Slimfit
  1. BİOQRAFİYA

Nəsirəddin Tusi

Nəsirəddin Tusi
Sakura

Nəsirəddin Tusi - filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət…

Nəsirəddin Tusi (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi) iranlı filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Marağada yaşamış və fəaliyyət göstərmişdir.

Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il cümə günü 17 fevralda (11 camadiyul əvvəl 597-ci il) Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün Tusi nisbəsi ilə tanınmışdır.

İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyar əl-Azərbaycaninin davamçılarının yanında təhsil görmüşdür.

Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edir. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaq-i Nasiri" əsərini tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən Ələmut qalasına aparılmışdır. O, burada sürgün həyatı keçirmişdir. Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olmuşdur. Alim 1242-ci ildə tamamladıqı məşhur "Şərh əl-İşarat" (Əbu Əli ibn Sinanın "İşarələr və qeydlər" adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı: "Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi".

1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256-cı ildə fətholunmaz sayılan Ələmut qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə son qoymuş, Tusini və digər alim məhbusları azad etmişdi. Nəsirəddin Tusi Hülaku xanın şəxsi məsləhətçisi təyin olunmuşdu.

Hülaku xan dövlətinin mərkəzini 1260-cı ildə Azərbaycana salır. Elxanilər adlanan bu yeni dövlətin başçıları "elxan"lar (el xanları) idi. Hülaku xan öz dövlətinin paytaxtı kimi əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağanı, sonra isə Təbrizi seçir. Elə həmin vaxt Tusi Marağa rəsədxanasının tikintisinə başlayır.

Tusi 25 iyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat etmiş və öz vəsiyyəti ilə Bağdad yaxınlığındakı Kazımeyn şəhərində, Kazımiyyə məscidində şiələrin 7-ci imamı İmam Museyi-Kazımla onun nəvəsi, on iki imam şiələrinin 9-cu imamı İmam Məhəmməd Təqinin məzarlarının ayaq tərəfində dəfn olunmuşdur. Nəsirəddin Tusi hicri tarixi ilə 47 il hakimiyyətdə olmuş xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanmış sərdabədə dəfn olunmuşdur (qəribədir ki, sərdabə 17 fevral 1201-ci ildə (11 cumadəl ulə 597-də) ildə tamamlanıb. Həmin gün isə Nəsirəddin Tusi anadan olub, hicri tarixi ilə 75 il 7 ay 7 gün yaşayıb).

Nəsirəddin Tusinin milli mənşəyi, mənsubiyyəti ilə əlaqədar məsələ hər zaman aktualdır. Nəsirəddin Tusinin şagirdi və davamçısı İbn əl-Füvətinin (1244-1326) “Ləqəblər lüğətində xəbərlər məcmuəsinin xülasəsi” adlı çoxcildli əsərində göstərdiyi bir fakt onun milli mənsubiyyətinin fars mənşəli olmasının sübutu üçün xüsusi əhəmiyyət daşıyır. 

Qeyd etmək lazımdır ki, 1258-ci ildə monqollar Bağdadı işğal edərkən İbn əl-Füvəti əsir düşmüş, 1261-ci (659-cu) ilin əvvəllərindən Nəsirəddin Tusinin yanında yaşamışdır.

İbn əl-Füvəti yazmışdır ki, Nəsirəddin Tusi Marağaya gələndə oradakı zadəgan ailəsindən olan Fəxrəddin Loğman Məhəmməd oğlu Marağayi ilə görüşüb, ona belə bir tapşırıq vermişdir: Ərbil, Mosul və Əlcəzirəyə getsin, son 40 il ərzində Marağa və Təbrizi tərk etmiş ailələri vətənə qayıtmağa razı salsın. Fəxrəddin Marağayi 500-ə qədər ailəni geri qaytara bilmişdi. Bu, Nəsirəddin Tusinin öz həmvətənlərinə dərin məhəbbət hissini ifadə edir.

Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanmışdı. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bununla belə Nəsirəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır.

Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında "Şəklül-qita" ("Bütöv çoxtərəfli haqda risalə), "Came'ül-hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu"), "Dairənin ölçüsü", "Təhrir Öqlidis" ("Evklid "Başlanğıc"ının təsviri") kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət "Zici-İlxani" ("İlxanilərin astronomik cədvəlləri") əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır.

Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid "Başlanğıc"ının təsviri" əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə" də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coqrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətə layiqdir. Bunların arasında "Bağdadın tarixi", "İşığın əks olunması və sınması haqda risalə", "Evklid optikası", "Göy qurşağının öyrənilməsinə dair risalə", "Qiymətli daşlar haqqında kitab", "Tibb qanunları", "Dövlət maliyyəsi haqqında risalə", "Xoşbəxt günlərin seçilməsi" (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.

Ensiklopedik alim Nəsirəddin Tusinin bir çox əsərləri əsərləri dünyanın müxtəlif kitabxanalarında mövcuddur. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Qazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.

Tusi Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsəri ilə və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır.

Professor Həbibulla Məmmədbəyli Nəsirəddin Tusinin astronomiya və riyaziyyat elmləri sahəsindəki xidmətlərini geniş şəkildə tədqiq etmişdir.

Görünür, o, rəsədxana qurmaq haqqında çoxdan fikirləşirmiş. Bağdad alınan kimi, Nəsirəddinin Hülaku xandan icazə istəyib, işə başlaması da bunu sübut edir. Bir ildən də az bir müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir, eyni zamanda astronomik cihazlar hazırlayır, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətirdir və rəsədxanada araşdırmalar aparmaqdan ötrü dünyanın bir çox ölkəsindən alimlər dəvət edir.

Tusi özü "Zici-Elxani" adlı əsərində bu barədə belə yazır: "Hülaku xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini." Digər qaynaqlardan isə dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-Çi və digərlərinin də Marağa rəsədxanasında çalışdıqları məlum olur. Burada bir məsələyə də toxunmaq maraqlı olardı. Görkəmli siyasi xadim və tarixçi Rəşidəddinin öz salnamələrində yazdığına görə həmin dövrdə Camaəddin Buxariyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin o, bu tapşırığın öhdəsindən gələ bilmirdi. Nəhayət, Çin alimi Fao Mun-Çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddinlə məsləhətləşmələr apardıqdan və rəsədxana tikilişi üçün zəruri olan alətlərin çertyojlarını əldə etdikdən sonra Pekində də işlər başa çatdırılır. Rəsədxana yaradılması üçün külli məbləğdə pul qoyuluşu tələb edilirdi və Hülaku xan bu işi məqsədə uyğun saymırdı.

Tanınmış tarixçi Hacı Xəlifə özünün "Dünya haqqında kitab"ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir: "Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülakuya deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: "Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?" Nəsir cavabında söylədi: "İzn verin, bir nəfər həmin dağa qalxıb, ordan boş bir tası yerə atsın, ancaq bunu elə eləsin ki, heç kəs bilməsin." Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddinsə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana deyir: "hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər." Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Nəsirəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.

Rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib – hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Almaniyanın Drezden şəhərində saxlanır.

Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlı burasında idi ki, rəsəxanada Müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistlər də çalışırdı. Bunlar türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri idilər. Tusinin tikdirdiyi rəsədxana öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyur. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri "İlxanilərin astronomik cədvəlləri" adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.

Cədvəllər dörd kitabdan ibarətdir. Birinci kitabda yunan, fars, yəhudi, ərəb və türk təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilirdi. İkinci kitab ulduzların hərəkətinə və onların ekliptik koordinatlarının yerləşməsinə həsr olunub. Elə buradaca sinus və tangenslərin cədvəlləri, habelə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir. Nəsirəddin uzunluq dairəsinin ölçüsünü Qrinviç meridianından 34-35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Professor Həbibulla Məmmədbəyli buna əsaslanaraq, belə bir ehtimal irəli sürmüşdür ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. "Cədvəllər"in üçüncü və dördüncü kitabları astrologiya məsələlərinə həsr olunub.

AMEA-nın müxbir üzvü Zakir Məmmədov Nəsirəddin Tusinin irsini araşdırarkən mənbələr əsasında belə bir faktı qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib etmişdir.

Marağa rəsədxanası tətbiqi astronomiyanın inkişafında müstəsna rol oynayıb.

Nəsirəddin Tusinin üç oğlu olmuşdur: Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd. Onlar filosofun yaradıcılıq yolunu davam etdirmişlər. Nəsirəddin Tusinin ölümündən sonra Sədrəddin Əli Marağa rəsədxanasına rəhbərlik etmişdir. Mənbələrdə deyildiyi kimi, o, farsca şeirdə və astronomiyada fəzilətli idi. 

Əsiləddin Həsən riyaziyyatçı və şair kimi tanınırdı. Professor Həbibulla Məmmədbəyli qeyd edir ki, Parisdə milli kitabxanada saxlanılan "Zic-i Elxani"nin bir nüsxəsi Əsiləddin Həsənin əlyazmasıdır.

Əsiləddin Həsən həm elmi fəaliyyət göstərmiş, həm də dövlət işlərində çalışmışdır. Vali işləmiş Əsiləddin Həsən Qazan xan ilə Şama getmiş, sonra Bağdadda mənsəb tutmuşdur. Nəsirəddin Tusinin kiçik oğlu Fəxrəddin Əbülqasim Əhməd riyaziyyatçı, astronom olmuş, vəqflərin müdiri işləmişdir. Fəxrəddin Əhməd Abaqa xanın oğlu Arqun xan zamanında xidmət etmiş, 27 avqust 1301-ci (21 zülhiccə 700) ildə Sivasda öldürülmüşdür. Cənazə Marağaya gətirilib, qardaşının yanında dəfn olunmuşdur. 

Mənbələrdə qeyd edilir ki, Əhvədi Marağayi "Dəhnamə" məsnəvisini Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusif ibn Əsiləddin Həsənin adına 1306-cı (706) ildə nəzmə çəkmişdir. Lakin onun hansı ixtisas sahibi olması, nə kimi mövqe tutması məlum deyildir. 

Nəsirəddin Tusi Marağa rəsədxanasının nəzdində təsis etdiyi məktəbdə özünün davamçılarını hazırlamışdır. Mütəfəkkirin fəlsəfi məktəbinin görkəmli nümayəndələri arasında Nəcməddin Qəzvini (1203-1277), Qütbəddin Şirazi (1236-1311), Cəmaləddin Hilli (1250-1325) daha çox məşhurdur. Onlar da müəllimlərinin fəlsəfi mövqeyindən çıxış etmişlər. 

Nəsirəddin Tusinin şagirdlərindən Nəcməddin Qəzvini, Qütbəddin Şirazi, Cəmaləddin Həsən Hilli və başqaları öz məktəblərini yaradaraq şagirdlərini, xələflərini yetirmişlər. Bununla da Bəhmənyar məktəbinin fəlsəfi ənənələri Nəsirəddin Tusinin fəlsəfi məktəbi və şagirdlərinin fəlsəfi məktəbinin nümayəndələri tərəfindən davam etdirilmişdir. 

XIV əsrdə Nəsirəddinin nəvə-nəticələri Marağadan Ordubada köçmüşlər, orada Ordubadilər sülaləsinin əsasını qoyublar. Səfəvilər dövründə onlar bir sıra dövlət vəzifələrində çalışmışlar. Hal-hazırda həm Azərbaycan Respublikasında, həm də İran İslam Respublikasında Nəsirəddin Tusinin çox sayda varisləri yaşamaqdadır.

Əsərləri

Əsər cəmi 101 ədəddir.

  1. Şərh əl-İşarat (20 ildə hazırlanmış)
  2. Şəkl ül-Qita (Tam dördtərəfli haqqında traktat)
  3. Zic-Elxani (Elxani astronomik cədvəli)
  4. Təcrid əl-Əqaid (Əqidənin təcridi)
  5. Təcrid əl-Kəlam (Kəlamın təcridi)
  6. Tezker-i hayat
  7. Təhrir-i Öqlidis (Evklidin şərhi)
  8. Təhrir əl-Məcəsti
    1. Əsas əl-İqtibas (İqtibasın əsası)
    2. Əsraf əl-Əşraf
    3. Əxlaq-i Nasiri (1235)
  9. Füs-ul Nəsiriyyə
  10. Övsaf-ül Əşraf
  11. Risab fil-İmamə (İmamətə dair traktat)
  12. Cəbr və qədr
  13. Cələul-Hesab (Taxta və qum vasitəsilə hesablama)
  14. Həll əl-Müşkilat (Problemlərin həlli)

1981-ci ildə Tusinin anadan olmasının 780 illik yubileyi geniş qeyd olunmuş, şərəfinə medal təsis edilmiş, həyatı haqqında qısametrajlı Nəsirəddin Tusi sənədli filmi çəkilmiş, portreti yaradılmış, ölkənin bir neçə yerində onun şərəfinə heykəl və büstlər tikilmiş, ucaldılmışdır. Azərbaycan Respublikasının bir sıra elm, təhsil və mədəni-maarif müəssisəsinə, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına, küçələrə (məsələn Naxçıvan şəhərindəki Nəsirəddin Tusi küçəsinə), Bakı şəhərindəki Nəsirəddin Tusi adına klinikaya adı verilmişdir.

YUNESKO-nun qərarı ilə anadan olmasının 800 illik yubileyi dünya miqyasında qeyd edilib. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında" 13 iyun 2000-ci il tarixli Fərmanı ilə yubiley komissiyası yaradılmışdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR