Slimfit
  1. MƏDƏNİYYƏT

Nəsiminin Hələbdəki məzarı təmir olundu

Nəsiminin Hələbdəki məzarı təmir olundu
Sakura

Nəsiminin Hələbdəki məzarı təmir olundu

Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli şair və mütəfəkkir, Azərbaycan dili və ədəbiyyatının inkişafında müstəsna xidmətləri olmuş İmadəddin Nəsiminin şərəfinə 2019-cu il “Nəsimi ili” elan olunub.

Bu il dahi mütəfəkkirin 650 illik yubileyi qeyd olunur. Məlum olduğu kimi, Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir. Müharibə bölgəsi olan Hələb şəhərindəki məzarın taleyi Azərbaycanda da narahatlıq doğurur.

Bir neçə ay bundan qabaq Mədəniyyət naziri Əbülfəs Qarayev mətbuata müsahibəsində Nəsiminin məzarının bərpası ilə bağlı dövlət tərəfindən danışıqlar aparıldığını qeyd etmişdi:

“Bu gün Suriyadakı vəziyyət buna böyük əngəldir. Hesab edirəm ki, “Nəsimi ili”, “Nəsimi festivalı” bu məsələnin daha çevik həllinə dəstək olacaq. Vəziyyət imkan verən kimi Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, digər qurumlar məzarın bərpası ilə bağlı işlər görəcək”.

Modern.az saytı Nəsiminin məzarının təmir olunmuş yeni fotolarını əldə edib. İmaddədin Nəsimi şəcərəsinin Hələb şəhərində yaşayan nümayəndəsi Bəşşar Nəsimi bin Əhməd Cövdət saytımıza açıqlamasında məzarı təmir etdiklərini bildirib:

“Bu il Azərbaycan hökuməti Azərbaycanda “Nəsimi ili” elan etdi. Bir daha Azərbaycan prezidenti cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. Bildiyiniz kimi, Suriyada gedən müharibə nəticəsində məzar tamamilə dağılmışdı. Ona görə burada hər hansı tikinti işlərinin aparılması riskli idi. Bu səbəbdən illərdir ki, Nəsiminin məzarı baxımsız vəziyyətdə qalmışdı”.

Bəşşar Nəsimi qeyd edib ki, ailə olaraq məzarlığı təmir etmək qərarına gəliblər:

“Qərara gəldik ki, şəxsi büdcəmiz hesabına Nəsiminin məzarını təmir edək. Çünki bura dünyanın bir çox ölkələrindən ziyarətçilər gəlir. Ona görə də təmir işləri aparmağa nail olduq”.

Qeyd edək ki, Azərbaycanın hazırda Suriyada diplomatik korpusu fəaliyyət göstərmir. Ölkəmizin Suriya ilə münasibətləri Livandakı səfirliyimiz vasitəsilə həyata keçirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR