Slimfit
  1. AZƏRBAYCAN

'Mitinqlə bağlı qanunu pozanlar cəzalandırılacaq' - RƏYLƏR

'Mitinqlə bağlı qanunu pozanlar cəzalandırılacaq' - RƏYLƏR
Sakura

'Mitinqlə bağlı qanunu pozanlar cəzalandırılacaq' - RƏYLƏR

“Milli Şuranın oktyabrın 19-da metronun “28 may” stansiyasının yaxınlığında mitinq təyin etməklə bağlı qərarını düzgün hesab etmirəm. Mitinq keçirilməsi üçün müvafiq icra hakimiyyətindən razılıq alınması ilə bağlı qanunları yanlış izah edirlər. Ola bilər, bəzi ölkələrdə müvafiq icra hakimiyyətini yalnız xəbərdarlıq etməklə aksiya keçirmək mümkündür. Amma Azərbaycan qanunvericiliyində göstərilib ki, mitinq keçirilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət edilməklə razılaşdırılmalıdır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

“Müxalifət deyir ki, qanunda “icazə” ifadəsi yoxdur. Söhbət icazə almaqdan getmir, mitinqin keçirilməsi müvafiq icra hakimiyyəti ilə razılaşdırılmalıdır. Razılaşdırılmayan mitinqə çağırış qanun pozuntusudur. Bakı Şəhər İcra Hakimiyyətinin qərarından narazıdırlarsa, məhkəməyə müraciət etsinlər. Yəni məsələ hüquqi müstəvidə həll edilməlidir. Birbaşa mitinq təyin etmək qərarı qanunsuzdur”, - deputat qeyd edib.

 Vəhdət Partiyasının sədri Tahir Kərimli 

"Razılaşdırılmayan mitinqə çağırış qanun pozuntusudur".

T.Kərimli vurğulayıb ki, qanunvericiliyə əsasən, metro stansiyalarının yaxınlığında mitinq keçirmək qadağandır: “O ərazidən minlərlə insan, nəqliyyat vasitələri intensiv hərəkət edir. Deməli, razılaşdırılmamış mitinqlə digər insanların hüquqlarını pozurlar, onları narahat edirlər. Sənin hüququn başqasının hüququnu pozmamalıdır. Bilirlər ki, qanunsuz mitinqin qarşısı alınacaq. Belə olan halda nə qədər insan qanunsuz aksiyaya cəlb olunduğuna görə əziyyət çəkəcəklər. İnsanların hissi ilə oynamaq olmaz. Bunu dərk etmirlər? Mənfi nəticələri olanda, kim cavab verəcək? Nə qədər gec deyil, sərt qərarlarından çəkinsinlər. Azərbaycanda sabitliyin pozulmasına yol vermək olmaz. Sadə insanlar başa düşmür ki, sabitliyin pozulması ölkəni Suriyanın, Liviyanın vəziyyətinə gətirib çıxarar. Sonra demokratiyanın heç bir əhəmiyyəti olmayacaq... Ölkə cəhənnəmə çevrilə bilər, vətəndaşları ağıllı davranmağa çağırıram”.

Deputat Elman Məmmədov “Report”a açıqlamasında xatırladıb ki, Bakı Şəhər İcra Hakimiyyəti müxalifətə oktyabrın 19-da mitinq keçirməyə Bakının Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasını təklif edib: “Şəhər icra hakimiyyəti müxalifətin təklif etdiyi yerlərə razılıq verməməsini də əsaslandırıb. Cavabda qeyd olunub ki, müxalifətin təklif etdiyi sayda insanın metropolitenin “Nəriman Nərimanov” stansiyasının qarşısındakı parkda toplanması ictimai təhlükəsizliyin təmin edilməsi baxımından çətinlik yaradar. Müxalifətin mitinq keçirilməsi üçün qeyd etdiyi ərazilərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışları yaxınlığında olması toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problemlər yaradacağı, həmin ərazilərdəki ticarət, ictimai-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneələr törədəcəyindən göstərilən yerlərdə mitinqin keçirilməsi insanların təhlükəsizliyinin təmin edilməsində çətinliklərin yaranmasına səbəb olacaq. Deyirlər ki, qanunda sərbəst toplaşmaq azadlığı var, nə vaxt istəsək, mitinq keçirə bilərik. Qanunların müddəaları onların təqdim etdikləri kimi deyil. Kimsə müəyyən yerdə mitinq keçirmək istəyir, həmin ərazidə də minlərlə insan əmək fəaliyyəti ilə, istirahət etməklə məşğuldur. Burada turistləri də nəzərə almaq lazımdır. Ona görə də yalnız özünü fikirləşməməlisən, digər insanların hüququnu pozmaq olmaz”.

 Deputat Elman Məmmədov

"Razılaşdırılmamış mitinq təyin edən şəxslər bu qərarı geri götürsünlər".

Deputat qeyd edib ki, mitinq keçirilərkən təhlükəsizlik məsələsi çox ciddi şəkildə nəzərə alınmalıdır: “Kimlərsə özbaşınalıq edərək qanunu pozacaqsa, cəzalanacaq. Müvafiq qurumlar qanunsuz əməllərin qarşını alacaqlar. Azərbaycan hökuməti, Prezidenti müxalifətin mitinq keçirmək arzusuna qarşı çıxmır, yer müəyyən edilir, amma müxalifət oraya getmir. Buna baxmayaraq kimlərsə qəsdən asayişi, vətəndaşların rahatlığını pozmaq üçün qanunsuz yollara əl atırlar. Təklif edirəm ki, razılaşdırılmamış mitinq təyin edən şəxslər bu qərarı geri götürsünlər”.

Parlamentin üzvü Tahir Rzayev “Report”a açıqlamasında deyib ki, mitinqlər, piketlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun olaraq təşkil edilməlidir.

T.Rzayev bildirib ki, mitinq razılaşdırılmadan ictimai yerdə keçirilirsə, narazılığa səbəb olur: “İctimai yerlərdə təşkil edilən mitinqlər insanların, nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradır. Burada təhlükəsizlik məələsəsinə xüsusi diqqət çəkmək lazımdır. O cür aksiyalarda hər an xoşagəlməz hadisə baş verə bilər. Bu da iğtişaşların yaranmasına səbəb olar. Müxalifətin metronun “28 may” stansiyasının yaxınlığına mitinq təyin etməsi düzgün deyil. Həmin ərazidə metrostansiya, məktəblər, ictimai-iaşə obyektləri var. Bu tipli mitinqlərdə xoşagəlməz ifadələr səsləndirilir. Bu da ətrafdakı insanların narazılığına səbəb olur. Razılaşdırılmamış mitinqlər insanlara ziyan verə bilər. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bununla bağlı qanunverici baza var. Mitinq keçirilməzdən öncə, razılaşdırılmalıdır. Təəssüflər olsun ki, müxalifət bəzi hallarda buna əməl etmir. Xatırlayırsınızsa, müxalifət oktyabrın 9-da Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında razılaşdırılmış piket keçirdi. Orada xoşagəlməz halların şahidi olduq. Nəzərdə tutulmuşdu ki, piketdə 50 nəfər iştirak etsin, sözlərini desinlər. Təəssüflər olsun ki, müxalifət əraziyə əlavə iştirakçı yığmağa çalışdı. İnsanlar bundan narahat olmuşdular, narazılıqlarını bildirirdilər”.

 "Turistlər narazı qalmamalıdırlar. Çünki onlar ölkədə neqativ halla qarşılaşdıqda, ölkələrinə qayıdanda deyirlər".

Deputat razılaşdırılmamış etiraz aksiyalarının xüsusilə turistlərdə narazılığa səbəb olduğunu bildirib: “Son illər ölkəmizə turist axını var. Turistlərin Azərbaycanda müsbət qiymətləndirdiyi amillərin biri də ictimai-siyasi sabitlikdir. Ölkədə sabitlik olduğu üçün turistlər rahat şəkildə tarixi abidələri ziyarət edirlər. Turistlər narazı qalmamalıdırlar. Çünki onlar ölkədə neqativ halla qarşılaşdıqda, ölkələrinə qayıdanda deyirlər... Niyə desinlər ki, Azərbaycanda qanunlara əməl edilmir? Ona görə də hər şey qanun çərçivəsində olmalıdır”.

Xatırladaq Ki, Milli Şura oktyabrın 19-da Bakının Nəsimi rayonunda, metronun “28 may” stansiyasının yaxınlığında razılaşdırılmamış mitinq keçirəcəyini bəyan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR