Slimfit
  1. AZƏRBAYCAN

Müdriklik zirvəsi - 70 yaş

Müdriklik zirvəsi - 70 yaş
Sakura

Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tanınmış cərrah-onkoloq, Əməkdar elm xadimi, AMEA-nın…

Böyük alimin uzunmüddətli müşahidələri və tədqiqatları nəticəsində ölkədə onkologiya sahəsində mühüm elmi nailiyyətlər əldə edilmiş, Azərbaycan tibbi daha da yüksəklərə qalxmışdır. Onun müvafiq sahədə qələmə aldığı elmi əsərləri ölkənin tanınmış jurnalları ilə yanaşı, dünyanın nüfuzlu, yüksək istinad indeksli nəşrlərində də işıq üzü görmüşdür.

Ə.Əmiraslanov 17 noyabr 1947-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. 1965-ci ildə  orta məktəbi qızıl medalla bitirərək, elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra  Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışmışdır.

Alim 1974-cü ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin nəzdində aspiranturaya daxil olmuşdur.  1977-ci ildə “Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1984-cü ildə isə “Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Əhliman Əmiraslanovun elmi nailiyyətlərinin əsasını sümük, yumşaq toxuma, süd vəzisi və bir sıra orqanların şişlərinin öyrənilməsi, eləcə də onların effektiv diaqnostika və müalicə metodlarının işlənib hazırlanması, kliniki praktikaya tətbiq edilməsi təşkil edir.

Ölkənin məşhur cərrahlarından olan akademik Ə.Əmiraslanov onkologiya sahəsində çoxsaylı tibbi-bioloji texnologiyaların müəllifidir. Alim bu gün də mürəkkəb cərrahi əməliyyatları yüksək peşəkarlıqla yerinə yetirir.

O, AMEA Rəyasət Heyətinin üzvü, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi kimi ölkədə tibb və biologiya elmlərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində, tədqiqatların ən müasir metodlarla aparılmasında, elmi işlərin yüksək səviyyədə təşkili və modernləşdirilməsində böyük rol oynayır.

Tibb elminin inkişafında böyük xidmətləri olan Əhliman Əmiraslanov onkologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmışdır. Alim ölkəmizin beynəlxalq miqyasda yüksək səviyyədə təmsil olunması üçün əlindən gələni əsirgəməmiş, mühüm nailiyyətləri ilə dünya elminə töhfələr vermişdir.

Akademik Əhliman Əmiraslanov 1992-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru vəzifəsində çalışmışdır. Rektor təyin olunduğu gündən bu qocaman elm və təhsil ocağı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. O, universitetin müsbət imicini formalaşdırmaq və onu daha da inkişaf etdirmək istiqamətində kompleks innovativ tədbirlər həyata keçirmiş, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris keyfiyyətinin yüksəldilməsi və tibb sahəsində təhsilin məzmununun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atmışdır. 

Ə.Əmiraslanov hazırda ATU-nun Onkologiya kafedrasının müdiri, Onkoloji klinikasının direktorudur. Akademik Ə.Əmiraslanovun müəllim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun çox zəngin və əhatəli pedaqoji fəaliyyəti nəticəsində dəyərli elmi-tədqiqat işləri, kitab və dərsliklər işıq üzü görmüşdür.

Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli cərrah-onkoloqların, peşəkar elmi  kadrların yetişdirilməsində əvəzsiz xidmətlər göstərmiş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, ölkəmizdən xaricdə də görkəmli alim kimi tanınan Ə.Əmiraslanov tibb elminin inkişafında göstərdiyi saysız-hesabsız xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 1986-cı ildə isə Ə.Əmiraslanov elm və texnika sahəsi üzrə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 2000-ci ildə ulu öndər Heydər Əliyev alimə “Şöhrət” ordenini təqdim etmişdir.

Ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhliman Əmiraslanov Prezident İlham Əliyevin 16 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuşdur.

Ə.Əmiraslanov zəngin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, həm də yüksək insani keyfiyyətləri, təvazökarlığı və xeyirxahlığı ilə fərqlənən alimlərimizdəndir. Bu keyfiyyətləri nəticəsində o, həmkarları, alim yoldaşları arasında, ümumiyyətlə, cəmiyyətdə böyük hörmət qazanıb. Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən Ə.Əmiraslanov çox mehriban, qayğıkeş, ünsiyyətcil və yüksək mənəviyyata malik bir şəxsiyyətdir.

Görkəmli elm xadimi, bacarıqlı təhsil təşkilatçısı olan Əhliman Əmiraslanovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində yeni nailiyyətlər, tükənməz yaradıcılıq enerjisi arzulayırıq.

 

Nərgiz Qəhrəmanova, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR