Slimfit
  1. AZƏRBAYCAN

Naxçıvan xanlığı

Naxçıvan xanlığı
Sakura

Naxçıvan xanlığı

Naxçıvan xanlığı — Xanlığın əsası kəngərli tayfa başçısı Heydərqulu xan tərəfindən qoyulmuşdur. Zəngəzur kəndindən başlamış Araz çayı vadisinə qədər uzanan geniş ərazidə yerləşən Naxçıvan xanlığı, Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi. Dağlar xanlığı qala kimi əhatə edirdi. Şimal-qərbdən Dərələyəz dağları, cənub-şərqdən İlanlıdağ, şimal-şərqdən Böyük və Kiçik Ağrı dağları xanlığın sərhədləri boyu uzanırdı. Naxçıvan xanlığı İrəvan, Qarabağ, Xoy və Maku xanlıqları ilə həmsərhəd idi.

 

Kəngərlilər sülaləsinin mənşəyi

Kəngərlilər peçeneq-türk tayfalarından olmuşlar. Sülalə V əsrdən Naxçıvan ərazisində yaşayıblar. Eramızın əvvəllərində Zaqafqaziyaya hunların tərkibində gələn yüz iyirmi min ailədən ibarət sülalə, onun müxtəlif ərazilərində məskunlaşmışlar. Bizanstarixçisi Konstantinin verdiyi məlumata görə, "948-952-ci illərdə Yavdiertim, Kuvarçicur, Kabukşinyula adlı üç vilayət peçeneqlərin digər peçenəqlərlə müqayisədə daha mərd və nəcabətli olmalarına görə xəngər ləqəbi daşıyırdı".

Kəngərli süvariləri öz igidlikləri ilə məşhur idilər. Rusiyada oktyabr çevrilişinə qədər bütün müharibələrdə Kəngərli nəsli döyüşkənliyi ilə xüsusi fərqlənirdi. Tarixi romanlar müəllifi Yusif Vəzir Çəmənzəminli XVIII əsr hadisələrindən bəhs edən “Qan içində” romanında yazır ki, "Birdən uzaqdakı bağın arxasından toz qopdu. Bu - Kəngərli sülaləsi idi ki, o zaman öz igidlikləri ilə məşhur idi". 1829-cu ildə Kəngərli nəsli ayrıca beşinci alay yaratdı. Kəngərlilərin beş yüz nəfərdən ibarət süvarisi və yüz nəfərlik köməkçi dəstəsi döyüşdə düşmənin iki bayrağını ələ keçirib, yüz nəfərini öldürüb, əlli dördünü isə əsir almışdılar. Həmin döyüşdə şəxsi igidliyi ilə fərqlənən sıravi Baba bəy Cəfəroğlu, Ağakərim Fətəlioğlu, İmamqulu Əlioğlu və başqaları “Üzərində qızıl medal olan Georgi lenti” ilə təltif olunmuşlar. Beşinci yüzillikdə kəngərlilər Sasanilər imperiyasını lərzəyə salmışdı. Kəngərli eli Naxçıvanda, Qarabağda, Şirvanda və İranda məskunlaşmışdır.1816-cı il mayın 12-də Kəlbəli xan Kəngərli Naxçıvan şəhərində Rusiya generalı A.N.Yermolovu qəbul edərkən "Naxçıvanı üç əsr onun kəngərli nəsli idarə etmişdir." demişdi. İvan Petruşevski yazır: "Zəngin Naxçıvan ölkəsi qızılbaş ustaclı tayfasının bir qolu olan kəngərli tayfasının irsi ölkəsi idi".XIX əsrin şairi Əndəlib Qaracadaği "Ordubadın vəsfi" şeirində yazır.

Hakimi Şeyx Əli xan xani-səvaxət, nə deyim,
Yoxdu Kəngərli kimi mərdi-şücaət nə deyim,
Görmədim bir belə sultani-ədalət nə deyim,
Sahibi-təblü aləm özgə qiyamət nə deyim,
Çıxsa cəng eyləməyə Nadiri, dövranə dəyər.

"Ordubadın vəsfi", Əndəlib Qaracadaği
 

Heydərqulu xan (1747-1763/1764)

Xanlığın əsasının qoyulması

   Nadir şah

1736-cı ildə özünü şah elan edən Nadir şah Muğan qurultayında onun namizədliyinə əleyhinə çıxanlara divan tutdu. Bu qəbildən naxçıvanlılara da işgəncə verildi. Nadir şahın “şah” olmasına etiraz etdiklərinə görə, kəngərlilərin bəzi nüfuzlu nümayəndələri də vətəndən Əfqanıstana sürgün edildi. 1747-ci ildə Nadir şahın süqutundan sonra Azərbaycanda iyirmi xanlıq meydana gəldi. Onların hər birinin Azərbaycan tarixində öz yeri və rolu vardır.Nadir şahın dövləti süquta uğratdığından sonra kəngərli tayfa başçısı Heydərqulu xan yerli feodallara arxalanıb, Ağa Həsəni hakimiyyətdən uzaqlaşdıraraq, özünü xanlığın müstəqil hakimi təyin etdi. XVIII əsrin ortalarında Azərbaycan ərazisində yaranan 18 xanlıqdan biri də Naxçıvan xanlığı oldu. Bu dövrdə xanlığın ali hakimi xan özü idi. Qalan feodalların hamısı ona tabe idilər.

 

Xarici siyasəti

Zəngəzur dağlarından başlamış Araz çayı vadisinə qədər uzanan Naxçıvan xanlığı hərbi cəhətdən zəif olduğundan Heydərqulu xandaha qüdrətli xanlıqlara arxalanmağa çalışırdı. Öz hakimiyyətini gücləndirmək və terli işğalçılarından müdafiə olunmaq üçün Heydərqulu xan, XVIII əsrin 50-ci illərində Qarabağ xanlığının qurucusu və ilk xanı Pənahəli xanın görüşünə getdi. Pənahəli xanın gördüyü siyasi tədbirlərində Heydərqulu xanın iştirakı olub. Mirzə Adıgözəl bəy "Qarabağnamədə" yazır: "Məhəmməd Həsən xan Qarabağdanqayıtdıqdan sonra, Pənah xan, qaradağlı Kazım xan, naxçıvanlı Heydərqulu xan və gəncəli Şahverdi xan məsləhət məclisi qurdular".

Özünə güclü rəqib saydığı Şəki xanı Hacı Çələbi xanla müharibəyə hazırlaşan Pənahəli xana hörmət əlaməti olaraq, Heydərqulu xan öz qoşunları ilə Qarabağa gəldi. 1752-ci ildə həyata keçirilən həmin yürüşdə gəncəli Şahverdi xan, qaradağlı Qasım xan, irəvanlı Hüseynəli xan, xoylu Əhməd xan iştirak edirdi. Xanlar Hacı Çələbiyə qarşı birgə yürüş etmək üçün aralarında razılığa gələrək bu barədə Kartli-Kaxeti çarına da məktub göndərdilər. Öz növbəsində II İraklı xanlara yazdığı cavab məktubunda onlarla həmfikir olduğunu bildirmiş və onlara Gəncəyə gəlməyi məsləhət görmüşdü, lakin çar müttəfiqlərinə xəyanət edərək xanların dördünü də Gəncə yaxınlığında Qızılqaya adlı yerdə (21 mart 1752) həbs etdirdi.Gəncəli Şahverdi xanın nökərindən bu hadisəni eşidən Hacı Çələbi Kür çayını keçərək Şeyx Nizaminin qəbri yanında baş vermiş döyüşdə İraklini məğlub edərək xanları azadlığa buraxdı. Bu yürüş haqqında Abbasqulu ağa Bakıxanov və digər müəlliflərin əsərlərində də məlumatlar verilib.

Yürüşdən sonra Heydərqulu xan Naxçıvana qayıdaraq bir sıra tədbirlər həyata keçirdi. O, xanlığı möhkəmlətmək, xəzinənin gəlirini artıran ticarəti, həmçinin sənətkarlığı inkişaf etdirmək məqsədi ilə xanlıqlarda və şəhərlərdə rabitə vasitələrini qaydaya saldı. Heydərqulu xan köhnə körpülərin təmir olunması, çaylar üzərində yeni körpülərin inşası haqqında əmr verdi. Həmin körpülərdən biri Şəkərabad kəndində bu günədək qalmaqdadır.

Heydərqulu xan 1763-cü ildə vəfat etdi. Onun ölümündən sonra xanlıq nisbətən zəiflədi və 1787-ci ilə qədər tez-tez hakimlər dəyişdi. Çox zəifləmiş xanlıq, Xoy, Qarabağ və İrəvanxanlıqları, Kartli-Kaxetiya çarlığı və İran arasında ardı-arası kəsilməyən mübarizənin obyektinə çevrildi.Heydərqulu xanın sələfi Hacı xan İran hakimi Kərim xan Zəndin (1763-1799) qarşısında zəiflik göstərib ona boyun əydi. Sonralar Kərim xan Zənd onu Şiraza dəvət edib, kiçik günah üstündə onu əsir aldı. Naxçıvan taxtında Hacı xanı əvəz edən Heydərqulu xanın oğlu Rəhim xanda hakimiyyətdə uzun müddət qala bilmədi. 1770-cı ildə Kərim xan Zəndin köməyi ilə Naxçıvanda hakimiyyətə gəlmiş Əliqulu xan da öz növbəsində üç ildən sonra Vəliqulu xan tərəfindən devrildi.

 

Abbasqulu xan (1781-1812)

Qarabağ və Xoy xanlıqları ilə münasibətlər

 Abbasqulu xan

XVIII əsrin 80-cı illərinin əvvəllərində Qarabağ xanı İbrahimxəlil xan, Kartli-Kaxeti çarı II İrakli və Hüseynəli xanla birlikdə Abbasqulu xanın Naxçıvan xanlığında hakimiyyətə gətirilməsinə yardım etdi. Ancaq, Xoylu Əhməd xan Abbasqulu xanın əmisi oğlu Cəfərqulu bəyi dəstəkləyirdi. Arzusuna çatmayan Əhməd xan bunun əvəzində iki kəndin — Nazik və Şükürlü kəndlərinin ona verilməsini Abbasqulu xandan tələb etdi. Rədd cavabı alan Əhməd xan öz qoşunlarını xanlığın sərhədlərinə yetirdi. Müqavimət göstərə bilməyəcəyini başa düşən və yerli əyanlar tərəfindən müdafiə edilməyən Abbasqulu xan Naxçıvanı tərk etməyə məcbur oldu. Özünə müvəqqəti Sisyanda sığınacaq tapdı. Lakin Əhməd xanNaxçıvanı tuta bilmədi. Çünki irəvanlı Hüseynəli xan hədələyici məktub göndərərək Əhməd xandan tələb etdi ki, "öz ordusunu təcili sürətdə Naxçıvan qalasından uzaqlaşdırsın". O həmin xanlığa özü sahib olmaq istədiyini də məktubda göndərdi. Əhməd xan Hüseynəli xanın tələbini qəbul etsədə öz fikrindən əl çəkmədi.

Tezliklə Naxçıvan qalası yaxınlığında İrəvan xanı Hüseynəli xanın qoşunu göründü. Hüseynəli xan Naxçıvanda çox qala bilmədi və ordusunu oradan geri çəkdi. Beləliklə, Naxçıvan qalası başsız qaldı. Yaranmış vəziyyətdən istifadə edən Abbasqulu xan Naxçıvana tələsdi və dar günündə onu müdafiə etməyənlərə divan tutmaq qərarı aldı.

Abbasqulu xanın etdiyi zülm xalq arasında böyük narazılıq doğurmuşdu. Bundan istifadə edən Əhməd xan yenidən Naxçıvanın işlərinə qarışmağı qərara aldı. Bu məqsədlə İranda Kərim xan Zəndin ölümündən sonra İsfahanda oturub özünü şah elan edən, lakin rəsmi şah olmayan Əlimurad xana müraciət etdi. Əlimurad xan hakimiyyət başına gəlməyə can atarkən və İranın rəsmi şahı olmadığı halda Azərbaycanın bir sıra xanlıqlarına tabe olmaq rəmzi kimi, onlardan girov və ya qiymətli daş-qaş tələb edirdi. Əlimurad xan 1784-cü ildə Osmanlı Türkiyəsinə qarşı kömək almaq və öz hakimiyyətini möhkəmləndirmək məqsədilə Moskvaya nümayəndə göndərmişdi. Öz nümayəndəsi Məhəmməd xana tapşırmışdı ki, göstəriləcək kömək əvəzində vaxt ilə Rusiyanın tərkibində olmuş torpaqlardan savayı, "Qarabağ, Naxçıvan və İrəvanvilayətlərini də Rusiya İmperiyasına güzəşt etməyə hazırdır. Əlimurad xan bir tərəfdən öz tərəfdarlarını bəzi Azərbaycan xanlıqlarının hakimi olmasına kömək edir, digər tərəfdən isə həmin xanlıqları rus dövlətinə verməyi vəd edirdi. 1783-cü ildə Əlimurad xan, Xoylu Əhməd xanın müraciətini nəzərə alıb, Gülşirəli xanı Naxçıvana göndərdi.

1783-cü ildə Rusiyanın qəyyumluğunu qəbul etmiş Kartli-Kaxeti çarlığı ilə İran arasında özünü dost kimi qələmə verən Əhməd xan, Naxçıvan taxtında Abbasqulu xanın namizədliyini müdafiə edən II İraklinin gözü qarşısında öz hərəkətlərinə bəraət qazandırmaq üçün bütün imkanlardan istifadə edirdi. II İraklinin adına göndərdiyi məktubunda bu cür demişdi: “İndi necə ola bilər ki, mən ona verdiyim sözü yerinə yetirməyim və başqa cür hərəkət edim. Mənim qiymətli əşyam Əlimurad xanın yanında girov saxlanılır. O, elə bilər ki, mən onun əleyhinə gedirəm.” Beləliklə, Əlimurad xan və Əhməd xanın qoşunlarının qarşısını ala bilməyən Abbasqulu xan, yenidən Naxçıvanı tərk etməyə və Tiflisə qaçıb II İraklidən kömək istəməyə məcbur oldu. Əlimurad xan və Əhməd xan tərəfindən müdafiə edilən Cəfərqulu bəy hakimiyyətə gəldi.

 

Cəfərqulu xanla münasibətlər

Hakimiyyətə keçdiyi ilk gündən Cəfərqulu xan xalqın hər cür etirazının qarşısını almaq üçün əhaliyə ciddi təzyiq göstərməyə başladı. Bu təzyiqlərdən sonra əhalinin çoxu Naxçıvanı tərk edərək uzaq vilayətlərə üz tutmağa məcbur oldu. Kartli-Kaxeti çarı II İrakliyə 1783-cü ildə yazılmış məktubda deyilir: “Cəfərqulu xanın Naxçıvan əhalisi ilə necə qəddar rəftar etdiyi xəbərini sizin hüzurunuza çatdırmaqla bildiririk ki, onun zülmkarlığı xalq içərisində elə geniş yayılıb ki, əhali başqa yerə getməyə məcbur olmuşdur. Biz sizə Abbasqulu xanasığınacaq verdiyiniz üçün təşəkkürlərimizi bildiririk. Sizin xeyirxahlığınız nəticəsində Abbasqulu xan himayənizdə yaşayır ki, buda bizi sakitləşdirir və bizdə inam yaradır”.

Abbasqulu xanın tərəfdarları da Naxçıvanda qala bilməyəcəklərini başa düşüb, Gürcüstana gedərək Abbasqulu xanın ətrafında birləşdilər. Naxçıvanlılar məktubunda bu cür deyilir: “Sizin ürək yumşaqlığınıza inanaraq yoxsu əhali hər gün Naxçıvanı tərk edir və Abbasqulu xanın yanına gəlirlər. Onu müdafiyedirsiniz və inanırıq ki, bizidə diqqətdən kənara qoymayacaqsınız. Cəfərqulu bəy əhaliyi zülm edir, bizi ölümə verir və evlərimizi talayır. Biz onun bu fikrini bildikdən sonra Abbasqulu xanın tərəfinə keçdik”.

Gürcüstanda sığınacaq tapan Abbasqulu xan, II İrakliyə yazdığı məktubunda öz təşəkkürünü bu cür ifadə edirdi: “Qoy Allah rəhmi çarın xəstəliyini Abbasqulu xana versin. Sizə sədaqətliyəm. Sizin xeyirxahlığınız sayəsindədir ki, mənim indi vəziyyətim yaxşıdır. Allahın köməyi və sizin sayənizdə vəziyyətim yaxşıdır, sizə dua edirik.” Məktubun ardında Abbasqulu xan Gürcüstana gəldikdən sonra Naxçıvandakı vəziyyəti təsvir edir. O bu cür yazırdı: “Naxçıvana artıq üç gündür getmişdim. Rəislərdən Əliqulam Sultan, İxlas Sultan və onun oğlu Hüseynəli bəy, Ağasıbəy, Məmmədəli və başqaları Cəfərqulu xanın pis rəftarına, onları incitdiyinə görə mənim yanıma gəlmişdilər”. Gürcüstana, Abbasqulu xanın düşərgəsinə gələnlər söyləmişlər ki, onlar II İraklinin xoş rəftarını görüb Cəfərqulu xandan intiqam almaq məqsədi ilə Tiflisə gəlmək fikrindədirlər.

Naxçıvan əyanlarının Gürcüstana — Abbasqulu xanın yanına getmələri Cəfərqulu xanı hədsiz dərəcədə qəzəbləndirirdi. O, Abbasqulu xanın yanına getmək istəyənləri cəzalandırmaq qərarına gəldi. Belə rəftarın ilk qurbanı feodallardan Məhəmməd bəy oldu. O, Gürcüstana gedərkən, Cəfərqulu xanın qardaşı Kəlbəli bəy tərəfindən öldürüldü.

Ayrı ayrı adamların qətlə yetirilməsi ilə kifayətlənməyən Cəfərqulu xan əmr etdi ki, Abbasqulu xanın yanına getmək istəyənlərin evləri dağıdılsın, əmlakları müsadirə edilsin və irsi mülkiyyəti əlindən alınsın. Lakin bu tədbirdə xalqı sakitləşdirə bilmədi. Naxçıvanda xalq çıxışları güclənirdi. Əhalinin öhdəsindən gələ bilməyən Cəfərqulu xan, öz yaxın adamlarında biri Şirəlini xoylu Əhməd xanın yanına göndərdi ki, “o ya Naxçıvanda qayda-qanun yaradıb xalqı sakitləşdirsin, ya da kömək üçün qoşun göndərsin”.

Naxçıvandakı hakimiyyət dəyişikliyi haqqında Qarabağlı İbrahimxəlil xan və Xoylu Əhməd xan arasında müqavilə imzalandı. Tərəflər Təbrizi tutub əldə edilmiş qəniməti bölmək, daha sonra Naxçıvanı ələ keçirib, Əlimurad xan tərəfindən devrilmiş Abbasqulu xanı hakimiyyətə gətirmək barədə razılığa gəldilər. Əldə olunmuş razılıq əsasında İbrahimxəlil xan qoşunla Naxçıvana tərəf hərəkət etdi. İbrahimxəlil xanın qoşunları xanlığın ərazisinə daxil oldular və Cəfərqulu xan Şərur çayı sahilindəki bir qalada gizləndi. 1785-ci ilin mayın əvvəllərində İbrahimxəlil xanın qoşunu Naxçıvan qalasını ələ keçirib, Abbasqulu xanın Naxçıvanda hakimiyyətini bərpa etdi. Lakin Cəfərqulu xanı tutmaq mümkün olmadı. Naxçıvanı tərk edən Cəfərqulu xan, Xoylu Əhməd xanın köməyi ilə bir neçə qalanı ələ keçirmiş, Hacı Dəmir qalasını özünə iqamətgah seçmişdi.

 

 
Naxçıvan xanlığının əsas pul vahidlərindən biri pənahabad.

Məlum olduğu kimi, Azərbaycan xanlıqlarının əksəriyyətinin öz pul vahidləri var idi. Azərbaycanın başqa xanlıqlarından fərqli olaraq Naxçıvan xanlığında pul zərb edilmirdi. Ona görə də xanlıq dövriyyəsində əsasən İran və Azərbaycan pul vahidləri işlədilirdi. Tümən, yarım tümən, pənahabad, sahibqıran, şahi, yarım şahi, mahmudiyyə, para, səksənlik, yüzlük xanlığın əsas pul vahidləri idi. Xanlıqda yalnız gümüş və missikkələr zərb olunurdu. Çünki qızıl sikkələrinin zərb olunmasına ixtiyar yox idi. Naxçıvan xanlığının gümüş sikkələri çox az idi. Amma bir neçə mis sikkələr bu günədək gəlib çatmışdır.

Şuşa şəhəri salındıqdan sonra Pənahəli xanın əmri ilə 15 qəpik dəyərində olan "pənahabad" sikkəsi zərb olunmuş, həm Qarabağ xanlığının daxilində, həm də digər xanlıqlarının ərazisində işlənmişdir. Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra Qacarlarla münasibəti nizamlamaq məqsədi ilə İbrahimxəlil xanın göstərişinə əsasən, Fətəli şahın adından dəyəri 35 qəpik olan "sahibqıran"adlı pul vahidi kəsdirildi. Bu barədə Əhməd bəy Cavanşir yazır ki: "Ağa Məhəmməd şah Şuşada öldürüldükdən sonra İbrahimxəlil xan, Tehranda hakimiyyətə keçmiş Fətəli şaha itaətkarlıq göstərmək əlaməti olaraq, onun adına 35 qəpik dəyərində pul kəsilməsi üçün göstəriş vermişdir". Hər iki pul Naxçıvan xanlığının numizmatikasında əsas yer tuturdu.

 

Ticarət

Əkinçilik

Əlincə mahalının torpağı əsas etibarilə gilli torpaqlar olmuş, bura yalnız buğda və arpa əkmək üçün yararlı olmuşdur. Xok mahalının torpaqları buğda və arpa ilə bərabər pambığında əkilməsinə imkan verirdi. Dərələyəz mahalının əkin sahələri isə gilli torpaqlar və qara torpaqlar olmuşdur. Ordubad bölgəsi isə torpaqların xüsusiyyətinə görə 3 yerə bölünürdü: şimalda gili çox olan qara torpaqlar, mərkəzdə gilli və qumlu torpaqlar, cənubda Araz çayı boyunca sarı və qırmızı gilli torpaqlar. Torpaqların xüsusiyyətinə görə Naxçıvan xanlığında kəndlilər ipəkçilik, bağçılıq, üzümçülük, pambıqçılıq, taxılçılıq, bostançılıq ilə məşğul olurdular.

Naxçıvan xanlığında əsas kənd təsərrüfatı sahəsi taxılçılıq idi. Taxılçılıqla əhalinin əksəriyyəti məşğul olurdu. Hətta bəzən maldarlar öz şəxsi istifadələri üçün taxıl əkirdilər. Xanlıqda yazlıq və payızlıq taxıl əkilirdi. Payız əkini sentyabr ayında başlayır, Novruz bayramından yüz gün keçdikdən sonra, təqribən iyun ayında yığılırdı. Yazlıq buğda isə mart ayının axırında əkilir, payızlıq taxıldan iki həftə sonra yığılırdı. İşğaldan əvvəl Naxçıvan xanlığında yığılan taxıl təqribən 10 min xalvara bərabər idi. Ordubad bölgəsində torpağın böyük bir hissəsinə buğda əkilirdi.

Çəltik əsasən Naxçıvan xanlığında: şəhərdə və Şıx Mahmud, Xəlili, Kültəpə, Oruc, Uzunoba, Həsənağa, Didovar, Nəzərabad, Xalxal, Şahbuz, Qarababa, Cəhri, Təzəkənd, Nehrəmkəndlərində, Əlincə mahalında (Əbrəqunis, Culfa, Çəmənlik, Saltaq, Xanağa, Kəşkənd) və Dərələyəzin qərb hissəsində əkilirdi. 1828-ci ildə Naxçıvan xanlığında çəltik məhsulu 10 min puda bərabər olmuşdur.

Kənd təsərrüfatı məhsullarının içərisində pambıq xüsusi yer tuturdu. Pambıq feodallara daha çox gəlir verirdi. Pambıq Dərələyəzdən başqa demək olar ki, bütün mahallarda əkilirdi. Əsasən Naxçıvan mahalında: Yarımca, Şıx Mahmud, Kültəpə, Oruc, Uzunoba, Həsənağa, Didovar, Nəzərabad, Əznayird, Süst, Bulqan, Qaraquna, Hasan, Qoşadiz, Tunbul, Yamxana, Qızılvəng, Nehrəm kəndlərində; Xok mahalının isə bütün kəndlərində; Əlincə mahalının Arazin, Əbrəqunis, Culfa və Şüküd kəndlərində əkilirdi. 1828-ci ildə xanlıqda 300 xalvara yaxın və yaxud 6 min pud pambıq yığılmışdı.

Xanlıqda xüsusi ilə Dərələyəz mahalında əkilən kətandan, əsas etibarilə yağ almaq üçün istifadə olunurdu. Kətandan nəinki yağ almaqda, hətta toxuculuqda istifadə edilirdi. Arıçılıqvə ipəkçiliklə əsasən Ordubad bölgəsində məşğul olurdular. İpəkçilik kənd təsərrüfatının o qədər gəlirli sahəsi idi ki, hər tut ağacından ildə 1 manat 20 qəpik vergi alınırdı. Bütün Ordubad bölgəsində 100 min tut ağacı var idi ki, bunun da 10%-i, yəni 10 min ədədi Ordubad şəhərində yerləşirdi. Xanlığın düzənlik yerlərindəki kəndlərdə tut ağaclarının cərgəsi genişləndirilirdi ki, onlarla ipək qurdu yemlənilirdi. XIX əsrin 20-ci illərində Ordubad şəhərində 200 pud ipək istehsal olunurdu. İpək həm də bazara çıxarılırdı. Əldə edilən ipəyinkeyfiyyət baxımından bazar qiyməti də müxtəlif olurdu. Məsələn, birinci növ ipəyin qiyməti Ordubad bazarında 12 tümənə, ikinci növü isə 7 tümənə bərabər idi.

Kənd təsərrüfatı sahəsində Naxçıvan xanlığı əhalisinin əsas məşğuliyyətlərindən biri də bağçılıq idi. Dağ kəndlərindən başqa digər kəndlərin əhalisi də bağçılıqla məşğul olurdu. Dağ kəndlərində yayın qısa olması və qışın sərt keçməsi bu kəndlərdə bağçılıqla məşğul olmağa imkan vermirdi. Ordubad bağlarında 200 xalvar əkin sahəsində meyvə bağları salınmışdı ki, bununda 30 xalvarı Ordubad şəhərində və onun ətrafında yerləşirdi. Bağçılığın əsasını meyvəçilik və üzümçülük təşkil edirdi. Üzüm bağlarının əksəriyyəti xanlıqda becərilirdi. Burada 30 xalvara yaxın üzüm bağı var idi. Əsas etibarilə, kişmiş üçün istifadə edilən bir xalvar üzüm sahəsindən 400 batmana yaxın məhsul yığılırdı. Ümumiyyətlə, xanlıqda XIX əsrin 20-ci illərində 12 min batmana yaxın üzüm yığılırdı.

Naxçıvan xanlığının iqtisadi həyatında bostançılığın da özünə məxsus yeri var idi. Bostançılıqla Yarımca, Şıx Mahmud, Kültəpə, Orucdizəsi, Uzunoba, Həsənağa dizəsi, Syurab, Didovar, Nəzərabad, Mirzə, Cəhri, Qoşadiz, Tunbul, Yamxana, Təzəkənd, Nehrəm, Arazin, Əbrəqunis, Xanağa, Saltaq, Bənənyar, Culfa, Şərur və s. kəndlərin əhalisi məşğul olurdu. 1828-ci ildə Naxçıvan xanlığının əkilən torpaqlarının 50 xalvarında bostan əkilirdi ki, buradan da yarım milyon pud məhsul yığılırdı.

Xanlıqda əkilib-becərilən kənd təsərrüfatı məhsullarının bir qismi satış üçün nəzərdə tutulurdu. Bazarda buğdanın bir batmanının qiyməti 40 gümüş qəpik, unun bir batmanının qiyməti 50 gümüş qəpik, arpanın bir batmanı 30 gümüş qəpik idi. Darı ən ucuz dənli bitkilərdən idi ki, onun hər batmanı 20 gümüş qəpiyə müəyyən edilmişdi. Çəltiyin qiyməti isə buğdanın qiyməti kimi 40 gümüş qəpik olmuşdu. Naxçıvan bazarında ən bahalı kənd məhsulu pambığın bir batmanının qiyməti 4 manat 50 qəpik idi.

 

Maldarlıq

Naxçıvan xanlığında əhalinin əsas məşğuliyyət sahələrinin birini də maldarlıq tuturdu. Xanlığın dağətəyi və dağlıq bölgələri maldarlığın inkişafı üçün daha əlverişli idi.

Vergilər və mükəlləfiyyətlər

Torpaq quruluşu

Digər Azərbaycan xanlıqlarında olduğu kimi, Naxçıvan xanlığında da beş növ torpaq mülkiyyəti mövcud idi.

Dövlət torpaqları divan adlanırdı. Lakin əvvəlki əsrlərdən fərqli olaraq XVIII əsrin ikinci yarısında xanlıqda dövlət torpaqları tədricən əvvəlki əhəmiyyətini itirərək bir növ xanın şəxsi mülkiyyətinə çevrilmişdi. İvan Petruşevski yazır: “XVII əsrin ikinci yarısında dövlət torpaqları ilə xan ailəsinin torpaqları birləşdirilib vəhdət təşkil etmiş və beləliklə də ...şəxsi torpaq sahibliyi divan torpaqları hesabına artmışdır”. Bu torpaqlar xanın və xan ailəsi üzvlərinin varlanmasına şərait yaradırdı. Əksər hallarda divan torpaqları xanın razılığı ilə hər hansı şəxsə bu və ya digər xidmətinə görə tiyul hüququnda istifadəyə verildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR