Slimfit
  1. PSİXOLOGİYA

Müvəffəqiyyət qazanmış insanların ilhamverici hekayələri

Müvəffəqiyyət qazanmış insanların ilhamverici hekayələri
Sakura

Müvəffəqiyyət qazanmış insanların ilhamverici hekayələri

Müəyyən uğurlar əldə etmək üçün səbr, cəsarət və zəhmət tələb olunur. Hər uğurlu insanın arxasında böyük bir təcrübə və öz heyrətləndirici hekayəsi var.

Ens.az saytı bunlardan on beşini seçdi və sizə təqdim edir.

Uğurlu və varlı olmaq üçün bir çox insan çox saylı maneənin öhdəsindən gəlir. Uğursuzluqlar və məğlubiyyətlər onları hədəfə qədər bütün yollarda müşayiət edirdi. Ancaq əzmkarlıq və hədsiz əmək cəsarətli insanlara uğrunda mübarizə apardıqları hər şeyi verdi.

Onların əksəriyyəti hazırda yeni başlayanlar üçün nümunə və ilham mənbəyidir. Budur sizə çətinliklərin öhdəsindən gəlmək və istədiyiniz nəticələrə çatmağın real olduğunu sübut edəcək bir sıra hekayələr.

1. Albert Eynşteyn

Bu məşhur alim dörd yaşına qədər danışa bilməmişdi. O, oxumağa yeddi yaşında başladı. Valideynlərinin və müəllimlərin fikrincə, Albert ləng inkişafdan əziyyət çəkirdi və bir çox fənn üzrə həmyaşıdlarından geri qalırdı. Məktəbdən qovuldu və Sürix Politexnikinə qəbul olan vaxtı rədd cavabı aldı. Amma bu Eynşteynin əfsanəvi fizika nəzəriyyəçisi kimi tarixə düşməsinə mane ola bilmədi. O, müasir nəzəri fizikanın banisi və bu elm üzrə Nobel mükafatçısıdır. Eynşteyn dünyanı öz kəşfləri ilə dəyişdirdiyinə görə tanınıb. Onun hekayəsinin bir çox insana nümunə olmağı təəccüblü deyil.

2. Avraam Linkoln

Amerikalı dövlət xadimi və siyasətçisi, ABŞ-ın 16-cı prezidenti Linkoln eyni zamanda Amerika qullarının milli qəhrəmanıdır. Onun ilham verən hekayəsi gənclik illərində başladı. Uşaqlıqdan ağır fiziki əməklə məşğul olan kasıb bir fermerin oğlu idi. O, atası kimi köləliyə və zorakılığa qarşı idi. Vaxtilə orduda kapitan rütbəsi ilə xidmət də etdi . Ancaq tezliklə ondan da məhrum oldu. Sonra Avraam yerölçən, poçtalyon, tacir və s. işləmişdi. Öz işini qurmaq üçün edilən bütün cəhdlər uğursuz olurdu. Avraam Linkon bir çox çətinliyi dəf edərək, uğurlu bir vəkil oldu. Sonra hökumət vəzifələrində rəqabətdə bir neçə dəfə  uduzsa da, buna baxmayaraq öz məqsədinə çatdı və ABŞ-ın prezidenti oldu.

3. Stiven Kinq

Hazırda da yaşayıb-yaradan bu məşhur amerikalı yazıçı müxtəlif janrlarda işləyir: dəhşət, triller, mistik dram, fantastika. Stiven Kinq "Dəhşətlər Kralı" kimi məşhurdur. Onun təcrübəsi bir çox gənc yazarları öz əsərlərini yaratmağa sövq edirdi. Əslən kasıb bir ailədən Stiven , heç olmasa bir az gəlir əldə etmək üçün, İngilis dili dərsi öyrədirdi. Həmçinin jurnallar üçün qısa hekayələr yazıb satırdı. “Kral”ın ilk bestselleri olan "Kerri", çap olunana qədər  30 dəfə rədd edilmişdi. Uğursuzluqdan ümidini itirən müəllif onu zibil qutusuna atdı. İndi bu istedadlı və əzmkar yazıçının 50-dən çox romanı var. Onlar  350 milyondan çox nüsxədə satılıb və dünyanın onlarla xalqının dilinə çevrilib. Onun əsərləri əsasında filmlər, seriallar və komikslər çəkilir. Bütün bunlara əzm, zəhmət və işinə sevgi sayəsində nail olub. Kralın ilk hekayəsinin dərcindən yarım əsrdən çox vaxt keçdikdən sonra ondan  niyə yazdığını soruşduqda yazıçı dedi: “Bu sualın cavabı çox sadədir. Etmək istədiyim başqa bir şey yoxdur. Hekayələr yazmağı sevdiyim üçün hekayələr yazmağa başladım. ”

4. Tomas Edison

Tomas Edisonun müəllimləri onun haqqında axmaq, bacarıqsız bir şagird kimi danışırdılar. Anası Toması məktəbdən götürüb özü öyrətməyə məcbur olmuşdu. Edison ilk iki işindən də qovulmuşdu. Müdirlərin fikrincə, o, "kifayət qədər məhsuldar deyildi". Bununla belə, Tomas Edison bütün dövrlərin ən böyük yenilikçilərindən biri oldu. Fonoqrafın yaradıcısıdır; təkmilləşdirilmiş teleqraf, telefon; və eyni zamanda elektron közərmə lampasının ilk kommersiya baxımından uğurlu variantlarından birini hazırladı. Telefon danışığının əvvəlində “Alo” sözlərindən istifadə etməyi təklif edən Edison idi. Ancaq canlı bir ampul icad etməzdən əvvəl 10 mindən çox uğursuz cəhdə məruz qalmışdı. Onun ruhlandırıcı hekayəsinin mahiyyəti belədir: "Dahi olmaq 1% ilham və 99% tərdir".

5. Uolt Disney

Məşhur amerikalı rejissor, aktyor, “Walt Disney Productions” -ın qurucusunun uğurlarına gedən yol uğursuzluq zolağı ilə başladı. Uolt Disney, "Kansas City Star" qəzetindən qovuldu. Rəhbərliyin fikrincə, onun təsəvvürü və yaxşı ideyaları yox idi. Həmçinin, onun "Mickey Mouse" seriyasındakı cizgi filmləri "qadınlar üçün çox qorxulu" olduğundan rədd edildi. "Üç kiçik donuz" cizgi filmi ona görə rədd edilmişdi ki,  orada yalnız dörd qəhrəman iştirak edirdi. Uolt tərəfindən yaradılan ilk iş müəssisəsi - Laugh-O-Gram animasiya studiyası iflas etdi. Şayiələrə görə, öz şirkətini maliyyələşdirməzdən əvvəl ona 302 dəfə rədd cavabı verilib. Lakin Disney kinomatoqrafiya tarixində ilk dəfə səs və musiqili cizgi filmlərinin yaradıcısı oldu. Çox sayda uğursuzluq və məğlubiyyətlə qarşılaşan adam, multimedia imperiyasının əsasını qoydu. Həqiqətən, bu heyrətamiz insanın hekayəsi təsirlidir.

6. Cim Kerri

Uğurlu komik bir vaxtlar ailəsi ilə birgə  Kanada daxilində səyahət edən bir treylerdə yaşayırdı. Valideynləri o qədər kasıb idilər ki, Cim pul qazanmaq üçün məktəbi tərk etməyə məcbur oldu. Ailəsinə dəstək olmaq üçün uzun müddət qapıçı işləimişdi. Kerrinin hekayəsi diqqətəlayiqdir, ona görə ki, çətin maddi vəziyyətdə yumor hissini inkişaf etdirərək, məşhur komediyaçı oldu və milyonlar qazandı.

7. Maykl Dell

Dell Kompüter Korporasiyası ilə bağlı  hekayə həqiqətən ruhlandırıcıdır. Məktəbdə Maykl Dell xüsusi istedadlara sahib və görkəmli bir şagird deyildi. Ancaq 12 yaşında jurnal sataraq ilk dəfə üçün pis sayılmayacaq pul qazandı - 200 dollar. Gənc vaxtı yeni evlərə köçənlərə cəlbedici rəngli açıqçalar göndərməklə məşğul idi, 2 həftə pulsuz abunəlik təqdim etməyi təklif edirdi. Bununla da O, düzgün satış texnikasını mənimsədi. Gələcəkdə bu, onun şirkətinin əsas konsepsiyası oldu. 19 yaşında Dell artıq özünə məxsus Dell korporasiyasını qurmuşdu və buna cəmi 1000 dollar xərcləmişdi. Onlar vasitəçilərlə əməkdaşlıqdan imtina edir və saxlama yerlərindən (anbarlardan) istifadə etmirdilər. Kompüterlərin yığılması üzrə bütün işlər yalnız sifarişlə aparılırdı. Bundan başqa, hər bir müştəriyə bonuslar və davamlı xidmət dəstəyi təklif olunurdu. Belə iş texnikasından istifadə edərək, şirkət sürətlə yüksəldi və  tanınaraq populyarlıq qazandı. Ford Time nəşrinin yazdığına görə, 2005-ci ildə "Möhtəşəm Şirkətlər" reytinqinin birinci pillədə idi

8. Bill Qeyts

Erkən yaşlarından bu istedadlı insan qabiliyyətlərini necə istifadə edəcəyini yaxşı bilirdi. Böyük bir həvəs və əzmlə Bil Qeyts 1975-ci ildə öz biznesini qurdu. İlk "Windows" 1985-ci ildə çıxdı. Sadəliyi və çox universallığı səbəbindən bu sistem qısa zamanda çox məhşur oldu . Bununla da Bill Qeytsin adı bütün dünyada tanındı. Yaratdığı "Microsoft" şirkəti, üç əməkdaşı və  16000 dollarlıq kiçik dövriyyəsi olan  balaca bir  şirkətdən nəhəng transmilli korporasiyaya doğru  uzun yol keçdi. Hal-hazırda Microsoft-da 90 minə yaxın insan çalışır. Bu şirkət kompüter avadanlığı və proqram təminatı istehsalında liderdir. Bütün bunlar düşüncəli və iddialı bir insanın gərgin səyləri və əzmkarlığı sayəsində mümkün oldu. 

9. Stiven Spilberq

Stiven dövrümüzün ən böyük kinomatoqrafçılarından biridir. Onun “Çənələr “(1975),  Yura dövrü parkı (1993) , Sıravi Rayanı xilas etməli (1998) və başqa filmləri hər kəsə məlumdur. Cənubi Kaliforniya Ştatının Kinematoqrafiya İncəsənət Universitetindən iki dəfə qovulmasına baxmayaraq, yenə də bütün potensialını reallaşdırmağı bacarıb. Əlbəttə, Spilberq-in nümunəsi gənc yaradıcı insanları çox həvəsləndirir.

10. Henri Ford

Ford tanınmış amerikalı sənayeçi, dünyada avtomobil istehsal edən zavodların sahibidir. Onun şüarı "Hər kəs üçün bir avtomobil"dir. Ford avtomobil istehsal tarixinə "Avtomobil dahisi" olaraq daxil olub. Amma onun da  həyatı uğursuzluqlar və məğlubiyyətlərlə dolu idi. 1899-cu ildə Detroyt avtomobil şirkətini yaratdı və sonradan iflas etdi. Lakin uğursuzluq onu dayandıra bilmədi. Artıq 1901-ci ildə Henry Ford şirkətini açdı. Yenidən eyni aqibəti yaşadı və yalnız üçüncü cəhddə Ford öz məqsədinə nail oldu. Ford Motor Company yaradıldı. Məhz bu şirkət böyük uğurun açarı oldu və avtomobil sənayesində inqilab etdi. Həqiqətən istedadlı və məqsədyönlü bir insan hədəfinə doğru irəliləyən, çalışan sahibkarlar üçün layiqli bir nümunədir.

11. Harrison Ford

Harrison məşhur Amerikalı aktyor və prodüserdir. Oskar nominantı, "Qızıl Kürə" xüsusi mükafatı sahibi həmçinin "Fəxri Sezar" mükafatının sahibidir. Ancaq belə inanılmaz uğurlara çatmazdan əvvəl 30 il dülgər işləmişdi. Ford bəzi tele şoularda kiçik rollarda çəkilirdi. Ancaq bu, böyük bir ailəyə kömək etmək üçün kifayət deyildi. Buna görə Harrison dülgərlik işinə başlamışdı. O zamankı az tanınmış rejissor Corc Lukasın evində bir şkaf toplayaraq, "Amerikan Qraffiti" filmində ikinci dərəcəli rol almaq üçün təklif aldı. O vaxtlar artıq 29 yaşı vardı və yalnız 6 ildən sonra Ford, eyni rejissor Corc Lucasın əfsanəvi “Ulduz müharibələri” (Star Wars) filmində məşhur Han Solo roluna çəkildi.

12.Coan Roulinq

Bu ingilis yazıçısı, ssenaristi və film istehsalçısı daha çox Harri Potter romanlarının müəllifi kimi tanınır. Ədəbi fantaziya janrının demək olar ki, bütün həvəskarları bu qadın haqqında bilirlər. Coan ən varlı və uğurlu yazıçılardan biridir. 2018-ci ilin fevral ayına olan məlumata görə, satılan kitablarının sayı təxminən 500 milyon nüsxədən ibarət idi. Amma onun heyrətamiz hekayəsi dəhşətli yoxsulluq, uğursuzluqlar və düşmələr zolağı ilə başlamışdı. Həyat yoldaşından boşandıqdan sonra tək başına uşaq böyütməli oldu. Roulinq o qədər kasıb idi ki, ilk əlyazmasını belə çap etdirə bilmirdi. Qadın 9000 sözün hamısını köhnə yazı maşınında əl ilə yazmağa məcbur oldu. Sonra o, kitabı nəşriyyata gətirdi. Boş yerə deyil - Harri haqqında seriya nəşrlər ədəbi bestsellerlər siyahısına daxil oldu.

13. Silvester Stallone

Əfsanəvi Hollivud aktyoru Silvester Stallone qeyri-adi hekayəsi ilə hər birimizi ruhlandırmağa qadirdir. Uşaq ikən çox çətin dövr  keçirmişdi. Qısa boyuna, qəribə danışıq tərzinə və utancaqlığına görə həmyaşıdlarının rişxənd obyekti idi. O, bu zaman başa düşdü: həyatda nəyəsə nail olmaq və yaşamaq üçün başqalarından güclü olmaq lazımdır. Öz üzərində fəal işləməyə başladı. 20 yaşında ailəsini dolandırmaq üçün Stallone sadə satıcı kimi işə düzəldi. Böyük ümidsizlik içində itini 25 dollara satmaq məcburiyyətində qaldığı vaxtlar da olmuşdu. Ancaq bütün çətinliklərə və məğlubiyyətlərə baxmayaraq, bu maraqlı insan arzusuna çatdı. 1976-cı ildə yayımlanan "Qaya" filmi Silvester Stalloneni Amerikada təkcə məşhur deyil, həm də çox zəngin insan etdi. İlk qonararını alaraq etdiyi ilk iş, sevimli itini 15 min dollara almaq idi. 1982-ci ilin əvvəlində lentə alınan "Rambo" filmi bütün ictimai gözləntiləri üstələdi. Bu gün Silvester Stallone müntəzəm olaraq pərəstişkarlarını yeni rolları ilə sevindirir. Onun aktyorluq bacarığı bütün dünyanı heyran edir.

14. Maykl Cordan

Şübhəsiz ki, Cordan dünyanın ən məşhur basketbolçusudur. Uşaqlıqdan basketbola çox həvəs göstərirdi. Bu sahədə karyera qurmağı xəyal edirdi. Lakin 15 yaşında Maykl uzun boyu (175 sm) olmadığı üçün məşqçinin ondan imtina edəcəyini yaxşı bilirdi. İndiki dövrün əfsanəvi basketbolçusu həqiqətən komandaya götürülmədi. Ancaq əzmkarlıq, çalışqanlıq və qətiyyət öz nəticələrini verdi. On birinci sinifdə nəhayət məktəb basketbol komandasına daxil oldu. Müvəffəqiyyət  bu  iddialı oğlana  doğru can atırdı və intensiv olaraq üzərində işləməyə davam edirdi. Nəticədə ən dəyərli NBA oyunçusu oldu və xoşbəxtlikdən ağladı. Uğurlarına görə azarkeşlər Cordan-a "Basketbol Tanrısı" ləqəbi verdilər. Bu oğlan basketbolu həqiqi sənətə çevirdi. 2009-cu ildə onun adı Şöhrət Zalının ən yaxşı basketbolçuları arasına daxil oldu. Cordan bütün maneələrə və uğursuzluqlara baxmayaraq irəli getdi. Məhz bu amil onun uğurunu müəyyənləşdirdi  və bir çox təcrübəsiz idmançı üçün motivasiyadır.

15. Ceyms Dayson

Dözümlülük, həvəs və zəhmətin həyata necə böyük təsir göstərə biləcəyinin bariz nümunəsi -  Ceyms Daysondur. Onun adı əbədi olaraq görkəmli mühəndis və ixtiraçıların sırasına daxil oldu. Ceyms sənaye dizayneri, “Dyson”un qurucusu və icraçı direktorudur. Tozsoran ixtirası üzərində işləyərək 15 il ərzində 5126 uğursuz prototip sınaqdan keçirib. Bütün əmanətlərini buna xərcləyib. Ancaq 5127 nömrəli prototip uğur qazand və bu gün Dyson markası altında çox sayda tozsoran satılır. Ceymsin indi 72 yaşı var və o, digər mütəxəssislərlə birlikdə aktiv işləməyə və yeni texnoloji həllər yaratmağa davam edir. Şirkətdə 3500-dən çox mühəndis çalışır, onların orta yaşı 26-30 arasındadır və bu təsadüfi deyil. Axı, korporasiyada təcrübəni deyil, novatorluq eksperimentlərinə sevgini  qiymətləndirirlər.

Budur - əzm, zəhmət və inadkarlıqla məqsədlərinə çatan adi insanların hekayələri. Dünyada hər bir ciddi uğurun, sıçrayışın arxasında şans almaqdan və öz işini qurmaqdan çəkinməyən bir insan dayanır və xatırladır ki, istənilən uğur bir kiçik addımdan başlayır.

 

Mənbə: www.menslife.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR