Slimfit
  1. MEDİA

MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil)

MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil)
Sakura

MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil)

                                           8-ci Hissə

 

                                                             YEKUN

 

Çətin durumda olan və sıxışan Əliyev hakimiyyətinin, əgər 2020-ci ildə, əlində, “Qarabağ kartı” var idisə və “işğala son qoymaq” devizi, ümumimilli və əhalini birləşdirəcək bir rıçaq anlamına gəlirdisə, indi artıq, bu vasitə də əldən çıxıbdır. Çünki, hazırda Yuxarı Qarabağın bir qismi, yenə işğalda qalsa da, vəziyyətlə barışmağı, bu dəfə rəsmi olaraq, Rusiya qarşısında öhdəlik kimi götürübdür.

İqtisadi və siyasi sahələrdə də, islahat və real dəyişiklik etməyi “rəfə qoyan” hakimiyyət, cəmiyyətə, zatən ciddi nəsə vəd etməməkdədir.

Belədə də bütün ümidini, Qarabağ mövzusunda yarana biləcək hansısa fürsətlərə və dolayısıyla da xaricə bağlayan iqtidarın, gələcəyi və taleyi də əslində xarici faktorlardan asılıdır.

Hər halda, Rusiyanın, Azərbaycana tanıya biləcəyi şans və verəcəyi güzəştlər, öz maraqlarının sərhədləri, və Paşinyanın hakimiyyətinin sonuna qədərdir; ki, Ermənistanda, tezliklə, hakimiyyət boşluğu və dəyişiklik yaranacağını hesaba qatanda, orta vədə üçün, Putin hakimiyyətinin, yenidən Ermənistana açıq reveranslar edəcəyi gözlənilir.

Buna paralel olaraq, ABŞ və Qərbin, Qarabağ məsələsinin, Rusiyanın xeyrinə yekunlaşmış hazırki etapından razı qalmadığını və bu istiqamətdə, orta və uzun vədə üçün ciddi planlarının mütləq ki, olduğunu nəzərə alanda, iş, daha da qəlizləşir.
Əliyevlər iqtidarı, indiyəqədər, Qərblə Şərq arasında balans yaratmaqla və nisbi neytral qalmaqla, “aradan çıxa bilirdisə”, indi əksinə, Qərb və Şərqin arasında “sandviç kimi” əzilməyə başlayıbdır. Çünki, artıq, nə Qərbə, nə də Rusiyaya verə biləcəyi hansısa ciddi güzəşt imkanları qalmayıbdır.

Zatən ABŞ dövlət katibinin, Azərbaycanda haqları pozulan çoxsaylı ictimai xadimlərdən sadəcə biri (Şəhla Hümbətova) haqqında, ilk baxışda gözlənilməz olan, açıq və təhdidvari bəyənatı, təsadüfi ola bilməz. Çünki, Azərbaycanın hüquq sisteminə, dolayısıyla da hakimiyyətinə yönələn bu cür aşkar etiraz, hər halda, bəribaşdan “körpüləri yandırmaq” anlamına gəlir və bunun davamının gələcəyi, daha realdır. Əlavə olaraq, Baydenin “Erməni Soyqırımı”nı tanımasını da bunun üstünə gələndə; nəticədə, ABŞ hakimiyyətinin, Əliyev hakimiyyətini, ya dəyişmək, ya da ciddi sıxışdırmaq fikrində olduğu görünür.

Son məqsəd də, əslində, Ermənistanı və ya erməniləri dəstəkləməkdən çox, Cənubi Qafqazda və Yaxın Şərqdə, itməkdə olan ABŞ və Qərb mövqelərini geri qaytarmaq, Rusiyanı “tormozlamaq”, İranı nüfuz altına almaqdır.

Bu, o deməkdir ki, Qarabağ cəbhəsindəki potensial, və xüsusən də Paşinyan Ermənistanı əleyhinə ola biləcək gəlişmələrə də ABŞ reaksiya verəcəkdir və vəziyyəti qəbullanmayacaqdır.

Beləliklə də; Azərbaycanın xarici və daxili şəraitini nəzərə alanda, Əliyev hakimiyyətinin, “əlinin, hər yerdən üzülməkdə” olduğu, və ümidini, əslində, şansa və möcüzəyə buraxmaqda olduğu görünür. Zatən indiyəqədər, bəxti, yetərincə gətirmiş olan mövcud iqtidarın, hər an, şansın tərs üzü ilə üzləşmək ehtimalı var və hətta elə yaxın aylarda, əks tərəfə “əsən” “böyük bir fırtına”nın təsiriylə, “yerə çırpıla bilmə” ehtimalı aktualdır. Bu, indi üfüqdə görünməyə bilər, lakin hadisələrin gedişatı və məntiqi çıxarımlar, məhz bunu göstərir.

Hər halda, iqtisadi olaraq- ölkənin bərbad durumda olduğunu və əhalinin rifah durumunun, bir neçə ay sonra, indikindən daha yaxşı olmayacağını və xalqdan oğurlanan vəsaitin də xalqa qaytarılmayacağını; siyasi olaraq da- islahatlar keçirib, demokratiyaya keçid etməyi, özünün sonu bildiyini; və hərbi olaraq da- əlindəki son şansını “xərcləməkdə” olduğunu və hərbi vasitənin imkanlarının, artıq yetərincə daraldığını nəzərə alanda; aydın olur ki, İlham Əliyev, özünün son aylarını yaşamaqdadır və bundan sonra, ən yaxşı halda, son bir “islahat effekti” yaradıb- hakimiyyəti, arvadı M. Əliyevaya buraxmaq, idarəçilik sistemini dəyişmək və yeni seçkilər keçirmək variantına ümid bağlaya bilər.

Lakin, əvvəla, bu addıma getmək üçün də, uyğun zəmin olmalı və nisbi bir siyasi-ictimai dəstək və sabitlik şəraiti yaranmalıdır; ki, bunun da, indiki qeyri-müəyyən və qəliz siyasi-iqtisadi-hərbi şərtlərdə yaranması, güclü ehtimal deyil. Maksimum edə biləcəyi şey, “hərəsindən bir az” metodunu tətbiq etməklə nisbi bir çulğalaşma yaratmaq ola bilər. Yəni, eyni vaxtda, həm hərbi sahədə- “Tərtər cinayətləri” ilə bağlı istintaq başlatmaq və Qarabağda antiterror əməliyyatlar keçirmək; iqtisadi sahədə- pensiya, müavinət və maaş artımı başda olmaqla, bır sıra sosial açılımlara getmək; siyasi sahədə də- “məmur qurbanları”nı daha da gücləndirmək, növbədəkənar parlament seçkilərinə getmək və Milli Məclisdə, müəyyən sayda, müstəqil və müxalif qılıqlı şəxslərə yer vermək.
Demək olar ki, hakimiyyətin əlində olan yeganə təsirli metod məhz bu “universal” və ya “hibrid üsul”dur ki, yalnız bununla, özünə, kövrək də olsa, yeni zəmin və kanal aça bilər.

Böyük ehtimalla da elə bu və ya buna yaxın dərəcədə bir “universallıq” tətbiq olunacaqdır, sadəcə olaraq, planın, tam gücü ilə “xoda düşməsi” üçün, bu “hibridliy”in, əsas və sürükləyici “həlqəsi” olan hərbi əməliyyatlar etapını gözləməyi seçə bilərlər.

Hər halda, İlham Əliyevin xüsusən də son zamanlardakı qeyri-rasional qərarlarına və əcaib davranışlarına baxmayaraq, mütləq ki, bu boyda hakimiyyətdə, ağıllı və uzaqgörən insanlar da mövcuddur və onların fikirləri, qısavədəli məsələlərdə olmasa da, uzunvədəli mövzularda nəzərə alınır.

Lakin, tətbiq oluna biləcək bu “hibrid metod”un və ardınca gələcək “yüngülvari” və ya aldadıcı islahat dalğasının, lap uğurla nəticələnməsi halında belə, hakimiyyətin, özünü xilas etməsi, real deyil. Yəni, hətta gələn ilə qədər; qismən şansın yardımı, qismən də “islahatlar”ın təsiri ilə, nisbi olaraq, təhlükəli zəmindən yayınıb, hakimiyyət əvəzlənməsini və sistem dəyişimini həyata keçirmək və Mehriban Əliyevanı başa gətirmək planı gerçəkləşsə belə, bu, sonra üçün geniş bir limit vəd etmir. Çünki, əvvəla, hər dövrün zatən öz gözləntiləri vardır, ikincisi də bu “islahatlardan”, iqtisadi olaraq faydalanmamış və üstəlik, Yuxarı Qarabağın 3-də 2-sini itirmiş bir cəmiyyətin tələbləri və təpkisi, prinsipcə, yenə də davam edəcəkdir və xüsusən də sosial şəbəkələrdəki “təpki təmərküzləşməsi”nin təsiri ilə bu reaksiya, daha kəskin xarakter alacaqdır.

Hər halda, Qarabağ cəbhəsində, yaxın və orta müddət üçün, Azərbaycan lehinə, ciddi bir dəyişiklik olması, real deyil.

Odur ki, ya indi, ya da 5 ay sonra olsun; hakimiyyət, sadəcə “zibili, xalının altında gizlədə biləcəkdir”; onu ləğv etmədiyi müddətcə, “ev”, “təmiz” olmayacaqdır.

Hakimiyyətinsə, görünür ki, “evi təmizləmək” və ölkəni, gerçəkdən inkişaf etdirmək fikri yoxdur. Hər halda, 29 il ərzində olmayıbsa, bundan sonra olması da güclü ehtimal deyil, üstəlik də buna, indi ya imkanı yoxdur, ya da bunu etməyi, faciə bilir.

Beləliklə, hakimiyyətdə, qarşıdakı aylarda, ciddi və kəskin dəyişikliklər olması, qaçılmazdır; sadəcə, bu dəyişikliyin, son həddə olmaması və hakimiyyətin tam itirilməməsi üçün, özü, “qurbanlara” razılaşmalıdır.

Əslində, hazırda baş verən “məmur qıyımları” və dəyişikliklər, zatən elə “qurbanvermə mərasimi”dir, lakin bir neçə ay sonra, bu qurbanlar, “dəyişiklik əjdahası”nın heç “dişinin dibində” də qalmayacaqdır və daha böyük qurbanlar gərəkəcəkdir; ki, İlham Əliyevin özünün bu “mərasim”dən yayınması, mümkün olmayacaqdır.

Deməli, İ. Əliyevin qarşısında 2 seçim var: ya hakimiyyətdən çəkilməklə və rəhbər əvəzlənməsinə getməklə, sistemin ömrünü, qismən uzatmaq. Ya da qalmaqda dirənməklə, birbaşa sistemin kökünü təhdid edən bir əks-reaksiya dalğasına özünü buraxmaq və möcüzəyə ümid bəsləmək.

Böyük ehtimalla, Əliyev, aşkar şəkildə daha rasional olan birinci variantı seçəcəkdir, lakin bu variantı, nə qədər tez və ya gec seçməsi və hansı nisbətdə tətbiq etməsi, şübhəlidir və böyük ehtimalla, bu variantın etaplarının həyata keçirilməsində, əvvəlki qərarlarda olduğu kimi, səhlənkarlığa yol verəcəkdir; ki, bu da nəticədə, hakimiyyətin ömrünü və M. Əliyevanın limitini kəsə bilər.

Hakimiyyət üçün artıq, bütün şanslar istifadə edilib bitməyə doğru gedir və tükənməkdə olan son şans olan-hərbi mövzu da, ciddi perspektiv vəd etmək bir yana, ardıcıl və qalıcı komplikasiyalar vəd edir. Yəni, hakimiyyətin vəziyyəti, indikindən daha yaxşı, heç vaxt olmayacaq və bundan sonra ancaq, artan qrafiklə, pisə doğru gedəcəkdir.

Nəticə etibarilə, bir neçə ay ərzində İ. Əliyevin, uzaqbaşı 2 il ərzində isə sistemin əvəzlənməsi labüddür.

Bəli, İ. Əliyevin siyasi ömrünə az qalıbdır, lakin məsələ də budur ki, M. Əliyeva da başçı olarsa; o da həm siyasi-iqtisadi-hərbi şərtlərdən və həm də qeyri-peşəkarlığından dolayı, uzun müddət, başda qala bilməz. Beləliklə də iqtidarın, alternativ olaraq üçüncü fiqur seçimi də keçərli olmayacaqdır və sonrakı hakimiyyətdə, hətta əvvəlki məmurlar, qismən qalsa da, Əliyevlər sistemi, faktiki ömrünü başa vuracaqdır. Çünki, gələcəkdə, mövcud hakimiyyəti əvəzləyəcək aşkar bir qüvvənin olmaması və keçid kimi bir durumun yaranması belə, mövcud sistemin dəyişimi demək olacaqdır.

Başqa sözlə, hakimiyyətin, M. Əliyeva məsələsində də geri çəkilməsi, o demək olacaq ki, heç bir şey, artıq, köhnəsi kimi olmayacaqdır və Azərbaycan, yeni bir dövrə daxil olacaqdır.

Beləliklə, Azərbaycanı, qarşıdakı aylarda kəskin dəyişiklərin gözlədiyi dəqiqdir, sadəcə bu dəyişikliyin xarakterini idarə etmək, qismən İ. Əliyevdən və hakimiyyətdən asılıdır.

Erbakanın məşhur ifadəsində deyildiyi kimi, “qanlımı olacaq, qansızmı olacaq”; bunu, sonrakı şərait, və amillərin münasibəti müəyyən edəcəkdir.

                                                                            

                 “Elmi Proqnozlaşdırma Mərkəzi”nin direktoru Yunis Dürüst

 

Mərkəzin fəaliyyətini hələki fb səhifəsindən izləmək olar: https://www.facebook.com/ElmiProqnozlashdirmaMerkezi/about/?ref=page_internal

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR