Müsəlman dünyasındakı ilk qız məktəbinin açılışından “reportaj” – 117 yaşlı "7 oktyabr" fotosu
Bu gün – oktyabrın 7-si bütün müsəlman dünyasında ilk dünyəvi qız məktəbinin açılmasının 117 ili tamam olur. Məktəbi təsis edən, onun binasını tikdirən, bütün xərclərini çəkən MİLLƏT ATASI Hacı Zeynalabdin Tağıyev idi.
AzEdu.az Tağıyevin irsinin araşdırmaçısı Fərhad Cabbarlının təqdim etdiyi materiallara əsasən, Tağıyevin qız məktəbinin açılışından xəyali “reportajı” təqdim edir:
İmperatriçə Aleksandra Fyodorovna adına Bakı rus–müsəlman qız məktəbinin təntənəli açılış mərasimidir. Bakının bütün elitası, şəhər rəhbərliyi, dini icmaların başçıları, İran konsulu və daha başqa səlahiyyətlilər açılışda iştirak ediblər.
Mərasim günorta saat 12-də başlayıb. Ruhanilər dualar oxuyandan sonra təbriklər səsləndi, məktəbin müsəlman dünyası üçün əhəmiyyətindən danışılıb.
Açılış mərasimində Əhməd bəy Ağayev Bakı müsəlmanlarının təbrik ünvanını oxuyur.
Qeyd edək ki, həmin gün - 1901-ci ilin bir payız səhərində bütün şəhər əhalisi məktəbin açılışına toplaşır. "Kaspi" qəzeti həmin hadisəni belə təsvir edərək yazır: “Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu. Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi: "Çox yaşa Hacı!”.
Məktəbin şərtlərinə görə qızlar elə məktəbin özündə qalırdılar. Tədris kursu isə müsəlman ailəsinin tələbləri nəzərə alınmaqla əl işləri və evdarlıq üzrə əlavə siniflə rus ibtidai məktəblərindəki kurs əsasında qurulmuşdu. Qızlar təhsilə 7 yaşında başlamalı və 4 il oxumalı idi. Dərslər rus dilində aparılırdı. Bərabər Azərbaycan dili və din dərsləri keçirilirdi. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulmuşdu ki, onların 20-si Hacının ianəsi hesabına təhsil alır və onlar da pansionda qalırdılar. Lakin qəbul üçün 50 nəfər nəzərdə tutulsa da, elə birinci il ərizə verənlərin sayı 58-ə çatır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət