MTRŞ TV və radiolarda Azərbaycan dili ilə bağlı əsas qüsurları açıqlayıb
“Milli Televiziya və Radio Şurası (MTRŞ) milli efir məkanında Azərbaycan dilinin istifadə vəziyyətinin öyrənilməsi və ortaya çıxan nöqsanların aradan qaldırılması məqsədilə daimi monitorinqlər həyata keçirir”.
Bunu APA-ya MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov deyib.
Şöbə müdiri xatırladıb ki, 2011-ci ildən başlayaraq, Şura həm AMEA-nın Dilçilik İnstitutu, həm də Bakı Dövlət Universitetinin dilçi mütəxəssisləri ilə birgə teleradio proqramlarında ədəbi dil normalarına əməl edilməsi ilə bağlı monitorinqlər təşkil edir, mövcud nöqsanlarla bağlı hesabatlar dərc etdirir: “Məlum olduğu kimi ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli fərmanla hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Ölkəmizdə Azərbaycan dilinin inkişafı daim dövlətin diqqət mərkəzində olub. Bu istiqamətdə möhkəm qanunvericilik bazası formalaşdırılıb. Bütün bunlar isə Azərbaycanın teleradio məkanında Azərbaycan dilinin istifadəsi vəziyyətinin daha da yaxşılaşdırılmasına öz töhfəsini verir. Hazırda qarşıda duran əsas vəzifə milli efir məkanında Azərbaycan dilinin keyfiyyətli istifadəsini təmin etməkdir. Bu istiqamətdə işlər davam etdirilməkdədir”.
Şöbə müdiri onu da qeyd edib ki, görülən işlərlə yanaşı, televiziya və radiolarda Azərbaycan dili ilə bağlı bir sıra problemlər də diqqəti cəlb edir: “Aparıcılar bir sıra hallarda Azərbaycan ədəbi dilinin normalarına riayət etmirlər, nitqlərində dolaşıqlığa, söz sırasının pozulmasına yol verirlər, məişət dilini efirə çıxarırlar, bəzən loru, bayağı nitq sərgiləyirlər. Bir sıra hallarda aparıcılar qeyri-dövlət dilində olan söz və ifadələrdən istifadə edirlər, dəvət olunmuş xarici dilli qonaqlarla qanunvericiliyə zidd olaraq, xarici dildə danışmağa meyl edirlər. Digər tərəfdən, aparıcıların nitqlərində rus və türk dilinin təsiri hiss edilir, bəzi aparıcılar ləhcədə danışır. Verilişlərdə xarici dildə danışan qonaqların nitqinin əsasən subtitrlə tərcümə edilməsi, teleradio verilişlərində və reklamlarda tamaşaçı və dinləyici auditoriyasını qıcıqlandıra biləcək kobud sözlər, söyüşlər, qeyri-etik və təhqiramiz ifadələrin işlədilməsi hallarına da rast gəlinir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət