Slimfit
  1. İQTİSADİYYAT

Neft bahalaşmasa Azərbaycanı nə gözləyir? - TƏHLİL

Neft bahalaşmasa Azərbaycanı nə gözləyir? - TƏHLİL
Sakura

Neft bahalaşmasa Azərbaycanı nə gözləyir? - TƏHLİL

Xeyli müddətdir, Azərbaycanın ixrac etdiyi neftin qiyməti ucuzlaşır. Nəticədə Azərbaycanın ixrac etdiyi "Azeri Light” markalı neftin qiyməti tarixdə ən aşağı səviyyə olan 16,5 dollara düşüb. Buna qədər ən aşağı qiymət göstəricisi 2001-ci ilin dekabrında qeydə alınmışdı. Həmin dövrdə Azərbaycan neftnin qiyməti 19,5 dollar olmuşdu.

 

Sfera.az xatırladır ki, neftin bu dərəcədə ucuzlaşması koronavirus pandemiyasının yaranması ilə bağlıdır. Dünyanın 195-dən çox ölkəsində virus yayılıb və ölkələr ona qarşı mübarizə məqsədilə karantin rejimi tətbiq edib. Karantin rejiminin tətbiqi iqtisadiyyatlarda aktivliyi aşağı salıb və nəticədə neft alışı kəskin şəkildə aşağı düşüb.

 

 

Koronavirusun yayılma arealının kiçildilməsi məqsədilə insanların hərəkətinə məhdudiyyət qoyulduğundan nəqliyyat vasitələrindən istifadə xeyli azalıb. Buna görə neftə tələb də kifayət qədər azalıb. Çünki hasil edilən neftin təxminən 80 faizi nəqliyyat vasitələri üçün yanacaq istehsalında istifadə edilir. Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, koronavirus pandemiyasına qədər dünyada hər gün 100 milyon barel neft alınırdısa, hazırda bu göstərici 80 milyon barelə, qarşıdakı aylarda isə hətta 70 milyon barelə enəcək. Qısa müddətdə neft istehlakı 20 faiz azaldığı halda neft hasilatı 96-97 milyon bareldə sabit qalıb. Neft istehlakının azalması fonunda onun hasilatının azalmaması neft qiymətlərinin kəskin enməsinə səbəb olub.

 

 

Neftin indiki qiyməti heç bir istehsalçıya sərf etmir. Elə bir vəziyyət yaranıb ki, istehsalçılar nefti sata bilmək üçün onu daha aşağı qiymətə təklif edirlər. Azərbaycan da eyni vəziyyətlə üzləşib. Əvvəllər Azərbaycanın ixrac etdiyi "Azeri Light” markalı neft "Brent” markalı neftdən daha baha satıldığı halda son günlərdə yaranmış yeni bazar şərtləri ilə əlaqədar olaraq daha ucuz satmağa məcburdur. Məsələn, aprelin 1-də "Brent” neftinin qiyməti 24-25 dollara satıldığı halda "Azeri Light” markalı neftin bir bareli 16,5 dollara satılıb. Halbuki, əvvəllər "Brent” nefti 55 dollara satılanda "Azeri Light” markalı neft 57 dollara alıcı tapırdı. Yaranmış vəziyyət ölkəmizin neft ixracından gəlirlərinin sıfıra yaxınlaşmasına səbəb olub. Ona görə də hazırda Azərbaycanın hasil edib, Ceyhan limanına çatdırdığı neftin bir bareli 15 dollara başa gəlir. İndiki qiymətlər maya dəyərinə yaxındır və Azərbaycan neft ixracından əvvəlki dövrlə müqayisədə dəfələrlə az gəlirə sahib olur.

 

 

Neft qiymətlərinin minimuma düşməsi bütün iri neft hasilatçılarını uclaşmaya vadar edir. ABŞ Prezidenti Donald Tramp vəziyyətin ağırlığını nəzərə alaraq ayrı-ayrılıqda Rusiya və Səudiyyə Ərəbistanı liderləri ilə neftin qiymətini müzakirə edib. Trampın açıqlamasına görə bu ölkələrin liderləri hasilatın azaldılması məsələsində razılığa gəliblər. Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Səudiyyə Ərəbistanının təşəbbüsü ilə "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində danışıqlara hazırlıq prosesini işə salıb. Görüşün gələn həftə baş tutması gözlənilir. Bu məsələ ilə əlaqədar ölkələrlə danışıqlara başlanılıb.

 

 

Azərbaycan Energetika Nazirliyi isə açıqlama verib ki, neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da video-konfrans formatında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü olacaq. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur.

 

Qeyd edək ki, bundan öncə də OPEC və OPEC+ ölkələri hasilatın azaldılması ilə bağlı müzakirə aparmışdı, lakin razılıq əldə edilməmişdi. Bu dəfə də razılığın əldə edilib-edilməyəcəyi dəqiq bilinmir. Razılıq əldə edilməsə, neft bahalaşmayacaq və ən yaxşı halda indiki səviyyədə qalacaq. O halda iqtisadiyyatı neft pullarından asılı olan ölkə kimi Azərbaycanı gərgin günlər gözləyəcək.

 

 

Bəs, neft bahalaşmasa Azərbaycanı nə gözləyir?

Neft bahalaşmasa ilk növbədə Azərbaycan iqtisadiyyatında maliyyə tarazlığı pozulacaq. Çünki neft ucuzlaşanda ölkədən çıxan dollar, ölkəyə gələn dollardan çox olur. Bu vəziyyətdə ölkənin maliyyə resursları, valyuta ehtiyatları azalmağa başlayır. Bunun davamlı olmaması üçün ölkədən dollar çıxışı azaldılmalıdır. Bu məqsədlə ən optimal və tez effekt verən yol milli valyutanın ucuzlaşdırılmasıdır. Milli valyuta ucuzlaşanda ölkədə dollar almaq çətinləşir və beləliklə, ölkədən dollar çıxışı azalır. Əgər neft qiyməti indiki səviyyədə qalarsa, iqtisadi tarazlıq üçün manatın ucuzlaşdırılması şərt olcaq.

 

 

Neftin qiymətinin indiki səviyyəsi Dövlət Neft Fondunun vəsaitini də azaldır. Bu qiymətlərlə Fondan çıxan pul, Fonda daxil olan puldan çox olacaq. Belə ki, dövlət büdcəsini icra etmək üçün hər il Fonddan müəyyən məbləğdə vəsaitin büdcəyə köçürülməsi nəzərdə tutulur. Köçürüləcək vəsaitin məbləği müəyyən edilən zaman əvvəlcədən neftin qiyməti təxmin edilir. 2020-ci il üçün 55 dollar təxmin edilmişdi. Neftin faktiki qiyməti təxmin edilən qiymətdən çox aşağı olmadıqda dövlət büdcəsinə köçürülən pula görə Neft Fondunun vəsaitləri azalmır. Faktiki qiymət təxmin edilən qiymətdən xeyli az olduqda isə dövlət büdcəsinə transfertə görə Neft Fondunun vəsaiti kəskin azalır. Belə azalma zərərlidir və onun qarşısını almaq üçün təcili tədbir kimi manat ucuzlaşdırılmalıdır.

 

 

Beləliklə, neftin qiyməti indiki səviyyədə uzun müddət qalarsa, həm iqtisadiyyatda maliyyə tarazlığını qorumaq üçün, həm də Neft Fondunun vəsaitlərinin davamlı azalmaması üçün dollar/manat kursu dəyişdirilməlidir. Neftin indiki qiymətlərində dolların 2,3-2,5 manata qədər bahalaşdırılması daha məqbul olacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR