Slimfit
  1. ƏDƏBİYYAT

Nəriman Nərimanov - Bahadır və Sona/Dördüncü məclis

Nəriman Nərimanov - Bahadır və Sona/Dördüncü məclis
Sakura

Nəriman Nərimanov - Bahadır və Sona/Dördüncü məclis

Peterburqda Bahadırın otağı: yazı stolu, divan, kreslolar.... Stol üstündә kitablar. Bahadır oturub yazır vә hәrdәnbir fikrә gedir.
 
 
ӘVVӘLİNCİ GӘLİŞ
 
S u l t a n (qapı döyülür). Gәlmәk olarmı?
B a h a d ı r (durub qapıya tәrәf). Buyurunuz. (Sultanı görüb gülümsünür.) Ah, Sultan, sәnsәn?
S u l t a n. Mәn mane olmadım ki?
B a h a d ı r. Yox! Yox!
S u l t a n (stolun üstündә yazılmış kağızı görüb). Nә yazırsan?
B a h a d ı r. Tiflisdә mәnә söylәdiyin әhvalatlara dair bir neçә mәqalә yazıram. İkisini yazmışam, bu da üçüncüsüdür, qurtarıram.
S u l t a n. Bunu oxumaq olarmı?
B a h a dır. Olar!
S u l t a n (götürüb oxuyur), Gözәl mәqalәdir! Mәn dә bir mәqalә başlamışam.
B a h a d ı r. Nә barәdә?
S u l t a n. "Müsәlman qadınlarına yol veriniz!" sәrlövhәli bir mәqalәdir.
B a h a d ı r. Yәqin ki, açıq gәzmәklәrinә dair? Hә?
S u l t a n. Әlbәttә! Mәncә, indidәn gәrәkdir bu mәsәlәnin üstünә düşmәk.
B a h a d ı r. Doğrudur, müsәlman alәmindә arvadların indiki halları bütün millәtin nadan vә tәrbiyәsiz qalmağına sәbәb olur.
S u l t a n. Mәncә, qadınlar hal-hazırdakı zәncirdәn, yәni çarşabdan xilas olmasalar, millәt ciddi surәtdә tәrәqqi yoluna yeriş edә bilmәyәcәkdir.
B a h a d ı r. Doğru deyirsәn, fәqәt nә yolla çarşabı birdәn-birә tullamaq?
S u l t a n. Әlbәttә, avam üçün şәri yol tapmaq gәrәkdir.
B a h a d ı r. Mәncә, qeyri bir yolla hәrәkәt etmәk lazımdır. (Fikir.) Mәn bir neçә gün bundan müqәddәm bir mәclisdә idim. Bu mәsәlә hәmin mәclisdә әtraflıca müzakirәyә qoyuldu. Bәhs edәnlәr Misirdә elmlәrini tamam etmiş iki alim idi. Bunlardan biri deyirdi: şәriәtlә arvadların üzlәri açıq ola bilәr. O biri isә: arvadların üzlәri mütlәq örtülü olsun gәrәkdir -- deyirdi. Qәribә budur ki, ikisi dә sözlәrini sübut etmәk üçün ayәlәr vә hәdislәr oxuyurdular.... Mәnim fikrimcә, şәriәt dairәsindә bu söhbәtlәr yüz il dә olunarsa, bu yolda milyonlarca qәlәmlәr sınsa da, iki bir-birinә bәrәks fikir öz qüvvәsindә qalacaqdır. Qanımıza, beynimizә, sümüklәrimizә işlәmiş bir neçә qanunlar kimi bu mәsәlәyә dair qanunları da şәriәtdәn kәnar müzakirәyә qoymaq lazımdır. Yәni, demәk istәyirәm bu mәsәlәyә elmi nәzәrlә gәrәk baxılsın. Belә olursa, tәbii yolla hәrәkәt olunar, tәbii yolla hәrәkәt olunarsa, işin aqibәti dә dәhşәtli görünmәz.
S u l t a n. Doğru deyirsәn, fәqәt hal-hazırda millәtin elm yolunda tәrәqqisinә, ruhunun tәrbiyәsinә mane olan arvadlarımızın indiki hallarıdır, zәnn edirәm. Sәn dediyin yolla gedilәrsә, çox zaman gәrәkdir.
B a h a d ı r. Şәksiz, bu mәsәlәyә dair ayәlәr, hәdislәr bir mәnada düşünülsә idi, şәri yolla tez mәqsәdә çatmaq olardı. Amma çifayda.... (Ayağa durur.) Bilirsәnmi, Sultan! Bir nazik mәtlәbi düşünmәk gәrәkdir. Arvadlarımızın zәncirdәn xilas olmaqları özlәrinә bağlıdır. Arvadlar kişilәrә ümid bağlayıblarsa, işlәri fәnadır, zәncirdәn xilas olmayacaqlar.... O vaxt ki, arvadlar öz hüquqlarını düşündülәr heç bir şәriәt, heç bir qüvvәt onların azad olmaqlarına mane ola bilmәz. Tәbii, canlı şeylәri maddi vә mәnәvi cәhәtcә bir-birinә tabe edәn zor vә ehtiyac olubdur. Bu iki sәbәb aradan götürülәrsә, arvadlar mәqsәdlәrinә nail olarlar....
S u l t a n. Hәr halda, mәqalәmi gәrәkdir bir yerdә oxuyaq....
B a h a d ı r. Çox gözәl!
 
 
İKİNCİ GӘLİŞ
 
Zinolin gәlir.
 
Z i n o l i n. Ağa, sizә kağız var.
B a h a d ı r (tez gedir kağızı alır.) Bura ver görüm. (Açıb oxumaq istәyir.)
S u l t a n. Sәn kağızını oxu, mәn dә gedirәm.
B a h a d ı r. Nә üçün, otur. Sonra gedәrsәn.
S u l t a n. Çox işim var. Axşam bәlkә görüşdük. Salamat qal!
B a h a d ı r (әl verib qapıyadәk ötürür). Sağ ol! (Kağızı diqqәtlә oxuyur vә sonra hirslә atır.) Mәn güman etdim kağız Sonadandır. (Oturur, fikir edir.) Nә üçün bu vaxtadәk kağızımın cavabını yazmayır? Bәlkә mәndәn inciyibdir.... (Fikir.) Yox, ola bilmәz. Mәn elә bir şey yazmamışam, nә üçün mәndәn incisin? Mәn öz hissimi ondan gizlәtmәdim, yazdım.... (Fikir.) Bәlkә ağlım mәhәbbәtdәn çaşıb naqabil bir söz yazmışam.... (Fikir. ... Yox! Sonaya naqabil söz yazmağa әlim gәlmәz. (Fikir.) Hәr halda, kağızın üzü mәndә. (Hücrәni gәzir.) Oxuyum görüm.... (Kağızı diqqәtlә oxuyur.) "Әzizim Sona xanım! Başımdakı min-min fikirlәrin hansından başlamaq? Bu günәdәk gördüyüm adamlardanmı? Ya gәzdiyim yerlәrdәnmi? Vә ya xeyr, ancaq öz hissiyyatımı söylәyim?.... Qәribә bir halәtdir! Mәn sizinlә bir yerdә, bir otaqda gün keçirәrkәn başımda olan min-min fikirlәrimi, bütün vücudumu iztiraba salan hisslәrimi әcәba, nә üçün söylәyә bilmirdim? Yox, xanım әfәndi! Sәhv etdim: söylәyirdim, fәqәt dilsiz, hәr bir hәrәkәtimlә sizә olan mәhәbbәtimi sizә bildirirdim. Әlinizi әlimә alıb fikir edirdim. Qolumdakı minlәrcә hiss damarları mәnim mәhәbbәtimi sizә xәbәr verirdilәr, deyilmi? Mәn sizin әlinizi tutanda bu halәtdә olurdum, yәni sizin qollarınızdakı hiss damarları sizin hissiyyatınızı mәnә hәzin-hәzin söylәyirdi. Әliniz әlimdә ikәn tam fikirlәrinizi, hisslәrinizi oxuyurdum. Siz dә mәnim kimi, deyilmi? Biz bir-birimizin әlini gah sıxardıq, gah datumar edirdik.... Hәr birinin ayrı bir mәnası olmağını sözsüz düşünürdük.... Ah, nә gözәl halәt! Nә gözәl hissiyyat! Dilә ehtiyacımız yox idi. Qәlәmә dә hәmçinin. İndi isә dilә vә qәlәmә böyük ehtiyacımız olmağını hiss edirәm. Başımdakı min-min fikirlәri nәyin vasitәsi ilә sizә bildirmәk?! Әliniz әlimdә olsa idi, bir sıxmaqla hamı fikirlәrimi, hissiyyatımı bildirәrdim. Gözlәriniz gözlәrimә baxsa idi, hazır yazdığım sözlәri oxuyardınız. İndi isә heç biri müyәssәr deyil. Hazır bu kağızdan, mürәkkәbdәn, qәlәmdәn başqa bir әlacım yoxdur. Bunlar da gözlәrimin, әllәrimin әvәzini vermәyәcәkdir. O bir ayrı alәm, bu bir qeyri alәm! Nә isә, ayrılığa tab gәtirә bilmәdiyimi hiss edirәm. Bir dәqiqә sizi fәramuş edә bilmәyirәm. Hәr gün, hәr saat sizinlә söhbәq edirәm. Bir iş edirәmsә, dәrhal sizi gözümün qabağında gerürәm. Görüb dә, guya söylәyirәm, bu iş sizcә, nә tövr gәrәkdir ola? Hәr bir felim, qövlüm, hissiyyatım sizә bağlıdır.... Mәn tam vücudumla sizә tәәllüq tapmağımı düşünürәm. Bununla belә "Nә sirrdir insanlar bir-birindәn tәfriqә düşüblәr?...." sözlәrinizin mәnә dәhşәtli bir kölgә olmağını da hiss edirәm. Bu kölgәdәn mәn qorxuram. Harada olsam, nә
söylәsәm bu sözlәr fikrimә gәlirsә, әhvalımı büsbütün dәyişir, başımdan od parlayır. Ürәyim iztirabda döyünәrkәn istәyirәm tam vücudumla bu kölgәni özümdәn rәdd edәm. İstәyirәm açıq-açığına bağıram: bәsdir! Mәni rahat qoy!.... Mәn bağırmaq istәrkәn hәmәn dәhşәtli kölgә daha artıq qüvvәtlә mәnә yaxınlaşır. Mәni hәr tәrәfdәn qara bulud alan kimi bürüyür, nәfәsimi tәnglәşdirir, ildırım çaxan kimi: çaxır.... "Nә sirrdir insanlar bir-birindәn tәfriqә düşüblәr?" sözlәri bir arşın boyunda qara taxtanın üstündә tәbaşirlә yazılmış nәzәrimә gәlir. Mәn hirslә hәmin yazıları taxtanın üzündәn silirәm. Mәn sildikcә, daha böyük, daha aşkar xәtlә yazılmış görünür. Mәn taxtanı var qüvvәtimlә yox etmәyә çalışıram, sındırıram..... "Nә sirrdir, insanlar bir-birindәn tәfriqә düşüblәr" sözlәri havada yazılmış görünür.... Nә üçün bu sözlәri siz meydana gәtirdiniz? Nә üçün bu sözlәri әllәrimiz biri-birini tutan vaxt dediniz? Qeyri bir vaxtda, qeyri bir halәtdә bu sözlәri desә idiniz, ola bilsin ki, belә tәsiri olmaya idi. Fәqәt indi ... indi sözlәr deyilibdir. Bu sözlәr mәndәn, mәn bu sözlәrdәn ayrıla bilmirәm. Nә üçün bu sözlәri deyәndә әlimi sıxdınız vә gözlәrinizi yumdunuz?... Sözlәriniz hәrәkәtlәrә müvafiq olub mәnә guya dediniz mәn tam vücudumla sevirәm.... Mәn tam vücudumla sizinlә olmaq istәyirәm. Fәqәt bizi bir şey bir-birimizdәn tәfriqә salır.... Müsәlman-xristianlıq bizim aramızda uçurum bir dәrә ixtira edir.... Sözlәrinizә belә mәna vermәkdә sәhvim yoxdur, zәnn edirәm vә sәhv dә olmaz. Çünki hәmin dәqiqә mәn dә bu fikirdә idim. Mәn istәyirdim deyim: fәqәt siz mәndәn cürәtli olub mәni qabaqladınız, qabaqlayıb da mәni daha artıq mәhәbbәtә mübtәla etdiniz.... Mәnim bütün vücudum: bәdәnim, ağlım, ruhum hamısı sizә tәәllüq tapır, hәyatım hәyatınıza bağlıdır.... Xanım әfәndim! Mәn ancaq camalınıza aşiq olsaydım, mәnim üçün şübhә yeri qalardı. Yox! Camalınızı sevirәm dә, ruhunuzu, ağlınızı daha artıq dәrәcәdә sevirәm. Mәn özümü sizin bir hissәniz bilirәm. Әcәba! Necә ola bilәr ki, bizi "uçurum dәrәlәr" ayıra? Әcәba, bu "uçurum dәrәlәri" biz insanlar düzәldibsә, onları mәhv etmәk bizim ixtiyarımızda deyilmi? Nә üçün mәn müsәlman siz xristian, qeyrisi yәhudi, ya bütpәrәst adlansınlar? Nә üçün bu insanlar sonradan düzülmüş dürlü-dürlü qanunlara sitayiş etsinlәr? Tәbiimi? Yox! Tәbii qanun hamı insanlar üçün bir gәrәkdir ola, hamı insanlar bir nöqtәyә gәrәkdir yürüş etsinlәr. Bu nöqtә isә hürriyyәt, mәhәbbәt alәmidir. Mәn sizi sevirәm, siz dә mәni. "Yox, sevmәk olmaz" qanunu var isә mәn tam vücudumla bu qanunu mәhv etmәyә çalışıram. Müsәlman, xristian, yәhudi, bütpәrәst nә olacağını anlamıram vә istәmirәm dә anlamaq! Ah, sevgili Sona xanım! Mәn millәtimi sevirәm, çünki anamı sevirәm. Mәn hamı dinlәri vә din gәtirәnlәri sevirәm, çünki hamısının әsil mәqsәdlәri insanları qaranlıqdan işıqlığa çıxarmaq olubdur. Hamı dinlәr vaxtında insanları zәmanәyә müvafiq yaxşı yola dәvәt ediblәr. Yәni, ümum bir nöqtәyә yeriş
etmәk üçün hazırlayıblar. Peyğәmbәrlәr gәliblәr, fәqәt demәyiblәr: "Biz islam vә xristianlıq düzәltmәk üçün gәlmişik.... Hamı: "Biz insanları düz yola dәvәt edirik" deyiblәr.... İndi xanım әfәndi, mәqsәd bir, әcәba! Nә üçün insanlar bir-birindәn
tәfriqә düşüblәr? Sәbәb? Sәbәb ağlımızın naqisliyi. Biz әsil mәtlәbi әldәn buraxıb cüzi qanunlara sitayiş etmişik. Bir allahı buraxıb min allaha sәcdә edirik. Fәqәt әsil mәtlәbi düşünәnlәr birlәşirlәr, danışırlar vә mәhәbbәt nә olmağını düşünürlәr. İndi biz dә bu dәrәcәyә çatmışıqsa, mәhәbbәtimiz tәlәb edәn qanunlara sitayiş etmәliyik, deyilmi?" (Bu kağızı oxuyub fikrә gedir.) Bu kağızda elә bir şey yoxdur ki, Sona ondan rәncidә ola. (Fikir.) Bәlkә Sona sözlәrimә şәrik deyil. Bәlkә uçurum dәrәlәr meydana gәlәcәkdir! (Fikir.) Ah, nә üçün mәn belә atәşli kağız yazdım? Sona millәtini nәhayәtdә sevәn bir cavan. Sona ata vә anasına artıq dәrәcәdә mәhәbbәt bağlamış bir qız.... Bu uçurum dәrәlәri keçә bilәcәkmi? Keçәrsә, atasına-anasına әziyyәt olmazmı? Bunlar mәni öz övladları kimi sevirdilәr. Mәnә hәr dürlüyaxşışıqlar ediblәr, mәni tәmiz, saf ürәkli әmin adam bilib qızlarını mәnә tapşırmışlar.
 
İndi öz hissiyyatımı, mәhәbbәtimi açıq-açığına Sonaya yazmaq, Sonanı qeyri bir fikirlәrә.... (Fikir.) Mәnim bir kәsim yox, atam-anam qәbirdә, mәnim halıma yanan, mәnim dәrdimә qalan yox. Mәnә nә olursa-olsun.... Heç kimә әziyyәt olmayacaqdır.... Sona isә ata-anasının әziz pәrvәriş edilmiş qızı.... Sona belә yaxşı, gözәl külfәtin işığı.... Sonanın qәmi, ümum külfәtin qәmi. Sonanın bәdbәxtliyi, ata-anasının bәdbәxtliyi. (Fikir.) Yәqin ki, Sona mәhәbbәtini pünhan saxlaya bilmәyәcәkdir.... Mәhәbbәti aşkar olursa, ata vә anası nә edә bilәcәklәr? (Fikrә gedib sonra deyir.) Ah, nә üçün mәn belә bir atәşli kağız yazdım? Nә üçün belә bir ali tәbiәtli valideynlәrin ruhlarına әziyyәt vermәli oldum? Nә üçün? (Oturub başğşı әllәri ilә tutur vә sonra yavaş-yavaş әllәrini tapançaya uzadır. Bir az fikirdәn sonra tapançanı әlindәn buraxıbiki әllәri ilә üzünü tutub ağlaya-ağlaya kravata yıxılır.) Ah! Ah! Bu nә halәtdir? Ah, Sona! Ah, mәnim mәhәbbәtim!
 
 
ÜÇÜNCÜ GӘLİŞ
 
Qapı döyülür, Bahadır qapıya tәrәf baxır. Sona, Yusif, Bahadır.
 
B a h a d ı r. Girin! (Qapıda Yusiflә Sonanı görüb özünü itirir, sonra Yusifi qucaqlayıb öpür.)
S o n a (gülümsünüb). Bizi gözlәmәyirdiniz, deyilmi?
B a h a d ı r (Sonanın әllәrindәn öpüb). Xeyr, xanım әfәndi, heç fikrimә dә gәlmәzdi! Әylәşin. (Sona pәncәrәnin qabağında oturur, Yusif Bahadırla bir yerdә.)
B a h a d ı r (qapıya gedib). Zinolin!
Z i n o l i n (qapıdan). Bәli, ağa!
B a h a d ı r. Bizә çay hazırla.
Z i n o l i n. Yaxşı.
S o n a. Çay hazır olanadәk mәn gәlәrәm, özümә әlcәk alacağam. (Gedir.)
B a h a d ı r (durub qapıyadәk ötürür). Bu yaxında taparsınız. (Gәlib oturur.) Әcәba, Maşo xanım sizinlә nә üçün gәlmәdi?
Y u s i f (başını aşağı salıb fikirdә). Bahadır bәy! Bizim gәlmәyimizә sәbәb mühüm bir mәsәlә olubdur....
B a h a d ı p. Әcәba! Nә üz veribdir?
Y u s i f (fikirdә). Sizin Sonaya vә Sonanın sizә olan mәhәbbәti mәni vә Maşonu böyük tәşvişә salıbdır.... Siz özünüz bilirsiniz dünyanın işığına Sonanın gözlәri ilә baxırıq. Biz Sonanın uğrunda can vermәyә hazırıq.... İndi bu tәmiz, saf ürәkli qız sizә aşiq olub, gecә-gündüz aramı yoxdur. İndi ikimiz dә gәlmişik, bәlkә üçlükdә bu işә bir sәrәncam verәk.... Sonanın millәtinә olan mәhәbbәti sizә mәlum: bizim vә yainki sizin millәtin belә mәsәlәlәrdә xüsusi bir әqidәdә olmaqları da sizdәn gizlin deyil.... Özünüz, әlbәttә, düşünürsünüz.... Sizin kağızınızı mәn oxudum: fikirlәriniz düz, әqidәniz tәmiz, müqәddәs bir әqidә, fәqәt. (Fikir.) Camaat ... millәt....
B a h a d ı r (fikirdә). Bәli.... Bәli.... Düz buyurursunuz.... Mәn. Mәn.... Sәhv etmişәm.... Mәnim mәhәbbәtim sizә әziyyәt veribdir.... Bağışlayınız.... Әfv ediniz! Mәn.... Mәn.... (Söz danışa bilmәyib ağlayır.) Ah!
 
(Yusif başını aşağı salıb ağlayır.)
 
 
DÖRDÜNCÜ GӘLİŞ
 
 Sona, qeyrilәri vә Zinolin.
 
S o n a (onların hallarına tәәccüb qalaraq sözsüz pәncәrәnin qabağında oturur.) Ah!
 
(Zinolin stәkan gәtirib çay tökür.)
 
B a h a d ı r (durub tәdarük edir). Buyurun, çay için! (Sona vә Yusif mizә yaxın oturub çay içirlәr.)
B a h a d ı r. Sizdәn tәvәqqe edirәm, bu gün naharı da bir yerdә edәk. İnşaallah, sözlәşib mәslәhәt edәrik. Ümid edirәm hamı düyünlәr açılsın....
Y u s i f. Sizә zәhmәt vermәk istәmirәm, yaxşı olardı siz dә bizimlә bir yerdә restoranda nahar edәk.
S o n a. Yox, atacığım, bura yaxşıdır, mәn restoranın xörәyini sevmirәm.
B a h a d ı r. Әlbәttә, bura yaxşıdır, bizә gәlәrsiniz. Necә olsa ev xörәyi tәmiz olar.
Y u s i f. Yaxşı, sözüm yoxdur, gәlәrik! İndi qızım, gedәk.
B a h a d ı r. Haraya belә tez?
Y u s i f. Bir dost adam var, görüşmәk lazımdır. Sonra daha işimiz yoxdur, tez gәlәrik. (Sona vә Yusif çıxırlar.)
B a h a d ı r (onları qapıyadәk ötürür, qapıda durub Sonanın dalınca xeyli baxır. Sonra otaqda tez-tez gәzinmәyә başlayır. Fikirdә ikәn gah dayanır, gah gәzinir, sonra tez oturub kağız yazır; yazıb qurtarandan sonra oxuyur). Tәvәqqe edirәm mәnim ölmәyimdә heç kimi müqәssir etmәyәsiniz, mәn özüm öz әlimlә özümü öldürdüm.... "Ah, insanları bir-birindәn ayıran "uçurum dәrәlәr!" Mәn sizi mәhv etmәk istәrkәn siz mәni mәhv etdiniz.... Fәqәt әmin olunuz, siz axırda mәhv olunacaqsınız....
Ah! (O, tapançanı gicgahına atır.) Ah! (Yıxılır.)
Z i n o l i n (tez gәlib Bahadırı yıxılmış görür). Ağa! Ağa! (Özünü itirir.)
 
 
BEŞİNCİ GӘLİŞ
 
Yusif vә Sona gәlirlәr.
 
Y u s i f. Nә oldu? (Özünü itirib papağı әlindәn düşür.)
S o n a (qәşş edib Bahadırın üstünә yıxılır). Ah!
 
PӘRDӘ

 

Beşinci məclis
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR