Slimfit
  1. TƏBİƏT

Nəsli kəsilməkdə olan növlər

Nəsli kəsilməkdə olan növlər
Sakura

Nəsli kəsilməkdə olan növlər — nadir və nəsli kəsilmək təhlükəsində olan fauna növlərinin mühafizəsi

Bioloji müxtəliflik

Bioloji müxtəliflik — yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Azərbaycan Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir və təbii şəraitin müxtəlifliyi ilə əlaqədar heyvanlar aləmi də çox rəngarəngdir. Respublikamızın ərazisində indiyədək faunanın 18 min növü qeydə alınıb. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiyalar və reptiliyaların 67 növ və yarımnövü, həşəratların isə 15 minə yaxın növünü əhatə edir. Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında da rast gəlinir. Amma ölkədə heyvanlar aləmi elmi öyrənilməsi 200 il öncə başlansa da onun planlı və sistemli tədqiqinə 1920-ci ildən start verilib.

 

Yeni tapılmış canlılar

Hazırda zooloqların çoxillik gərgin əməyi sayəsində 1500 növdən artıq ibtidailər, 1200 növdən artıq heyvan paraziti qurdları (helminlər), 300 növdən artıq fitohelmintlər, 290 növdən artıq rotatorı, 360 növdən artıq xərçəngkimilər, 311 növ molyusklar, 101 növ və yarımnöv balıqlar, 10 növ suda-quruda yaşayanlar, 54 növ sürünənlər, 348 növ quşlar, 97 növ məməlilər ( o cümlədən 13 növ cücüyeyən, 27 növ yarasa, 29 növ gəmirici, 2 növ dovşankimi, 19 növ yırtıcı, 9 növ dırnaqlı, 1 növ üzgəcanaqlı) aşkara çıxarılıb.

 

Ekoloji problemlər nəticəsində növlərin azalması

Lakin son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnib. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir. Bu baxımdan, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunub, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanıb və təsdiq edilib. Respublika üçün aktual olan ekoloji problemlərin dayanıqlı inkişaf prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür. Azərbaycanın əsas ekoloji problemləri sırasında biomüxtəlifliyin seyrəkləşməsi, meşə ehtiyatlarının, xüsusən də faunanın azalması mühüm yer tutur.

 

Qırmızı Kitab

Bütün dünyada olduğu kimi Azərbaycanda da nəsli kəsilən və kəsilməkdə olan fauna növlərinin adı “Qırmızı Kitab”a salınır. Bu kitab nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizininAzərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir. “Qırmızı kitab”a 108 növ heyvan - məməlilərin 14 (ceyran, bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlği, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı, qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya sarımsaqiyli qurbağa, eskulap ilanı), həşaratların 40 növ və yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış brameyası və s.) daxil edilib. Bioloji növ müxtəlifliyinin əsas səbəbi regionun geoloji tarixi və müxtəlif iqlim şəraitinin olmasıdır.

 

”Qırmızı Kitab”da fauna növləri

”Qırmızı Kitab”a fauna növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinən növlər isə nadir növlərə aiddir.

 

Quşlar da tükənir

Azərbaycanda 363 quş növü qeydə alınsa da, həqiqətdə onların sayı daha çoxdur. Belə ki, bu günədək mövcud bütün növlər hələlik müəyyən edilməyib. Bu da ilk növbədə miqrasiya edən və ötüb keçən növlərə aiddir. Bundan başqa bir çox növlər ölkə ərazisinə gələrək öz areallarını genişləndirməkdə davam edir. Məsələn, kiçik və halqalı qur-qur quşu kimi. Azərbaycanda qeydə alınan növlər 17 dəstə və 60 fəsiləyə mənsubdurlar. Bunların 40% -i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər, 27%-i qışlayan və 10 % - dən çoxu köç vaxtı qeydə alınan növlərdir. Azərbaycanın ornitofaunası - xüsusilə də su-bataqlıq quşlarının növ tərkibi və ekoloji qrupları da zəngindir (144 növ). Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir. Şərqi Avropa və Qərbi Sibirdən Cənuba və Şərqi Afrikaya, Cənubi - Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə edir.

 

Quşların nəslinin kəsilmə səbəbləri

Azərbaycan ornitofaunasından 36 növ quş Azərbaycan “Qırmızı Kitabı”na, 23 növ Dünya “Qırmızı Kitabı”na daxil edilib. Azərbaycanda quşlar üçün əsas təhlükə yaşayış yerlərinin azalması (meşələrin qırılması, su sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, quşların qanunsuz ov edilməsi, adalardakı yuvalama düşərgələrindən yumurtaların yığılması, narahatçılıq amilləri (intensiv mal-qara otarılması, insanların yuvalama yerlərinə getməsi, istirahəti və s.), neft çıxarılması və daşınması, elektrik xətləri və başqalarıdır. Quşların, ilk növbədə su-bataqlıq quşlarının qorunması üçün Qızılağac və Ağgöl qoruqları təşkil edilib ki, burada 500 mindən çox quş qışlayır. Bundan başqa Samux qoruq-ovçuluq təsərrüfatında, Gil və Şahdili yasaqlığında və digər yasaqlıqlarda quşlar qorunub mühafizə edilir. Sarısu (400-500 min qışlamada), Mahmudçala (40 min), Kürün deltasında (miqrasiyada 75 min), Abşeron-Qobustan sahillərində (Pirallahi-Pirsaat kəsiyində - 200 min ) və digər sahələrdə daha çoxdur.

 

Faunamız necə mühafizə olunur?

Azərbaycan zəngin faunasının qorunması daima ölkə tərəfindən diqqətdə saxlanılıb. Bu səbəbdəndir ki, ölkədə nadir və nəsli kəsilməkdə olan flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır. Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və qorunması istiqamətində müəyyən işlər görülüb. Aparılmış tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət əraziləri inkişaf etdirilib, onların sahəsi 2003-cü ildən etibarən 478 min hektardan 876 min hektaradək artırılıb. Hazırda 8 milli park, 11 qoruq və 24 yasaqlıqdan ibarət bu şəbəkə ölkə ərazisinin 10,1 faizini əhatə edir. Başlanğıcda isə bu, 5 faizdən aşağı idi. Xüsusən, Cənubi Qafqazda sahəsi 115 min 895 hektar olan ən böyük Şahdağ milli parkının yaradılması biomüxtəlifliyin qorunması işinə böyük töhfə verib. Azərbaycanda müasir standartlara cavab verən Zooloji Parkın yaradılması istiqamətində də layihə üzrə master planın və texniki şərtlərin hazırlanması üzərində işlər yekunlaşma mərhələsindədir. Artıq “Ekodenge” təşkilatının və QHT nümayəndələrinin iştirakı ilə Zooloji Park layihəsinin təqdimatı da keçirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən layihə nəticəsində artıq ceyranların tarixi areallarından olan Qobustan, Acınohur, Ağgöl ərazilərinə ceyran fərdləri köçürülüb, 2010-cu ilin yayında Ağgöldə onların təbii artımı müşahidə olunub. 2010-cu ilin 24 dekabr tarixində ceyranların tarixən məskunlaşdığı yerlərdən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə ilk ceyran sürüsü (21 baş) buraxılıb. Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində ceyranların tarixi ərazilərində məskunlaşdırılması işi 2011-ci il ərzində də davam etdiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları tərəfindən respublika ərazisində vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də, digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilib, qanunu pozmuş şəxslər Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanuna müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunublar. 2010-cu il ərzində milli park və dövlət təbiət qoruqlarının ərazisində qanun pozucularına qarşı 624 akt, 187 protokol tərtib edilmiş, təbiətə 63 983,18 manat dəyərində ziyan hesablanıb, inzibati qaydada 114 910 manat cərimə tətbiq edilib. 2011-ci ilin I rübü ərzində aparılan araşdırmalar zamanı isə qanunsuz ovla məşğul olan 62 nəfərdən 62 ov silahı, 230 patron götürülüb və qanun pozucularına qarşı 53 600 manat məbləğində cərimə tətbiq edilib.

 

Müharibə qurbanı faunamız

Ermənistanın rəsmi mənbələrinin verdiyi məlumatlarından görünür ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ hissəsində meşə və kolluqlar vəhşicəsinə qırılır. Bu da beynəlxalq təhlükədə olan və dünya üzrə ciddi qorunan ağquyruq dəniz qartalının, böyük qartalın, məzar qartalının, qara kərkəsin, balabanın, Qafqaz tetrasının Azərbaycanda ciddi qorunan qara leyləyin, çay qaraquşunun, tetraçalan qırğının, Türküstan tütüyünün, Berkut, toğlugötürənin, ilanyeyənin, adi şahinin, turacın və “Qırmızı kitab”a daxil edilməmiş 100-ə yaxın digər quş növlərinin işğal olunmuş ərazidə nəslinin tamamilə kəsilməsinə real təhlükə yaradıb. Zəngin təbiəti, flora və faunası ilə fərqlənən Qarabağda nadir və endemik quş növləri ilə yanaşı, nəsli kəsilməkdə olan quş növləri də müxtəlif qoruq və yasaqlıqlarda qorunub. Erməni işğalına məruz qalan Dağlıq Qarabağ və onun ətraf rayonlarının ərazisi Azərbaycanın ən zəngin biomüxtəlifliyə malik olan Kiçik Qafqaz təbii vilayətinin payına düşür. Göründüyü kimi, cücülərdən tutmuş məməlilər faunasının nümayəndələrinə qədər nadir, nəsli kəsilmək təhlükəsində olan növlərin müxtəlifliyi, eyni zamanda Qafqaz və Azərbaycan ərazisi üçün endemik, relikt, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş fauna növləri ümumi şəkildə bu təbii vilayətdə məskunlaşan heyvanların 25-30%-ni təşkil edir. Belə endemizmin olması göstərir ki, Qarabağ ərazisi təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqaz regionunun yeni növlərinin yaranması regionudur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR