Müəllimlərin yay məzuniyyəti başa çatdı
Azərbaycanda orta məktəb müəllimləri üçün yay məzuniyyəti başa çatıb. Modern.az saytının məlumatına görə, onlar sabahdan – 29 avqust 2018-ci il tarixindən işə çıxmağa başlayacaqlar.
Yeni tədris ilinin yaxınlaşması ilə əlaqədər məktəblərdə dərs bölgüsü də aparılacaq.
Qeyd edək ki, Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən, bütün ixtisas müəllimlərinə 56 təqvim günü müddətinə əmək məzuniyyəti verilir. Mövcud qanunvericiliyə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə əmək məzuniyyətləri bir qayda olaraq yay tətili dövründə verilir.
Təhsil naziri Ceyhun Bayramov bir müddət öncə “Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarının təsdiqi haqqında” əmr imzalayıb.
Nazirin əmrinə müvafiq olaraq, 2018-2019-cu dərs ilində də ümumtəhsil məktəbinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14- də başa çatacaq.
Dərs ili iki yarımilə bölünəcək: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:
5 gün payız tətili (16-20 noyabr);
5 gün qış tətili (27-31 yanvar);
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət