Slimfit
  1. KİTABLAR

Nikola Teslanın gündəliyi: Robert Leyn və Solomon Vayl

Nikola Teslanın gündəliyi: Robert Leyn və Solomon Vayl
Sakura

Nikola Teslanın gündəliyi: Robert Leyn və Solomon Vayl

Casusluq Birləşmiş Ştatların hər yerinə yayılıb. Burda hamı bir-birindən xəbərçilik edir. Edisonun, şübhəsiz öz xəbərçiləri vardı. Üstəlik bəziləri həm də onun rəqibləri, jurnalistləri, ixtiralara pul sərf etmək istəyən insanlar üçün işləyirdilər. İxtiralar çox yaxşı pul gətirirdi. Bunu birja oyunlarında qazanılan gəlirlə müqayisə etmək olar, lakin onlar ixtira oyunlarından daha etibarlıdır. Vaxtaşırı özünü “maliyyəçi” adlandıran insanlarla tanış olurdum.  Əslində, məsələ başqaydı. Bir az pul ələ keçirən bu adamlar sadəcə hansısa ixtiraçıyla razılaşıb onunla ortaq şirkətlər yaratmağa çalışırdılar. Kiçik iş adamlarının Edison kimi köpək balıqlarıyla ortaq iş qurmasından söhbət gedə bilməzdi. Edison yüz minlərlə pulu əlində oynadır və onlardan gələn gəlirin böyük hissəsinə sahib çıxırdı. Beləliklə, kiçik işgüzarlar daha kiçik adamların axtarışındaydılar.  

Tanış olduğum onlarla “maliyyəçidən” yalnız biri mənim rəğbərimi qazana bilmişdi. Onu Robert Leyn adlandırırdılar. İlk görüşdəcə onun canlı, ağıllı baxışlarını hiss etdim. Tanışlıq zamanı ilk növbədə insanın gözlərinə baxıram. Həmçinin, Leynin davranışları da xoşuma gəldi. Həyatımın az qala əlli ilini Amerikada yaşamağıma baxmayaraq, hələ də bu adamların harda gəldi  adamın çiyninə toxunmaqlarına, tüpürmələrinə, ayaqlarını qaldırıb masanın üstünə qoymaqlarına, dişlərini təmizləməklərinə, dırnaqlarını çeynəməklərinə alışa bilməmişəm. Leyn isə amerkan standartlarına görə  əsl əsilzadə, Avropa standartlarına görəsə yaxşı tərbiyə görmüş adam təsiri bağışlayırdı.

Edisondan ayrılan kimi Leynin yanına gedib onunla əməkdaşlıq edə biləcəyimi söylədim. Həmin vaxtlar artıq yavaş-yavaş məhşurlaşmağa başlamışdım, buna görə də Leyn məni dərhal ortağı Solomon Vaylla tanış etdi. Leyn bir az elektrotexnikayla maraqlanırdı, Vaylın  isə maliyyə dairələrində yaxşı iş qurmağa böyük məbləğdə pul qoya biləcək etibarlı adamları vardı. Onların mənə yüksək hörmətlə yanaşması dərhal gizli planlarımı üzə çıxarmağıma, ilkin növbədə isə  alternativ cərəyanla işləyəcək mühərriklər barədə məlumat verməyimə səbəb oldu. Onları, bu işə qoyulan hər dolların əlli dollar qazanc gətirəcəyinə inandırmağa çalışırdım, hesablamalarım təxmini olsa da əsassız deyildi. Mən ehtiyatlı insanam. Maliyyə hesablamaları zaman xərclərimi gözləniləndən artıq, gəlirlərinisə az göstərilməsinə üstünlük verirəm. “Biz, əməlli-başlı monopoliya quracağıq” – həyəcanlanmışdım. - “ Elektrotexnikada inqilab edəcəyik! Pul  çay kimi axıb gələcək”. Yeni ortaqlarım mənə inanmadılar. Onlar Edisona pərəstiş edirdilər. O isə alternativ cərəyan barədə eşirmək belə istəmirdi.  Lənətə gəlmiş stereotiplər, həmişə tərəqqinin qarşısını kəsir!

Mənə, alternativ cərəyan mühərrikləri üçün heç kimin pul verməyəcəyi deyildi, lakin küçə lampalarının təkmilləşdirilməsi üçün çətinlik çəkmədən pul əldə etmək mümkündü. «Başa düşməyə çalışın, hələlik sizi heç kim tanımır,- Leyn bildirdi.- Heç kim sizə pul verməyəcək. Yalnız  səmərəli olacağı gözlənilən layihələrə pul ayrılır”. «O haqlıdır! – heç olmasa həqiqətə xəyanət etmirəm. – Lampalardan başlayaq. Mən küçə lampalarıyla ad qazanmaqdan başlayaram, sonra alternativ cərəyan mühərrikləri barədə fikirləşmək olar.”

Beləliklə “Tesla Elektrik İşıq və İstehsalat Şirkəti” (Tesla Electric Light and Manufacturing Company) yaranmış oldu. Müstəqillik əldə etdim (o zaman belə düşünürdüm), öz işimin sahibi oldum.  Tezliklə yaratdığım kürəşəkilli səssiz lampalar küçələri işıqlandırmağa başladı (O zaman istifadə edilən küçə lampaları yanan zaman fit və ya fısıltı kimi xoşagəlməz səs çıxarırdı). Sevinirdim, xoşbəxt idim. Yaxşı şəraitdə yaşamağa başlamış, kiçik bir evə sahib olmuşdum, öz işimlə məşğuldum və heç kimdən asılı deyildim. “Nəhayət, işlərim zirvəyə doğru irəliləyir, -anama yazdığım məktubumda qeyd edirdim.- Nəhayət hər şey yoluna düşür.”

Uğurlarım Edisonun qulağına çatmışdı. Bəzən küçədə və ya parkda onun əməkdaşlarından kiminləsə rastlaşıb bir neçə kəlmə söhbət etməli olurduq. Edisonun burnunu salladığını hiss edirdim.

İlk baxışda Leynlə Vayl dürüst, ləyaqətli, etibarlı, bir sözlə hamının arzu edə biləcəyi ortaqlara bənzəyirdilər. Daha dəqiq desək, Leyn, çünki Vaylla demək olar görüşmürdük. Leyn işin gedişatıyla müntəzəm maraqlanırdı, mən onu məlumatlandırır və yerdə qalan işimizin necə getdiyini  öyrənirdim. Mən, eyni zamanda bir neçə istiqamətdə işləyir, lampalarla, alternativ cərəyan və  elektrik enerjisinin uzaq məsafədən ötürülməsiylə məşğul olurdum. Bütün narahatlıqlardan azad olduğumdan, bütün səyilərimi işimə yönəltmişdim. Ümumiyyətlə, mənim iş üslubum belədir, başqa cür ola bilmirəm. Lakin məni ümumiyyətlə heç nə narahat etmirsə, daha səmərəli işləyirəm. İşin başlanğıcından ixtiralarımın uzunömürlü olmasını və fasiləsiz işləməsini qarşıma məqsəd qoyuram. Hələ Edisonun yanında olarkən lampalarla məşğul olmuşdum, onları həqiqi etibarlı vəziyyətə gətirmək üçün nə tələb olunduğu barədə kifayət qədər təsəvvürüm vardı. Leynin məni tələsdirməməsindən çox razıydım. Hər bir incəliyə tələb edildiyi qədər vaxt ayıra bilirdim. Tələsmir, lakin işlərimi də bir-birinə qatıb qarışdırmırdım.

Leynlə bağlı yaxşı təsəvvürlərim onun “başqalarının müəlliflik haqlarını qurdalamağıyla” korlanmağa başladı. Sən demə onun patent idarəsində öz adamı varmış. Mən qəzəblə imtina etdim, ixtiralar barədə patent sənədlərini deyil, jurnallardakı məqalələri oxumağa üstünlük verdiyimi söylədim. Bu məsələdə diqqətli olub, baş verənlərin Leynin prinsipsizliyiylə deyil, Amerika iş tərziylə bağlı olduğunu qeyd etməliyəm. Ah, mən necə də yanılmışdım! “Burda hamı belə edir” cümləsiylə istənilən həyasızlığa haqq qazandırmaq mümkünmüş! Xeyr, icazənizlə razılaşmayım, fikrimcə, ləyaqətli insan istənilən çirkabın  içində belə öz təmizliyini qoruyub saxlaya bilər. 

1886-cı ilin fevralında lampalar üzərində bir illik işimizi başa çatdırdıq. Veyl, bir neçə nümunə əsasında müqavilələr bağladı, biz isə Leynlə istehsalın təşkilinə başladıq. Amerikansayağı işə yanaşma tərzi mənə güclü zərbə vurdu. Mən növbəti işlərin bir neçə lampa nümunəsini istehsal edilib anbarlara yerləşdirilməsindən və müştərilərə təqdim edilməsindən ibarət olduğunu təsəvvür edirdim. Sən demə, yanılmışammış. Amerikada havadan satış həyata keçirmək, olmayan şeyləri alıb-satmaq mümkündür. “Vaxt itirmək olmaz, vaxt-puldur”- Leyn mənə izah edirdi. Müqavilələrə gəldikdə, kifayət qədər lampa hazırlanması üçün vaxtımız olacaq”. Belə də oldu. Mənim lampalarım özünü təsdiqlədə bildi. Biz bütün Nyu-Cersi ştatını fəth etməyi planlaşdırırdıq. Mən ortaqlarıma, artıq alternaviv cərəyan mühərriklərinin üzərində işimə başlamaq istədiyimi bildirdim. Artıq heç bir kreditə ehtiyac qalmamışdı, lampalardan gələn gəlir bütün xərclərin tamamilə ödənməsinə imkan verirdi.

Leynlə Veyl yenidən etiraz etməyə başladılar. Onların fikrincə mənim ideyamın gələcəyi yoxdu. Onları razı sala bilməyəcəyimə əmin olanda, şirkətdən özümə düşən payı- ümumi hissələrin üçdə birini götürüb getmək istədiyimi bildirdim. Hüquqi sövdələşmələrdən qətiyyən başı çıxmayan və başqalarına inanan insan olaraq, ortaqlığa başlayan zaman bağlanmış müqavilələrin heç birini oxumamışdım. Üstəlik sənədlərin bir çoxu mənim üçün ən azı yapon və ya ərəb dili qədər anlaşılmaz olan hüquqi dillə yazılmışdı. Şirkətə kiminsə qəbul edilməsi və ya xaric edilməsiylə bağlı ancaq təsisçilərin iclaslarında qərar verilə bilməsiylə bağlı müddəa, əlimdə bir dəstə heç nəyə yaramayan sənədlərlə şirkətdən çıxarıldığım ana kimi məndə heç bir şübhə oyatmamışdı. Qanuni nöqteyi-nəzərdən hər şey tam hüquqiydi. Təsisçilər arasında yaranan fikir ayrılığı səbəbindən onlardan ikisinin razılığıyla üçüncüsü səhmlərdən özünə düşən payı götürüb gedə bilərdi. Lakin bu dəyərsiz səhmlər divara yapışdırmaqdan başqa heç nəyə yaramırdı. Şəriklərim, məndən yaxa qurtarmaq üçün əllərinə nə zaman bəhanə verəcəyimi gözləyirmişlər. Veylin təşəbbüsüylə yeni lampaların istehsalı və quraşdırılması üçün yeni şirkət yaradılmışdı. Leynlə Veyl mənə bu addımın daha məqsədəuyğun olduğunu izah edəndə doğru etdiklərini düşünüb razılaşmışdım. Şəriklərim burunlarını mənim ixtiralarıma soxmurdular, əvəzində mən də onların işinə qarışmır və hər şeyin qayda-qanunla həll edildiyinə inanırdım. Beləliklə yeni şirkət köhnənin bir çox hüquqlarına sahib çıxmışdı, işlərin kifayət qədər dolaşıq həll edilməsi mənim fırıldaqçı ortaqlarımın hər şeyi ələ keçirməsiylə nəticələnmişdi. Heç bir dəyəri olmayan səhmlər isə mənə çatırdı.

Mən yenidən qəpiksiz qaldım. Heç bir qənaətdən və pul yığmaqdan söhbət gedə bilməzdi. Çünki bütün gəlirlərimdən imtina edərək qazandıqlarımın hamısını şirkətin inkişafına sərf etmişdim. Bu vəziyyətdə evin kirayəsini belə ödəyə bilməzdim. Küçədə qaldım. Dilənçi kökünə düşmüş evsiz-eşiksiz Tesla, yad ölkədə tamamilə tək qalmışdı.

Məni bundan artıq aldatmaq olmazdı. “Nəticədə, - kədərlə düşünürdüm,- həqiqətənmi heç kimə inanmamalıyam? Nə etməliyəm? Yeni fırıldaqçılarla başqa bir şirkətmi yaratmalıyam?” Dərin ruh düşkünlüyü və ümidsizlik içindəydim, intihar edəcək həddə çatmışdım. Təkcə, hələ o zamanlar həyatda olan anamı fikirləşməyim, məni özümü öldürmək fikrindən daşındırırdı. Lakin yaşadığımız dünya, yalanlar, alçaqlıqlar barədə qara düşüncələrlə bağlı  yaranan peşmanlıq  məni həyatım boyu tərk etmədi. Nə edəcəyimi bilmirdim. Növbəti  «maliyyəçi» axtarmaq fikrində deyildim, onsuz da həmin vaxt kimisə axtarıb tapa da bilməzdim. Yeganə çıxış yolu kimi iş tapmağı düşünürdüm, axtarışa başladım. Elə bilirdim,  adım-sanım əziyyət çəkmədən özümə layiq bir iş tapmağıma səbəb olacaq. Çox şey arzusunda deyildim. Mən həmişə sadə, təvazökar həyat tərzi keçirmişəm, özümü zahid kimi rahat hiss etmişəm.

Lakin, sən demə 1886-cı ilin payızına kimi mən əsl zahidliyin nə olduğunu bilmirəmmiş.

Qeyd: Bununla, Nikola Teslanınn qeydlərinin arası kəsilir. 1937-ci ilin oktyabrında baş vermiş hadisədən - Teslanın küçəni keçərkən avtomobil vurmasından sonra uzun çəkən xəstəliyi müəyyən fasilə yaranmasına səbəb olub. Güclü leysan zamanı külək küçəni keçən Teslanın çətirini qırmış, bütün diqqətini çətirə yönəldən Tesla tindən çıxan taksini görməmişdi. Axşam toranında güclü yağışın altında qarşısına çıxan qara geyimli adam taksi sürücüsünün gözündən yayınmışdı. Zərbə onu bir neçə metr irəliyə atmışdı. Tesla su gölməçəsinə düşüb huşunu itirmişdi. Özünə gəldikdən sonra isə xəstəxanaya getməyi qətiyyətlə rədd edərək sürücüdən onu mehmanxanaya çatdırmasını tələb etmişdi. Nəticədə üç qabırğa sınığı və ağırlaşmış iltihablaşmayla xəstəxanaya yerləşdirilən Tesla uzun – altı ay boyunca sağalması üçün mübarizə aparmalı olmuşdu.

Tesla iş başına bir də 1938-ci ilin aprelində qayıda bilmiş,  xatirələrinin davamını yazmağa isə bundan xeyli gec, 1941-ci ildə başlamışdı.

 

Tərcümə: Hədiyyə Şəfaqət

Əvvəlki hissə: Nikola Teslanın gündəliyi: Nyu-York, Edisonun şirkəti

Növbəti hissə: Nikola Teslanın gündəliyi: Robert Leyn və Solomon Vayl

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR