Slimfit
  1. BİOQRAFİYA

Mustafa bəy Əlibəyov

Mustafa bəy Əlibəyov
Sakura

Mustafa bəy Əlibəyov - publisist, ədib, dramaturq, vəkil

Mustafa bəy Əlibəyov (1872-1945), publisist, ədib, dramaturq, vəkil.

Mustafa bəy Əlibəyov 1872-ci ildə Nuxa şəhərində (Şəki) dövrünün tanınmış ziyalısı, Şəki xan sarayının mirzəsi Cabbar bəyin ailəsində dünyaya gəlmişdi. İlk təhsili illərində ərəb-fars dillərini mükəmməl öyrənən gənc Mustafa Nuxada rus-tatar məktəbində oxumuşdur. Sonralar təhsilini Bakıda və Tiflisdə davam etdirmişdir. Bu illər ərzində rus və fransız dillərini dərindən öyrənən Əlibəyov Bakı Şəhər Məhkəməsində tərcüməçi işinə başlayanda 20 yaşı vardı. Mustafa bəy təkcə hüquqşünas deyildi, həm də ötən əsrin əvvəllərində ədəbiyyatşünas kimi də tanınmışdı. Nasir, publisist, yazıçı-dramaturq kimi də fəaliyyət göstərmişdi. "Nicat" xeyriyyə cəmiyyətinin üzvü idi.

Mustafa bəy XIX əsrin sonlarında Bakı Şəhər Məhkəməsində həm dava vəkili kimi, həm də dilmanc kimi böyük şöhrət qazanmışdı. Mustafa bəy Əlibəyov haqqında Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalının 4 avqust 1911-ci il 28-ci nömrəsində yazı dərc etdirmişdi. O, yazır: "Korifey naşey literaturı... ifadəsi ilə başlanan rusca mətnin tərcüməsi: ədəbiyyatımızın эюrkəmli nümayəndəsi və məşhur vəkil Mustafa bəy Əlibəyov dəfələrlə Qorki ilə Andreyev arasındakı mübahisələri həll etmiş və Tolstoyun özünə əxlaq haqqında moizə oxumuşdur. O bir neçə dəfə Plevako, Karabçevski və Hacı Hüseynəlinin əleyhinə çıxış etmişdir.

Mustafa bəy Əlibəyov cümhuriyyət dövründə (1918-1920) "Yaşıl qələm" Yazıçılar Birliyinin fəal üzvlərindən biri olmuşdur. Maraqlıdır ki, mətbuat tariximizdə bu ailənin son dərəcədə böyük xidmətləri olmuşdur. Mustafa bəy həyat yoldaşı Xədicə xanım Əlibəyova ilə birlikdə Azərbaycanda ilk dəfə olaraq "İşıq" adlı qadın məcmuəsi nəşr etmişdir. Bu məcmuədə yazıların bir qismi rus dilində verildiyindən "İşıq"ın nuru həm də başqa şəhərlərə düşürdü. Belə ki, Tiflisdə, Moskvada, İrəvanda, Kiyevdə bu məcmuəni oxuyurdular. Uzun illər maraqlı tədqiqat aparan Fərrux Ağasıbəyli "Vəkil Mustafa bəy Əlibəyov" adlı monoqrafiyasında yazırdı: "Mustafa bəy Əlibəyova böyük hörmət qazandıran əməllərindən biri də onun Nuxada (indiki Şəki) xalqın "Yaşıllıq səltənəti" adlandırdığı, böyük fiziki zəhmət bahasına ərsəyə gətirdiyi "Mustafa bəyin bağı" adlı həmişəyaşar gözəl guşə olmuşdur. Azərbaycanlılar arasında yaşıllığın, gözəlliyin dostu, bağbanı çox olmuşdur və indi də var. Fəqət onların heç biri Mustafa bəyin şöhrət zirvəsinə qalxa bilməmişdir". Maraqlıdır ki, Mustafa bəyin öz əli ilə əkdiyi alma ağacları bu günə kimi durur. Halbuki təbiətşünas alimlər təsdiqləyirlər ki, alma ağaclarının ömrü, adətən, qısa olur. Bağ Şəkinin "Yuxarı bağ" deyilən dağlıq hissəsində yerləşir.

Sovet hakimiyyəti illərində keçmişimizin bir sıra şərəfli tarixini özündə yaşadan adların üstünə qara xətt çəkilsə də, bu bağın da hasarları sökülərək meşələrə qatılsa da, xalq nə əsl adı unutdu, nə də ərazini yaddan çıxartdı. Hətta uzun illər baxımsız da qaldı, amma bir kolun, bir ağacın da "burnu qanamadı". Bütün şəkililər bilirdi ki, bu bağ cavan bir vəkilin - Mustafa bəyin əməyinin bəhrəsi olub. Danışırlar ki, vaxtilə dərənin o tayında yerləşən bu bağa getmək üçün heç körpü də olmayıb. Mustafa bəy ağacları çiynində gətirərək öz əlləri ilə əkibmiş. Hətta buraya su kəməri də çəkdirərək bulaq da tikdiribmiş. Saxsı boruları da öz çiyinlərində daşıyıbmış. Sonra da kol-kosu təmizləyərək, buraya yol da çəkdirib. İki otaqdan ibarət üstü kirəmitli ev tikdiribmiş. Mustafa bəy 1920-ci ildən sonra həbs edilənə qədər Şəkidə yaşayıb fəaliyyət göstərib.

Ən ağırı odur ki, sinəsində böyük ürəyin döyünməsinə, vətənini, millətini dərin məhəbbətlə sevməsinə baxmayaraq, 1937-ci ilin qurbanlarından biri olmuşdur. "Xalq düşməni" kimi güllələnmişdir. Bu bağ isə Mustafa bəydən öz soydaşlarına, eləcə də Şəkiyə yolu düşən bütün azərbaycanlılara yadigar qalmışdır.

1937 -ci ilin qara tufanı bir vətən oğlunu da caynaqlarına alıb apardı. 8 il həbs cəzası çəkərək, Sibirə sürgün edilən Mustafa bəy 71 yaşında dünyasını dəyişdi.

Tale bir tərəfdən də onun üzünə güldü. Könlünü ovlayan qız Azərbaycanın ilk ziyalı xanımlarından olmuş Xədicə xanım Ələddin qızı Tiflisdə rus - qız gimnaziyasında təhsil almış, sonra isə Zaqafqaziya Olqinskaya Mamalıq İnstitutunu bitirmişdir.

Mustafa bəyin 5 övladı olub. Hamısı da ali təhsil alıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR