Dərc edildi: Baxış sayı: 493
Molla Məhəmməd Zövi - Qoymuşdu gər fələk məni həsrət cəmalına
Qoymuşdu gər fələk məni həsrət cəmalına,
Səd şükr, aqibət ki yetişdim vüsalına.
Hicri-rüxundə giryə ilə kur olan gözüm,
Baxdı doyunca arizi-fərxəndəfalına.
Artar könüldə şövqi-təmaşayi-arizin,
Baxdıqca həsrətilə sənin xəttü xalına.
Qəm çəkmə, ey könül, dəxi eyşü nişat qıl –
Kim, oldu çarə möhnətü dərdü məlalına.
Qorxum budur ki, rəşk edə bu çərxi-kəcmədar,
Həsrət qoya genə məni, ey gül, cəmalına.
Lütf etmə qeyrə, öldürü rəşk, ey pəri, məni,
Düşmə dəxi amandı, əzəlki xisalına.
Bil vəsli-yar qədrini, gəlməzmi, Zöviya,
Hicrində çəkdiyim qəmü möhnət xəyalına?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət