Nazirlik təhsili olmayan şəxslərin bacarıqlarının tanınması üçün layihə hazırlayıb
"İnformal və qeyri-formal üsullarla əldə edilən səriştələrin tanınması üçün normativ hüquqi aktın qəbul olunması ilə bağlı layihə hazırlanıb. Bu, Nazirlər Kabinetinin qərar layihəsi olacaq".
"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib.
Layihənin razılaşdırılması üçün aidiyyatı orqanlara təqdim olunacağını qeyd edən nazir müavini bildirib ki, bəzi insanlar müəyyən bilik və bacarıqlara malikdirlər: "Onlar bunu müxtəlif vasitələrlə alıblar - kiminsə yanında öyrəniblər və yaxud hanısa kurslarda iştirak ediblər".
O vurğulayıb ki, həmin şəxslərin bilik və bacarıqları dövlət nümunəli təhsil sənədi ilə təsdiq olunmur: "Onlar da əmək bazarına çıxmaqda çətinlik çəkirlər. Bu gün qeyri-rəsmi işləyənlərin müəyyən bir qismi həmin şəxslərdir. İstərdik ki, onlar əmək bazarına asan daxil ola bilsinlər və təminatlarından istifadə etsinlər. Bunun üçün də onların bilik və bacarıqlarını həmin qaydalara uyğun olaraq müəyyən məhələlərdən keçirərək tanıyacağıq. Bu dünya ölkələrinin hər birində var. Bu 4 pilləli sistemi ölkəmizdə tətbiq edərək həmin şəxslərin bilik və bacarıqlarını tanınması ilə bağlı sənəd verəcəyik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət