Slimfit
  1. AZƏRBAYCAN

Muxtar respublika qadınları cəmiyyət həyatının bütün sahələrində uğurla təmsil olunurlar

Muxtar respublika qadınları cəmiyyət həyatının bütün sahələrində uğurla təmsil olunurlar
Sakura

Muxtar respublika qadınları cəmiyyət həyatının bütün sahələrində uğurla təmsil olunurlar

1918-ci ildə seçib-seçilmək hüququ əldə edən Azərbaycan, o cümlədən Naxçıvan qadınları qısa müddətdə böyük nailiyyətlər qazanıb, cəmiyyətin inkişafında fəallıq göstəriblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Yüz il öncə və bu gün: Naxçıvan qadını” mövzusunda keçirilən konfransda danışılıb.

Konfransda komitənin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında da dövlət səviyyəsində silsilə tədbirlərlə qeyd edilir. Bu il, həmçinin müsəlman Şərqində ilk dəfə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi tamam olur.

Komitə sədri vurğulayıb ki, bu gün muxtar respublikada dövlət qulluqçularının 515-i, yaxud 20 faizi, ümumiyyətlə isə işləyən əhalinin 33 faizi qadınlardır. Doğma diyarda 4 min 349 qadın sahibkarlıq fəaliyyəti, 7 min 590 qadın idmanın müxtəlif növləri ilə məşğul olur. Həmçinin bələdiyyə üzvü olan qadınların sayı 251 nəfər təşkil edir ki, həmin qadınların da 14-ü bələdiyyə sədridir.

“Muxtar respublika qadınlarından 23 min 175-i Yeni Azərbaycan Partiyasının üzvüdür ki, onların da 111-i ərazi ilk partiya təşkilatının sədridir. Bütün bunlar onu deməyə əsas verir ki, artıq muxtar respublika qadınları cəmiyyət həyatının bütün sahələrində uğurla təmsil olunurlar” – deyən Ramilə Seyidova diqqətə çatdırıb ki, muxtar respublika qadınlarının əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra muxtar respublika qadınlarının 153-ü Azərbaycan Respublikasının, 149-u isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb, 132 qadın orden, medal və nişanlarla təltif olunub.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova “Qadınların seçki hüququ - insan hüquqlarının tərkib hissəsi kimi” mövzusunda çıxış edərək müasir dövrdə ölkəmizdə dövlət qadın siyasəti, qadın-kişi bərabərliyi, qadınlara yüksək dəyər verilməsi, hüquqlarının qorunması, onların cəmiyyətin bərabərhüquqlu üzvü olması üçün görülmüş işlərdən geniş bəhs edib.

Muxtar respublika Ali Məclisinin deputatı Yeganə Məmmədova “Naxçıvan qadınlarının fəaliyyətində təhsilin inkişafı”, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Zeynəb Quliyeva “Naxçıvan qadınlarının fəaliyyətində elmin inkişafı”, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova isə “Kütləvi informasiya vasitələrinin inkişafında qadınların rolu” mövzularında çıxış ediblər.

Sonda Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” mövzusunda hazırlanmış film nümayiş etdirilib, kitab sərgisinə baxış olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR