Slimfit
  1. CƏMİYYƏT

Nitq və danışıq bacarığının karyera üçün əhəmiyyəti

Nitq və danışıq bacarığının karyera üçün əhəmiyyəti
Sakura

Nitq və danışıq bacarığının karyera üçün əhəmiyyəti

Bilik gücdür. XX əsrdə hər kəsin bildiyi və qəbul etdiyi bir həqiqət idi.

Bilik artıq güc deyil. Böyük sürətlə dəyişən, hər kəsin məlumat bombardmanına tutulduğu və sanki zaman azalmasının olduğu bir dövrdə bilik artıq güc deyil - potensial gücdür. Doğru təqdim edilmədiyi təqdirdə bilik görünmür.

Uzunmüddətli idarəçilik təcrübəmdən nitq mövzusunda diqqətimi çəkən bir məqam: yaşından, sosial statusundan, vəzifə, təhsil və peşəkar təcrübəsindən asılı olmadan Azərbaycanda insanlarda ciddi nitq və danışıq problemi var - fikir və düşüncələrini sadə, yadda qalacaq, səlis və ardıcıl şəkildə başa salmağı bacarmırlar.

Müsahibələrdə daim soruşduğum əsas suallardan biri: "Özünüz barədə iki dəqiqə istədiyiniz mövzuda sərbəst şəkildə danışın". Az insan özü barədə dəqiq, məntiqli, axıcı, yadda qalacaq və sistemli şəkildə məlumat çatdıra bilir.

Şəxsən ciddi biliklərə malik olub, amma karyera qura bilməyən yüzlərlə insan tanıyıram. 

Səbəbi isə sadədir: çox iş görə bilən insanlar öz işləri haqqında danışa bilmirlər, ətraflarında olan insanlarla kommunikasiya qurmaqda çətinlik çəkirlər, rəhbərliyə gördükləri işlərin nəticələrini təqdim etməkdə problemlər olur.

Sadə və real dialoq misalı:

- Son dövrlərdə həyatında ən gözəl hadisə hansı oldu?

- Türkiyədə iki həftə istirahət etdim.

- Necə keçdi?

- Yaxşı!

- Nələri bəyəndin orada?

- Hər şeyi.

Qısa, konkret və BOŞ. 

Nitq və danışıq bacarığı nədir? Bunu sadə şəkildə belə başa salmaq olar:

Mənim bir mövzuda fikir və düşüncələrim var. Öncə öz beynimdə olan bilikləri sistemləşdirməliyəm, daha sonra qarşımdakı insanın beynində bu bilkləri öncə rəflərə, sonra isə rəflərdə ardıcıl, məntiqli və sadə şəkildə yerləşdirirəm. Və ancaq bundan sonra mənim qarşıdakı insanla ünsiyyətim keyfiyyətli ola bilər, çünki ikimiz də eyni biliklərə malik oluruq. 

Diqqət edin – bəzən iki insan bir şirkətdə Azərbaycan dilində danışır, amma bir-birini başa düşmürlər. Məqsəd eyni, dəyərlər eyni, dil eyni – amma başa düşməkdə çətinlik var.

Hesab edirəm ki, nitq və danışıq bizim peşəkar həyatımızda olduqca mühüm bir bacarıqdır və bəzi hallarda bizim bilik və təcrübələrimizdən daha vacib olur.

Daha geniş baxsaq, danışıq bacarığı, nitq qabiliyyəti, ünsiyyət qura bilmə bizim həyatımızın bütün sahələrində və mərhələlərində ÇOX əhəmiyyətlidir. Müvəffəqiyyətlərimiz, uğursuzluqlarımızın səbəbləri və onlardan çıxardığımız nəticələr, sevdiyimiz və sevmədiyimiz işlər haqqında fikirlərimizi ifadə edə bilməliyik. 

Sevgimizi belə gözəl şəkildə etiraf etməliyik.

Nitq mövzusunda yol verilən əsas səhvlər hansılardır?

Çox danışmaq. Nədənsə ölkəmizdə nitq deyəndə çox danışmaq başa düşülür. Qətiyyən elə deyil – tam tərsidir. Az və öz danışmaq lazımdır. Bunu sadə şəkildə belə başa salmaq olar:

Təsəvvür edin ki, qarşı tərəfə hansısa mövzuda üç əsas məqamı çatdırmalısınız. Bu məsələ barədə nə qədər çox söz və cümlələr istifadə etsəniz, qarşı tərəfi o qədər çaşdırmış olacaqsınız.

Nə etməli?

Özünüzü dayandırmağı bacarın. Bu, çox vacibdir. Əslində, çox danışmaq yüngüldür – az danışmaq çətindir.

Xarici sözlərin istifadə edilməsi qıcıqlandıran vəziyyətlərdəndir. Öncə bu, ana dilimizə hörmətsizlikdir. Digər məqam - qarşınızda olan insan sizin kimi xarici dildə sözləri və terminləri bilməyə bilər. Məqsədiniz xarici dili bilmə üstünlüyünüzü nümayiş etdirmək deyilsə, o zaman ANCAQ ana dilinizdə danışmaq vacibdir.

Söz ehtiyatının zəif olması. İnsan danışıq zamanı daim eyni sözlərdən istifadə edir və ya söz axtarmaq üçün çox uzun zaman düşünür. Sözlərin zənginliyi nitqi də gözəlləşdirir.

Nə etməli?

Çox sadə - oxumaq.

Eeeeee, mmmm, hhhmhhm - söhbət əsnasında qarşı tərəfi gərginləşdirən vəziyyətlərdən biridir. Özünə güvənməyən və söz tapa bilməyən bir insan obrazı yaratmış olursunuz.

Nə etməli?

Bu səsləri səssiz pauzalarla doldurun. Bunu sınayın – danışığınız ağırlıq qazanmış olacaq. Pauzalara görə isə narahatlıq olmur. Qarşı tərəf sizin söz və cümlə seçiminizə belə halda hörmətlə yanaşır.

Sistemsiz və məntiqi ardıcıllığı olmadan danışmaq. Bir mövzudan digər mövzuya keçmək, mövzulara keçidlərdə körpüləri qurmamaq, əsas məzmundan kənarlaşmaq.

Nə etməli?

İstənilən kommunikasiya növündən öncə - görüş, müsahibə, müzakirə, təqdimat – nitqinizin məntiqi alqoritmini bir kağız üzərində mütləq hazırlayın. Ardıcıllığın olmasına diqqət edin.

Nitqin gücləndirilməsi barədə məsləhətlərim: 

- birinci növbədə daim oxumaq – söz ehtiyatı artır, düşüncələr oxuduqca sistemləşir və beləliklə, insan fikirlərini ardıcıl şəkildə ifadə etməyi də öyrənir;

- nitq mövzusunda bir neçə kitab oxumaq və orada yazılanları birbaşa bir-bir tətbiq etmək;

- nitq mövzusunda ən az bir təlimə mütləq gedin.

Bu gün Azərbaycanda nitq və danışıq bacarığı mövzusunda kifayət qədər güclü peşəkarlar var və onların ciddi təcrübə və biliklərindən istifadə etmək vacibdir. Nitqi öyrənmək gələcək peşəkar karyeranız üçün bir yatırımdır. Özünüzə yatırım edin.

Nitq və danışıq bacarığı bir insanın peşəkar həyatında ən mühüm məqamlardan biridir.

Unutmayın: nə qədər bilikli və təcrübəli olsanız da, insanlar sizin dəyərləndirmənizi ANCAQ danışdıqlarınız və təqdim etdiklərinizə görə edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR