Slimfit
  1. CƏMİYYƏT

Naxçıvanda 192 mənzillik yeni yaşayış kompleksi istifadəyə verilib

Naxçıvanda 192 mənzillik yeni yaşayış kompleksi istifadəyə verilib
Sakura

Naxçıvanda 192 mənzillik yeni yaşayış kompleksi istifadəyə verilib

Naxçıvanda 192 mənzillik yeni yaşayış kompleksi istifadəyə verilib.

“Report”un yerli bürosu xəbər verir ki, iyulun 13-də Naxçıvan şəhərində istifadəyə verilən “Ümid” yaşayış kompleksinin açılış tədbirində qonaqları salamlayan Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirib ki, yaşayış kompleksinin ümumi sahəsi 22 min 325 kvadratmetrdir. Şəhərcikdəki 9 mərtəbəli 4 yaşayış binasında 192 mənzil var. Mənzillərdən biri şəhid ailəsinə hədiyyə edilib, 72-si isə ipoteka krediti ilə satılıb. Vüqar Abbasov vurğulayıb ki, kompleksdə orta aylıq əməkhaqqı 600 manat olan 10 yеni iş yеri açılıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yeni kompleksin açılışı münasibəti ilə təbriklərini çatdıraraq bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” həm Naxçıvan şəhərinin, həm də muxtar respublikanın bütün rayon və kəndlərinin inkişafına təkan verəcək. Dövlət proqramının icrası çərçivəsində yaşayış komplekslərinin, sosialyönümlü obyektlərin müasir memarlığın tələblərinə uyğun şəkildə tikintisi davam etdiriləcək. Naxçıvan Dövlət Xalça Muzeyi üçün yeni binanın, 1000 yerlik yeni məktəb binasının inşasının planlaşdırılıdığını, Naxçıvan və Ordubad şəhərlərinin tarixi hissəsinin yenidən qurulacağını diqqətə çatdıran səlahiyyətli nümayəndə bildirib ki, Naxçıvanda Qızlar bulağı, Əcəmi seyrəngahı, Möminə Xatun türbəsi, Mərkəzi bazar və Bazarçay gölünün ətrafında da yeni layihə ilə işlər aparılacaq.

“Ordubad şəhəri “1 küçə - 1 ölkə” konsepsiya ilə yenidən qurulacaq, Ordubad şəhərindəki tarixi “Sahil” mehmanxanası yenidən inşa olunacaq, Ordubad şəhərinin “Sərşəhər” məhəlləsi orijinallığı saxlanılmaqla bərpa ediləcək”, - deyə Fuad Nəcəfli bildirib. Əhalinin nisbətən azgəlirli təbəqəsi üçün iş yerlərinin açılması istiqamətində tədbirlərin görüləcəyini vurğulayan səlahiyyətli nümayəndə Əliabad qəsəbəsində 3000 mənzillik yeni yaşayış kompleksi layihəsinin hazırlandığını və yaxın zamanda bu layihənin icra olunacağını vurğulayıb.

Səlahiyyətli nümayəndə Naxçıvanda indiyə qədər aparılan tikinti işlərində nöqsanlara yol verildiyini, əhalinin mülkiyyət hüququnun pozulduğunu, aparılan tikinti işlərində funksionallıq və memarlıq işinin lazımi səviyyədə olmadığını diqqətə çatdırıb. Bildirib ki, bu gün hazırlanan yeni layihələr isə elmi yanaşma və qanunvericiliyin tələblərinə əsaslanır: “Təəssüf ki, muxtar respublikada Naxçıvan şəhərindən başqa, heç bir şəhərin baş planı yoxdur. Naxçıvan şəhərinin baş planı 1984-cü ildə hazırlanıb. Baş planda isə həmin ildən indiki dövrə qədər şəhərdə baş verən inkişafla bağlı heç bir qeydiyyat aparılmayıb. Zərurət nəzərə alınaraq, muxtar respublikanın bütün şəhərlərinin baş planları hazırlanacaq”.

Babək rayonunun Hacıvar kənd tam orta məktəbinin yeni inşa olunmasına baxmayaraq, layihəsinin tamamilə yararsız olduğunu, texniki-tikinti normalarının kobud şəkildə pozulduğunu, bu səbəbdən də binanın sökülüdüyünü bildirən səlahiyyətli nümayəndə Hacıvar kənd tam orta məktəbinin müasir üslubda yenidən inşa olunacağını vurğulayıb.

Çıxışlardan sonra şəhid kapitan Elməddin Meydanovun ailəsinə və digər mənzil sahiblərinə mənzillərin orderləri təqdim olunub.

Şəhid ailəsi ilə görüş zamanı “Şəhid ailələri başımızın tacıdır, sizlər üçün nə etsək, azdır”, - deyən Fuad Nəcəfli dövlətin hər zaman şəhid ailələrinin, qazilərin yanında olduğunu bildirib.

Daha sonra komplekslə tanışlıq olub.

Tanışlıq zamanı bildirilib ki, binaların hər mərtəbəsində sahəsi 95 və 96 kvadratmetr olan 4-ü üçotaqlı, sahəsi 82 kvadratmetr olan 2-si ikiotaqlı olmaqla 6 mənzil var. Bütün binalar sürtəli liftlərlə təmin olunub. Həmçinin, kompleksdə müasir işıqlandırma, mərkəzi nəzarət videokamera sistemi, 2 ədəd 650 kilovoltamper gücündə transformator, mərkəzi havalandırma sistemləri qurulub. Yanğından mühafizə üçün 500 kubmetrlik, tələbatı ödəmək üçün 250 kubmetrlik iki su anbarı tikilib. Bildirilib ki, yaşayış kompleksində 8460 kvadratmetr ərazi abadlaşdırılıb, sakinlər üçün istirahət parkı, uşaqlar üçün əyləncə parkı yaradılıb. İnşa olunan mənzillər ipoteka və sərbəst satışlarla əhalinin xidmətindədir. Qeyd olunub ki, daxili imkanlar hesabına 32 ailəyə bir illik faizsiz daxili kredit, 29 ailəyə isə üç illik daxili kredit verilərək gənc ailələr mənzillə təmin olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR