Müvəqqəti məskunlaşma yerləri yararsız vəziyyətə düşən məcburi köçkünlər siyahıya alınıblar
Fevralın 20-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində beş məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı birmərtəbəli tikilidə yanğın baş verib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanğın barədə məlumat alandan dərhal sonra Dövlət Komitəsinin məsul əməkdaşları hadisə yerində olublar. Müvəqqəti məskunlaşma yerləri yanğın nəticəsində yararsız vəziyyətə düşən məcburi köçkünlər siyahıya alınıblar.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Yanğının tikilidəki boş otaqlardan birində başlanması müəyyən şübhələrə əsas verir. Yalnız obyektiv araşdırmadan sonra, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında hadisəyə hüquqi qiymət veriləcək.
FHN-nin məlumatına görə, ümumi sahəsi 1140 kvadratmetr olan, arakəsmələri taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 670 kvadratmetr sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Dövlət Komitəsi yanğından zərər çəkən ailələrə Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış “Ümid” qəsəbəsində yeni mənzillər təklif edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət