Monterey-Lənkəran Dostluq Assosasiyasının icraçı direktoru Lənkərana gəlib
ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində yeni yaradılmış Monterey-Lənkəran Dostluq Assosasiyasının icraçı direktoru Nensi Selfric Lənkəran şəhərində səfərdə olub.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Nensi Selfrici qəbul edib.
Qəbul zamanı icra başçısı ABŞ-Azərbaycan əlaqələri çərçivəsində Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətlərini yüksək dəyərlədirərək son illər rayonun sosial-iqtisadi, turizm və mədəni sahədə böyük uğurlar qazandığını, Lənkəranda çayçılığın, sitrusçuluğun və çəltikçiliyin ildən-ilə inkişaf etdiyini, tikinti-quruculuq ünvanlarının sayının getdikcə artdığını, o cümlədən xalça fabrikinin, Olimpiya-İdman Kompleksinin, İstisu Sanatoriyasının və digər bu kimi obyektlərin yaxın vaxtlarda istifadəyə veriləcəyini bildirib.
Söhbət zamanı Kaliforniyalı qonaq Lənkərana növbəti səfərindən məmnun qaldığını, şəhərdə çoxlu dəyişikliklərin, yeniliklərin baş verdiyinin şahidi olduğunu bildirərək səmimi qəbula görə icra başçısına təşəkkür edib.
Günün ikinci yarısında Nensi Selfric Lənkəranın gəzməli-görməli yerlərinə, o cümlədən Heydər Əliyev Xatirə Parkına, Heydər Əliyev Muzeyinə, Dövlət Bayrağı Meydanına, Həzi Aslanov Parkına, Azərbaycanlıların Soyqırımı Abidə-Kompleksinə baş çəkib. N.Selfricin Lənkərana səfəri davam edir.
Qeyd edək ki, Monterey və Lənkəran şəhərləri 2011-ci ildə qardaşlaşıblar. Ötən dövr ərzində iki şəhər arasında səfər mübadilələri, həmçinin Monterey şəhərində Azərbaycanın təbliği və Azərbaycan həqiqətlərinin şəhər ictimaiyyətinə çatdırılması istiqamətində siyasi, iqtisadi və mədəni xarakterli müxtəlif tədbirlər həyata keçirilib, şəhərdəki Azərbaycan dostlarının sayı artıb.
Xatırladaq ki, bu ilin oktyabrın 4-də Kaliforniyanın Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosiasiyası yaradılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət