Slimfit
  1. MƏDƏNİYYƏT

“Molla Nəsrəddin”dən başlayan incəsənət – Bir-birindən maraqlı karikaturalar

“Molla Nəsrəddin”dən başlayan incəsənət – Bir-birindən maraqlı karikaturalar
Sakura

“Molla Nəsrəddin”dən başlayan incəsənət – Bir-birindən maraqlı karikaturalar

Bu gün ilk satira-karikatura jurnalımız olan “Molla Nəsrəddin”in (1906-1931) nəşrə başlamasının 113 ili tamam olur. 

Təkcə milli mətbuatımızın deyil, eləcə də Şərq, türk-islam mətbuatının ən öncül dərgilərindən olan “Molla Nəsrəddin”  yarandığı gündən etibarən ədəbi-tarixi fikrin diqqət mərkəzində olub.

Cəlil Məmmədquluzadə 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək "Molla Nəsrəddin" adlı satirik-yumoristik jurnal çıxarmasına icazə istəyib. Bu təşəbbüsü o zaman Qafqazda Rusiyanın digər yerlərində çıxan Azərbaycan, rus və tatar qəzetləri bəyənib, bu barədə xəbərlər yayıblar.

Beləliklə, martın 4-də jurnalı çıxarmaq üçün Mirzə Cəlilə Tiflis qubernatoru dəftərxanası tərəfindən şəhadətnamə verilib.

Şəhadətnamədə jurnalın proqramı bu şəkildə müəyyənləşdirilmişdir: 1. Məqalələr. 2. Kəskin tənqidlər. 3. Felyetonlar. 4. Məzhəki şeirlər. 5. Məzəli teleqramlar. 6. Satirik hekayələr. 7. Lətifələr. 8. Poçt qutusu. 9. Məzhəki elanlar. 10. Xüsusi elanlar. 11. Karikturalar və illüstrasiyalar.

Hələ o vaxtlarda jurnalın 11-ci bölməsi – karikaturalar və illustrasiyalar hər kəsin diqqətini cəlb edirdi.

Jurnalın karikaturaları satirik yazılar qədər qüvvətli təsir bağışlayır və əsas ideyanın həyata keçirməsinə xidmət edirdi.

Oskar Şmerlinq - Juranlın ilk sayının bütün karikaturalarını rəssam Oskar İvanoviç Şmerlinq çəkib. Mirzə Cəlil "Molla Nəsrəddin"i nəşr etməyə başlayanda Tiflisdə yaşayan Şmerlinqi işə dəvət edir.

Bu barədə Mirzə Cəlil yazır: “Bizim birinci işimiz, birinci vəzifəmiz gözümün qabağında dərin yuxuda olan islam milləti idi. Və birinci növbədə əziz nadirül vücud olan Şmerlinq nəqqaşımızdan iltimas etdik ki, bizim bəxti qara Şərqin yatmış millətlərinin qəflət yuxusunu öz ustanə fırçası ilə təsvir etsin. Və istəyi tarixini 1906-cı ilində, aprel ayının 7-də səhnəyə intişara qoyulan birinci "Molla Nəsrəddin"in baş səhifəsində, şirin yuxuda yatan millətlərin təsviri haman təsvirdir ki, vücudu bizim üçün çox qiymətli olan Şmerlinq nəqqaşımız öz məharətli qələmi ilə onu haman tarixdə yaratdı”.        

Şmerlinqə şəkillərin mövzusunu, ideya istiqamətini, hətta süjetini Mirzə Cəlil və Ömər Faiq verir, tiplərin xarakterini, məkan və zamanı, onların mimikasını, cizgilərini rəssama başa salırdılar. Jurnalın ilk sayında Mirzə Cəlilin düşündüyü, təsvir etdiyi Molla Nəsrəddinin surətini də Şmerlinq çəkib. Rəssamın yaradıcılığını yüksək qiymətləndirən Mirzə Cəlil yazır:

“Keçən günləri yadıma salıb məcmuənin yolunda mərhəmət göstərənləri bir daha yada saldıqda onların içində ən dəyərli köməkçimiz Oskar İvanoviç Şmerlinqə qəlbimin incə bir guşəsindən intəhasız salamlar göndərirəm”.      

Şmerlinq də "Molla Nəsrəddin"də fəaliyyət göstərdiyi dönəmi iftixar hissi ilə xatırlayırdı:

“Əzizim Mirzə Cəlil” Bu gün bizim "Yeni fikir" qəzetinin müdiri sizin salamınızı mənə yetirdi... Keçmiş günlərin xoş xatirələri, xüsusilə "Molla Nəsrəddin"də birgə işimizlə olaqədar xatirələr məni fərəhləndirir. O vaxtlardan çox keçmişdir, ətrafımızda çox şey dəyişmişdir, amma bizim satira və yumora olan həvəsimiz əvvəlki kimi güclü qalmışdır. Siz Bakıda mənim üçün əziz olan "Molla Nəsrəddin"in nəşrini davam etdirirsiniz, mən də Tiflisdə həmin sahədə işləyirəm”     

İosif Rotter - məşhur karikatura və illüstrasiya ustası kimi tanınan İosif Rotterin də "Molla Nəsrəddin"in populyarlıq qazanmasında xidmətləri böyükdür. Şmerlinqin Tiflisdə işlərinin çoxluğu jurnalın tapşırıqlarını vaxtında görməyə imkan vermədiyindən Rotter məcmuənin işinə cəlb edilib. Bu barədə Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanım Cavanşir öz xatirələrində söhbət açır. Bildirilir ki, Rotter "Molla Nəsrəddin"lə 1906 -1914-cü illərdə əməkdaşlıq edib.

Əzim Əzimzadə - "İrşad" qəzetinin müştərisi Hacı Aslan Aşurovun karikaturasını çəkib "Molla Nəsrəddin"ə göndərir. Məcmuənin 1906-ci il tarixli 7-ci sayında karikatura dərc olunur. İlk əl işinin çapı onu hədsiz sevindirir, çəkdiklərini Tiflisə göndərir. Beləliklə, Ə.Əzimzadənin "Molla Nəsrəddin"lə əməkdaşlığı başlayır. Onun "Cənab Vitte", "Millət dərdi çəkməkdən əriyib çöpə dönən müsəlman dövlətlisi", "Hambala oxşayan tacir" karikaturaları jurnalın ayrı-ayrı saylarında çap olunur.

Sovet hakimiyyətindən əvvəl Əzimzadənin şəkilləri jurnal səhifələrində az yer alıb. Lakin Sovet hakimyyəti illərində isə Ə.Əzimzadə jurnalın əsas rəssamı kimi tanınıb və 1922-ci ilin payızında Mirzə Cəlil "Molla Nəsrəddin"in nəşrinin bərpası zamanı Ə.Əzimzadəni məcmuənin işinə cəlb edir. O, bir müddət jurnalın baş rəssamı kimi fəaliyyət göstərib.

Xəlil Musayev - Musayevin imzası 1913-cü ildən başlayaraq məcmuənin səhifələrində görünür. Həmin ildəki nömrələrin çoxunda onun şəkilləri və karikaturaları dərs edilir. Çəkdiyi karikaturalardan biri "Molla Nəsrəddin" jurnalına edilən hücumlara həsr olunub. Şəkildə göstərilir ki, "Mola Nəsrəddin"in arxasınca böyük bir xalq kütləsi gedir, başqa bir tərəfdə də mürtəce dəstə jurnalı hədələyib deyir:“Dayan, nə qədər ki,canımızda can var, qoymayacağıq sən cəmiyyəti yoldan çıxarasan».        

Seyid Əli Behzad - jurnalın Təbrizdə çıxan nömrələrinin karikaturalarını çəkmək üçün rəssam Seyid Əli Behzad cəlb olunur. O "Molla Nəsrəddin" ənənələrini yaxşı mənimsədiyi üçün çəkdiyi karikaturalarla keçmiş karikaturalar arasında məntiqi rabitə qura bilirdi

Adları çəkilən rəssamlardan başqa jurnalda V.Kikadze, Ə.İbrahimzadə, Ə.Behzad və başqa rəssamlar da iştirak ediblər.

AzEdu.az “Molla Nəsrəddin” jurnalının karikaturalarından bəzilərini təqdim edir:

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR