Namiq Əliyev: 'İnanıram ki, Avropa Oyunlarında mütləq ən yüksək medalları qazanacağıq'
"Avropa Oyunlarına təcrübəlilərlə yanaşı, gənc güləşçilər də yollanır. Onlar gənclər arasında Avropa və dünya çempionatlarında iştirak ediblər".
"Report" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev “Minsk 2019” II Avropa Oyunları barəsində danışarkən deyib.
Onun sözlərinə görə, bu il əsas hədəfləri Qazaxıstanda keçirilən dünya çempionatıdır: "Mundial "Tokio-2020" üçün ilk lisenziya yarışı olacaq. Dünya çempionatından əvvəl olan turnirlərin hamısı mundiala hazırlıq məqsədi daşıyır. Ona görə də II Avropa Oyunlarında bir neçə güləşçini yoxlamaq istəyirik. Bəzi idmançılar zədələrdən sonra ilk dəfə böyük tunirdə iştirak edəcək. Onları da dünya çempionatından əvvəl bir daha yoxlamaq istəyirik".
Əliyev Avropa Oyunlarında güləşçilərin qarşısına qoyduqları məqsəd barədə də danışıb: "Əsas idmançıları yoxlamaqdır, amma biz hər zaman komandanın qarşısına medal qazanmaq məqsədi qoyuruq. Hazırda yeniyetmələrin Avropa çempionatı keçirilir. Yunan-Roma güləşçilərimiz İtaliyadakı yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Bu, böyük nailiyyətdir. Hələ yarışda sərbəst güləşçilər və qızlar da çıxış edəcəklər. Onlar Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında da ölkəmizi təmsil edəcəklər. Biz həmişə idmançıların qarşısına bu məqsədi qoyuruq və onlar anlayırlar ki, mütləq medallarla ölkəyə qayıtmaq lazımdır. İnanıram ki, Belarusdakı Avropa Oyunlarında mütləq ən yüksək medalları qazanacağıq".
AGF rəhbəri Avropa Oyunlarında iştirak etməyən olimpiya çempionu Toğrul Əsgərovu dünya çempionatına hazırladıqlarını deyib: "Minskdəki yarışdan sonra Türkiyədə turnir olacaq. Toğrul Əsgərov bu nüfuzlu yarışa qatılacaq. O, böyük ehtimalla dünya çempionatına da qatılacaq".
Əliyev bəzi idmançıların Avropa Oyunlarında iştirak etməməsinə də aydınlıq gətirib: "Bizim əsas hazırlıqlarımız Qazaxıstandakı dünya çempionatı ilə bağlıdır. Cəbrayıl Həsənov komandada liderlərdən biridir. Onun öz yeri var. O, mundiala hazırlaşır. Çünki bizim üçün ən önəmli yarış odur. Olimpiya Oyunlarına lisenziya şərtləri olduqca çətinləşdirilib. Lisenziya qazanmaq çox müşkül məsələyə çevrilib".
Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək. Güləş yarışları 25 – 30 iyunda olacaq. Azərbaycan yarışda 16 güləşçi ilə təmsil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət