Slimfit
  1. SİYASƏT

“Nəyə görə Ermənistanın intensiv silahlandırılması davam edir?!” - Hikmət Hacıyev

“Nəyə görə Ermənistanın intensiv silahlandırılması davam edir?!” - Hikmət Hacıyev
Sakura

“Nəyə görə Ermənistanın intensiv silahlandırılması davam edir?!” - Hikmət Hacıyev

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlarda vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Rusiyanın Ermənistana cari ilin iyul ayından etibarən külli miqdarda silah-sursat ötürməsi gündəmin əsas müzakirə mövzularından biridir.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, sözügedən mövzu Azərbaycan ictimai-siyasi dairələrini və ölkə əhalisini ciddi şəkildə narahat etməkdədir. Məsələyə ən yüksək səviyyədə ölkə prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da toxunub. Prezident İlham Əliyev bu mövzuda öz kəskin fikirlərini həmkarının diqqətinə çatdırıb və buna aydınlıq gətirilməsini tələb edib.

Belə ki, iyul ayının 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində təxribata əl ataraq atəşkəsi pozması, dinc əhalini atəşə tutması fonunda rəsmi Moskva yenə də təcavüzkara dəstək verib.

Tovuz hadisələri baş verəndən dərhal sonra iyulun 17-dən etibarən "İl 76" təyyarələri vasitəsiylə Rusiyadan Ermənistana  Mozdok-Minvod-Aktau -Türkmənbaşı- Mehri- İrəvan istiqamətində silahların daşınması həyata keçirilir. Sözügedən marşrutların hərəkət trayektoriyasını bağlı faktlar da Azərbaycan mətbuatında ciddi şəkildə əks olunub.

İllərdir bəlli olan Rusiyanın Ermənistanı himayə etməsi məsələsi artıq inkaredilməz faktlarla da yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.

Avqustun 25-dən etibarən də  hər gün Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan istiqamətində silah daşınmasıyla bağlı uçuşlar həyata keçirilir.

Azərbaycan tərəfi bu mövzuda qətiyyət nümayiş etdirərək mövzuyla bağlı kəskin reaksiyalarını verməkdə davam etməkdədir. Elə bu gün Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də məsələylə bağlı bildirib ki, Rusiya tərəfindən bu xüsusda verilən açıqlamalar hələ ki Azərbaycanı tam şəkildə qane etmir:

 "Bizim suallarımız açıq olaraq qalmaqdadır. Bu məsələlərdə biz daha səmimi və açıq şəkildə məsələnin izah olunmasını gözləyirik. Nəyə görə, hansı əsaslarla və məqsədlərlə Ermənistanın  intensiv şəkildə silahlandırılması davam edir?! Ermənistanın Tovuz hadisələrindəki törətdiyi təcavüzü, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi açıq şəkildə bu dövlətin xislətini göstərməkdədir. Ona görə də suallarımız açıq olaraq qalır. Guya ki bu uçuş reysləri vasitəsiylə Ermənistanda olan Rusiya hərbi bazası üçün tikinti materiallarının daşınmasıyla əlaqədar olan məqamlar da bizi qane etmir. Hesab edirik ki, tikinti materiallarının daşınması üçün intensiv şəkildə hava uçuşlarını həyata keçirilməsinə ehtiyac yoxdur. Bunun üçün daha effektiv və digər vasitələr də mövcuddur.

Son dövrdə müşahidələrimiz onu da deməyə əsas verir ki,  Ermənistan ərazisindən Yaxın Şərq ölkələrinə intensiv şəkildə silah-sursatın daşınması həyata keçirilir. Bu xüsusilə Suriya istiqamətində olan uçuşların həyata keçirilməsiylə bağlıdır. Ermənistan Silahlı Qüvvələri Suriyada olan hərbi əməliyyatlarda iştirak edirlər. Bu əməliyyatlarda iştirak edən çox az sayda ölkələrdən biri də Ermənistandır. Bu istiqamətdə olan layihələri diqqət mərkəzində saxlamaq çox vacibdir. Azərbaycanın işğal olunmuş əraziləri var ki bu ərazilər də nəzarətdən kənardır və Ermənistan bundan da istifadə edir".

Prezidentin köməkçisi eyni zamanda son günlərdə Ermənistanda "opelçeniya" adı altında hərbiləşdirilmiş mülkilərdən ibarət hərbi qruplaşmaların yaradılması ilə bağlı qəbul olunmuş qərara da toxunub. O bildirib ki,  bu qərar da Ermənistanda demoqrafiyaya bağlı olan kəskin böhran vəziyyətinin növbəti nümunəsi kimi qeyd edilməlidir:

“Bu da Ermənistan Silahlı Qüvvələrinin öz şəxsi heyətinin komplektləşdirilməsində üzləşdiyi ciddi çətinliklərin bilavasitə göstəricisidir.

Onlar mülki insanları müxtəlif hərbi təyinatlı dəstələrə cəlb edirlər. Bu eyni zamanda onu göstərir ki, Ermənistanın indiki rəhbərliyi bolşeviklərə xas olan bir formada özü üçün hərbi dəstələr yaratmağa çalışır. Ölkədaxili siyasətdə də bu hərbi dəstələrdən çirkin məqsədlər üçün istifadə edir. Tovuz hadisələrində də biz şahidi olduq ki, Ermənistan Silahlı Qüvvələri iki ölkənin sərhədi boyunca törətdiyi hərbi avantüra və Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli cavabları çərçivəsində onlar şəxsi heyəti komplektləşdirə bilmirlər. Ona görə də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən şəxsi heyəti həmçinin də  Yaxın Şərq ölkələrindən olan muzdlu insanları ön xətdə yerləşdirməyə çalışırdılar. Ermənistanın da siyasəti ondan ibarətdir ki, ön xətdə muzdlular yerləşdirilsin. Onların hərbi əməliyyatlar nəticəsində ölməsi halında isə bu faktları sadəcə olaraq gizlədirlər. Çünki həmin şəxslər Ermənistan Silahlı Qüvvələrində qeydiyyatda deyillər. Nəticə etibarilə də bunu belə təqdim etmək istəyirlər ki, guya Ermənistan Silahlı Qüvvələrində itkilər yoxdur".

Son günlər Ermənistanın Azərbaycana qarşı aktivləşən hərbi təcavüzünün səbəblərinə politoloq Elxan Şahinoğlu da münasibət bildirib.

 E. Şahinoğlu "Qafqazinfo"ya bildirib ki, Ermənistanın Tovuz, Goranboy, Naxçıvan istiqamətində təxribatlarının məqsədi odur ki, onlar hərbi mövqelərimizlə bağlı kəşfiyyat məlumatları toplamaq istəyirlər:

"Həm də sanki bizə dolayı yolla mesaj göndərməyə çalışırlar ki, biz hücuma keçsək, onlar bizə problemlər yaradacaqlar, itkilərimizin sayını azaldacaqlar. Ancaq özləri problemlərlə üzləşiblər. Gələn məlumatlara görə, artıq Ermənistanda insan resursları çatmır. Fikir verin, onlar Dağlıq Qarabağda həm ordu saxlamalıdırlar, həm də Naxçıvan boyu Azərbaycanla sərhəd boyu insan resursları olmalıdır ki, orada hərbçilər olsun. Ermənistanın əhalisinin sayı da azdır. Hər il nə qədər erməni gənci ölkəni tərk edir.  Onlar nə vətənə xidmət etmək istəyir, nə də Qarabağda ölmək istəyir.  Buna görə də problemlərlə üzləşiblər. Təsadüfi deyil ki artıq Ermənistan hökuməti yenidən 90-cı illərdə olduğu kimi, Ermənistan ordusuna yenə muzdluları cəlb etməyi düşünür. Təsəvvür edin ki, 90-cı illərdə ən qəddar qətliamları Azərbaycanın bölgələrində Qarabağın kəndlərində elə məhz həmin muzdlular həyata keçirib.  Onların da maliyyəsini erməni lobbisi verirdi. İndi yenidən  bu siyasətə qayıdırlar.  Çox təəssüf ki həmsədr dövlətlər Ermənistanın bu təxribatlarına susurlar. Düzdür,  Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüşdülər. Lavrovun açıqlamalarını diqqətlə izlədim. İşğal olunmuş torpaqlarla bağlı yeni bir şey demədi. 2016-cı ilin aprel savaşında bizə təzyiq etdilər ki atəşkəs elan edin.  Lavrov bölgəyə gəldi və bildirdi ki, mərhələli həll planı işə düşəcək.  Mən o zaman da ona inanmırdım. 

Ondan sonra danışıqlarda heç bir nəticə olmadı. Bizi sakitləşdirməyə çalışdılar.  İndi də bu proses gedir. Moskvadakı görüş də bu siyasətin tərkib hissəsidir. Yenidən danışıqlar prosesinə qayıtmağı deyirlər. Biz danışıqlar prosesinə yenidən qayıtsaq, bu işğalın uzanması deməkdir".

Politoloq bunun üçün ilk növbədə Azərbaycanın danışıqlarda iştirak etməməsini təklif edir:

“Prezident də çıxışında qeyd etdi ki, biz görüntü naminə danışıqlarda iştirak etmək istəmirik. Yeni Xarici işlər naziri Ceyhun Bayramovun da ilk açıqlamaları ondan ibarət oldu ki, nəticəyə ünvanlanmış danışıqlarda iştirak etmək istəyirik.  Bunu elə Moskvada da təkrarladı. İndiki zamanda danışıqlar nəticə vermirsə, həmsədrlər mərhələli planı işğalçıya qəbul etdirmək istəmir.  Biz o zaman danışıqlarda iştirak etməməliyik.  Biz ATƏT-in Minsk qrupunda həmsədrlərin fəaliyyətindən imtina edə bilərik. İmtina etmək müharibə anlamına gələ bilər. Bu, bizim hüququmuzdur. 

Ancaq biz danışıqlarda da bir müddət iştirak etməyək və göstərək ki, danışıqlar nəticə vermir, mərhələli həll planı qəbul edilmir. Ona görə də biz özümüz başqa variantlar barədə düşünürük. Bu da bizim Ermənistana və arxasında dayanan güclərə ciddi bir mesajımız olar. Ermənistan bizim torpaqlarımızı işğal edib.  Onlara Dağlıq Qarabağ istiqamətində sakitlik lazımdır. Çünki arzuladıqlarından da artıq torpaqlarımızı işğal ediblər.  Bu məqamda biz fəal olmalıyıq. Hərbi gücümüzü işə salmalıyıq ki, işğalçını geri addım atmağa məcbur edək. Bu halda biz görürük ki, Rusiyadan Ermənistana tonlarla silah daşınır. Dövlət başçısı İlham Əliyev bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinlə bu  silah məsələsini danışdı. Ondan sonra da Rusiyanın Ermənistana silah satılması  davam edirdi. Bu o deməkdir ki, Rusiya Ermənistanın geri çəkilməsini, Azərbaycanın qarşısısında zəif olmasını istəmir.

Lavrovun bir neçə fikrinə diqqəti cəlb etmək istəyirəm.  Lavrov Ceyhun Bayramovla ortaq mətbuat konfrasında bildirdi ki, Azərbaycan bizim üçün strateji tərəfdaşdır. Azərbaycanla ortaq iqtisadi regional layihələr var. Daha sonra həmin gün Ermənistan xarici işlər nazirinə zəng etdi. Bu bilirsiniz nədir? O deməkdir ki, iqtisadi və regional layihələrdə Rusiya Azərbaycanın strateji tərəfdaşı olsa da, Dağlıq Qarabağ məsələsində Ermənistanın maraqlarına zidd Rusiya addım atmayacaq.  Daha sonra bizim mövqeyimizə zidd  olan daha bir fikir dedi. Bildirdi ki, həmsədrlərin formatı dəyişə bilməz. Formatın dəyişməsini Azərbaycan və Türkiyə istəyir. Tovuzdakı son insidentdən sonra prezidentin köməkçisi Hikmət Hacıyev açıq demişdi ki, Minsk qrupunun toplanmasını istəyirik. Minsk qrupunun 11 üzvü var. Biz formatın dəyişməsini istəsək də, Lavrov bildirdi ki format dəyişə bilməz.  O belə bir ultimatum irəli sürdü. Müdafiə naziri Şoyqunun Bakıda  Rusiyadan hərbi yük yox, inşaat yükləri daşınması barədə dediyi məlumatlar da əslində bu yalandır. Çünki hərbi texnika daşınmasaydı, dövlət başçısı bu məsələni Putin qarşısında qaldırmazdı.  Kremlin siyasəti çox təəssüf ki dəyişmir.  Buna görə də biz ümid edə bilmərik ki, Rusiya işğalçı Ermənistana təsir edəcək.

Müharibə ehtimalı isə hər zaman var. 2016- cı ilin əvvəlində heç kim proqnozlaşdıra bilməzdi ki, apreldə savaş çıxacaq. Əgər təzyiq olmasaydı, biz müharibəni uzadıb daha çox torpaqlarımızı azad edə bilərdik. Tovuz hadisəsini də heç kim proqnozlaşdıra bilməzdi ki, orada ciddi bir insident yaşanacaq. Biz müharibəni hətta Ermənistanın daxilinə belə daşıdıq. Ermənistanın daxilindəki məntəqələrə zərbə endirdik. Hər an kiçik bir qığılcım yenidən böyük toqquşmalara gətirib çıxara bilər.  Düzdür, böyük dövlətlər əsas da Rusiya böyük müharibələrdə maraqlı deyil. Ona görə bizə təzyiq etməyə çalışırlar. Biz də gərək siyasətimizi ortaya qoyaq.

Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirməklə məsələni ortaya qoyaq ki, əgər danışıqlar fayda vermirsə,  bizim müharibədən başqa alternativimiz yoxdur. Türkiyənin Prezidenti, Xarici işlər naziri, Müdafiə naziri çıxışlarında bildirib ki, Azərbaycan müharibəyə başlasa, Türkiyə bizə dəstək verməyə hazırdır. Hətta  Türkiyə Rusiya ilə münasibətlərinin gərginləşməsi hesabına Azərbaycana dəstək verməyə hazırdır".

Bu arada bir məqamı da diqqətə çatdıraq ki, Ermənistan tərəfi müxtəlif zamanlarda bizim bir sıra ərazilərimizi və obyektlərimizi bombalamaqla bağlı hədələr səsləndirir. Bura Mingəçevir Su Elektrik Stansiyası, paytaxt Bakı və.s istiqamətlər də daxildir. Son günlər isə Gəncənin raketlə vurulması hədəsini dilə gətirir.

Hərbi ekspert Üzeyir Cəfərov " Qafqazinfo" ya açıqlamasında Ermənistanın Gəncəni raketlə vuracağı hədəsinin gülünc olmasını diqqətə çatdırıb. O qeyd edib ki,  Ermənistanın hədəflərindən çəkinmək lazım deyil: "Onlar elə neçə ildir ki, gah Mingəçevir Su Elektrik Stansiyasının vururlar, gah Bakını, gah neft kəmərlərini vururlar. Onların belə cürət yiyəsi olduğunu düşünmürəm. Sadəcə onlara dəstək olan ölkələr Ermənistanı bir qədər şirnikləndiriblər. Azərbaycan Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə sistemləri elə vəziyyətdədir ki, ermənilər və havadarları nə etsələr də, mümkün deyil ki, bu hərəkətə yol verə bilsinlər. Özləri də gözəl bilirlər ki, onların Gəncəyə istiqamətləndirilmiş bir raketi olacaqsa, Ermənistanda daş-daş üstündə qalmayacaq. Çünki Naxçıvan Əlahiddə Qoşun Ordusunun imkanları elə bir vəziyyətdədir ki,  Ermənistanda bir tozanaq qalxa bilər ki, heç kimin külü belə ələ gələ bilməz. Artıq Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri, həmçinin  türk zabitlərinin Naxçıvanda təlimləri də bunları qıcıqlandırır. Biz danışıqlar prosesini uzatmamalıyıq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR