Slimfit
  1. KİTABLAR

Nikola Teslanın gündəliyi: Mərkəzi Parkda açılan atəş

Nikola Teslanın gündəliyi: Mərkəzi Parkda açılan atəş
Sakura

Nikola Teslanın gündəliyi: Mərkəzi Parkda (Amerikanın Münhetten adasında yerləşən ən böyük parklarından…

1890-cı ilə kimi Birləşmiş Ştatlarda yüzdən artıq Edison sabit cərəyanlı elektrik stansiyası fəaliyyət göstərirdi. Dəqiq rəqəm deyə bilməyəcəyəm. Hər bir elektrik stansiyası hətta özünə məxsus olmasa belə, müəlliflik hüququna görə Edisona yaxşı gəlir gətirirdi. Edisonun özünü ümumiyyətlə sevməsəm də, onun əzmkarlığı və işgüzarlığını yüksək qiymətləndirmək lazımdır. 1890-cı ildə yüzdən artıq elektrik stansiyası! Axı Edison onların birincisini çox az müddət əvvəl, 1882-ci ildə qurmuşdu. Bildiyimə görə 1890-cı ildə bütün Amerikanı Alyaskadan tutmuş Floridaya kimi elektriklə təmin etməyi qarşısına məqsəd qoymuşdu. İnanın, o, bunları mənim və Vestinqauzun iştirakı olmadan da edə bilərdi.

Mən Edisonun savadsızlığı və müəyyən məhdudiyyətlər ucbatından alternativ enerjinin üstünlüklərini başa düşmədiyinə əmindim. Vestinqauz başqa cür düşünürdü. “O hər şeyi başa düşür, - deyirdi,- sadəcə gəlirinin azalacağından ehtiyatlanır. Sabit enerjili mühərriklər alternativ enerji mühərriklərindən daha çox gəlir gətirir”. Bu haqda məlumatı olmayan oxucular üçün alternativ cərəyanı sabit cərəyandan fərqləndirən iki üstünlüyü qeyd edəcəyəm: elektrik enerjisinin minimal itkilərlə uzun məsafələrə ötürülmə qabiliyyəti, eləcə də maşınların - generatorların və motorların sadəliyi və etibarlılığı. Alternativ enerji stansiyaları sabit enerji stansiyalarından daha çox tikilməlidir, çünki sabit cərəyanı daha uzaq məsafələrə ötürmək mümkün deyil. Edison hər bir elektrik stansiyasından pay götürürdü. Avadanlıqlar tez-tez təmir edilməli olurdu, bunu isə yenə də Edisonun şirkəti həyata keçirirdi - bu da sizə ikinci qazanc yeri. Lakin Edison elmi dairələrdə deyil, iş dünyasında daha böyük nüfuz qazanmağın tərəfdarıydı. Axmaq nüfuza malik istənilən şəxs onu yüksək qiymətləndirə bilərdi. Edison da istisna deyildi. Sabit cərəyanlı müəhərriklərin istehsalı və təmiriylə məşğul olur, istifadəçilərin onunla hesablaşmalarına nail olurdu. Sabit cərəyanın iflası Edisonun nüfuzunu zədələyə bilərdi. Belə də oldu. ХХ əsrdə Edisonun işləri XIX əsrdə olanla müqayisədə xeyli zəifləmişdi (Əslində Birləşmiş Ştatlarda sabit cərəyandan istifadə tamamilə dayandırılmayıb. Günü bu gün də min beş yüzə yaxın müstəqil istehlakçı bu enerjidən iustifadə edir).

Edison mübarizəni uduzacağını başa düşəndə alternativ cərəyanı həyat üçün təhlükəli olmaqda ittiham etməyə başladı. Vestinqauzla mən bunun belə olduğunu boynumuza alırdıq, çünki o  ürəyə sabit cərəyandan daha tez təsir göstərmək gücünə malikdir. Lakin, axı cəmiyyət mövcud  təhlükələrə deyil, qoruyucu vasitələrin etibarlılığına daha çox üstünlük verir. Biz adamlara alternativ cərəyanın sabit cərəyanla müqayisədə uzaq məsafələrə daha az itkiylə çatdırılması üstünlüyünü izah etməyə çalışırdıq. Bu üstünlük bütün çatışmazlıqları kölgədə qoyurdu. Edisonun sabit cərəyanı “təhlükəsiz” kimi təqdim etməsinin yanlış olduğunu irəli sürdük. Sabit cərəyanın da öz-özlüyündə təhlükəli cəhətləri var, hətta bəzi xüsusiyyətlərinə görə alternativ cərəyandan daha təhlükəlidir. Biz Vestinqauzla özümüzə tamamilə əmindik, çünki təhlükəsizlik məsələsi istisna olunmaqla, Edisonu susduracaq bütün əsasları əlimizdə cəmləmişdik.

Edison əlindəki yeganə əsasdan hərtərəfli istifadə etdi. Bunu nümayiş etdirərkən camaatın gözü qabağında nə qədər heyvanın canına qıydığını deyə bilmərəm (Edison alternativ energinin təhlükəsinin ictimaiyyətə çatdırılması məqsədilə müxtəlif heyvanların (əsasən it və pişiklərin)  ölümünü açıq nümayiş etdirmişdi. Bundan başqa, Edisonun mühəndislərindən Harold Braun və Fred Peterson ölüm cəzası kimi elektrik enerjisindən istifadənin səmərəliliyini öyrənmək üçün heyvanların alternativ elektrik enerjisinin köməyiylə öldürülməsi üzrə bir sıra sınaqlar həyata keçirmişdilər. XIX əsrin 80-ci illərinə kimi Amerikada ölüm hökmünün icrası kimi dar ağacından asılmaqdan istifadə edilirdi, elektrik stulu ideyası isə edamların daha əzabsız şəkildə həyata keçirilməsi məqsədiylə ortaya atılmışdı). Edison Vestinqauzun əksinə, “Elektrik stulunda edam haqqında qanun”un tərəfdarıydı (Nyu-York ştatında “Elektrik stulunda ölüm hökmü” haqqında qanun 1889-cu il yanvarın birindən qüvvəyə minmişdi). Vestinqauz alternativ cərəyanın ölüm cəzasının tətbiqində istifadəsinin yaradacağı mənfi təsirləri yaxşı başa düşürdü. Axı hamıya edam zamanı bu cərayanın adi həyatda tətbiq olunandan fərqli xüsusiyyətindən istifadə edildiyini izah etmək mümkün deyildi? Adamların alternativ cərəyanın öldürə biləcəyini eşitməsi ona qarşı çıxmaları üçün kifayət edəcəkdi. Təfərrüatlarla heç kim maraqlanmayacaqdı. Bu heç mümkün də deyildi.

Vestinqauz həbsxanaları  alternativ cərəyan generatorlarıyla təmin etməkdən boyun qaçırdı. Elektrik kafedrasının təşkiliylə məşğul olan mühəndis Harold Braun, Oregon həbsxanasında ilk tapşırığını icra etməklə Edisonun irəli sürülən tövsiyələri əsasında iki generator yaratdı. Braun ilk işinə Vestinqauzun şirkətində başlamışdı, lakin çox tezliklə cəsusluq etdiyi üzə çıxmış, işdən xaric edilmişdi. Bir müddət müstəqil fəaliyyət göstərdikdən sonra Edison onu yanına dəvət etmiş və laboratoriya vermişdi. Qovulmuş cəsusu onun sahibindən başqa kim öz qanadı altına ala bilərdi?  Braun Edisonun göstərişiylə alternativ cərəyanın edam stulunda istifadəsi üçün sınaqlara başladı. Edisonun bu işdə əli olduğu danılmazdır. Bu ona alternativ cərəyan vasitəsiylə həyata keçirilən ilk edam cəzasından sonra hamıya bu cərəyanın nə dərəcədə ölümcül olduğunu car çəkməkdə  kömək edəcəkdi (Elektrik stulunda ilk ölüm hökmü sevgilisini qətlə yetirmiş Uliyam Kemmler üzərində tətbiq edilib. Bu hadisə 1890- cı il, avqust ayının altısında Obern həbsxanasında həyata keçirilib( Nyu- York ştatı). Vestinqauz elektrik stulunda  edamın amansız və qeyri-adi bir cəza olaraq qəbul edildiyini irəli sürərək, Kemmler üçün vəkil tutmuş, lakin appelyasiya məhkəməsi vəkillərin iştirakına icazə verməkdən imtina etmişdi). Həmçinin o, uca səslə bu işdə Vestinqauzun alternativ cərəyan mühərriklərindən istifadə olunduğunu və elektrik stulunun “Teslanın iştirakı olmadan hazırlanmadığını” qışqırmağa başlayacaqdı. Burda mənim iştirakım dolayı, daha doğrusu qondarma şəkildəydi.  Harold Braun elektrik stulunun yaradılması işində mənim üç ixtiramdan istifadə etmişdi. Məni bu işdə günahlandırmaq, ilk kəndir hörən insanı bütün dara çəkilmə hadisələrində günahlandırmağa bənzəyir. Bu qaranlıq işin əsas hissəsi Edisonun boynuna düşürdü. Brauna pul ödəyən, onu sınaqların həyata keçiriləcəyi laboratoriyayla təmin edən, jurnalistləri satın alan məhz Edisondu. Lakin o, ağ kostyumla qatran çəlləyinə yıxılıb ordan təmiz  çıxa bilən adamlardandı.  Qaranlıqdan qaranlıq törədiyi elə də qaranlıq məsələ deyil.

Atam: “Adamlar ucadan qışqıranlara inanırlar”- deyərdi. Vestinqauz ölüm cəzası üçün alternativ enerjidən  istifadə edilməsinə qarşı olduğu  iddiasıyla həbsxanalara generator satmaqdan imtina etdiyini elan etdi. Həmçinin, mühərriklərin və xətlərin çəkilməsində təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini, Edisona isə səs-küy yaratdığı üçün ondan daha çox inanıldığını izah etdi.

Edisonun sözlərlə necə cəld və alçaqcasına oynadığını göstərən bir misal çəkəcəyəm. Bir dəfə əsəbləşmiş Vestinqauz jurnalistələrdən balta ixtira edən adamı gilyotun yaratmaqda günahkar bilməyin mümükün olub-olmadığını soruşmuşdu. Edison dərhal bu sözləri öz bildiyi kimi çevirdi. O,  alternativ cərəyanın öldürə bilsə də, etibarsız olduğunu (yəni alternativ cərəyanlı mühərriklərin etibarsızlığını), Vestinqauzun bu sözlərlə elektrik stulunun ölüm cəzasında istifadəsinin səmərəsizliyini,  gilyotundən istifadə etməyi məsləhət gördüyünü ortaya atdı.

Alternativ enerji ətrafında ehtiraslar qızışmağa başlamışdı, lakin ehtiras əsasən də Amerikada  müvəqqəti haldır. Burda hər gün yeni gözlənilməz hadisə baş verir. Köhnəlmiş hadisələr tezliklə unudulub gedir. Birləşmiş Ştatları dollar və quru hesablamalar idarə edir, soyuqqanlı hesablamalar isə alternativ enerjinin sabit enerjidən daha sərfəli olduğunu sübut etdi. Vestinqauz Edison üzərində daha inamlı qələbə çalmaq məqsədiylə onsuz da sadəliyinə görə ucuz başa gələn mühərriklərin qiymətini bir az da aşağı saldı. Edison uduzduğunu başa düşəndə qəti tədbirlərə əl atmaq, məni öldürtmək  qərarına gəldi. O, nümayiş etdirdiyi əməllər sayəsində  məni həmişə alçaqlıq və iyrəncliyin heç bir sərhəd tanımadığıyla heyrətləndirə bilib.

Dərhal həyatım boyu Edisona sui-qəsdlə bağlı ittiham irəli sürmədiyimi qeyd etmliyəm, çünki lazımi sübutlara sahib deyildim. Əlimdə ancaq məni öldürmək istəyən adamın danışdıqları vardı. Şübhəsiz, gərəkli dəlillərə sahib olmadığımdan Edison məni şər-böhtan atmaqda günahlandırmağa başladı. İndi bunları danışmağa hazırlaşmaqla ölünün dalıyca daş atmaq məqsədi güdmürəm. Sadəcə bu hadisə mənim həyatımın bir hissəsidir və bu barədə artıq danışmaq qərarına gəlmişəm.

Avropadan qayıdandan sonra mən daha çox işləməyə başlamışdım, əvəzində daha yaxşı dincələ bilmək üçün bazar günləri uzun gəzintilərə vaxt ayırmağa çalışırdım. Nahardan sonra laborotoriyamdan çıxıb iti addımlarla Mərkəzi Parka yollanır, orda xeyli gəzir və piyada evə qayıdırdım. Həmin vaxtlar Mərkəzi Parkda gəzmək mənim hədsiz xoşuma gəlirdi. Ətrafda adamların olması belə yaxşı düşünməyimə mane olmurdu. Gəzinti üçün parkın nisbətən uzaq, xəlvət guşələrini seçirdim. Bəzən əhval-ruhiyyəmə görə bir yerdə oturub qəzet oxuduğum da olurdu.

1890-cı il, sentyabrın sonuncu bazar günü (ayın 28- i) səssiz xiyabanda gəzdiyim yerdə qəfildən oturmaq istəyi hiss etdim. Sanki gözlənilmədən kiminsə ağır əli çiynimdən aşağı basdı. Oturdum, bir anda budağın qırılıb yerə düşməsini xatırladan bir səs eşitdim. Sonra sürətlə uzaqlaşan addım səsləri gəldi - kimsə qaçıb gedirdi. Məni həyəcan bürüdü. Ayağa qalxıb geri çevrildiyim zaman arxamdakı ağcaqayın ağacının gövdəsində gözümlə eyni yüksəklikdəki kiçik dəliyi gördüm. Hətta mənim kimi silahdan uzaq adam belə bunun güllədən əmələ gəldiyini deyə bilərdi. Güllə mənim üçün atılmışdı. Birdəncə oturmuş olmasaydım həmin güllə başıma dəyəcəkdi. Mənə budaq şaqqıltısı kimi görünən səs atəş səsiymiş. İri addımlarla adamların daha çox olduğu yerə gedib otelə həmişəki kimi piyada getməmək üçün parkın çıxışında ekipaja  oturdum.

Adi araşdırma hadisənin Edison tərəfindən planlaşdırıldığını göstərirdi. Mən indiyə kimi ondan başqa heç kimdən pislik görməmiş, ondan başqa da heç kimin yolunu kəsməmişdim. Vestinqauz həmin vaxt  Nyu-Yorkdaydı. Biz elə sabahı gün görüşüb baş verənləri müzakirə etdik. O, bu məsələnin Edisonla bağlı olduğuyla razılaşır, bu hədə-qorxulara məndən daha ciddi yanaşırdı. Bir müddətlik gəzintiləri təxirə salmaq və tapança almaq qərarına gəldim. Silahlı olmağımın bir mənası olmayacaqdı, amma özümü daha qorxusuz hiss edəcəkdim. Vestinqauz Penkerton  Dedektiv Agent  Firmasıyla əlaqə yaratdı. Qorunmağım üçün məni kifayət qədər qıcıqlandıran  iki agent təyin edildi.  Agentlər tez-tez dəyişdirilirdilər, lakin onların hamısı utanmaz, lazımsız dərəcədə səs-küylü olmaqla yanaşı bəzilərindən dözülməz sarımsaq iyi də gəlirdi. Bundan başqa Vestinqauz əlavə bir dedektivin köməyiylə həftə yarım sonra mənə atəş açan adamın izinə düşə bildi. Bu, təxminən otuz yaşında, əvvəllər də qanunla dil tapa bilməyən bir irlandiyalıydı. Mən onu şəxsən görməmişəm, haqqında dediklərimin hamısı Vestinqauzun sözlərinə əsaslanır. Lakin ona inanmamaq üçün bir əsasım yoxdur. İşin polisə gedib çıxmayacağı vədindən sonra irlandiyalı Edisonun məni öldürməsi üçün ona iki yüz dollar vəd etdiyini və bu başdan iyirmi dollar ödədiyini söyləmişdi. Mənim milyonlarla dollarlıq ixtiralar etmiş adamın başına cəmi iki yüz dollar qiymət qoyulmuşdu.

Uğursuzluğa düçar olmuş qatilliyə namizədim ifadə verməkdən imtina etdiyi üçün polisə müraciət edə bilməyəcəkdik. Edisonun əleyhinə sübutumuz yoxdu. Bu səbəbdən Vestinqauz onunla şəxsən görüşüb danışmağı qərarlaşdırdı. Görüş baş tutdu, lakin təfərrüatları barədə hərtərəfli məlumata malik deyiləm. Vestinqauz sadəcə onun göründüyündən hiyləgər olduğunu, lakin məni başqa heç bir təhlükənin hədələməyəcəyini söylədi. Sabahı gün öz dözülməz keşikçilərimdən xilas oldum. Bu məni sağ qalmağım qədər xoşbəxt edirdi. Zənnimcə, Vestinqauz Edisonu ikinci belə hadisə olacağı təqdirdə əleyhinə işləyəcək ciddi bir dəlillə qorxutmuşdu. Vestinqauz ağır xasiyyətə sahibdi, qulağıma onun bəzi məsələləri qanun çərçivəsindən kənar yollarla da həll etdiyiylə bağlı söz-söhbət gəlib çatırdı.

İndinin özündə də məni küçənin ortasında qəfil həyəcan bürüyür və yerimdən sıçrayıram. Hər dəfə də öz-özümü: “Görürsən, heç nə baş verməyib. Qorxmaq lazım deyil”- deyərək sakitləşdirirəm. Lakin bu hal növbəti dəfə yenidən təkrarlanır. Ətrafımdakı adamlar bunu mənim qəribəliyimin sübutu kimi qiymətləndirirlər, əslindəsə bu, Edisonun təşkil etdiyi hadisənin yaratdığı əsəb böhranıyla bağlıdır. Həyəcan məni hələ də tərk etməyib, lakin indi qocaldığımdan yerimdən sıçraya bilmirəm, sadəcə çiyinlərimi qısıb başımı əyirəm.

İndi tez-tez, bizim - mənim, Edisonun və Vestinqauzun düşmənçilik əvəzinə əməkdaşlıq edərək nələrə nail ola biləcəyimizi düşünürəm.  Mənim zəkam, Vestinqauzun təşkilatçılıq bacarığı və Edisonun yorulmazlığı möhtəşəm nəticələrə gətirib çıxara bilərdi. Buna tamamilə əminəm.

 

Tərcümə: Hədiyyə Şəfaqət

Əvvəlki hissə: Nikola Teslanın gündəliyi: Avropaya ilk səyahət

Növbəti hissə: Nikola Teslanın gündəliyi: Amerika vətəndaşlığı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR