Nazirlik vergi ödəyicilərinə müraciət etdi
Vergilər Nazirliyi vergi ödəyicilərinin elektron kabinetdən istifadəsinə dair növbəti maarifləndirici məlumat yayıb.
Nazirlikdən “Qafqazinfo” ya daxil olan məlumata görə, elektron kabinet vergi ödəyicisinin Vergilər Nazirliyinin informasiya sistemində yaradılmış fərdi elektron səhifəsidir. Vergi ödəyicisi vergi orqanı tərəfindən verilən kod-parol və ya gücləndirilmiş elektron imza ilə bu səhifəyə daxil olaraq ona ünvanlanmış akt, protokol, qərar, müraciət (ərizə, sorğu, təklif və şikayət), tələbnamə, bildiriş, xəbərdarlıq, bəyannamə (hesabat), arayış, çıxarış və digər sənədləri oxuyur. Elektron kabinet vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edir. Bu sistem vasitəsilə vergi ödəyicisinə ünvanlanmış sənədlər və məlumatlar kağız daşıyıcıda olan sənədə bərabər tutulur və hər iki sənəd eyni hüquqi qüvvəyə malikdir. Vergi Məcəlləsinə əsasən, sənədlər vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə, göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Sənədlər vergi ödəyicisi tərəfindən təqdim edildikdə isə sənədin elektron üsulla göndərildiyi gün sənədlər tərəflərə çatdırılmış sayılır.
Vergi ödəyicisi elektron kabinetinə göndərilən sənədlərlə vaxtında tanış olmadığı halda vergi qanunvericiliyində və inzibatçılığında baş verən dəyişikliklər, vergi orqanı tərəfindən ondan tələb olunan sənədlər, habelə bəyannamələr və ya bəyannamələrin kameral vergi yoxlamasının aparılması üçün təqdim olunmalı sənədlər və s. barədə məlumatlardan xəbərdar olmur. Vergi ödəyicisi tərəfindən məktublara operativ reaksiya verilməməsi isə gələcəkdə əlavə vergilərin hesablanması, bank hesablarına sərəncamların göndərilməsi, maliyyə sanksiyalarının və digər məsuliyyət tədbirlərinin tətbiq edilməsi ilə nəticələnə bilər.
Buna görə də mütəmadi olaraq vergi ödəyicilərinin elektron kabinetlərinə daxil olmuş sənədləri oxumaları tövsiyə edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət