Slimfit
  1. BİOQRAFİYA

Napoleon Bonapart

Napoleon Bonapart
Sakura

Napoleon Bonapart

Napoleon Bonapart (it. Napoleone Buonaparte, fr. Napoléon Bonaparte; d. 15 avqust 1769 – ö. 5 may 1821) — Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun generalı, Fransa Respublikasının birinci konsulu (9 noyabr 1799 — 20 mart 1804), fransızların imperatoru (18 may 1804 — 11 aprel 1814, 12 mart 1815— 22 iyun 1815), İtaliya Respublikasının Prezidenti (26 yanvar 1802 — 17 mart 1805), İtaliya kralı (17 mart 1805— 11 aprel 1814), Reyn İttifaqının protektoru (12 iyul 1806 — 19 oktyabr 1813), İsveçrə Konfederasiyasının mediatoru (19 fevral 1803 — 19 oktyabr 1813), Berqin Böyük Hersoqu (1808—1809).

 

Ümumi xülasə

Napoleon Bonapart 15 avqust 1769-cu ildə Korsikada anadan olub. O, Karlo Bonapartın və Letizia Ramolinonun 2-ci oğlu idi. Napoleon Briendəki hərbi akademiyaya daxil olur və 1785-ci il 28 oktyabra qədər burada təhsilini davam etdirir. Elə həmin ildən artilleriya üzrə kiçik leytenant rütbəsi ilə peşəkar hərbi fəaliyyətə başlayır. O dövrdə Fransada böyük çaxnaşmalar baş verirdi. Napoleon Korsikaya qayıdıb öz vətəni uğrunda döyüşlərə qoşulur. O, 1793-cü il 17 dekabrda ilk hərbi uğurunu İngiltərə tərəfindən zəbt olunmuş Tulonu azad etməklə qazanır. Bu qələbəsinə görə Napoleon briqada generalı, 23 fevral 1796-cı ildə isə İtaliya ordusunun komandanı təyin edilir.

1796-cı il 9 martda Napoleon Bonapart Jozefina de Boqarne ilə ailə həyatı qurur. O, 1799-cu ilin noyabr ayında dövlət çevrilişi edərək birinci konsul olur və bütün hakimiyyəti öz əlində cəmləyib ölkədə diktatura rejimi yaradır. 1800-cü ildə Fransa bankının əsasını qoyur, 1804-cü ildə "Vətəndaş məcəlləsi" islahatını həyata keçirir. 1804-cü il may ayının 18-i isə Napoleon özünü kral elan edir.

Napoleonun 1805-ci ildə Avstriya, 1806-cı ildə Prussiya, 1807-ci ildə Polşa üzərindəki parlaq qələbələri Fransanı Avropa qitəsinin demək olar ki, hegemon dövlətinə çevirir. Lakin dəniz rəqabətində Böyük Britaniyaya uduzması, 1812-ci ildə Rusiyaya məğlub olması onun qurduğu Fransa imperiyasının süqutunu tezləşdirir.

Fransa əleyhinə müttəfiqlər Parisdə Napoleonu taxtdan əl çəkməyə məcbur edir və Elbaya sürgünə yollayırlar. Lakin Napoleon öz xarizmasının gücü hesabına 1815-ci ildə yenidən hakimiyyətə qayıdır. 1815-ci il iyunun 22-də baş verən Vaterlo döyüşündə məğlub olduqdan sonra o ikinci dəfə hakimiyyətdən əl çəkməli olur. İngilislər onu dustaq kimi Müqəddəs Yelena adasına sürgün edirlər.

 

Titulları

  • Fransa İnqilabi Ordusunun generalı
  • Fransa Respublikasının I Konsulu (1799)
  • Fransa İmperatoru (18 may 1804 – 11 aprel 1814)
  • İtaliya kralı (1805)
  • Reyn İttifaqının protektoru (1806)

 

Həyatı

Kimliyi, uşaqlığı və gəncliyi

   Napoleon Bonapart
  Napoleonun anası Letizia Bonapart
(yağlı boya, Robert Lefevre 1813-cü il)

Napoleon Bonapart (Korsika şivəsincə Nabulione) hələ Genuaya qarşı müstəqilliyi uğrunda mübarizə aparmış və nəticədə 1768-ci ildə Fransa tərəfindən satın alınmış Korsika adasında, Ayaççoda 15 avqust 1769-ci ildə anadan olmuşdur. O, Karlo Bonapartın və Letizia Ramolinonun 2-ci oğlu olaraq dünyaya gəlmişdir. Ailədə 13, sonradan tələf olanları çıxmaqla 8 (5 oğlan və 3 qız) uşaq olmuşlar. Ailəsi XVI əsrdən etibarən adaya köç etmiş xırda aristokratlardan olmuşdur.

Əslən İtaliyanın Toskana əyalətindən olan atası Karlo Bonapart yerli mülkədarlardan həm də müstəqillik uğrunda mübarizənin rəhbəri Paskal Paolinin katibi olmuşdur. XV Lüdovik tərəfindən ada satın alındıqdan sonra fransız qoşunları korsikalı qiyamçıları darmadağın edir və Paoli İngiltərəyə qaçır. Napoleon məhz bu hadisədən 3 ay sonra dünyaya gəlmiş olur. Məhz bu hadisələrin təsirindən Paoli 1790-cı ilə qədər Napoleonun idealı olmuşdur. Hüquqşünas təhsilli atası müstəqillik dövründə Korsika konstitusiyasının yaradıcısı olsa da sonralar Fransa tabeçiliyi ilə barışmalı olur. Karlo Bonapartın Fransaya qarşı loyallığı nəzərə alınaraq 1771-ci ildə Ayeççonun aksessoru vəzifəsinə təyin edilir və eyni zamanda Parisdəki Korsika parlamentinə zadəganların nümayəndəsi seçilir.

Napoleon Bonapart əvvəlcə Ayaçço şəhər məktəbinə gedir. Daha sonra o, bacı-qardaşları ilə birlikdən bir abbatın yanında riyaziyyat və yazı yazmaq dərsləri alırlar. Napoleon çalışqanlığı ilə seçilirdi. Zəngin kitabxananın olması və şəxsən Karlo Bonapartın səyləri nəticəsində böyük qardaşlar erkən olaraq tarixlə, ədəbiyyatla və hüquqla maraqlanmağa başlamışlar.

 
Karlo Bonapart (Anna Luis Qirodet-Triosona məxsus rəsm, 1806)

Korsikanın fransız qubernatoru Luis Çarlez Qraf de Marboyf ilə əməkdaşlıq edən Karlo Bonapart oğlanları Napoleon və Yozef üçün təqaüdə nail olur. Böyük oğlu keşiş kiçik oğlu isə orduda xidmətlə öz karyerasına başlamağa hazırlaşırlar. 1778-ci ildə adanı tərk edərək hər iki qardaş fransız dilini öyrənmək üçün Autun kollecinə gedirlər. Növbəti il Napoleon Brienne kadet məktəbinə daxil olur. Məktəbdə yeganə korsikalı olan Napoleonun dərslərindəki uğurlar müxtəlif idi. Belə ki, hesabdan fərqlənə bilsə də latın dilindən zəif olduğundan heç imtahan edilməyə məsləhət görülmür. Fransız dilində yazıdan geri qalsa da çoxlu mütaliə nəticəsində nitqini xeyli yaxşılaşdırmağa nail olmuşdur. Tarixi qəhrəmanların həyatına: Yuli Sezar və Makedoniyalı İsgəndərə böyük maraq göstərir.

İmtahanlardan sonra dənizçi kimi xidmətə layiq görülsə də anasının təkidi ilə imtina edərək öz riyazi bacarığını artilleriyada sınamağı qərara alır və Parisin ən prestij hərbi məktəbinə (fr. École Militaire) daxil olur. Burada o, attilleriyanın sirlərinə: hidrostatikaya, differansal və inteqral hesablamalara eyni zamanda dövlət hüququ və istehkam fənnlərinə yiyələnir.

24 fevral 1785-ci ildə atası mədə xərçəngindən vəfat edir. Napoleon ailə başçısı vəzifəsini öz boynuna götürür və eyni zamanda böyük qardaşı Yozeflə də hesablaşır. Elə həmin ildə, 16 yaşında o təhsilini vaxtından tez başa vuraraq, səriştəsinə görə zabitrütbəsinə layiq görülür. Valensadakı La Fère bölüyünə daxil olaraq 1788-ci ilin iyunayından leytenant rütbəsilə xidmət göstərir. Anasına kömək məqsədilə 11 yaşlı kiçik qardaşı Luisi yanına gətirib tərbiyəsilə özü məşğul olur.

Asudə vaxtlarını ədəbiyyata və yazıçılığa sərf edir. Mütaliəyə çox vaxt ayıraraq romandan, dərsliklərdən, antik tarixi səlnamələrdən, Platondan tutmuş müasirlərinə qədər olan çoxlu əsərlər oxumuşdur. Belə ki, Yohan Volfqanq Höteni dəfələrlə oxuyarmış. Sonralar siyasətə maraq göstərərək Jan Jak Russonuözünə ideal seçir. Böyük Britaniyanın konstitusiya-monarxiya quruluşu ilə ciddi maraqlanır. Daha sonralar fransız tarixçisi və sosioloqu Reynal Qiyom Tomas Fransua diqqətini çox çəkmişdir.

 

İnqilabi fəaliyyəti

Napoleon 1789-cu ildə baş vermiş Fransa inqilabını açıq-aşkar dəstəkləyir və öz bölüyü ilə birlikdə sədaqət andı içməyə məcbur olur. Korsikanın azadlığı üçün yeni bir şans yaranır. Sentyabr ayında ordudan məzuniyyət götürərək Korsikaya gayıdır və qardaşı Yozef ilə aktiv siyasi fəaliyyətə başlayır.

1791-ci ildə öz bolüyünə döndükdən sonra ona baş leytenant rütbəsi verilir. XVI Lüdoviq qaçdıqdan sonra özünü respublikaçı elan edərək yerli Yakobin klubuna daxil olur. Lion akademiyasında respublikaçı şüarlarla çıxışlar edir. 1791-ci ildə öz truppası ilə qısa bir müddətə Korsikada qalır. Korsika milli qvardiyasına daxil olaraq Paoliyə qarşı çıxır. Qanlı qarşıdurmadan sonra truppasını adanın içərilərinə çəkərək özü Fransaya dönür.

Korsikadan daxil olan şikayətlər əsasında, Napoleon bu hərəkətinə görə 1792-ci ildə ordudan xaric edilir. lakin zabit çatışmamazlığına görə təzədən orduya kapitan rütbəsi ilə geri qaytarılır. Təzədən Korsikaya qayıdaraq Sardiniyaya qarşı hərbi aksiyaya qoşulur. Beləliklə Napoleon Fransa inqilabına sadiq qalaraq Korsikanın müstəqilliyinin və uşaqlıq idealı Paolinin əleyhinə çıxır. Bu isə ailəsinin Fransaya mühacirət etməsi və onun Korsika ambisiyasının sonu demək idi.[3]

 
Jozefina Boharne
(rəsm François Gerard)

Korsikadan qaçaraq Fransanın cənubunda yerləşmiş bölüyünə qayıdır. Bu zaman hakimiyyətə Yakobin diktaturası gəlmiş olur. Hələ bir il öncə Yakobin klubundan ayrılan Napoleon 1793-cü ildə siyasi baxışını əks etdirən broşür çap etdirir.

Napoleon Böyük Britaniya donanmasının dəstəyinə arxalanan bəzi inqilabçıların və royalistlərin (monarxistlərin) yerləşmiş olduğu Tulon şəhərinin artilleriya komendantı təyin edilir. 25 noyabr 1793-cü ildə Napoleon hazırladığı şəhərə hücum planı haqqında komandan general Duqommirə məlumat verir və 19 dekabrda Tulona hücuma keçir. Bu müvvəffəqiyyət həqiqətdə də Napoleonun yüksəlişinin başlanğıcı olur. 22 dekabrda ona təşəkkür elan edilərək 24 yaşında briqada generalı rütbəsi verilir. Niçdə qərargahı yerləşən İtaliya ordusunun artilleriya komandanlığı ona tapşırılır. Lakin Yakobin hakimiyyəti devrildikdən sonra Robespyer partiyasının tərəfdaşı olduğuna görə həbslərə məruz qalır. Onun hərbi karyerası siyasi çevrilişlərin qurbanına çevrilir.

Bütün bunlardan sonra Napoleon ailəsi ilə Marseldə yaşamalı olur. Qardaşı Yozef Juli Kların xeyrinə təbliğat işinə qatılır. Napoleon isə Kların bacısı Deziri Klara vurulur. Sonralar Deziri İsveç kralı XIV Karl Johanna (Jan Batista Bernaddot) ərə gedir. Karyerasını xilas etmək məqsədilə Parisə gəlir. Özünü Termidorian kimi qələmə verərək sağçıların qiyamı zamanı daxili qoşunların baş komandanı təyin olunmuş, hərbidən heç də başı çıxmayan Barras Poula onun təkidi ilə xidmət göstərir. 5 oktyabr 1795-ci ildə qiyamçılar artilleriyanın gücü hesabına yatırılır və nəticədə Napoleon diviziya generalı az sonra isə daxili qoşunların baş komandanı təyin edilir. Bu zamanlar o, Barras Poulun vasitəsilə əri Aleksandr Boharnenin qətlindən sonra dul qalmış Jozefina Boharne ilə tanış olur. Napoleon Joyefinaya vurulur və Deziri ilə əlaqənı kəsərək 9 mart 1796-cı ildə onunla evlənir.

Hər ikisi bu nigahdan faydalanmağa çalışırdı. Belə ki, Napoleondan yaşca böyük olan Jozefina öz bahalı həyat tərzini Napoleonun hesabına maliyələşdirmək, Napoleon isə onun vasitəsilə Barras Poulla möhkəm əlaqə yaratmaq və həmdə Paris cəmiyyətinə yol tapmaq fürsəti əldə etmiş olur. Evlənməsindən iki gün sonra Napoleon Nitsaya gələrək İtaliya ordusunun komandanlığını təhvil alır.

Ona tabe olan generallar Pyer Fransoys Çarlz Auqeray və Andre Massena bu təyinata müəmmalı baxırlar. Lakin sonradan Napoleon çıxışları və əməli işi ilə özünə hörmət qazandırır. İtalyan ordusu düşgün, pis silahlanmış və aylarla məvacib almayan 40000 nəfərdən ibarət idi. Napoleon orduya səslənərək: "Mən sizi dünyanın bərəkətli düzənliklərinə aparmaq istəyirəm, əlinizə böyük şəhərlər düşəcək; orada siz cənablar şöhrətə və dövlətə çatacaqsınız."

Ordunun ruhunu və həmdə öz təbliğatını aparmaq üçün Courier de l’Armée d’Italie adlı ordu qəzeti təsis edir. Napoleonun kredosu belə səslənir: "müharibə sistemi qalanı çökdürmək kimi bir şeydir. Atəşi məqsədyönlü elə eyni nöqtəyə tuşlamaq lazımdır. Elə ki müqaviməti pozuldu özü dağılacaqdır."

 

Misir ekspedisiyası

 
Napoleon Bonapart Sfinksin qarşısında (1868-ci ildə Jean-Léon Gérôme tərəfindən çəkilib.)
 
Napoleon Bonapartın Elba adasına sürgün edilməsinin təsvir olunduğu müasir qəhramanını səfəri adlı rəsm. Rəsmdə Napoleon Bonapart bir əlində qırılmış qılınc digər əlində isə uzunqulaqın quyruğunu tutarkən təsvir olunmuşdur. Arxa fonda görünən musiqiçilər isə Napoleonu müşayyət edirlər.

Böyük Britaniyanın Misiri tutmaq planına qarşı Fransa hökuməti Misirə 19 may 1798-ci ildə Hərbi və nəqliyyat gəmilərindən ibarət ekspedisiya göndərir. Ekspedisiyada 38000 əsgərlə yanaşı ölkənin tarixini, mədəniyyətini tarixi abidələrini tədqiq etmək və orada yeni siyasi və iqtisadi strukturlar yaratmaq məqsədilə çoxlu alimlər, mühəndislər, rəssamlar da iştirak edirdilər. Hərbi ekispedisiya 1 iyun 1798-ci ildə Misirə yetişir və Osmanlı ordusunu Misir ehramları yaxınlığında məğlubiyyətə uğradıraq 23 iyulda Qahirəyə daxil olur. Bu zaman Napoleona onun gəmilərinin Britan donaması tərəfindən Əbukirdə batırıldığı xəbəri verilir. Belə ki, 1798-ci ildə Əbukir dəniz döyüşündə, vitse-admiral Horatsio Nelsonnun komandanlığı altında Britaniya donanması fransız donanmasını darmadağın etmişdi. Fransa ilə əlaqə kəsilmiş olur. Buna baxmayaraq ekspertləri ilə birlikdə müxtəlif reformalara başlayır və beləliklə Misirin tədqiqatına başlanılır, bununla da d’Égypte institunun əsasını qoymuş olur. Ekspedisiya zamanı 1799-cu ildə indiki Rəşid (Rozzet) şəhəri yaxınlığında tapılmış Rozzet daşı vasitəsilə bir çox Misir heroqliflərini oxumaq mümkün olmuşdur.

Fələstinə qədər irəliləyərək Qəzzanı tutaraq Akkon qalasında istehkamlanır. Lakin tauna düçar olan fransız qoşunu sayca azalaraq Misiri tərk etmək məcburiyyətində qalır. Əbukir bu zaman Mustafa Paşanın komandanlığı altında olan 18000 əsgərlə müdafiə mövqayində idi. Napoleon 5000 piyada və 1000 süvari ilə ölümcül savaşa girir və 25 iyul1799-cu ildə Əbukir döyüşündə Osmanlı qoşunlarını məğlub edir. 2 avqustda Əbukir təzədən fransızların əlinə keçir. Bununla da Napoleon bir il öncə fransız donamasının biabırçı məğlubiyyətinin əvəzini çıxmış olur. 30 sentyabrdaKorsikaya, 9 oktyabrda isə Müqəddəs Rafael tərəfdən Fransa sahilinə yetişmiş olur. Parisdə ekspedisiyanın uğursuzluğuna baxmayaraq onu qəhrəman kimi qarşılayırlar.

 

18 Brümer çevrilişi

Nəinki xalq, eləcə hökumətin özündə də korrupsiyalaşmış direktorium idarəçiliyinə etimad itməkdə idi. Emmanuel Yozef Siyes və Roqer Dukos Napoleonun hərbi köməyinə arxalanaraq siyasi saxtakarlıq edərək çevriliş edirlər.

9 noyabr 1799-cu ildə, Brümer təqvimi ilə Respublika elan edilməsinin VIII ili, 18 Brüumer çevrilişi(fr. Coup d'État du 18 brumaire) nəticəsində direktoriya hakimiyyəti ləğv edilərək, başında Napoleon Bonapart durmaqla yeni müvvəqəti hökumət təşkil edilir. Sonrası gün parlamentin hər iki palatasının toplantısında Napoleonun birbaşa və dolaşıq nitqindən sonra ara yenidən qarışır. Napoleon tabeçiliyində olan hərbinin elit hissəsinin – Qrenadyorların köməyi ilə palataları dağıdır. Parlament Napoleonun təqdimatı əsasında konsul vəzifəsi və konsul konstitusiyası təsis edir. 30 yaşlı Napoleon Bonapart mütləq hakimiyyətə malik olmuş ilk Konsul olur.

 

Fransa Respublikasının ilk konsulu

Yeni konstitusiyaya əsasən Napoleon Bonapart 25 dekabr 1799-cu ildə on il müddətinə mütləq hakimiyyətə malik ilk konsul seçilir. Konsul qanunvericiliklə yanaşı nazir və digər yüksək dövlət vəzifələrinə təyinatları etmək hüququna malik olur. Beləliklə Bonapart konstitusiya ilə diktaturanı qanuniləşdirir. Hökumət proqramına Bonapart belə bir şüar verir: "Vətəndaşlar! İnqilab nədən başlanmışdısa elə orada qayıdır.O, artıq bitmişdir."

Diktatora çevrilən Napoleon dövlət idarəçiliyini kökündən dəyişdirir. İnqilabın töhfələrinin: vətəndaş hüququ, kəndlinin şəxsi torpaq hüququ, emiqrantların və kilsənin müsadirə olunmuş mülklərini satın alanların hüququnun təminatçısı kimi çıxış edərək 1804-cü ildə Napoleon məcəlləsinin təsis etməklə hakimiyyətini daha da möhkəmləndirir. İnzibati idarəçilikdə reform keçirərək şəhər və kəndlərə merlər təyin edir.

1800-cü ildə qızıl ehtiyatlarini, qiymətli kağızları və əmanətləri saxlamaq üçün Fransa Dövlət Bankı nı təsis edir. 28 mart 1803-cü ildə kağız pullar ləğv edilərək pul vahidi 5 q-lıq gümüş frank təsdiq edilir. Xarici siyasətdə məqsəd ikinci koalision müharibəsini zəfərlə başa vurmaq idi. Napoleon ordusu ilə Alp istiqamətində hərəkət edərək 14 iyun 1804-cü ildə general Deze, Lui Şarl Antuanın böyük xidməti olmuş Marenqo döyüşündə qələbə çalır. General Deze Marenqo döyüşündə həlak olur. Genral Jan Viktor Moronun həlledici Hohenlinden döyüşündə çaldığı qələbədən sonra 9 fevral 1801-ci ildə Avstriya ilə Lunevill sülhü bağlanılır. 8 oktyabr 1802-ci ildə Rusiya ilə və 25 mart 1803-cü ildə Böyük Britaniya ilə Amien sülhü bağlanılır.

Əldə olunan daxili və xarici siyasətdəki uğurlar 2 avqust 1802-ci ildə Bonaparta xalq səsverməsi yolu ilə ömürlük Konsul olmaq üçün gözəl imkan yaratmışdır. Səsvermədə iştirak etmiş fransızların 3 millionu onun leyhinə 1,6 millionu isə əleyhinə səslərini vermişdilər.

 

Fransa İmperatoru I Napoleon

 
I Napolenun Notr-Dam de Pari məbədində imperator taxtına çıxması
Rəsm, Jacques-Louis David 1805–1807

Xalqsəsverməsindən sonra imperatorluğa layiq bilinərək 2 dekabr 1804-cü ildə Notr-Dam de Pari məbədində papa VII Piyin xeyir duası ilə imperator elan edilərək taxta çıxır. 26 may 1805-ci ildə Milan kafedralındabaşına Lanqobard krallığının Dəmir tacı qoyularaq İtaliya kralı elan edilir.

Çar I Aleksandr 1805-ci ilin aprel ayında Böyük Britaniya ilə ittifaq bağlayır. Məqsəd Fransanı 1792-ci il sərhədləriinə qaytarmaq idi. Sonradan bu ittifaqa Avstriya, İsveç və Neaplda qoşulurlar. Prussiya III Koalisiyaya qoşulmur. Əksinə Bavariya, Vüttenberq və Baden Bonapartın müttəfiqinə çevrilirlər. Napoleon ilk olaraq Avstriya üzərinə yürüş edərək Ulm yaxınlığında general Karl Makı 70000 ordusu ilə təslim edir və beləliklə Vyanaya yol açılmış olur. 13 noyabrda döyüşsüz Vyana alınmış olur. 21 oktyabr 1805-ci ildə Trafalqar döyüşündə fransız donamasının Nelson tərəfindən darmadağın edilməsinə baxmayaraq, Austerlitç qələbəsi 26 dekabr 1805-ci ildə Avstriya ilə Pressburqda bağlanan sülh müqaviləsində Fransanın kontinentdəki mövqeyini daha da gücləndirmiş olur. Sülh müqaviləsinə görə Habsburq monarxiyası Tirolu və Forarlberqi itiriərək bu ərazilər Bavariyaya, onun İtaliya əraziləri isə İtaliya krallığına qatılır. Dəstəyə görə Bavariya və Vütenberq hersoqlarına kral titulu verilir.

Napoleon evlənmək siyasətindən istifadə edərək, asılı dövlətlərin idarəçiliyini əqrabasının həmin dövlətlərin hakimiyət üsul-idarəsinə transfer etməklə öz əlinə keçirmişdir. Belə ki, Yozef 1806-ci ildə Neapl sonra 1808-ci ildə isə İspaniya kralı, Luis Hollandiya kralı, bacısı Eliza 1809-cu ildə Toskana Böyük hersoqu, Paulin Parma və Quastalla hersoqu, 1808-ci ildə Karolina Bonapart Neapl kralı Yoaxim Muratın arvadı qismində kraliça, Jerom Vestfal kralı elan edilmişdir. Almaniya ərazisində Napoleonun protektoratlığı altında 16 iyul 1806-cı ildə Fransa imperiyasına hərbi yardım göstərmək öhdəliyinə malik 16 əyalətdən ibarət Reyn İttifaqı yaradılır. Beləliklə Müqəddəs Roma dövləti süqut etmiş olur və II Frans hakimiyyətini itirmiş olur.

 

Rusiya və Prussiya müharibələri

Bununla da Fransa Prussiya münasibətləri pisləşmiş olur. Gizlin Rusiya ilə ittifaqa girərək Prussiya 26 avqust 1806-cı ildə Fransaya Reyn ərazilərindən çıxmacı ulimatumunu verməklə müharibə elan etmiş olur. Napoleon öz qoşunlarına Mayndan başlayaraq Türingeni keçməklə Berlinə qədər irəliləməyi əmrini verir. 1806-ci il oktyabr ayında Yena və Auerştedtdə prussiyalılar ağır məğlubiyyətə uğrayırlar. Nəticədə Erfurt hersoqluğu birbaşa Napoleon imperiyasına qatılır və fransızlar Berlinə daxil olurlar.

Prussiya ordusunun qalıqları Russ ordusuna qoşulurlar. Rusiya üzərinə yürüş bir sıra çətinliklərlə üz-üzə qalmış olur: həddindən pis kommunikasiyaya, yollara malik uzaq bir ərazi ordunun cəld mobilliyi və təhcizatı üçün böyük bir problem yaratmışdır. General Levin Avqust von Benniqsenin tabeçiliyində olan rus ordusunun döyüşə girmədən geri çəkilməsi, 1806-1807 ci illərin kəskin qışı və Polşa vətənpərvərlərinin müqaviməti Napoleonu Varşavada durmağı məcbur edir. Burada o grafinya Valevskaya ilə uzun müddətli məhəbbət romanı yaşayır. Nəticədə bir uşaq dünyaya gəlir.

Əvvəl 8 fevral 1807-ci ildə Prussişe Eylau döyüşü və sonra 14 iyun 1807-ci ildə Friedland döyüşünün ardınca 7 iyulda Fransa Russiya və Prussiya arasında Tilsit sülhü bağlanılır. Bu sülh Prussiya üçün bir fəlakət idi. Prussiya Elbadan qərbdəki ərazilərindən yeni yaradılmış Vütenberq krallığının xeyrinə məhrum olmuş olur. Polşa əyaləti isə Varşava Böyük hersoqluğuna çevrilir. Beləliklə Prussiya ərazisinin yarısını itirmiş olur eyni zamanda daha yüksək təzminat ödəməklə yanaşı kiçik ordu saxlamaqla kifayətlənməli olur.

Avropa qitəsi demək olar ki, tamamilə Napoleonun hakimiyyəti altına keçmiş olur ki, bu da Böyük Britaniyanın izolə olunması demək idi. Napoleon Böyük Britaniyaya qarşı Avropa qitəsi boyu ticarət baykotu – "qapalı qitə siyasəti" yürüdür.

 

Süquta aparan yol

 
İspaniya ümumxalq hərəkatı
rəsm, Fransisko Qoya 1814
 
Mariya Luiza oğlu ilə
rəsm,Joseph Franque

Napoleon hakimiyyətinin ən yüksək nöqtəsini Tilsit sülhü adlandırmaq olar. O, hakimiyyətinin gücünü despot meyilləri ilə daha da artırmağa çalışırdı. Hökumət adamları tərəfindən tənqidə dözümsüz olması, ekspansion siyasətinə xarici işlər naziri Talleyrandın qarşı çıxmasına görə vəzifəsindən azad edilməsi, senzuranın artırılması, şəxsiyyətə pərəstişliyin artması buna aydın misallardandır. Köhnə aristokratlara xidmət edən dövlət inqilabi prinsiplərdən, bərabərçilikdən uzaqlaşmışdır.

Xarici siyasət Böyük Britaniyanı iqtisadi cəhətdən diz çökdürmək üçün "qapalı qitə siyasəti"nə söykənirdi. Ispaniyadan keçməklə Portuqaliyanı işğal etdikdən sonra Kral IV Karl və oğlu VII Ferdinand arasındakı tax-tac mübahisəsindən istifadə edərək qardaşı Yozefi İspaniya kralı təyin edir. Buna qarşı Artur Uillesleyin tabeçiliyində olan Britaniya expedisiya korpusunun dəstəyilə İspaniyada ümumxalq hərəkatı baş qaldırır. Yozef madridi tərk etməli olur. Marşal Jünonuntəslimindən sonra Napoleon 1808-ci ilin oktyabr ayında Erhurt hersoq konfransından sonra İspaniyaya hücum edir.

1809-cu ildə Fransaya döndükdən bir qədər sonra Avstriya ordusu Avstriya-Teşen hersoqu Karlın başçılığı ilə Bavariya üzərinə hücuma keçir. 21 may 1809-cu ildə Napoleon qüvvələri Vyananın cənub-şərqinə toplayır. Aspern-Esslinq döyüşündə avstriyalılar fransızların qarşısını kəsirlər. Bu döyüş Napoleonun ilk məğlubiyyəti kimi tarixə düşür. Vaqram döyüşündə isä fransızlar məğlubiyyətin əvəzini çıxmış olurlar. Şönbrunn sülhünə görə Avstriya Dalmasiya, Mərkəzi Xorvatiya və Küstenlandı itirmiş, ordusunun sayını 150000-nə endirməya və "gapalı qitə siyasəti"nə qoşulmağa məcbur edilmiş və Fransanın müttəfiqinə çevrilmiş olur.

Napoleon sülaləsinin davamlılığını təmin etmək üçün Joyefinanı uşaq olmaması üzündən boşayaraq Avstriya ilə bağlanmış ittifaqı möhkəmlətmək məqsədilə 1 aprel 1810-cu ildə Avstriya imperatoru I Fransın böyük qızı Mariya Luiza ilə evlənir. Ondan arzu olunan imperiya xələfi oğlu II Napoleon Bonapart (1811-1832) dünyaya gəlir.

 

Rusiya yürüşü

 
Napoleonun geri çəkilməsi
rəsm, Adolf Nortern

I Aleksandr 1810-cu ilin sonunda iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar Böyük Britaniyaya qarşı aparılan "qapalı qitə siyasəti"nə qarşı çıxır. İki imperiya arasında münasibətlər daha da soyuqlaşır. Nəticədə 1811 ci ildə hazırlaşaraq 1812-ci ildə Rusiyaya müharibə elan edir. Avropada misli görünməmiş 675 minlik ordu ilə Rusiya üzərinə hərəkət edir.

Əvvəlcə Peterburq və Moskva xalq müqavimət dəstələrinə rəhbərlik edən Kutuzov I Aleksandr tərəfindən ordu baş komandan təyin edilir. Fransızlara qarşı həlledici döyüşdən qaçınaraq Napoleona qarşı taktikasını belə ifadə edirdi: "Biz Napoleona qalib gəlməyəcəyik. Biz onu aldadacağıq". Ruslar ölkənin içərilərinə çəkilərək Napoleona Moskvanı od vurub yandıraraq döyüşsüz təslim edirlər. Şəhərə daxil olmuş Napoleon ordusu aclığa, soyuğa, xəstəliyə düçar olur. Rus çarı Napoleonla danışıqdan qaçır. 18 oktyabrda napoleon geri dönmək əmrini verir. Geri dönərkən kozak dəstələrinin hücumuna məruz qalmaları ordunun vəziyyətini daha da pisləşdirir. 1812-ci ilin dekabrnda 18 min Napoleon əsgəri Prussiya sərhəddinə çatmış olur. Prussiya köməkçi korpusu Napoleonun ordusundan imtina edərək ruslarla danışığa gedirlər. Napoleon kiçik bir dəstə ilə Parisə yetişmiş olur.

 

İmperiyanın süqutu

 
Birinci dəfə imperatorluqdan imtina 
12 aprel 1814-cü il

Napoleonun bu məğlubiyyəti Almaniyada xalq hərəkatının canlanmasına gətirib çıxarır. Kral Friedrix III Vilhelm ruslarla ittifaq bağlayaraq azadlıq müharbəsinə başlayır. Napoleon pis təlimli ordu ilə, öz hərbi təcrübəsinə arxalanaraq Almaniya üzərinə hucuma keçərək Qrosqörşen və Bautçen döyüşlərindən böyük itkilər bahasına qalib çıxsa da atəşkəs elan edir.

Bu vəziyyət get-gedə uzv dövlətlərin koalisiyanı tərk etmələri ilə nəticələnir. 1813-cü ildə Leypsiq xalq döyüşü fransızların qəti məğlubiyyətindən xəbər verirdi. Müttəfiqlərin Parisə daxil olması ilə imperator taxtından imtina edir. 1814-cü ildə məğlubiyyətin acılarına dözməyərək özünü zəhərləmək cəhdi boşa çıxır. Napoleon 20 aprel 1814 cü ildən Aralıq dənizindəki Elba adasına imperator titulu saxlanılmaqla sürgün edilir. 26 fevral 1815-ci ildə sürgündən qaçaraq 20 martda maneəsiz Parisə dönən Napoleon. əldən verilmiş mövqeləri qaytarmaq istəyirdi. Lakin yüz günlükdən, Vaterloo döyüşündəki məğlubiyyətdən sonra onu ikinci dəfə imperatorluqdan imtina etməyə vadar edirlər və Müqəddəs Yelena adasına sürgün edilir.

 

Ölümü

 
Napoleonun Əlillər evindəki sarkofaqı

Müqəddəs Yelena adasında ikən Napoleon öz memuarlarını yazır. Səhətinin get-gedə pisləşməsilə 5 may 1821-ci ildə vəfat edir. Meyidi yarıldıqdan sonra 9 mayda dəfn edilir. Atopsiyanın nəticəsinə görə Napoleon qanaxma ilə fəsadlaşmış mədə xərçəngindən vəfat etmişdir.

Onun zəhərlənməsi ilə bağlı iddialar təsdiqini tapmayıb.

Ölümündən demək olar ki iyirmi il sonra Napoleon Bonapartın cəsədi 15 oktyabr 1840-cı ildə ekshümasiya olunaraq Fransaya gətirilmiş və özü tərəfindən tikdirmiş olduğu, lakin sağlığında altından keçə bilmədiyi Parisin Zəfər Tağındankeçirilməklə Əlillər meydanında sarkofaqda dəfn edilmişdir.

 

Şahmat

1816-cı ildə Napoleon sürgündə olarkən yaxın dostlarından biri ona hədiyyə göndərir. Bu hədiyyə fil sümüyündən və nifritdən düzəldilmiş şahmat olur. Napoleon özü-özü ilə şahmat oynayır, lakin heç ağlına da gəlmir ki, at fiqurunun altında nə var. Onun ölümündən sonra bu şahmat dəfələrlə satılır. Lakin şahmatın sonuncu sahibi fiqurlardan birinin altının açıldığını görür. Fiqurun içindən Yelena adasından qaçmaq üçün tərtib olunmuş möhtəşəm bir xəritə çıxır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR