Slimfit
  1. İDMAN

MOK rəsmisi: Paris Olimpiadasında ölkəmizi yerli idmançılarla yanaşı, legionerlər də ən yaxşı şəkildə təmsil etdilər

MOK rəsmisi: Paris Olimpiadasında ölkəmizi yerli idmançılarla yanaşı, legionerlər də ən yaxşı şəkildə təmsil etdilər
Sakura

MOK rəsmisi: Paris Olimpiadasında ölkəmizi yerli idmançılarla yanaşı, legionerlər də ən yaxşı şəkildə təmsil etdilər

İdmançılarımız Parisdə qazandığı medallarla ölkəmizi ön sıralara gətirib çıxardı. Amma düşünürəm ki, nəticə bundan da yaxşı ola bilərdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin İdman idarəsinin müdiri Həsənağa Rzayev Azərbaycan idmançılarının “Paris-2024” Yay Olimpiya Oyunlarındakı çıxışları ilə bağlı danışarkən deyib.

MOK rəsmisi idmançılarımızın nəticələrinin qənaətbəxş olduğunu bildirib: “Ölkəmiz Olimpiadada ilk dəfə komanda idman növündə iştirak etdi. Basketbolçu qızlarımız öz güclərini göstərdilər. İddialı rəqiblərə qarşı layiqincə mübarizə apardılar. Amma təəssüflər olsun ki, qələbə üçün müəyyən şeylər çatmadı. Onlardan da medal gözləntimiz var idi. Basketbolçularımızla yanaşı, bəzi idmançılarımızın da medal qazanacağına ümid edirdik. Psixoloji və fizioloji amillər səbəbindən öz potensiallarını ortaya qoya bilmədilər. Turnirdən mükafatsız ayrılan idmançılarımızın bir qismi də zədə ilə üzləşdikləri üçün yola davam edə bilmədi. Güləşçimiz Sənan Süleymanov yarımfinalda məğlub olduğu qırğızıstanlı rəqibinə digər turnirlərdə asanlıqla qalib gəlmişdi, amma o, bu dəfə zədə üzündən istədiyi kimi çıxış edə bilmədi”.

O, iki qızıl medal qazanaraq tarixi uğura imza atan Azərbaycan cüdoçuları barədə də danışıb: “Hidayət Heydərov və Zelim Kotsoyev çox yaxşı performans nümayiş etdirdilər. Azərbaycan Olimpiada tarixində cüdo üzrə yarışlarda heç vaxt iki qızıl qazanmayıb. Bu, bir ilkdir. Sevindirici haldır ki, bu dəfə cüdo millimizin nümayəndələri öz sözlərini dedilər. Hazırda cüdonun inkişafı istiqamətində ölkəmizdə yaxşı işlər görülür. Artıq yeni nəsil köhnələri əvəzləyir. Bunun nəticəsidir ki, gənclərimiz dördilliyin ən mötəbər turnirində fəxri kürsünün ən yüksək pilləsində yer aldılar. Təbii ki, sadəcə, cüdo deyil, digər idman növlərində də inkişaf göz önündədir”.

H.Rzayev Azərbaycanı təmsil edən legionerlərin çıxışına da toxunub: “Yerli idmançılarımızla yanaşı, legionerlərimiz də bizi ən yaxşı şəkildə təmsil etdilər. Onlar artıq illərdir ki, mötəbər turnirlərdə Azərbaycan Bayrağını qaldırır, Dövlət Himnimizi səsləndirirlər. Məsələn, ukraynalı Mariya Stadnik 10 ildən çoxdur ki, Azərbaycan güləşinin uğurları üçün çalışır. Bu amilləri nəzərə alanda düşünürəm ki, onlara legioner demək olmaz. Bəzi yeni legionerlərimiz var ki, onlardan da nəticə gözləyirdik, amma alınmadı”.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşüb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR