Moskvada “Rusiya xarici jurnalistlərin gözü ilə” kitabının təqdimatı keçirilib
Akademik Fazil Qurbanovun rəhbərlik etdiyi Rusiyanın Azərbaycan diasporunun Moskva ofisində “Rusiya xarici jurnalistlərin gözü ilə” kitabının təqdimatı keçirilib. Müəllifləri jurnalistlər Fərhad Nuriyev və Zaur Babayev olan bu kitabın hazırlanmasında AZƏRTAC-ın kitablarından da istifadə edilib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Azərbaycan diasporu tərəfindən təşkil olunmuş tədbirdə akademik Fazil Qurbanov, kitabın müəllifi Fərhad Nuriyev, professor Kamran Rüstəmov, Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər və tələbələr iştirak ediblər.
Gecənin aparıcısı, tarix elmləri namizədi, şərqşünas Manaf Ağayev bu kitabın Rusiya və Azərbaycan ictimaiyyəti üçün əhəmiyyəti barədə məlumat verərək qeyd edib ki, monoqrafiyada SSRİ dağılandan XXI əsrin ikinci onilliyinin ortalarına qədər olan dövrdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında siyasi-hüquqi, ticari-iqtisadi, mədəni və humanitar münasibətlərin inkişafı və müasir vəziyyəti kompleks şəkildə tədqiq edilib.
Rusiyanın Azərbaycan diasporunun lideri akademik Fazil Qurbanov qonaqları salamlayaraq Fərhad Nuriyevə və Zaur Babayevə gördükləri iş üçün təşəkkürünü bildirib. Rusiya ilə Azərbaycan arasında səmimi münasibətlər, tarixi yaddaşın qorunub saxlanmasının vacibliyi barədə danışan F.Qurbanov qeyd edib ki, bugünkü gənc nəsil belə kitabların köməyi ilə Rusiyanın və Azərbaycanın həqiqi tarixini öyrənmək, Rusiya-Azərbaycan münasibətlərinin bugünkü və dünənki vəziyyəti ilə tanış olmaq imkanı qazanacaq.
Kitabın müəllifi Fərhad Nuriyev bu nəşrin Moskvada təqdimatının təşkilinə görə Fazil Qurbanova təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyinə həsr edilmiş bu kitabda son 25 ildə Rusiya ilə Azərbaycan arasında əlaqələr təhlil olunub. Müəllif deyib: “Biz ticari-iqtisadi, enerji və humanitar sahələrdə yaxşı nəticələrə nail olmuşuq. Bu uğurların qazanılmasında ölkələrimizin liderlərinin xidməti çox böyükdür. Müntəzəm əlaqə saxlayan dövlət başçıları Rusiya-Azərbaycan qarşılıqlı fəaliyyəti üçün xüsusi əlverişli ab-hava yaradıblar”.
Professor Kamran Rüstəmov bu nəşrin əhəmiyyətindən söhbət açaraq vurğulayıb ki, kitab ali məktəblərdə beynəlxalq münasibətlərin müxtəlif aspektlərinin öyrənilməsi üçün dəyərli vəsait olacaq. O deyib: “Kitabda çox faydalı və maraqlı informasiya toplanıb. Axı Rusiya xalqı ilə eyni tarixi-coğrafi məkanda olduğumuz iki yüz il ərzində xoşagələn hadisələr çox olub. Bütün bunları indiki və böyüməkdə olan nəslə düzgün çatdırmaq çox vacibdir. Fikrimcə, kitabın müəllifləri buna nail olublar. Belə kitablar sayəsində Azərbaycan haqqında müsbət təsəvvür yaranır”.
Tədbirdə çıxış edən digər natiqlər də Rusiya-Azərbaycan münasibətlərinin öyrənilməsində “Rusiya xarici jurnalistlərin gözü ilə” kitabının əhəmiyyəti barədə danışıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət