Slimfit
  1. MEDİA

MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil)

MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil)
Sakura

MÜHARİBƏDƏN SONRA: AZƏRBAYCAN PERSPEKTİVİ. (Proqnoz-təhlil)

2-ci Hissə

 

 

Müharibədən sonra, diqqətlərin, daxilə yönəlməsi ilə zatən güclənən anti-məmur zəmini və dalğası; kompromatlar amilinin ortaya çıxması ilə, bir tərəfdən daha da gücləndisə, digər tərəfdən də bu tendensiya, ümumilikdə ətrafın “dumanlı” və qarmaqarışıq duruma gəlməsi ilə sonuclandı. Artıq, bir yerdən sonra, kimin nə dediyi bəlli olmayan, “ağız deyəni qulağın eşitmədiyi”, hər gün yeni gündəmin ortaya çıxdığı-xaotik bir vəziyyət yarandı.

Qiymət artımı ilə paralel, “kompromatlar”ın da yükləndiyi bu xaotik gündəmin üstünə, zamanla, üçüncü tendensiya da gəldi-həbslər. Nəticə etibarilə, ciddi qiymət artımları və əhalidə yaranan əlavə stressə baxmayaraq, məhz “kompromatlar savaşı” və “həbslər dalğası”, bir mənada, bahalaşmanın gündəm gücünü zəiflətdi və xalqın, ola biləcək reaksiya əmsalını azaltdı. Ki, bu da, ilk baxışda; sözügedən iki faktorun, məhz xalqın diqqətini bahalaşmadan yayındırmaq və fikrini dağıtmaq üçün quraşdırıldığını düşündürsə də, hər halda, kompromatlar məsələsi, asanlıqla idarə və manipulyasiya oluna bilən bir proses deyil. Əslində, elə məhz kompromatlar faktoru, bir tərəfdən- bahalaşmanın gündəmini zəiflətsə də, digər tərəfdən də- “həbs taktikası”nın gücünü də zəiflədən bir amil idi. Çünki bir yanda, iri və güclü məmurların həbs olunması, insanlarda, dəyişiklik ümidi və pozitivlik yaradırsa, hər gün ortaya çıxan yeni villa və “məmur harınlığı” da, “biri itir, biri bitir” qavrayışını yaradır.

 

Və artıq bir neçə həftədir ki, “kompromatlar savaşı”nın arxa plana keçməsi, qiymət artımının ilkin təsirinin sönməsi müqabilində, gündəmdə, yeni bir “dalğa” yüksəlməkdədir: “Tərtər hadisələri”.

4 il öncə, Tərtər başda olmaqla, bir sıra hərbi hissələrə aid yüzlərcə hərbçinin “casusluq” ittihamı ilə hüquqdan kənar şəkildə “cəzalandırılması” formasında özünü göstərən bu hadisələr, zamanında, bu və ya digər səbəbdən yaratmadığı ictimai təpkini, məhz indi yaratmağa başlayıbdır. Şübhəsiz ki, bu dramatik olayın, məhz indi gündəmə gəlməsində, normal və təbii amillər rol oynamaqla bərabər, qeyri-təbii və süni amillər də (hakimiyyətdaxili savaş və s.) rol oynayır və əslində, bunu, qismən də “kompromatlar savaşı”nın davamı hesab etmək olar. Lakin, daha mühüm olan budur ki, hadisənin, olduqca geniş radiusu, haqsızlığa məruz qalan hərbçilərin sayı və kontingentinin genişliyi, və ən əsası, yol verilən “cəzalandırma” tədbirlərinin, hətta ermənilərin metodlarından belə, dəhşətli olması; bu olayın, onsuz da gec-tez üzə çıxıb, ciddi şəkildə gündəmə gəlməsini şərtləndirirdi və sos-media əsrində, bu qədər böyük olayı gizlətmək və üstünü örtmək, zatən mümkünsüz idi. Dolayısıyla da ordu rəhbərliyi üçün, və bundan da öncə hakimiyyət üçün ciddi başağrısı olacağı öncədən bəlli idi. Deməli, bu hadisə, nə qədər çeşidli və ciddi aktları özündə əhatə etsə də, plansız və qeyri-peşəkar bir düşüncənin və hisslərlə verilən qərarın, ya da ciddi sabotaj cəhdinin nəticəsidir.

Çünki, hadisələrin baş verdiyi dövrün-2017-ci ilin şərtlərinə nəzər salanda; aprel müharibəsindən yeni çıxmış və qarşıda, əsas müharibə planlarının olduğu və üstəlik də xalqın, xüsusən devalvasiya ilə həyat səviyyəsinin aşağı düşdüyü bir zamanda, hər şeydən öncə vətəndaş və daha sonra, hərbçi demək olan yüzlərcə insana, bu qədər dəhşətli işkəncələrin verilməsi və bunun da keyfi və tələsik edilməsi, başqa ehtimalı istisna edir.

Ən ağılsız bir prezident də, bu qədər böyük miqyasda və özü üçün birbaşa təhlükə anlamına gələn bu olaya razılıq verməzdi və İ. Əliyevin də buna birbaşa razılığının olması, inandırıcı deyil.

Deməli, uzun illərdən bəri iddia olunan və zaman-zaman da müəyyən təsdiqedici nişanələri aşkar olan-sabotaj amilinin olduğu aşikardır.

Görünən budur ki, ordu rəhbərliyi, ən azı o dövrdə, hakimiyyətin tam kontrolunda olmayıbdır və başda da, faktiki ordu rəhbəri olan Baş Qərargah rəisi Nəcməddin Sadıqov olmaqla, ölkənin ən həssas qurumu, “başqalarının” nəzarətində imiş. Bu, həm də o deməkdir ki, müdafiə naziri Zakir Həsənov, əslində, formal rəhbər olubdur, yaxud o da “başqaları” ilə ortaq olubdur. Məntiq onu deyir ki, güclü xarici himayədar olmadan, ordu kimi- İ. Əliyevin ciddiyə aldığı bəlkə də yeganə qurum olan bir nazirliyi ələ keçirmək, inandırıcı deyil və buna onun könüllü razı olması da məntiqli deyil.

Bu himayədarın da, Rusiyadan başqa bir dövlət olması, inandırıcı deyil.

Deməli, ordunun, ikinci Qarabağ müharibəsində qazandığı qələbə də ya N. Sadıqovun, dolayısıyla da onun bağlı olduğu Rusiyanın razılığı ilə ya da onun iştirakı istisna edilərək əldə edilibdir ki, ikinci versiya, daha ağlabatandır. Əslində, onun “tərksilah edilməsi” də elə Rusiyanın razılığını almaq demək olduğuna görə, Qarabağ müharibəsinin, bu imperial dövlətin icazəsi ilə baş tutduğu aydın olur.

 

“Tərtər işi” adlanan dəhşətli olay, xarakteri etibarilə olduqca güclü və xroniki təsir vektoruna sahibdir və ictimaiyyətin şiddətli vulkanik təpkisini şərtləndirir. 4 il ərzində bu hadisənin, ciddi ictimai təpkiyə rəvac vermək bir yana, əsasən gizli qalması, aldadıcı ola bilər və bu, heç də adekvat təpkinin, bundan sonra olmayacağı anlamını daşımır.

Bu olayın vulkanik reaksiya potensialını təsvir etmək üçün sadə bir analogiya aparaq; hərbçilərimizə işkəncə verənlər, əgər xaricilər, məsələn ermənilər olsaydı, bu, mütləq şəkildə ictimaiyyətin ciddi reaksiyasına səbəb olardı və bu reaksiya, yüksək ehtimalla, elə baş verdiyi dövrdə reallaşardı və 4 il, faktiki gizli qalmazdı.

Amma, bu cinayətləri edənlər, əgər özümüzünkülərdisə, deməli, mütləq şəkildə ictimai təpkinin bucağının daha geniş olma ehtimalı var və indiyəqədər bu təpkinin baş verməməsi də, aldadıcıdır və xüsusi amillərə bağlıdır. Bu hadisələrə, cəmiyyətin təpkisinin indiyəqədər tam formalaşmamasının əsas səbəbləri; hələ də bu olayların tam bilinməməsi (1) və həmçinin, dəhşətinin, tam qavrana bilməməsi, yəni bu hadisənin baş verməsinə cəmiyyətin tam inana bilməməsi, şokunu atlata bilməməsidir (2). Lakin, zaman keçdikcə, müzakirə edildikcə və inkarına dair ciddi nəsə edilmədiyi müddətcə, bir neçə ay sonra ciddi ictimai təpki də reallaşacaqdır.

Deməli, cəmiyyət, baxmayaraq ki, bu hadisəyə, artan xətlə ciddi təpki verməyə başlayır, lakin hələki əsas reaksiya potensialı, özünü gözləməkdədir və bu da o deməkdir ki, bu olay, -ciddi bir əks-gündəm baş verməsə,- yüksələn xətlə, və aylarca gündəmi zəbt etmə potensialı daşıyır.

Bu da son nəticədə hakimiyyət üçün ciddi bir təhdid və risk anlamına gəldiyi üçün yəqin ki, bu təpkini qarşılamaq və zəiflətmək üçün ciddi addımlara gediləcəkdir.

Ki, qarşı tədbir olaraq da, iki versiya ağla gəlməkdədir:

1)İşkəncələrdə rolu olan müəyyən sayda və yüksək çinli hərbçilərin və “böyük” məmurların cəzalandırılması.

2)Ölkənin hərbi gündəmini qarşılamaq üçün, elə hərbi sahədə alternativ gündəm yaratmaq-yuxarı Qarabağda antiterror əməliyyatları və s. həyata keçirmək. (Bu barədə daha geniş danışacağıq.)

Əlbəttə, bu iki versiyadan birincisi, çox yüksək ehtimalla reallaşacaqdır, lakin ikincisi də bununla bərabər reallaşa bilər.

                                                                            

                                            “Elmi Proqnozlaşdırma Mərkəzi”nin direktoru Yunis Dürüst

 

Mərkəzin fəaliyyətini hələki fb səhifəsindən izləmək olar: https://www.facebook.com/ElmiProqnozlashdirmaMerkezi/about/?ref=page_internal

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR