Slimfit
  1. ƏDƏBİYYAT

Molla Cümə - Həsən əminin öküzü

Molla Cümə - Həsən əminin öküzü
Sakura

Molla Cümə - Həsən əminin öküzü

Ustadnamə

Bir diləyim var dərgahımdan istərəm,
İsmi olan o minbirə bağışla, Yarəb.
Dilim duadadır, üzüm də haqda,
Təbibim piri nurə bağışla, Yarəb.

  • * *

Biz ona ümmətik, o bizə ağa,
Günahkar bəndəyik, düşdük ayağa.
Ol hürü qılmana, səkkiz uçmağa,
Şərabən təhurə bağışla, Yarəb.

  • * *

Şərabən təhurə axar cənnətə,
Qismət olsun bir günahkar ümmətə.
Beş vaxt qılınan fərzi sünnətə,
O, Leylətil Qədrə86 bağışla, Yarəb.

  • * *

Leylətil Qədrdir ildə bir gecə,
Dostun hüzuruna gələr meyraça
Ehsan üçün olan bir ay oruca,
Qur`anə, Zəburə bağışla, Yarəb.

  • * *

Qur`anə, Zəburə, İncil, Tövrata,
Sureyi Yasinə, başsız barata.
Abi zəmzəm ilə abi həyata,
Ol ali kösərə bağışla, Yarəb.

  • * *

Ali kösər içən olar şən,
Musa gündə min bir kəlmə danışan.
Eşqi tutub alovlanan, alışan,
Ol Turi-Sinayə bağışla, Yarəb.

  • * *

Turi-Sina məsgən oldu Musaya,
Əvvəli Adəmə, sonra Həvvayə.
Yüz iyirmi dörd min gələn mövlaya87,
Xatəmül Muxtara bağışla, Yarəb.

  • * *

Xatəmül Muxtar da şahdır İslama,
Hənifə məzhəbə, o dörd imama
Yığışıb gedərlər beytul həramə,
Ol beytul məmurə bağışla, Yarəb.

  • * *

Beytul məmurda ziyarətkar məlaikə
Yığılıb gedərlər küllü diləyə
Yeddi qat yerlərə, yeddi fələyə,
Şəms ilə Qəmərə bağışla, Yarəb.

  • * *

Səms ilə Qəmərə, gecə gündüzə,
Xeyri-şəri yazarlar, Lohu məhfuzə.
Qəriblikdə gəlib kim getsə bizə,
O Nəbiyi Xızıra bağışla, Yarəb.

  • * *

Xızır çatsın qəriblərin dadına,
Hər kəsi yetirsin öz muradına.
Ənbiya məsgəni Məkkə, Mədinə,
Şamilə buxara bağışla, Yarəb.

  • * *

Şamilə buxarda olan ərvaha,
Yığılıb gedilən o bəngargaha
Yunisi dəryada saxlayan mahata,
Yeddilər qırxlara bağışla, Yarəb.

  • * *

Çağırram yeddi qırx ənbiyanı,
Siz amini deyin, mən də duanı
İki dözüm şöləsi ismi punhanı,
Molla Cumayı kəmtərə bağışla, Yarəb.

Sizə kimdən xəbər verim? Həsən əmidən. Həsən əmi qışlaq gölüklü qoca bir kişi imiş. Nə var-dövləti varmış, nə atı, heyvanı. Fağır və kasıb bir adammış. Arvadı yumurta satıb pul yığarmış. Fikirləşirlərmiş ki, bu pulu yığıb bir sağın alsınlar. Arvadı on manat yığıb kişisinə verir ki, a kişi, get buna bir inək al, yavan qırılırıq. Kişi pulu alıb tərpənir Göylük ilə Layisqinin arasındakı Tala kəndinə. Həsən əmi gedib çatar bu kəndə. Deyər, qardaş, mən bir inək axtarıram, kimdə tapılar. Bu kəndin camaatının hamısı baməzə, lotu və kinto adamdır. Deyirlər, aha, Həsən əmi gəlir. Birisi deyir, Həsən əmi, burda bir yaxşı inək var, verək sənə, apar. Nə qədər pulun var? Həsən əmi deyir ki, on manatım var, buna bir inək istəyirəm. Demə, burada cütdən, kotandan yorulmuş bir öküz varmış. Quyruğu, başı didilmiş, beli, yanları çubuq yarası ilə dolu arıx bir öküz. Lotular pulu alıb, bir ölüvay öküzü Həsən əmiyə verirlər. O da öküzü götürüb sürür, yavaş-yavaş kəndə gedir. Beş saatlıq yolu üç gündə gedir. Öküzü otara-otara aparır. Arabaçılardan çörək alıb dolanır. Qərəz öküzü gətirib həyətə çıxardır. Öküz yorulduğundan həyətə girən kimi çəpərə söykənir, yıxılmaq istəyir. Həsən əmi böyrünü öküzə söykəyərək onu yıxılmağa qoymayır. Öküzü bir təhər həyətin ortasına gətirir. İstəyir ki, arvadı evdən çıxsın, ona baxıb sevinsin. Görür ki, qabağına çıxan yoxdur. Aldı görək sözlə nə deyiir:

(Qafiyə)
Çıxın qabağıma, xanım əfəndi;
Görün necə buğaca alıb gəlmişəm.
Qoca qeyrət, əsl əcəb camaldır,
Üç gün bundan ötrü qalıb gəlmişəm.

  • * *

Çağırıram heç kim qabağa çııxmaz,
Əsl mal olduğun bir kimsə bilməz.
Heç kim bu qiymətə bir heyvan verməz,
Düşübdür, müftədir, çalıb gəlmişəm.

  • * *

Həsənəm, qarşıda qalmıışam vallah,
Qabağıma çıxıb deyin: Maşallah!
Onca manat pula almışam, vallah!
Özüm bir tərlanam, çalıb gəlmişəm.

Bu səsə arvad eşiyə çıxır, görür ki əri öküzə söykənib söz deyir. Deyir, a kişi, qırağa dursana, öküzə niyə söykənirsən? Həsən qırağa çəkilir. Çəkilən kimi öküz yıxılır. Arvad deyir, başına dəysin aldığın öküz də, özün də yerə girəsən. Aldı arvad görək nə dedi:

(Qafiyə)
Əvvəlinci bu sözlərə maşallah,
Hardan gətirmisən bu alaşı, kişi!
Qonu-qonşu bizi görsə gülüşər,
Ver itə eyləsin taraşı, kişi!
Həsən:
Xanım əfəndi, hələ təhri canadır,
Çox uzağı gözlər, bir aya, arvad.
Bilər, bilməz sözləri sən söyləmə,
Birdən gedib çatar Talaya, arvad!
Arvad:
Qışda bunu qovsan qan-tərə batar,.
Beyqafil ürkərsə kim gəlib tutar?
Nədən leşin-lüşün sorağı sənə çatar?
Neçin oldun sevdanda naşı, kişi?
Həsən:
Arpa versəm əyər dərisin yağlar,
Əlimdən zara gələr meşələr, dağlar.
Qoşaram cütə dar daş üstə dağlar,
Çulunu basdırram malaya, arvad.
Arvad:
Xanım əfəndinin acığı nəcün tutubdur?
Bilseydim o bura necə çatıbdır?
Bəxtəvər adamdı sənə satıbdır,
Salıbdır başımı bəlaya, kişi.
Həsən:
Həsən alıb bu möhtəbər öküzü,
Baxıb bəyənibdir, tutubdur gözü.
Bərkidib həyəti, ev, mülkümüzü,
Döndərrik qırağın qalaya, arvad!

Sözünü tamam elədi, bir təhər öküzü itələyib dama saldı. Arvadla çox söyüşdülər, dalaşdılar. Həsən əmi dedi: Ay arvad, bir səbrin olsun, dayan. Bir ayı səbr elə, yaxşı olmasa nə deyirsən de. Arvad dedi ki, eybi yoxdur, görək bu zibildən nə çıxacaqdır. Həsən əminin qardaşı oğlu varıymiş, onunla bir yerdə olurmuş. Əmisinin gəldiyini görüb cəld tövləyə yüyürür. Bir öküzə baxdı, gördü ki, əmisi meyit alıb gətirib. Aldı görək əmisinə nə deyir:

(Qafiyə)
Başına döndüyüm, atam qardaşı,
Bu öküzü aldın haradan, əmi?
Sevda eyliyəndə niyə oldun naşı?
Başına ağıl qoysun yaradan, əmi.
Əmisi:
Gedə, Allahı sevərsən, dindirmə məni,
Hürmə ağzın ilə it haramzada!
Yığma cinimi başıma itirrəm səni,
Dur çıx cəhənnəmə get, haramzada!
Qardaşı oğlu:
Bizə güləcəkdir qohum, qonşu, hamı,
Cör nə yaraşığa salıb öküz damı!
Buna qatlaşarmı boyunduruq, samı,
Əhdacını qırrıq haradan, əmi?
Əmisi:
Gedə, bir görginən, dilin çeynəmə!
Çox dağlar çəkmə sən yazıx sinəmə!
Yekə-yekə gələtləri eləmə!
Get quru keçəndə yat, haramzada!
Qardaşı oğlu:
Abdulla qorxudan ağzını tutur,
Öküzünə dəysin şirə ilə qotur.
Ya bu öküzü dur gözdən itir,
Yoxsa gedirəm mən buradan, əmi!
Əmisi:
Həsən deyər əcəb qurşağın toxdur,
Yediyin deyəsən çox böyük poxdur.
Öküzü istəyən ölkədə çoxdur,
Apar üç tümənə sat, haramzada!

Gədə küsür. Arvad danışmır. Həsən əminin əlacı kəsilir, evdə otura bilməyir. Pərt və dilxor halda bir az gəzir, sonra öküzün yanına gəlir. Bir də içəri girəndə görür ki, öküz qılçalarını uzadıb can verir. Aldı görək Həsən əmi nə dedi:

(Qafiyə)
Bir minnətə gəlib Həsən yanına,
Qalx ayağa, atam, a sarı öküz!
Oğul-uşaq yanında şərməndəyəm,
Sən eylə papağım yuxarı, öküz!

  • * *

Məni qoyma belə tənəli sözdə,
Göy otu tökərəm qabağına yazda.
Qalxıb böyrə-böyrə gəzginən bozda,
Qışda verim sənə suxarı, öküz!

  • * *

Həsən əmi sənin qulağına deyir:
Qorxuram dəyməyə səndən bir xeyir!
Sənin ucbatından oğul-uşax söyür,
On manatım getdi, tar-marı öküz!

Sözünü qurtardı, öküzün canı çıxdı. Dərisini cəld soydu. Belə fikir elədi ki, cəhənnəm, aparıb gönü satım, arvadın on manatını verim, zəhləmi tökməsin. Yoxsa başımı keçəl eyləyəcək. Bəli, dərini götürüb Göynükdə həftə bazarına satmağa apardı. Bazara çatdı, gördü Nuxadan bir dəstə dabbax gəldi. Onları dayandırdı. Dedilər: Həsən əmi, nəyin var. Dedi: gönüm. Nuxalılar dedilər aç baxaq. Baxdılar, gördülər ki, gönün üstündə bir tük də yoxdur. Şirə düşmüş, qotur düşmüş bir dəridir. Dedilər biz bunu alası deyilik. Yola düzəldilər. Həsən dedi bir dayanın. Aldı görək Həsən əmi nə deyir:

(Qafiyə)
Başına döndüyüm ustakar başı,
Mənim bu gönümü alasan, dabbax!
Gözlərimdən axıdıb qanlı yaşı,
Hər gələndə bizdə qalasan, dabbax!
Aldı dabbax:
Aman qardaş, mənə minnət eyləmə,
Belə minnətlərə baxa bilmərəm!
Gəl sən bizi tutub yoldan eyləmə,
Xeyirsiz sevdaya girə bilmərəm!
Həsən:
Sevərsən Allahı, sındırma məni,
Sözüm yerə salma, alginən gönü,
Uzunu uzundur, eni də enli,
Sanbayıb baxginən bir mala, dabbax.
Aldı dabbax:
Gönünün yoxdur heç bir nərəsi,
Tamam cəmdəkdir qollarının arası.
Bundan çətin olar nəhrə sərəsi,
Bunu alıb evimi yıxa bilmərəm.
Həsən:
Həsənəm, qarşında qalmışam məlul,
İmdadına yetsin Həzrəti Rəsul.
Heç tapmıram bu sözlərə bir dəlil,
Nə ola halımı biləsən, dabbax
Aldı dabbax:
Ustakar başıyam, adımdır Nəzər,
Öküzünə dəyib mundar bir azar!
Yoldan etmə məni keçir həftə bazar,
Ötər bazar sonra çata bilmərəm!

Söz qurtardı, dabbaxlar yenə yola düzəldilər. Amma gördülər ki, Həsən əmi çox yalvarır. Dedilər a kişi, neçəyə deyirsən? Dedi, ona. Dedilər on nədir. Dedi on pula da. Dabbaxlar bir-birilə pıçıldaşdılar. Biri yoldaşına göz eyləyib dedi, a kişi, çıxart pulunu ver də. Dabbax başı əlini cibinə saldı, dedi, Həsən əmi aç əlini. Həsən əmi əlini açdı. Dabbax kök qara şahılardan çıxardıb bir beş on mis şahı saydı. Həsən əmi dedi Allah bərəkət versin. Pulu götürüb kəndə qayıtdı. Arvad dedi haraya getmişdin. Dedi öküzün gönünü satmağa. Arvad soruşdu ki, satdınmı? Həsən əmi dedi ki, hə. Neçəyə? Ona. Arvad dedi gətir görək. Dedi aç əlini. Arvad əlini açdı. Həsən əmi pulları saydı. Bir, iki, doqquz, on. Arvad dedi bu nədir. Dedi ondur də. Dedi, a başı batmış gic kişi, bu ki on şahıdır. Dedi on şahı, mahı bilmirəm. On pul almışdım, on pula da satdım, məndən nə istəyirsən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR