Nazir müavini açıqladı - Sosial xidmətlərlə bağlı yenilik
Gələn il beynəlxalq təcrübədən çıxış edərək sosial xidmətlərin səyyar formada göstərilməsini təkmilləşdirmək və yeni modelin tətbiqinə başlamağı planlaşdırırıq.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın əksər bölgələrində müxtəlif sosial layihələr həyata keçirilir:
“Təxminən 1500 şəxs cəlb olunub. İl ərzində 10 mindən çox vətəndaşa sosial sifariş vasitəsilə xidmət göstərilir. Dekabrın 2-də ölkə başçısı sosial infrastrukturun təkmilləşdirilməsi üçün əlavə vəsait ayırıb.
Bu bizə bir daha imkan verəcək ki, sosial layihələrin əhatə dairəsini daha da genişləndirək. Eyni zamanda, sosial infrastrukturu da gücləndirək” .
A.Kərimov qeyd edib ki, sosial müəssisələrdə 1000-dən artıq sağlamlıq imkanları məhdud və ahıl vətəndaş var:
“Düşünürük ki, bir çox xidmətlərimiz özündə səyyar xidmətləri ehtiva edir. Bu il sosial müavinətlərin məbləğində ciddi dəyişikliklər oldu. Bu ilin əvvəlində 14 növ müavinət, yeddi növ prezident təqaüdü artırıldı.
Əgər bu günə qədər bunun maliyyə yükü 400 milyon manata yaxın idisə, gələn ildən bunun maliyyə yükü iki dəfə artırılacaq və 800 milyon manata çatdırılacaq. Prezident İlham Əliyev əhalinin sosial rifahının yüksəldilməsi üçün sosial paketlərin nəzərdən keçirilməsi ilə bağlı tapşırıq verib”.
İlhamə Əbülfət
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət