Moskva Hökumətinin naziri: Mən yalnız Azərbaycan çayı içirəm
“Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri ildən-ilə möhkəmlənir, əmtəə dövriyyəsi durmadan artır. Moskva piştaxtalarına gündəlik formatda və iri həcmdə mallar daxil olur. Təcrübə göstərir ki, Moskvada Azərbaycan məhsullarını çox sevir və bəyənirlər. Ümid edirəm ki, bu malların miqdarı günü-gündən artacaq”. Bu barədə jurnalistlərə Moskva Hökumətinin naziri, Ticarət və Xidmətlər Departamentinin rəhbəri Aleksey Nemeryuk Moskvanın Tver meydanında Azərbaycan şəhərciyinin açılış mərasimində bildirib.
AZƏRTAC-ın məlumatına görə, A.Nemeryuk qeyd edib ki, sərgidə çox gözəl çay növlərini görmək, Azərbaycanın mədəniyyəti, turizm potensialı ilə tanış olmaq, ustad dərslərində iştirak etmək olar. O deyib: “Azərbaycan çox maraqlı ölkədir, orada görməli çox şey var. Ümidvaram ki, bu günəşli günlərdə sərgiyə gələn moskvalılar daha sonra Azərbaycanı turist qismində ziyarət edəcəklər. Biz də öz adımızdan bütün azərbaycanlıları Moskvaya dəvət edirik”.
Moskva meriyasının nümayəndəsi Azərbaycan çayını çox xoşladığını bildirib. A.Nemeryuk deyib: “Son 5 ildə mən yalnız Azərbaycan çayı içirəm. Bu, çox keyfiyyətli və yaxşı məhsuldur. Sizdə hazırlanan nar şirəsi və mürəbbələr də mənim çox xoşuma gəlir. Rusiyada mürəbbəni sevirlər, əfsuslar olsun ki, bizdə bu qədər çeşid yoxdur. Bu səbəbdən mən ümid edirəm ki, moskvalılar sərgidə Azərbaycan məhsulları ilə tanış olacaq, daha sonra onları paytaxt mağazalarında əldə edə biləcəklər”.
Moskva Hökuməti Departamentinin rəhbəri paytaxtda çoxlu sayda azərbaycanlıların yaşadığını xatırladaraq deyib: “Artıq tarixən yaranmış müəyyən sahələr var ki, orada biz azərbaycanlılar olmadan keçinə bilmirik. Əlbəttə, biz çox şadıq ki, səfir bu məsələyə böyük diqqət ayırır və bütövlükdə, Moskva və Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyət mövcuddur. Ümidvaram ki, əməkdaşlığımız çərçivəsində atılan növbəti addım olan bu sərgi mütəmadi hal alacaq. Burada həm Azərbaycandan gəlmiş istehsalçılar, həm də artıq moskvalı və respublikanın Moskvada, ümumilikdə Rusiyada nümayəndələrinə çevrilmiş azərbaycanlılar iştirak edirlər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət