Slimfit
  1. BİOQRAFİYA

Molla Vəli Vidadi

Molla Vəli Vidadi
Sakura

Molla Vəli Vidadi - XVIII əsr azərbaycan şairi

Molla Vəli Vidadi (1709-cu il, Şəmkir, ‒ 1809-cu il, İkinci Şıxlı) — XVIII əsr azərbaycan şairi. Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. Şairin uşaqlığı və ilk gəncliyi də orda keçmişdir. Atası Məhəmməd ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından biri idi. Məhəmməd ağa Səfəvilər dövründə İranda yaşayan Hәmzә sultanın nәslindәndir. Belə bir ailədə böyüyən Vidadi də uşaqlıqdan mükəmməl təlim-tərbiyə almışdır. Atasının ölümündən sonra Şəmkiri tərk edib, Qazağa köçmüşdür. O,  ilk təhsilini Şəmkirdə almış, oxumağı davam etdirmək üçün Poyluya gəlmişdir. O, ərəb, fars dillərini mükəmməl öyrənmişdir. Şair Poyludan vətəninə qayıtmayıb Şıxlı kəndinə gəlmiş, burada Əhmədağanın yanında mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olmuşdur. Məhz buna görə də o, Mola Vəli adı ilə tanınmışdır. Qıraq Salahlıda yaşayan Molla Cəbrayıl adlı bir nəfərin qızı ilə evlənərək, Şıxlı kəndində məskən salmışdır.

Şairin əsərlərindən aydın olur ki, o, bütün həyatını Şıxlıda keçirməmişdir. Müəyyən müddət Qarabağ xanlığında yaşamış, Tiflisdə İraklinin sarayında xidmət etmiş, lakin bizə məlum olmayan səbəbə görə həbs edilmiş və həbsdən qurtardıqdan sonra Şıxlıya qayıdıb ömrünün sonuna qədər orada yaşamışdır.

M.V.Vidadinin irsinin az qismi məlumdur. Feodal zülmündən, xanlıqlar dövrünün hərc-mərcliyindən doğan kədər və ümidsizlik, mənəvi tənhalıqdan şikayət Molla Vəli Vidadinin yaradıcılığının əsas motivləridir.

Humanist sənətkar olan Vidadinin yaradıclığında vətənə, zəhmətkeşlərə məhəbbət güclüdür Şairin "Dəli könül, gəl əylənmə qürbətdə", "Ey həmdəmim, səni qana qəra eylər", "Xəstə düşdüm, gələn yoxdur üstümə" kimi şeirlərində vətən həsrəti, qəriblik iztirabı səmimi və təsirlidir.

Vidadinin aşiqanə şeirləri də var. Vidadi lirikası yüksək bədii sənətkarlıq nümunəsidir. Vidadi realist təsvirə meyl edən şairlərdən olmuşdur. Bir sıra əsərləri rus dilinə və digər dillərə tərcümə olunmuşdur.

Molla Vəli Vidadi 13 may 1809-cu ildə Qazaxda, Şıxlı kəndində vəfat etmiş və Gəmiqaya adlı yerdə dəfn olunmuşdur.

Molla Vәli Vidadi Molla Pənah Vaqifin müasiri, dostu, bəzi mənbələrə görә isə qohumu imiş.

Molla Vәlinin yaxşı elm vә savadı vә rәvan tәbi var imiş vә özü dә zöhdü tәqva әhli olub, vaxtının çoxunu ibadәtdә keçirәrmiş. Haqq söylәyәn vә haqqı dost tutan bir vücud imiş ki, hәr kәsin eybini açıq söylәmәkdәn bak vә ictinab etmәz imiş. Ona binaәn şairdәn dilgir vә rәncidә olanların әdәdi az deyil imiş. Amma bununla belә hamı onu sayarmış, xatirini әziz vә möhtәrәm tutarmış. Müasiri vәkil Әhmәdağa ilә aralarında dostluq vә zarafat var imiş vә çox vaxtı şair ona kinayә vә istehza tәriqincә acı sözlәr deyәr imiş, amma Әhmәdağa onun sözlәrindәn incimәz imiş. Belә ki, bir vaxtı bunlar yaylaqda olan zamanı evlәrindәn çıxıb gözәl vә çiçәkli dağlarda seyr edirlәr. Bu әsnada duman gәlib onları әhatә edir. Molla Vәli xovfa düşür ki, onlar azacaqlar. Amma Әhmәdağa ona ürәk-dirək verib deyir: "Qorxma, mәn sәni salamat yurdumuza apararam" vә doğrudan da Vidadini salamat gәtirib şenliyin içinә çıxarır.

Bu barәdә qeyrilәrin yanında Әhmәdağa özünü öyüb, zehn vә fәrasәtini zikr etdikdә Molla Vәli tәngә gәlib deyir: -Ağa, bu qәdәr özünü öymә, bu bir böyük hünәr deyil, qara mal da (sığır) heç azmaz.

Bәzi rәvayәtә görә, Molla Vәli Vidadi Qazax mahalında әn mötәbәr, tәdbirli vә nüfuzlu bir adam hesab olunduğuna binaәn, Gürcüstan valisi İrakli xan onu özünә müqәrrәb edib vә onun ağıl vә kamalını görüb, bәzi ittifaqlarda Qazax mahalına dair mәsәlәlәr vüqua gәldikdә onun tәdbir vә sәlahdidilә iş görәrmiş. Bu әhvalı onun dostu Molla Pәnah Vaqif eşidib Qarabağdan Vidadinin hal vә şәninә münasib bu şerlәri yazıb göndәrmişdir:

Ey Vidadi, yenә xan qulluğunda
Qaim olub, nә qiyamәt eylәrsәn?
Yaman gözdәn Allah özü saxlasın,
İxlas ilә, kişi, xidmәt eylәrsәn.

Belә dursan o qapıda qış vә yaz,
Yetişәrsәn bir çörәyә sәrәfraz,
Bu doğru yolundan әyilsәn bir az,
Yәqin bil ki, çox xәyanәt eylәrsәn...

Amma Vidadinin İrakli xana müqәrrәb vә mәslәhәtçi olduğunu nә gürcü vә nә rus vә nә dә bizim tarixlәrdә görmәdik. Özgә bir qövlә görә, әzancümlә mәrhum Әhmәd bәy Cavanşirin yazmağına binaәn ki, – onun Qarabağ tarixinә dair artıq bәlәdiyyәti var idi, – Molla Pәnah mәrhum İbrahim xanın müqәrrәbi-hüzuru olan zamanı öz dostu Molla Vәlini yazıb Qazaxdan Qarabağa gәtirdibdir vә burada onun xana yavuq olmağına sәbәb düşübdür vә xan Molla Vәlinin ağıl vә kamalını dәrk edib vә xüsusәn onun mömin vә müttәqi bir şәxs olduğunu görüb, ona lütf vә mәrhәmәt göstәrәrmiş vә hәr qisim röya görsә imiş Molla Vәliyә söylәr imiş. Molla dәxi onları xeyli münasib tәbir edәrmiş. Amma bu rәvayәti dәxi tәsdiq etmәyә әldә bir dәstavizimiz yoxdur. Bunun doğruluğuna şәhadәt verici "Qarabağ tarixi"ndә bir işarә görmәdik.

Doğrudur Mirzә Cәmalın yazdığı tarixdә Mirzә Vәli adlı bir şәxsin ismi zikr olunubdur, vәli haman Mirzә Vәli Qarabağda Şuşa uyezdindә Baharlı qәryәsindәn bir şirinzәban vә kardan vә zirәk bir adam imiş ki, İbrahim xan onu öz әmizadәsi Әbdüssәmәd bәy ilә Ağa Mәhәmmәd şah әvvәl dәfәdә Azәrbaycanın cәnub sәmtindә vaqe olan vilayәtlәri hiyteyi-tәsәrrüfünә götürdükdә zәval rәsmi ilә şaha göndәrmişdir. Mәzkur Mirzә Vәlinin nәsli bu halda Qarabağda vә Bakıda mövcud vә Vәliyev familiyası ilә mәşhurdurlar.

Bәs, Baharlı Mirzә Vәli ilә Şıxlı Mirzә Vәlini qarşıdırmaq böyük sәhvdir. Tәәccüb budur ki, Qarabağın әhval vә tarixinә bәlәd olanlar vә onların cümlәsindәn şair Mirmöhsün ağa Ağamirzadә Şıxlı Molla Vәlinin vücudunu bilmәrrә inkar edib, Molla Vәli Vidadi ancaq Mirzә Vәli Baharlıdan ibarәt olmasını tәkid edirlәr vә Mirmöhsün ağanın qövl vә iddiasının qüvvәsincә bunu dәxi әlavә edә bilәrik ki, neçә sәnә bundan müqәddәm Baharlı qәryәsindәn Hәmid bәy Vәliyev ismindә bir şәxs ilә tanış olduq. Bu cәnabın ziyadә xoşsöhbәt vә dilavәr olduğunu tәhsin etdikdә bizә cavab verib dedi ki, filankәs bizim babamız çox dilavәr vә fәsih bir adam imiş, özünün dә tәbi-şeriyyәsi var imiş. Babasının adını soruşduqda bizә cavab verdi ki, babamızın adı Molla Vәlidir, "Vidadi" tәxәllüs.

Sәhihi budur ki, Molla Vәli Vidadini onun dostu Vaqif çağırıb Qarabağa gәtirdibdir. Vә burada Cavanşir uyezdindә mәşhur "Gülüstan" adlanan yerdә—ki, sabiqdә xırdaca bir xanlıqdan ibarәt imiş,--Molla Vәli Vaqifin vasitәsilә ora xanının hüzurunda müqәrrәb vә möhtәrәm şәxslәrdәn birisi olubdur. Bu әhvalın doğruluğuna Vaqif ilә onun arasında vüqua gәlәn müşairә dәlalәt elәyir. Vaqif yazır:

Belә dursan o qapıda qış vә yaz,
Yetişәrsәn bir çörәyә sәrfәraz.
Bu doğru yolunda әyilsәn bir az,
Yәqin bil ki, çox xәyanәt eylәrsәn.

Xanın mәhәbbәtin könlündә yatır,
Bit yeyәr әtini, olarsan qotur,
Tәrpәnmә yerindәn, әlbәt, bәrk otur,
Vay halına bir hәrәkәt eylәrsәn.

Evini, malını yadına salma,
Xan izin versә dә, boynuna alma,
Ömәrin, Osmanın qaydına qalma,
Sözlәrini bidәyanәt eylәrsәn.

Cavanşir xәlqilә ol qohum-qardaş,
Qazaxın sözünü heç eylәmә faş,
Demәnәm dinini eylә qızılbaş,
Әqlin olsa, özün, әlbәt, eylәrsәn.

Xanı qoyub әgәr evә getmәsәn, 
Qarğa mәnә mәtlәbinә yetmәsәn,
Ülülәmrin itaәtin etmәsәn,
Tәrki-sünnәt vәl-cәmaәt eylәrsәn.

Vidadi Vaqifә yazdığı cavabın bir bәndindә deyibdir:

Dovtәlәb oluban gedibsәn xandan,
Ölüncә çıxmanam ta Gülüstandan,
Sәn hәrgah çalışsan habelә candan,
Hәr nә desәn, bil, aqibәt eylәrsәn.

Molla Vәlinin oğlu Mәhәmmәd ağa—ki, babasının adı ona qoyulmuşdur,--sonralardan haman Gülüstanda, Qazi Sәidәddin әfәndinin qövlünә görә, xanlıq edibdir. Vidadinin bir oğlu dәxi mәşhur Osman әfәndi imiş ki, Tiflisdә ikinci müfti olubdur ki, elm vә kәmalı ilә mәşhur imiş. Osman әfәndinin fәrzәndlәrindәn birisi üçüncü müfti Mәhәmmәd әfәndi olub vә o birisi dәxi Qazi Sәidәddin әfәndidir ki, sabiqdә Qarabağda qazilik edәrmiş vә bәd müddәti-mәdidә Qazax mahalında mәsnәdi-qәzavәtdә ikәn hәştad sinnindә dari-üqbayә rehlәt elәyibdir.

Vidadi yüz ilә kimi, bәlkә bir az da artıq zindәganlıq edibdir. Sinndә Vaqifdәn böyük imiş. Odur ki, Vaqif ona yazdığı bir qәzәlindә demişdir:

Eşqә düşmәk sәnә düşmәz, qocalıbsan, belә dur,
Belә işlәr yenә Vaqif kimi oğlanә düşәr.

Vidadi bunun cavabında yazdığı qәzәldә demişdir:

Nә qәdәr olsa qoca gәrçi Vidadi xәstә,
Yenә Vaqif kimi, әlbәttә, yüz oğlanә dәyәr.

Molla Vәlinin müsini çağında fәrzәndi-giramisi Osman әfәndi ona xidmәt vә riayәt göstәrәrmiş vә şairin gözlәri yaxşı görmәdiyindәn onun әlindәn tutub gәzdirәrmiş vә hәr növ ehtiyacatını rәf qılmağı özünә borc hesab edәrmiş vә Vidadi dәxi onu canü dildәn sevib, әziz tutarmış vә onun haqqında belә xeyir-dua etmişdi:

Ey hәlimü әlimi-rәbbani,
Elm ilә möhtәrәm qıl Osmani.

Filhәqiqә Osman әfәndi atasının duası bәrәkәtindәn elmü helm ilә fәridül-әsәr bir vücud olub. Onun namü şöhrәti nәinki tәk Qafqazda, hәtta Osmanlı mәmlәkәtindә dәxi intişar tapmışdır.

Molla Vәli Vidadi vәfat edibdir tarixi-hicriyyәnin 1224-cü ilindә ki, miladın 1809-cu sәnәsinә mütabiqdir. Dәfn olunubdur Şıxlı qәbristanlığında ki, "Gәmiqayası" adlanan yerdә vaqedir. Qәbir daşının üstündә bu beyt hәkk olunubdur:

Kim Vidadi xәstәnin qәbrin görüb etsә dua,
Edә hәq rәhmәt, şәfi ola Mәhәmmәd Mustafa.

Molla Vəli Qayıbovlar nəslindən olan Molla Cəbrayılın qızı Tükazban xanımla evlənmişdir. Sonralar Molla Vəli Vidadinin qızı Cəvahiri Mirzə Məhəmməd Qayıbova ərə vermişdir. Məşhur sərkərdəmiz Əliağa Şıxlinski (1865-1943) "Xatirələrim" əsərində yazır ki, anam Şahyəmən xanım Qayıbova Azərbaycanın məşhur şairi Molla Vəli Vidadinin qız nəvəsidir, yəni Mirzə Məhəmmədin qızıdır. Oğlu Qafqazın müftüsü Müfti Osman Əfəndi Vəlizadədir

Ailəsi

  • Yəhya bəy Qazaği– Molla Vəli Vidadinin oğul nəvəsi
  • Şah Yəmən xanım Qayıbova– Molla Vəli Vidadinin qız nəvəsi
  • Abbas ağa Nazir– Molla Vəli Vidadinin oğul nəvəsi
  • Mirzə Hüseyn Qayıbzadə– Molla Vəli Vidadinin oğul nəvəsi

Şeirlər

 

Müsəddəslər

 

Təcnislər

 

Qəzəllər

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR