Slimfit
  1. MEDİA

MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil)

MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil)
Sakura

MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil)

 

                                           7-ci Hissə

 

“Laçın dəhlizinə” müştərək nəzarəti, ya da ən azından, məhdud çaplı hərbi əməliyyatları, Rusiyadan “qopartmaq” üçün yəqin ki, sona qədər dirənəcək olan hakimiyyət üçün, qarşıda, strateji baxımından 2 yol görünür: ya Rusiyadan ciddi güzəşt qoparmaq, ya da Rusiyaya rəğmən nələrsə etmək.

Ermənistandakı 20 iyun seçkisində, Paşinyanın yenə də təkbaşına və ya əsas iqtidar ortağı olma ehtimalını əsas götürəndə; söyləmək olar ki, Rusiya üçün, arzuolunmaz və qərbpərəst iqtidara zərər gəlməsi anlamına gələcək Azərbaycana güzəştlərin verilməsi, yaxud da Azərbaycanın müəyyən addımlarına göz yumması, daha məqbul seçimdir. Bu, həm də, Azərbaycanın, Rusiya üçün Cənubi Qafqazda, əsas partnyor və razı salınması gərəkən birinci ölkə olması ilə bağlıdır.

Doğrudur, üçtərəfli bəyanatda zatən nəzərdə tutulan “Zəngəzur dəhlizi”nin verilməsi, Paşinyan baxımından, qismən qəbulolunası seçimdir, amma əvvəla; bunun müqabilində Ermənistan iqtidarının gündəmə gətirdiyi “Naxçıvan dəhlizi”nin verilməsi, Azərbaycan baxımından, asan qəbullu məsələ deyil, ikincisi də lap “Zəngəzur dəhlizi”, qarşılıqsız verilsə belə, Azərbaycanın daxilində olan gözləntilərinsiyasi situasiyanın xarakterini nəzərə alanda, Əliyev iqtidarının, orta vədədə bununla da qane olacağı inandırıcı deyil.

Və Paşinyan baxımından, ciddi güzəşt və ya geri addım anlamına gələcək hansısa siyasi və ya hərbi akt isə; onun istər koalisiya, istərsə də təkbaşına hakimiyyəti üçün ciddi daxili təhdid anlamına gələcəyi, müxalifətə “yeni nəfəs” bəxş edəcəyi və hərbiyyəyə nəzarəti, zatən qismən itirdiyi bir şəraitdə, tam kontrolsuzluğa gətirib çıxara biləcəyi üçün qəbuledilməzdir.

Paşinyan üçün, zaman qazanmaq və daxili auditoriyanın diqqətini yayındırmaq baxımından əlindəki yeganə vasitə olan-Azərbaycanla toqquşmalara getmək varianti isə, qısa vədədə uğur vəd etsə də, uzun müddətdə, əlavə böhran və uğursuzluq vəd edən bir taktika deməkdir. Çünki, əvvəla, hərbçilərin kontrolu, tamamiylə hökümətin əlində deyil, ikincisi də Azərbaycanın da daxilində qızışmış ehtiraslar, Əliyevdən kəskin reaksiya gözləyir və bu meyil, getdikcə şiddətlənir.

İnqilabçı Paşinyan hökümətinin nisbi demokratiya və islahatlarına rəğmən, hər halda, kasıb və perspektivsiz Ermənistanın imkanları, qısavədəli sıçrayışlara əl vermir və pandemiya və karantinin gətirdiyi şərtlərdə, vəziyyət, daha da qəlizləşmişdir. 

Xülasə, təlatümlü və xaotik Ermənistanda, Paşinyan üçün “geri sayım”, bu dəfə həqiqətən başlayacaqdır və hərbi çevriliş təhdidi və daha kütləvi mitinqlər şəraitində, onun ya vətəndaş müharibəsinə qədər gedib çıxacaq bir daxili qarşıdurmaya girməsi qaçılmaz olacaq, ya da istefa vermək durumunda qalacaqdır.

Nəticə etibarilə, Paşinyan iqtidarının, yenidən seçildikdən sonra, uzaqbaşı cəmi bir neçə ay davam gətirməsi mümkündür və çox keçmədən, Ermənistanda, tam qarışıqlıq və xaosun olması labüddür. Zatən emosional olan erməni cəmiyyətinin, bu xaosda, “başını daha da itirməsi”, ən irrasional qərarlara gəlməsinə və gözlənilməz qüvvə və şəxslərə etibar etməsinə şərait yarada bilər. Hər halda, ordu rəhbərliyi əgər dövləti ələ keçirəcəksə, böyük ehtimalla, ən yaxın bildiyi-Sarkisyan və Köçaryan istiqamətinə meyilli olacaqdır, beləliklə də ya onların ciddi söz sahibi olduğu müvəqqəti bir koalisiya qurulacaqdır, yaxud da siyasi qüvvələrin konsensusu ilə, növbədənkənar seçkilər qərarı veriləcəkdir.

Beləliklə də, müharibədən sonra bölgədə yaranmış və nisbi sabitliyin qarantı olan “Paşinyan-Əliyev-Putin üçbucağı”nda, cəmi bir neçə ay sonra qırılmanın olması və “üçbucağ”ın “dağılması”, labüd olacaqdır və bu da, eyni zamanda, 10 noyabr üçtərəfli sülh bəyanatının, faktiki olaraq qüvvədən düşməsi demək olacaqdır. Çünki, hər nə qədər bu bəyənat, dövlətlərarası mahiyyət daşısa da, nəticədə, Ermənistandakı hakimiyyət dəyişimi ilə bərabər, həm də siyasi-hərbi-psixoloji şərait, geosiyasi balans və bölgəsəl şərtlər də dəyişmiş olacaqdır.

Xaotik bir Ermənistan, xaotik bir Qarabağ cəbhəsi deməkdir,xüsusən də bu ölkənin hərbiyyəsinin, indi qismən, orta vədədə isə tamamiylə başıpozuq olma perspektivi,Azərbaycanın da iqtidarı üçün cəbhədə çaxnaşmaların olmasının vacibliyi nəzərə alınanda; nəticədə, orta vədədə də mütəmadi qarşıdurmaların qaçılmazlığı aydın olur.

Bu qarşıdurmalar, bir tərəfdən, Azərbaycan hakimiyyətinə, terrorçuları, Qarabağdan, ən azından bir müddətlik, və qismən çıxartma şansı verməklə, gündəmi ələ keçirmə zəmini yaradırsa, digər tərəfdən də, zamanla, ciddi risk və təhlükə vəd edir. Çünki, birincisi, Azərbaycanın xeyrinə olacaq hərbi gəlişmələrə, ermənimeyilli indiki ABŞ hakimiyyəti başda olmaqla, Qərbin, loyal yanaşacağı zəif ehtimaldır. İkincisi də orta müddətdə, Paşinyan hökümətinin sonlanmasının ardından yaranacaq boşluqda, Rusiya, ənənəvi forpostunu, və onun cəmiyyətinin etibarını yenidən qazanmaq üçün cəhdlər edəcəkdir və belə şəraitdə də, Ermənistanın açıq itkisi və Azərbaycanın açıq qazancı sayılacaq olaylara razılıq verməsi, inandırıcı deyil. Üçüncüsü də, 2000 hərbçisini və çoxlu texnikasını gətirməklə, özünün “qərargah”ını qurduğu Yuxarı Qarabağda, geri çəkilmək bir yana, daha da möhkəmlənməyə və bu əraziləri, geostrateji baryer kimi istifadə etməyə çalışacaqdır ki, bunun üçün də oranın, mümkün qədər Azərbaycanın nəzarətindən kənarda qalmasında maraqlıdır.

Siyasi-diplomatik yolla isə Azərbaycanın, Ermənistandan, maksimum “Zəngəzur dəhlizi”ni “qopartmaq” şansı var ki, bunun da, qarşılıqsız və asan baş verməsi, inandırıcı deyil.

Doğrudur, Ermənistanın, baş verəcək hakimiyyət boşluğunda; həm hərbiyyəsinin başsız qalmasının, həm də müvəqqəti hökümətin, gündəmi bəlirləmək istəyinin nəticəsində, Rusiyanın da dəstəyinə ümid edərək, hərbi qarşıdurmalarda maraqlı olması, yüksək ehtimaldır. Amma, burda da əsas müəyyənedici amil, bu ölkədəki siyasi balans və “iplər”in kimin əlində olacağıdır. Daha neytral qüvvələrin nəzarəti ələ keçirdiyi bir şəraitdə, Rusiyanın; müəyyən hərbi-coğrafi üstünlüklər qazanmaq və daxildəki durumu sabitləmək üçün Azərbaycan hakimiyyətinin addımlarına “göz yummaq” ehtimalı yüksəkdir, lakin Rusiyameyilli qüvvələrin hökümətə cavabdeh olduğu şəraitdə, bu ehtimal, xeyli aşağıdır.

Hər halda, yüksək ehtimalla, Ermənistanda, Paşinyandan sonra qurulacaq hökümət, qərbpərəst olmayacaq, buna görə də müvəqqəti bir hökümət zamanı da, Rusiyanın, bu hökümətə, gələcəkdə “ağır yük” buraxmaq istəməsi, real olmadığına görə, Azərbaycana, bu boşluqda, tanıyacağı şans da, böyük olmayacaqdır.

Dolayısıyla da belə demək olar ki, Əliyev hakimiyyət üçün, Qarabağda, hərb yolu ilə ciddi dəyişiklik etməyin limiti, Paşinyan hakimiyyətinin sonuna qədərdir və onun getdiyi təqdirdə, bu baxımdan da imkanları daralacaqdır və faktiki olaraq, əlacsız qalacaqdır.

Diqqətdən qaçmaması gərəkən digər amil də, Rusiyanın, yarana biləcək fürsətdən istifadə edərək, hələki tam möhkəmlənə bilmədiyi Cənubi Qafqazda, nəzarəti tam ələ keçirmək və qalıcılığa nail olmaq üçün, əsas strateji mərkəz olan-Qarabağla bağlı, yeni bəzi müdaxiləçi cəhdlərə getmə ehtimalıdır. Ən birinci, hərbi-siyasi baxımdan, burda, “sülhməramlı” sayını artırmaq və nəzarət arealını mümkün qədər möhkəmlətmək, hətta mümkünsə genişlətmək barədə düşündüyü qətidir. Bunun üçünsə, Rusiyaya lazım olacaq ən əlverişli zəmin və bəhanə, təbii ki, Azərbaycanın və Ermənistanın daxilindəki təlatümlər, xüsusən də aradakı qarşıdurmanın, şiddətli olma perspektividir.

Yəni, Qarabağ zonasında, hətta Ermənistan-Azərbaycan dövlət sərhəddində ola biləcək

çaxnaşma vəziyyəti, Azərbaycan və Ermənistan iqtidarlarına, qısa vədədə gündəmi dəyişmək və daxildəki durumu sabitləmək imkanı vəd edirsə və bu qarşıdurmaların şiddətlənməsi, Azərbaycana, dəyişiklik və üstünlük perspektivi yaradırsa; eyni zamanda Rusiyaya da, zamanla alovlanan bu münaqişədən istifadə edərək, daha güclü müdaxilə, daha möhkəm sülh razılaşması və Rusiyanın maraqlarının daha çox təmin olunduğu bir sonluq vəd edir.

Odur ki, sözün həqiqi mənasında, Azərbaycan iqtidarı üçün vəziyyət, ipin üstündə yerimək qədər həssas və qırılğan olacaqdır.

Ona görə də çarəni, bəlkə də Qərb istiqamətində aramaq və ölkənin vektorunu, Qərbə və ABŞ-a, ən azı, indilik çevirmək, beləliklə də bundan, Rusiyaya təzyiq üçün istifadə etmək, Əliyev iqtidarı üçün, yeganə məqbul seçim ola bilər.

Digər tərəfdən, ABŞ və Qərbin də, Azərbaycanla bağlı, artıq, yeni və qəti bir gözləntisi formlaşmışdır ki, bu da özünü son hadisələrdə göstərir.

Hər halda, “İskəndər” raketi ilə bağlı, Əliyevin, gözlənilməz və ani çıxışı və Rusiyanı, bir mənada, məhkum etməsi, həm də Qərbə və ABŞ-a reverans deməkdir.

Böyük ehtimalla da, bu reveransın ardınca digər bənzər addımlar gələcəkdir, lakin kəskin olması zəif ehtimal olan bu dönüşün, ABŞ və Qərbi qane edəcəyi də şübhəlidir.

Ümumiyyətlə, Əliyev hakimiyyəti üçün Qarabağda ciddi dəyişiklik etməyin limiti də əslində məhduddur. Çünki, terrorçuların, Qarabağdan tam təmizlənməsi, zatən mövzu bəhsi deyil; faktiki Azərbaycan torpaqları olan, və üçtərəfli bəyənatla Ermənistanın və Rusiyanın nəzarətində qalan ərazilərdə, bu müddətdə, qanuni əhali ilə bərabər, yetərincə sayda- qanunsuz əhali və terrorçular toplanıbdır və onları, ordan çıxartmaq kimi bir təşəbbüs də aktual deyil.

Lakin məlumdur ki, hətta Azərbaycanın nəzarətində qalması gərəkən ərazilərdə və sərhədlərində də qanunsuz dəstələr və qanunsuzluqlar mövcuddur.

Dolayısıyla da yerdə, Azərbaycan lehinə ola biləcək yalnız 2 cür dəyişiklik qalır:

1)Heç olmasa bundan sonra “Laçın dəhlizi”nin, qanuni və normal funksiyasını yerinə yetirməsi və bunun üçün də Azərbaycanın da nəzarətə qatılması.

2)Üçtərəfli bəyanata əsasən Azərbaycanın nəzarətində qalması gərəkən ərazi və sərhədlərindən, terrorçuların təmizlənməsi.

Bu variantlardan birincisi, birbaşa Rusiya ilə bağlıdır və siyasi konyukturadan asılı olaraq taleyi dəyişə bilən, “nisyə” bir ehtimaldır.
Lakin ikinci variant isə daha çox “nəğddir” və nisbətən Azərbaycandan asılıdır. Buna görə də Əliyev hakimiyyəti, güclü ehtimalla və ən azı orta müddət üçün, məhz bu ehtimalı təqib etməyə və hərbi aktları, azad olunmuş ərazilərdə keçirməyə meyilli olacaqdır.

Ancaq, irəlidəki hadisələrin xarakterini nəzərə alanda, söyləmək olar ki, bu aktı icra etmək, Azərbaycanın qərarından asılı olsa da, onun, həm- xaricdə və beynəlxalq siyasi balansda, hansı cür reaksiya görəcəyi müəmmalıdır, həm də- daxildə, iqtisadi-siyasi olaraq “boğulmuş” və stress içində olan cəmiyyət tərəfindən necə qarşılanacağı şübhəlidir. Dolayısıyla da məsələ, İkinci Qarabağ müharibəsində hücum əmri vermək qədər rahat və düzxətli olmayacaqdır və bu əməliyyatların, şiddətli fazaya keçməsi, yaxud da uzun müddət, şiddətli fazada qalması da zəmanətli deyil.

                          

                 “Elmi Proqnozlaşdırma Mərkəzi”nin direktoru Yunis Dürüst

 

Mərkəzin fəaliyyətini hələki fb səhifəsindən izləmək olar: https://www.facebook.com/ElmiProqnozlashdirmaMerkezi/about/?ref=page_internal

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR