Nazir: “Ermənistan özü atəşkəs üçün çoxsaylı müraciətlər edirdi, razılaşma qüvvəyə minəndə isə atəşkəsi kobudcasına pozur”
“Dünənki danışıqların və qəbul olunmuş bəyanatın qiymətləndirilməsi ondan ibarətdir ki, humanitar əsaslarla atəşkəs elan olunması ilə bağlı çoxsaylı müraciətlər vardı. Bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Puitin də belə bir təşəbbüslə çıxış etmişdi. Biz bu təşəbbüsü yüksək qiymətləndiririk. Bilirsiniz ki, Rusiya Prezidentinin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə danışıqlarında sonra Moskvada belə bir görüş baş tutub. Uzun müzakirələrdən sonra Bəyanat qəbul edilib”.
Ens.az APA-nın məlumatına istinadən xəbər verir ki, bunu bu gün keçirilər mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
Nazirin sözlərinə görə, məqsəd Beynəlxalq Qızıl Xaç Komitəsinin də cəlb edilməsi ilə meyitlərin, əsirlərin və tutulmuş şəxslərin mübadiləsini həyata keçirməkdir: “Sənəddə həmçinin əlavə maddələr də var. Həmin maddələrə əsasən, Ermənistan üzərinə öhdəlik götürüb ki, danışıqların baza prinsiplərinə qayıtsın, atəşin dayandırılmasından sonra tez bir vaxtda substantiv danışıqlara başlansın. Həmçinin bəyanatda danışıqları formatının dəyişdirilməsinin qeyri-mümkünlüyü barədə də maddə var. Çünki format son vaxtlar Ermənistan tərəfindən şübhə altına alınırdı. Danışıqlar formatı deyəndə, biz danışıqların Azərbaycan və Ermənistan arasında aparıldığını nəzərdə tuturuq. Ermənistan tərəfindən hansısa üçüncü tərəfin danışıqlara cəlb olunması cəhdi Azərbaycan tərəfindən rədd edilir. Bu sənəddə biz bu məsələyə növbəti dəfə nöqtə qoyduq”.
C. Bayramov atəşkəsin elan olunmasından bir neçə saat keçməsinə baxmayaraq, Ermənistan buna əməl etmədiyini, bir neçə istiqamətdə əks-hücuma keçməyə cəhd göstərdiklərini və Azərbaycan Ordusu tərəfindən geri oturdulduqlarını diqqətə çatdırıb: Bu, təəssüf doğurur. Çünki Ermənistan növbəti dəfə ikiüzlülüyünü nümayiş etdirir. Ermənistan tərəfindən atəşkəs üçün çoxsaylı müraciətlər oldu, eyni zamanda müxtəlif beynəlxalq təşkilatlar da bu çağırışlarla çıxış edirdi. Lakin razılaşma qüvvəyə minəndə, atəşkəs Ermənistan tərəfindən kobudcasına pozulur. Atəşkəsdən hələlik bir neçə saat keçir. Yəqin ki, bir qədər sonra vəziyyətə daha dəqiq qiymət vermək mümkün olacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət