüsusi adların yazılışı ilə bağlı qüsurlardır.

- Başqa bir mübahisə UNESCO, İSESCO kimi beynəlxalq terminlərin yazılışı ilə bağlıdır. Yeni qaydalara görə nə orijinaldakı kimi yazılır, nə də səsləndiyi kimi. Bu dəyişikliyi necə başa düşək?

- O da həmin şeydir. Xüsusi adlar üçün qaydalar da orfoqrafiya qaydalarına daxildir, amma müəyyən muxtariyyəti var. Çünki orfoqrafiya qaydaları, əsasən, ümumişlək sözlər üçündür.

- Yeni qaydalara görə “Baş Nazir” birləşməsində hər iki söz böyüklə, amma “Müdafiə naziri”, eləcə də “Əmək və Əhalinin Sosial Müdafiə naziri” kimi ifadələrdə “nazir” kiçiklə yazılır. Bu cür mürəkkəblik nəyə lazımdır, sadələşdirmək olmazmı?

- “Nazirlik” sözü kiçik hərflə yazılmalıdır, çünki idarə adıdır. Bununla yanaşı “Baş Nazir”, “Milli Məclisin Sədri” kimi ifadələrdə sözlərin birinci hərfləri böyüklə yazılmalıdır. İki-üç belə standartlaşdırılmış istisnaların olması qəbul olunandır.

- Rəsmi dildə tətbiq olunan qaydaların publisistik dilə də tətbiqi jurnalistlərlə yanaşı, oxucuların da işini çətinləşdirir. Bəlkə bu qaydalar rəsmi üslubda qalsa, jurnalistikaya nüfuz eləməsə, daha yaxşı olardı?

- Bu, mümkün deyil. Biz əvvəllər bədii üslubu qabağa çəkirdik. Bu gün peşəkar dilçilər publisistik üslubu qabağa çəkirlər. Çünki bu kütləvidir, ikincisi, ona görə ki, burda bütün cəmiyyətin dil təfəkkürü ifadə olunur. Hər kəs şeir, roman, elmi əsər yaza bilmir, amma hər kəs ictimai fikir səviyyəsində düşünüb-daşınır.

- Sosial media yazışmaları sayəsində indi hər kəs bir az publisistdir.

- Şübhəsiz. Özü də bir az yox, hər kəs bu saat hamıdan çox publisistdir. Ona görə də rəsmi adlardan hansının böyüklə, hansının kiçiklə yazılmasının böyük rolu var. Bu qaydaların təsbitində rəsmi ideologiya da rol oynayır. Məsələn, biz əvvəllər “Allah” sözünü kiçiklə yazmışıq, indi böyüklə yazırıq.

- Ancaq yeni qaydalara görə, “şeytan” kiçiklə yazılmalıdır. Bu da mübahisə yaradır ki, hər ikisi mücərrəd varlıq olduğu halda niyə “Allah” böyüklə, “şeytan” kiçiklə yazılır?

- Bu müzakirələr tarixən olub, yenə də gedəcək. Orfoqrafiya qaydaları nə qədər pedant olmasa da, müəyyən dərəcədə ideologiyanı əks etdirir. Xalq olaraq şeytana bizim hörmətimiz yoxdur (gülür). Düzdür, şeytana ibadət edən insanlar da var. Onlar böyüklə yaza bilərlər və biz onlara heç nə deyə bilmərik.

- Mənə elə gəlir ki, bizim qaydalar çox mühafizəkardır, gələcəyə yox, keçmişə hesablanır.

- Doğrudur, tamamilə doğrudur.

- Yeni orfoqrafiya qaydaları məktəblərdə nə vaxtdan tətbiq olunacaq?

- Mövcud qaydalar artıq tətbiq olunur. Bunlar hamısı yeni deyil ki, köhnə qaydalarda da var idi, onları da müəllimlər bilirlər. Yeni orfoqrafiya qaydalarında çox cüzi dəyişikliklər edilib.

- Dəyişikliklər 2020-ci il qəbul imtahanlarında tətbiq olunacaq?

- Dediyim kimi yeni qaydalarda elə bir yenilik yoxdur, əksəriyyəti köhnə qaydalarla eynidir. Bir də ki, dünyada qəbul olunmuş bir prinsip var, nə mübahisəlidirsə, o səhv sayılmır. Qəbul imtahanlarında da bu prinsip işləyir.

- Yeni Orfoqrafiya Lüğətinin çapında da gecikmə var, sentyabrda çıxmalı idi.

- Azərbaycan Dövlət Tərcümə Mərkəzi bu yaxınlarda ümumişlək yeni Orfoqrafiya Lüğəti nəşr elədi. Bu lüğət çox dəqiq prinsiplərlə işlənib hazırlanıb. Mən onun hazırlanma prosesində iştirak etmişəm, bilirəm. Orfoqrafiya Lüğətinin çapı üçün xüsusi qayda olmur. Hər kəs istəsə, orfoqrafiya lüğəti çıxara bilər. Amma təbiidir ki, ümumi bir ənənəyə görə, bu lüğəti Nəsimi adına Dilçilik İnstitutu buraxmalıdır. Dilçilik İnstitutu da Orfoqrafiya Lüğəti ilə bağlı o qədər səhvə yol verdi ki, nüfuzunu itirdi. İndi ya o nüfuz bərpa olunmalıdır, ya da hər hansı başqa müəssisə yeni lüğət nəşr etməlidir.

- Dil Komissiyası yanında yaradılmış Dil Monitorinq Mərkəzinə direktorun təyini məsələsi də gecikir.

- Bu, artıq hökumətin işidir, mənim səlahiyyətim daxilində deyil. Deyim ki, bizdə son illər dil üzərində monitorinq aparmağın çox yaxşı təcrübəsi əmələ gəlib. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Dövlət Tərcümə Mərkəzi kimi qurumlar monitorinq sahəsində xeyli təcrübə qazanıb. Həmin təcrübə Dil Komissiyası yanında Dil Monitorinq Mərkəzində tətbiq oluna bilər.

- Mərkəz dil qaydalarının pozulmalarına görə cərimələr tətbiq edəcək?

- Əlbəttə, bu onun funksiyasıdır. Dilin qaydalarının ən müxtəlif pozulmalarına qarşı mübarizə aparmaq lazımdır. Biz o zaman "Dövlət dili haqqında" qanunu müzakirə edəndə dil polisinin yaradılması haqqında məsələ qaldırılmışdı. Düzdür, ona getmədik, ancaq bununla yanaşı, cərimələr tətbiq olunmalıdır. Bakı şəhərinin reklam örtüyündə və ya küçə adında hansısa hərf səhv yazılıbsa, buna görə həmin rayonun icra hakimiyyəti cavabdehdir. İcra hakimiyyətində bu məsələlərə baxan qorum var. Onlar onu yazan şirkətə dərhal xəbərdarlıq edirlər. Əgər bu işlə Monitorinq Mərkəzi məşğul olacaqsa, onların əməkdaşları nəzarət edəcəklər. Əgər xəbərdarlıqdan sonra da səhvlər düzəlməsə, o zaman cərimə  tətbiq olunacaq. Burda söhbət hansısa qurumun cərimələnməsindən getmir, əsas odur ki, dilimizin qaydaları pozulmasın.

- Monitorinq Mərkəzi internet resurslarına da nəzarəti həyata keçirəcək. Burda sosial şəbəkələr də nəzərdə tutulur?

- İnternet çox kütləvi məkandır. Əlbəttə ora üçün də nizamlayıcı, tövsiyə xarakterli təkliflər olmalıdır. Dil elə şeydir ki, onu gərək orta məktəbdən öyrənəsən. Mən inana bilmirəm ki, Mərkəz jurnalistləri yığıb onlarla orfoqrafiya qaydalarını öyrədə biləcək. Bu ona bənzəyir ki, danışıq tərzi oturuşmuş adama təzədən danışmaq öyrədirsən. Absurddur.

- Nizami müəllim, Sizin haqqınızda belə deyirlər ki, filologiya fakültəsinin dekanı işlədiyi zamanlarda o qədər sadə idi ki, öz sadəliyi ilə hamıya örnək göstərilirdi. Deputat olandan sonra isə xeyli dəyişdi. Özünüzdə həmin dəyişikliyi hiss edirsiniz?

- Dekanlığım cavan vaxtıma düşmüşdü. Baxmayaraq ki, bütün kafedra müdirləri dekana tabedirlər, hamısı məndən yaşca böyük idi, mütləq əksəriyyəti də mənim müəllimim olmuşdu. Təbii ki, mən onlara hörmətlə yanaşmalı idim. Həm də mən birbaşa auditoriyadan ayrılıb müəllim heyətinə qoşulmuşdum. Ona görə də tələbələrlə daha çox təmasda idim. Ancaq deputatlıq yaşlı vaxtıma düşdü, təbii ki, cavanlıqdakı ünsiyyət də qala bilməzdi.

- Belə çıxır deputat olmaq Sizi dəyişib?

- Xarakter dəyişmir, imkanlar dəyişir. Nə bilim, bəlkə də dəyişmişəm. Mən çalışıram ki, dəyişməyim. Çox vaxt da dəyişmədiyimi deyirlər, bu da mənim xoşuma gəlmir. Bütün ömrün boyu dəyişməmək də bir şey deyil.

- Deputat olmaq insanı mənfi tərəfə də dəyişə bilər.

- O çox təhlükəlidir. Tək deputatlıqla bağlı deyil, kimisə hansısa yüksək vəzifəyə qoyursan, baxırsan ki, o dəqiqə dəyişdi. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, bir adamı hansısa xarakterinə görə vəzifəyə qoyursan, sonra görürsən dəyişir. Halbuki sənə o vəzifəni dəyişməyin üçün yox, əvvəlki xarakterinə görə vermişdik. Dəyişəndən sonra sən artıq o vəzifəyə layiq olmursan. Ona görə dəyişəndə də gərək yaxşı istiqamətə dəyişəsən.

- Bu yaxında bəzi deputat həmkarlarınızla bağlı xoşagəlməz hallar yaşandı. Hətta Rafael Cəbrayılov mandatından imtina etməli oldu. Bu məsələyə münasibətiniz necədir?

- Mən bir şey deyim. Əgər bizneslə məşğulsansa, hardasa aldanacaqsan, hardasa aldadacaqsan. Bu, biznesin qanunudur. Amma deputat olub bizneslə məşğul olmaq istəyirsənsə, olmaz. İstər-istəməz nəsə problem çıxacaq və o sənin deputatlığına yazılacaq. Ona görə də mən düşünürəm ki, deputat öz işinin  üzərində dayansa və yalnız elmlə, tədrislə məşğul olsa yaxşı olar, çünki bu sahələrdə risk yoxdur. Əgər iqtisadiyyatla məşğul olacaqsansa, sənin elə bir məqamın gələcək ki, pul lazım olacaq və sən vəsiqəni girov qoymalı olacaqsan. Şübhəsiz ki, deputatlarla bağlı bu cür hallar məni də narahat edir və hamımızın adına, nüfuzuna təsir göstərir. Deputat gərək bu məsuliyyəti boynuna götürəndə nüfuzunu da düşünsün. Deputatın hər kəlməsi, həyatı, məişəti, ailəsi müzakirə olunur. Başqa vəzifələrdə də belədir, sadəcə, nazir müəyyən qədər pərdələnə bilər, deputat yox.

- Seçilərinizlə tez-tez görüşürsünüz?

- Qabaq lap tez-tez görüşürdüm. Onda cəmiyyətdə təcridolunmalar vardı. Hazırda maşallah, hamının mobil telefonu var, kimin nəsə problemi oldusa, zəng vurub dərdini deyə bilir. İndi nazirlər də bölgələrdə tez-tez görüşlər keçirir, vətəndaşları qəbul edirlər. Əgər qabaqlar bizə daxil olan şikayətləri biz icra orqanlarına yönləndirirdiksə, indi nazirlər özləri vətəndaşlarla birbaşa görüşürlər, bu da bizim yükümüzü azaldır. Bir də indi əvvəlki dövrlərdən fərqli olaraq, artıq millət vəkilinə tək seçildiyi region müraciət eləmir, biz də bunu təbii qəbul edirik.

- Növbəti çağırışda deputatlığa namizədliyinizi verməyi düşünürsünüz?

- Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Hər zaman da partiyanın məsləhəti ilə addım atmışam. Özümüzün istəyib-istəməyimizi çox da qabarıq göstərmirik. Onu artıq bu işlərlə məşğul olan partiya rəhbərliyi bilir və məsləhət görsələr, mən də deputat seçkilərində iştirak edəcəm. Məsləhət bilməsələr də, bunu özüm üçün xüsusi problem etməyəcəm.

- Çox şeydən danışdıq, ədəbiyyat qaldı. Çağdaş ədəbi prosesi izləyirsiniz?

- Demək olar ki, hə.

- Necə qiymətləndirirsiniz?

- Səmimi deyim ki, daha çox müasir ədəbiyyatın klassikasını oxuyuram: Nəriman Həsənzadə, Anar, Elçin, Fikrət Qoca, Afaq Məsud, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Çingiz Əlioğlu, Mövlud Süleymanlı.

- Yunus Oğuz, kitablarına da ön söz yazırsınız...

- Bəli, Yunus Oğuz. Yunus Oğuz mənim dostumdur, ona görə hər cümləsini oxuyuram.

- Bəyənirsiniz?

- Çox bəyənirəm, deyim niyə. Yunus Oğuz modernist deyil, amma tariximizin bütün mərhələlərini dövrün xarakteri ilə, həm də yüksək etnoqrafik-siyasi mükəmməlliyi ilə verir. Onun əsərlərində fundamentalizm var. Öz vətənini, xalqını sevən hər bir azərbaycanlı o fundamentalizmdən keçməlidir.

- Yəni Yunus Oğuzun əsərlərini oxumalıdır?

- Mütləq. Özü də orta məktəbin yuxarı siniflərindən ali məktəbə qədər.

- Yunus Oğuzda ədəbiyyat tərəfi güclüdür, yoxsa vurğuladığınız fundamentalizm tərəfi?

- Yunus Oğuzda hər iki tərəf güclüdür, amma fundamentalizm tərəfi daha ağır basır. Onda fəlsəfi-publisistik, etnoqrafik məqam daha barizdir. Gənclərin əsərlərini də az oxumuram. Sadəcə, mənim zövqüm klassik zövqdür. Modernist, postmodernist ədəbiyyat şəxsən bir oxucu kimi mənə zövq vermir. Amma ədəbiyyatşünas kimi maraqlanıram.

- Ad çəkə bilərsiniz?

- “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə çıxan imzaları oxuyuram.

- Bir dəfə demişdiniz ki, müstəqillik dövründə də ən yaxşı əsərləri yenə Anar, Elçin, Fikrət Qoca yazdı. 30 ilə yaxındır ki, müstəqilik, belə çıxır bu dövr ərzində bizim yeni və parlaq imzalarımız yaranmadı?

- Bu sual məni çox maraqlandırır. Bəli, müstəqillik dövrünün miqyaslı əsərlərini yenə bu imzalar yaratdı. İdeya, estetik axtarışlar hər halda gənclərdə güclüdür, ancaq bununla yanaşı, təəssüf ki, üslub fərqliliyi yoxdur. Elə bil, bütün gənclər yığışıb Anara qarşı mübarizə aparırlar. Sırf yaradıcılıq məsələsində Anarı, ya Elçini ayrıca üslub kimi götürə bilirəm, amma gəncləri üslub cəhətdən fərqləndirmək olmur. Bunu təəssüflə qeyd edirəm. Özü də gənclərlə həmişə münasibətim olub. Baxırsan ki, xırda janr, texniki kəşflərlə məşğuldurlar, miqyaslı ideyaları yoxdur. Təqlidçilik çox güclüdür. Dünya ədəbiyyatının artıq çoxdan unudulmuş maraqlı məqamlarını təqlid etməklə məşğuldurlar. Təqlid eləmək olar, amma 25-30 yaşlarında, sonra öz üslubunu yaratmalısan. Özü də çox maraqlıdır ki, bəzən buna yaxınlaşan, hətta bunun ilk mərhələsini keçən müəlliflər olur, ancaq bilmirəm sonra hövsələləri çatmır, yoxsa beyin əzələləri imkan vermir, ya nədirsə yarıda qalırlar.

- Bəlkə bunun müəyyən obyektiv səbəblər var, məişət qayğıları dediyiniz o mərhələni adlamağa imkan vermir?

- Şübhəsiz məişət qayğılarının böyük rolu var. Çünki yaradıcı insan müəyyən xırdalıqlardan təcrid olunmalıdır ki, böyük işlərlə məşğul olsun. Yoxsa xırdalıqların içində itib-batar. Mənim də çoxlu gənc dostum var, bilirəm ki, məişət qayğıları çoxdur. Bu da nəinki ədəbiyyata, insanın beyninə də, yazısına da təsir edir. Bir tendensiya da var, onu qeyd etmək istəyirəm. Son illərin ədəbiyyatında publisistikaya dönüş var. Özü də tək bizdə yox, dünya ədəbiyyatında bu tendensiya yaşanır. Son illər Nobel mükafatını da publisistikaya verirlər.

- Svetlana Alekseviçi nəzərdə tutursunuz?

- Hə. Elə Orxan Pamukun özünü qeyd etmək olar. Pamukda da çox ciddi siyasi-publisistik motivlər var. Onu çox ciddi publisist hesab edirəm, romançılığı da məhz publisistikaya əsaslanıb.

- Sizcə Pamuk böyük romançı deyil?

- Yox-yox. Pamuku qətiyyən böyük romançı saymaq olmaz. Eləcə də son vaxtlar tanınan başqa müəlliflər də var ki, publisistikaya meylidirlər. Özü də bu konyuktura deyil, ədəbiyyatın özü bütövlükdə publisistikaya meyllənib. Yəni ədəbiyyat bu gün mürəkkəb obrazlarla düşünmək istəmir.

- Nizami müəllim, gənclərin problemlərinin olduğunu Siz də təsdiq etdiniz. Bəlkə yaradıcı gəncləri stimullaşdırmaq üçün Milli Məclisdə hər hansı qanun layihəsi qəbul etmək olar?

 - Bu məsələ dəfələrlə müzakirə olunub ki, gənclər üçün daha nə eləmək olar? Onların əsərlərinin nəşri, mükafatların təsisi, sifarişlərin verilməsi və sair kimi təkliflər var. Bir ara yaradıcı qurumlar haqqında ayrıca qanunun qəbulu müzakirə olunmuşdu. Bunların üzərində iş gedir. Sadəcə problem nədir? Hələ də bizim  cəmiyyətimizdə belə bir düşüncə var ki, ədəbiyyat özü-özünü dərhal maliyyələşdirməlidir. Bu, dərhal reallaşa bilməz. Ona görə də Ümummilli Liderimiz hakimiyyətə gələn kimi Yazıçılar İttifaqına maliyyə ayırmışdı. Bu gün də işlər görülür. Hər halda yenə də nəsə eləmək olar. Prezidentimiz də mədəniyyət xadimləri ilə görüşlər keçirir, onların problemlərini dinləyir. Mədəniyyət Nazirliyi də bu sahədə müəyyən addımlar atır. Milli Məclis xətti ilə də qanunvericilik şəklində nələrsə eləmək olar. Bunun üçün isə əvvəl çox ciddi araşdırmalar aparmaq lazımdır. Yazıçılar, bəstəkarlar, rəssamlar ittifaqlarına çoxlu pul ayıra bilərsən, amma o yaradıcılığa xidmət etməz. Burda çətinlik bilirsən nədir? Dövlətin maliyyəsini necə istiqamətləndirəsən ki, ədəbiyyata fayda versin. Bax, əsas məsələ bu mexanizmi tapmaqdır. Biz də buna çalışırıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR