Nazir və baş prokuror generalları Tovuza göndərdi - Nərminin ölümünə görə
“Tovuzdakı cinayət birbaşa Daxili İşlər naziri Vilayət Eyvazov və Baş Prokuror Zakir Qaralovun nəzarətindədir”.
Bunu Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov bildirib.
O, qeyd edib ki, hər iki qurumun vəzifəli şəxsləri 10 yaşlı Nərminin meytinin aşkar edildiyi zamandan hadisə yerinə ezam ediliblər:
“Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, general-mayor Arzu Daşdəmirov və Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, general Kamal Qılıcov Əməliyyat istintaq qrupunun rəhbəri kimi həmin gündən rayona ezam olunublar. Onlar əməliyyat-istintaq tədbirlərinə nəzarət edirlər”.
Tovuzda qətlə yetirilərək yandırılan Nərmin Quliyevanın atası Şərif Quliyev isə Modern.az-a cinayətkarın yaxud cinayətkarların tez bir zamanda müəyyən ediləcəyinə inandığını bildirib:
“Hazırda hüquq-mühafizə orqanları, Baş Prokuorluğun, Daxili İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri kənddədirlər və araşdırma aparırlar”.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət