Slimfit
  1. AZƏRBAYCANLI

Niderland Krallığında Azərbaycanı təmənnasız təbliğ edən soydaşımız

Niderland Krallığında Azərbaycanı təmənnasız təbliğ edən soydaşımız
Sakura

Niderland Krallığında Azərbaycanı təmənnasız təbliğ edən soydaşımız

Onu çoxdan tanıyıram, uşaq yaşlarından. Yaxınlıqdakı məhəllədə yaşayırdı. Mədəni, tərbiyəli bir yeniyetmə kimi qonşular arasında hörmət qazanmışdı. Səliqəli geyinməyi, özünə fikir verməyi xoşlayırdı. Sonradan atalarımız başqa bir mikrorayonda, eyni binada mənzil alsalar da onunla nadir hallarda görüşərdik. Səhv etmirəmsə, ailə qurduqdan sonra Bakıda məskunlaşmışdı. Bu yaxınlarda xəbər tutdum ki, on səkkiz ildir Nederland Krallığında yaşayır. Azərbaycan naminə xeyli işlər görüb...

Haqqında söhbət açdığım Elxan Mirhəşimli 1966-cı ildə Qubadlı rayonunda doğulsa da, üç aylıq körpə olanda valideynləri ilə Sumqayıta köçüb. Səkkizinci sinifədək şəhərin 14 nömrəli məktəbində oxuyub, orta təhsilini isə 27 nömrəli məktəbdə başa vurub. 1983-1991-ci illərdə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin axşam şöbəsində ali təhsil alıb. Eyni zamanda, 1984-1991-ci illərdə Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyində çalışıb. Arada iki il əsgəri xidmətini keçib. 1991-2001-ci illərdə isə bizneslə məşğul olub…

…Ömür-gün yoldaşı Lətifə xanım ixtisasca mühəndisdir. Üç övladı vardır. Böyük oğlu Mirələkbər 28, qızı Mədinə xanım 27, üçüncü övladı Aidə xanım isə 13 yaşındadırlar…

O, 2001-ci ildən ailəsi ilə birlikdə Niderlandda yaşayır. 2002-ci ildən ictimai fəaliyətlə məşğul olur. 2013-cü ildən “Niderlandda Azərbaycan Mədəniyyət Evi” təşkilatını yaradıb. Bir neçə idir ki, Azərbaycan mədəniyyətini, tarixini, mətbəxini, dilini bu ölkədə təbliğ edir. Azərbaycanın ağrılı yeri olan Qarabağ həqiqətlərini avropalılara çatdırmağa çalışır. 2015-ci ildə Niderlandın Frisland bölgəsinin Bilds bələdiyyəsində "Xocalıya ədalət" konfransının keçirilməsinə nail olub. Niderlanddın Herenven şəhərində isə "Xocalıya ədalət" fotosərgisini təşkil edib. Brüsseldə, Haaqada Ermənistan səfirlikləri qarşısında etiraz mitinqlərinin təşkilində yaxından iştirak edib. Tez-tez yerli siyasi partiyaların rəhbərləri ilə görüşüb ölkəmizə qarşı ikili siyasət yürütdüklərinə etirazını bildirir. Bütün bunlar onun Azərbaycan naminə gördüyü işlərin bir hissəsidir. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsindən maliyələşən, amma təşkil etdikləri tədbirləri öz adlarına çıxan bəzi soydaşlarımızdan fərqli olaraq o, həyata keçirdiyi tədbirlərin hər birini öz maddi vəsaiti hesabına ərsəyə gətirib. Və heç bir vaxt xidmətlərinə görə dövlətdən təmənnası olmayıb…

Arzuları çoxdur. Qarabağın tezliklə işğaldan azad olunması arzularının ən böyüyüdür. Övladlarının yüksək təhsilə yiyələnməsini istəyir. Şahmat oynamağı xoşlayır. Torpaqla ünsiyyətdə olmaqdan yorulmur. Evinin həyətyanı sahəsində xeyli meyvə ağacları, qızıl gül kolları əkib. Ağaclarda alma, armud, gilas meyvələrini, tənəklərdə yetişən üzüm salxımlarını göstərib, bütün bunlardan zövq aldığını dilə gətirir…

Bir sözlə, bu dəfəki söhbətimin qəhrəmanı uşaqlıq illərində necə saf, səmimi, mehriban, vətənpərvər idisə, hələ də həmin keyfiyyətləri özündə qoruyub saxlaya bilib. 
Bu gün, iyunun 27-si Azərbaycanı canı qədər əziz bilən bu gözəl insanın doğum günüdür. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat, Azərbaycan naminə gördüyü işlərdə səbr, əzmkarlıq və uğur arzulayıram. 
Heç bir təmənna güdmədən, qürbətdə yaşayaraq özünü Azərbaycana həsr edən soydaşlarımıza Tanrı yar olsun!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR