Niyazi Bayramov Gəncənin Məhsəti qəsəbəsində sakinlərlə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun növbəti səyyar qəbulu şəhərin Məhsəti qəsəbəsində baş tutub. Qəbulda Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak ediblər. "Açıq mikrofon" formatında keçən səyyar qəbulda sakinlər öz şikayət və təkliflərini dilə gətiriblər.
Məhsəti qəsəbəsində mövcud olan su probleminin həlli, küçələrə adların verilərək ünvan lövhələrinin vurulması, sakinlərin qeydiyyatı kimi məsələlər səslənən müraciətlərin əsasını təşkil edib.
Həmçinin qəsəbədəki ara yolların asfaltlanması, ərazidə işləyən marşrutların sayının artırılması, qəsəbə ərazisində aptekin açılması xahiş olunub. Bəzi küçələrdə telefon xəttlərinin olmaması da sakinləri narahat edən məsələlərdən olub.
Səslənən bütün müraciətlər dinlənilib. Bildirilib ki, Gəncədə artıq 83 yeni salınan küçəyə ad verilib, yaxın zamanlarda ünvan lövhələrinin vurulmasına başlanılacaq. Gəncə Telekommunikasiya İdarəsi tərəfindən telefon xəttlərinin çəkilişi ilə bağlı layihə də artıq hazırdır.
Bunlarla yanaşı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Məhsəti qəsəbəsindəki yolların səhmana salınması, ərazidə aptek fəaliyyəti üçün yerin ayrılması istiqamətində tapşırıqlar verib.
Görüşdə sakinlərin fərdi problemləri də dinlənilib. Səsləndirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb. Bəzilərinin isə araşdırılaraq aradan qaldırılmaları üçün aidiyyatı idarə və təşkilat rəhbərinə müvafiq tapşırıqlar verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət