Slimfit
  1. KİTABLAR

Nikola Teslanın gündəliyi: yeni şirkət

Nikola Teslanın gündəliyi: yeni şirkət
Sakura

Nikola Teslanın gündəliyi: yeni şirkət

Serblərin kinli olduğu iddia edilir. Bizim son dünya müharibəsinin başlanmasına səbəb olmağımızla bağlı danışılmayan nağıl qalıbmı? (Daha sonra əlyazmasından aydın olacağı kimi, Tesla bu hissələri 1941-ci ilin payızında yazmışdı). Bu müharibənin Polşadan başladığını söyləmək, rusların almanlara hücum etdiyini söyləməyə bərabərdir. Serblərin bir çoxu kimi mən də qətiyyən kinli deyiləm, lakin şirkətim üçün Edisonun şirkətinin yaxınlığında, Beşinci Küçədə (35 nömrəli ev nəzərdə tutulur) ofis kirayələdim. Bununla da ona, heç nəyə baxmayaraq sağ- salamat və yaxşı olduğumu, öz şirkətimi yaratdığımı və onunla rəqabətə hazır olduğumu göstərərək meydan oxumaq qərarına gəlmişdim. Mən alternativ enerji mühərriklərinin və generatorlarının sabit cərəyan mühərriklərinin yerini tutacağına əmindim, tezliklə də haqlı olduğum üzə çıxdı.

Xoşbəxtliklə bədbəxtlik həmişə bir-birini izləyir. “Tesla Arc Light” işıqlandırma şirkətinin təsis olunmasından bir müddət sonra Antal Siqeti Nyu-Yorka gəlib çıxdı. Ona baxarkən sanki keçmişə, Budapeştə, müstəqil mühəndis kimi ilk addımlarımı atdığım vaxtlara qayıtmışdım. Antalı özümə köməkçi təyin etdim. Onun nurlu, şən təbiəti mənim həyatımı işığa bürümüşdü. Edison və keçmiş ortaqlarım tərəfindən necə aldadıldığımı danışdığım zaman üzümə baxıb: ”Unut, keçmiş əhəmiyyətini itirib” – dedi. Mən də belə hesab edirdim, artıq  keçmişə deyil, gələcəyə baxmaq vaxtıydı.

Məni, qarşıda çox parlaq planlar gözləyirdi. Həyatdan öz dərsimi götürmüşdüm, bu dəfə  addımlarımı, heç kimin məni öz şirkətimdən qova bilməyəcəyi şəkildə, ehtiyatla atırdım.  Amerkansayağı iş üsuluna yiyələnmişdim. Burda deyirlər: “Əgər sizin başınız ağrıyırsa, əvvəl vəkilə müraciət edin, sonra həkimə.” Mənim hüquqlarımı “Dünkan, Kertis və Peydj” hüquq firması qoruyacaqdı. Bu cəsarətlə silahlanmış səlahiyyətli vəkillər ilk növbədə müəlliflik hüquqlarının təmin olunmasını həyata keçirməklə digər hüquqi məsələlərlə də məşğul olacaqdılar. Onların xidmətindən istifadə etmək elə də ucuz başa gəlmirdi, lakin, indi ortaqlarımdan və tərəfdaşlarımdan gələcək hər hansı təhlükədən qorxmadan yuxuya gedə bilərdim. İkifazlı alternativ enerji mühərriklərinin istehsalına başlamazdan əvvəl müəlliflik hüququnu rəsmiləşdirdim, sonra isə nə Edison, nə də başqa heç kim ideyamı qeydiyyatdan keçməmişdən əvvəl oğurlaya bilməsin deyə onunla tərəfdaşlıq edən “Parkar Peydj” şirkətinə ərizəylə müraciət edib bütün əməliyyatları rəsmiləşdirdim (Söhbət Nikola Teslanın 1888- ci il mayın birində aldığı 381968 və   382280 saylı iki böyük müəlliflik hüququndan gedir). Bütün bunlar öz adamlarım tərəfindən müəllif hüquqları bürosunda həyata keçirildi.  Məncə, orada kiminsə şəxsi maraqlarını müdafiə etməyən bircə işçi tapa bilməzdin. Parkerin izah etdiyi kimi, ideyaların oğurlanması çox maneəsiz  və arxayınlıqla həyata keçirilirdi. Böyük gəlir gətirəcəyi gözlənilən ixtiralar, hansısa kiçik dəyişikliklər aparılmaqla böyük sürətlə yayılırdı. Sırf bu məqsədlə müəllif hüquqları bürosinda üzçıxardan mühəndislərdən ibarət qeyri-rəsmi “yereşənlər” dəstəsi saxlanılırdı. Surəti çıxarılan ixtira, əslindən əvvəl qeydiyyatdan keçirilirdi. Parker, rəqəmlərin dəyişdirilməsiylə bağlı bəzi kələklər haqda ətraflı danışmışdı, lakin mən detallar barədə heç nə eşitmək istəməmiş, əvəzindəsə möhkəm qəzəblənmişdim – Hansı cəsarətlə?! Özünüzü oğurluqdan büroda “sənədlərinizi yoxlayacaq” şəxsi ələ almaqla  sığortalaya bilərdiniz. Parker utanıb – çəkinmədən hər şeyi açıb tökürdü: “O, (bürodakı əməkdaş) ya ideyanın ələ keçməməsi üçün səndən yaxşı pul alır, ya da üzünü çıxarıb bu ideya üçün yaxşı pul ödəyə biləcək ikinci şəxsə satır”. Avropada müəllif hüquqlarıyla məşğul olan idarələr fərqli iş prinsiplərinə malikdir. Pakerdən ideyamın Avropada qeydiyyatdan keçməsiylə kimin məşğul olacağını soruşanda: “Poçla göndərməyimiz kifayətdir”- deyə cavab vermişdi.

Diqqətli olmaq lazımdır! Diqqətli olmaq və cəld hərəkət etmək. Hamını qabaqlamaq və aldadılmamaq üçün hər iki cəhətə eyni anda fikir vermək – bu əsas amerikan qaydasıdır. Bundan sonra mən, heç kimin sözünə inanmayaraq əvvəlcə müqavilə bağlayır, sonrasa işə başlayırdım. Bu, vərdiş etdiyim davranışlara xas əlamət deyil, lakin kim mənim kimi  aldadılsa, çirkli gecələmə evlərinin döşəməsində yatmağa məhkum edilsəydi, məsələyə istər-istəməz belə yanaşmalı olacaqdı. Tədricən, özündə çətin keçmişin izlərini daşıyan ifrat şübhələrdən xilas olsam da, ehtiyatı ömrüm boyu əldən buraxmadım.

Uzaqdan baxanda hər şey olduğundan yaxşı görünür. Amerikada olanda heç nəyə (birinci dəfə məhz Parisdə aldadıldığıma) baxmayaraq, Avropada vəziyyətin daha yaxşı olduğunu, insanların bir-biriylə burdakından daha comərd davrandığını düşünməyə başlamışdım.  Bunun səbəblərini götür-qoy etdikcə, ənənənin mühüm amil olduğu qənaətinə gəlirdim. Avropa köhnə dünyadır, orada qanunlarla yanaşı, ənənələr də əsrlərdir nəsildən-nəslə ötürülür. Bu ənənələr hər şeydən əvvəl, insanları qeyri-məqbul davranışlara yol verməkdən qoruyur. Amerika gəncdir, onun ənənələri formalaşmayıb. Qorxuram, heç zaman da formalaşmayacaq, necə gəlibsə, elə də gedəcək. Vicdanın və dürüstlüyün olmamasını əskiklik deyil, üstünlük hesab edən ölkədə hansı ənənələrin formalaşmasından söhbət gedə bilər?

Alfred Braun və onun vəkili Çarlz Pekin yaxşı tərəfdaş olduğu aşkara çıxdı. Mən ixtirayla məşğul olduğum müddətdə ( ixtiralarımla, əməkdaşlarımın ixtiramın nümunələrini sınaqdan çıxarmağa vaxtı olmayan zamanlarda məşğul olurdum), onlar yerdə qalan bütün işləri həll etməyə çalışırdılar. Alfredin məni mühəndislər arasında tərifləməsi nüfuzumun artmasına yol açmışdı. Onun sayəsində Amerika Elektrik Mühəndisləri İnstitutunun prezidenti Thomas Martinin marağını cəlb etməyə nail olmuşdum. 1988- ci ilin mayında onun dəvətiylə inistutda alternativ enerji generatorları haqqında oxuduğum mühazirə mənə dünya şöhrəti qazandırdı. Martinin konfrans təşkil edilməsi təklifi mənim inanılmaz uğurum sayıla bilərdi. Tanış adamlarla  söhbətlər zamanı ixtira haqqında danışmaq, bu  barədə nüfuzlu institutun kürsüsündən çıxış etməkdən yerlə- göy qədər fərqlənirdi.  

Pek, işimizə yarayacaq adamları axtarıb tapır, maliyyə dairələrində nüfuzumu yüksəltməyə çalışırdı. Böyükmiqyaslı işlər ( kiçik miqyaslı işlərlə isə, nə mən, nə də ortaqlarım razılaşmırdılar) bizim sahib olmadığımız qədər, böyük pullar tələb edirdi. Məni Corc Vestinqauzomla da məhz Pek tanış etmişdi, lakin şübhəsiz, Alfred Braun da öz həmrəylik köməyini əsirgəməmişdi, çünki Vestinqauz mənimlə əməkdaşlığa, məhz mühazirəmi dinlədikdən sonra razılıq vermişdi.

Vestinqauz mənim xoşuma gəldi. O, əsl “özünü yaratmış adam”dı. Uşaqlıqdan texnalogiyayla maraqlananan sadə dəmirçinin oğlu, on beş yaşından başlayaraq ixtiralar etməyə başlamışdı. Amerikanı dəmir yollar, dəmir yollarını isə Vestinqauzun hava əyləcləri (1872-ci ilin martında Corc Westinqouz  tərəfindən patentləşdirilən etibarlı əyləci təmin edən ilk avtomatik hava əyləc sistemi   dəmir yolu nəqliyyatı üçün böyük əhəmiyyət daşıyırdı) olmadan təsəvvür etmək olarmı?  Mən, bir ixtiraçı olaraq, Vestenqauzun əyləcinin zərif dizaynını və etibarlılığını yüksək qiymətləndirirəm. Əyləc qatarın istənilən nasazlığı zamanı dərhal işə düşür. Sadə və möhtəşəmdir!

Edisonla başıma gələnlər məndə heç nəyi dəyişməmişdi. Bir insanın ixtiraçı olmağını bilməyim, dərhal onun təsir dairəsinə düşməyimə kifayət edirdi. Vestinqauzla daha çox yaxınlaşmağımız, onun mənim alternativ enerji mühərriklərimə elmi cəhətdən inamını gücləndirdi. Vestinqauz, ixtiralarını eyniylə mənim kimi, ilk növbədə sınaqlara deyil, elmi göstəricilərə əsaslanaraq həyata keçirirdi. Fizika və riyaziyyatı çox yaxşı bilirdi. Onunla işlərim barədə eyni səviyyəli  insanlar kimi danışa bilirdik. 1886- cı ildə Qreyd- Barinqtonda (Massaçusets ştatı) Vestinqauzun mənim çoxdan eşidib yaxından görməyi arzuladığım alternativ cərəyanlı hidroelektrik stansiyası işə düşdü. Qreyd-Barrinqtonun alternativ enerjilə işıqlandırılması, Edisonun şirkətinin tənəzzülə yuvarlanmasının başlanğıcını qoydu.

Neçə illər çarəsizcə hamını alternativ enerji mühərriklərinin və generatorlarının gələcək səmərələliyinə inandırmağa çalışdıqdan sonra birdəncə tanış olduğum eyni fikirli insan, ixtiraçı və istehsalatçı nəinki mənim ixtirama pul ayırmağı, həmçinin bu iş üçün lazım gələn bütün vəsaitlə təmin etməyi boynuna götürürdü. Uğur qazanmaq necə olur?! Mən bu qədərini arzulamağa belə ağlıma gətirməmişdim. Həyatın dibində keçən qısa müddət ərzində böyük şeylərə ümid etməyi tamam yadlrğamışdım.

Vestinqauzun mənim alternativ enerji mühərriklərimin müəlliflik hüququnu almaq istədiyi zaman, ondan əlavə olaraq şirkətin satacağı mühərriklərin hər at gücü üçün 2, 5 dollar əlavə qazanc tələb etməyim barədə artıq yazmışam. Bir dəfə necə olmuşdusa bu barədə düşünmüşdüm və əlimə düşən imkandan istifadə edib, həyata keçirmək qərarına gəlmişdim. Vestinqauz, gözlədiyimin əksinə olaraq heç bir qiymət müzakirəsinə getmədən, düşünmədən razılaşdı.

İrəli sürdüyüm tələb barədə eşidən Freddiylə Çarli (biz hələ də qeyri-formal şəkildə birlikdəydik) onlarla zarafat etdiyimi düşündülər. Çarli, dərhal məni texniki detallar barədə sorğu-suala tutmağa (müəyyən bir mühərriyin təxminən neçə ad gücündə olduğunu) və bir ildə nə qədər qazanacağımı hesablamağa başladı. Eyni zamanda son illərdə Vestinqauzun işlərinin böyük yüksəlişə nail olduğunu və gəlirlərinin dörd dəfəyədək artığını irəli sürdü. Freddi isə, Vestinqauzun, mənim tələbimlə tələsik razılaşsa da, iş müqaviləyə gələndə geri çəkiləcəyini düşünürdü. Lakin o, fikrini dəyişmədi. Dəqiq desək, fikrini sonra deyil, daha sonra dəyişdi.

Müqavilə imzalandı, mən Pitsburqa, artıq gəlişimi gözləyən yeni laboratoriyama yollandım.

 

Tərcümə: Hədiyyə Şəfaqət

Əvvəlki hissə: Nikola Teslanın gündəliyi: ehtiyac içində

Növbəti hissə: Nikola Teslanın gündəliyi: Pitsburq

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR